Yaxın Şərqdə davam edən qarşıdurmalar, xüsusilə də İraq neft yataqlarının İŞİD-in nəzarəti altına keçməsi və enerji təhlükəsizliyinə dair risklər, Şimal dənizindən çıxarılan və bareli beynəlxalq standart olaraq qəbul edilən keyfiyyətli xam neftin, yəni Brend markalı neftin qiyməti 2014-ci ilin iyun ayında 115.7 dollara qalxmışdı. Hazırda isə qlobal iqtisadi durğunluqla bağlı narahatlıqlar və təklif artımına görə gözlənilməyən şəkildə neftin qiyməti yüksəldiyi sürətlə enməyə başlayıb.
Neft bazarını çox sarsıtmamaq üçün OPEK üzvlərinin hasilatı azaltmayacaqlarına dair bəyanatları neftə təkliflə bağlı narahatlıqları azaltdı. Neftin qiymətinin aşağı düşməsinə səbəb olan digər amil ABŞ-ın neft hasilatını artırması qarşısında Səudiyyə Ərəbistanının bazar payını qorumaq üçün qiymətləri aşağı salması, Avro bölgəsində uzaqlaşma qorxusu, Beynəlxalq Valyuta Fondu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qlobal böyümə proqnozlarını aşağı salması sayıla bilər.
Son ssenari 2009-cu ildəkinə oxşardır. 2008-ci ilin iyun ayında neftin bir bareli 147 dollara qalxmış, iki ay sonra qlobal iqtisadi böhran səbəbindən aşağı düşmüşdü. Bu aralar qiymətlərin çox aşağı düşməsinin səbəbi həm təklif, həm də tələbdəki dəyişikliklər olaraq göstərilə bilər. Dünyanın durğunlaşan iqtisadiyyatına görə tələbdə azalma olduğu halda, digər bir amil də ABŞ sayəsində təklifin artmasıdır.
Neftin qiymətinin sürətlə düşməsi neft hasil edən ölkələrə necə təsir edir?
Neftin qiymətinin sürətlə düşməsi ilə birlikdə neft hasil edən ölkələr yaxınlaşan iqtisadi çevrilişə hazırlanırlar. Hətta bu azalma Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, BƏƏ, Qətər və oxşar OPEK üzvlərinin büdcə kəsirini artırsa da, aralarında ən az təsirlənən ölkə Səudiyyə Ərəbistanı kimi görünür. Səudiyyə Ərəbistanı kimi ölkələrin bir üstünlüyü səmərəli qazma üsulları və neft texnologiyasıdır. Bu onlara istehsal səviyyəsi vasitəsilə qiymətləri istədikləri kimi azaldıb artırma imkanı verir. Bundan əlavə qiymətlərdəki azalma səbəbindən yaranan büdcə kəsirini valyuta ehtiyatları ilə bağlaya bilər.
Səudiyyə Ərəbistanı neft gəlirlərinə bağlı olan digər bəzi ölkələrdən qiymətləri artırmaq üçün hasilatı dayandırmaq təklifi alsa da, hasilatı əvvəlki səviyyədə saxladı. Ölkəsinin maliyyə vəziyyəti haqqında özündən əmin danışan maliyyə naziri İbrahim Əl-Assaf verdiyi mətbuat konfransında neftin qiymətinin azalmasına baxmayaraq, Səudiyyə artım səviyyəsinin 4% aşa biləcəyini proqnozlaşdırdı. Həmçinin neftin qiymətindəki hər hansı bir azalma maliyyə gəlirlərini azaldacağı halda, bununla baş edəcək potensiala sahib olduqlarını bildirdi.
Enerji ehtiyatları siyasi proseslərə necə təsir edir?
Enerji sektorunun dünyadakı siyasi prosesləri formalaşdırmada təsiri olduğu hər kəsə məlumdur Qiymətlərin, xüsusilə son dörd ildə olduğu kimi, ən aşağı səviyyədə olduğu dövrlərdə bunun səbəbinin zahiri iqtisadi amillərdən çox ortadakı bir çox fərziyyə olduğu görünür.
Rusiya enerji sahəsində Səudiyyə Ərəbistanına rəqib və Amerikanın da əzəli rəqiblərindən biridir. Bu səbəbdən bəziləri qiymətlərin düşməsinin Rusiya iqtisadiyyatına istiqamətlənən ortaq cəzalandırma olduğuna dair fərziyyə yürüdürlər. Bəzi sui-qəsd nəzəriyyələri neft qiymətlərindəki son 23%-lik azalmanı, 2013-cü ilin sentyabr ayında Qırmızı dəniz yaxınlığında Con Kerri və Kral Abdullah arasındakı gizli danışıqlarla əlaqələndirir.
ABŞ-ın keşmiş prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan da soyuq müharibənin öz mənfəətləri istiqamətində sona çatdırmaq üçün atası və Səudiyyə Ərəbistanı arasında gizli razılıq əldə edildiyini iddia edərək bu cür nəzəriyyələrə dəstək verənlərdən biri olaraq tanınır. Reyqan Rusiyanı məğlub etmək üçün Obamaya atasının addımlarını izləməsini təklif edərək belə deyir: "Prezident Obamaya Ronald Reyqanın Sovet İttifaqını necə məğlub etdiyini araşdırmasını tövsiyə edirəm. Hamımızın bildiyi kimi, o bunu bir güllə atmadan bacardı, çünki başqa bir super silaha sahib idi - neftə.
Reyqan bu fikrində haqlı görünür. Belə ki, Rusiya iqtisadiyyatı ÜDM-un təxminən 45%-ini təşkil edən enerjidən asılıdır və bu da onu bu cür qiymət düşməsi qarşısında müdafiəsiz edir. Hal-hazırda Rusiyanın dövlət büdcəsini tarazlaya bilməsi üçün təxminən 110 $-lıq qiymətə ehtiyacı var. Keçmiş Sovet İttifaqı prezidenti Mixail Qorbaçovun "dünya yeni soyuq müharibənin astanasında" deyərək xəbərdar etdiyi kimi, tarix sanki bir daha təkrarlanır. Belə ki, neftin qiyməti aşağı düşdüyündən rublun dəyərinin azaldığına şahid oluruq. Eynilə 1980-ci illərin sonlarında baş verən və Sovet İttifaqının dağılmasına səbəb olduğu kimi.
Yeni həqiqətlər, enerjidə qlobal dəyişiklik və bunun nəticələri
Dünya müharibəsindən etibarən Amerika Birləşmiş Ştatlarındakı neft siyasətçiləri yanacaqda xarici ehtiyatlara asılılıqdan narahatdırlar. Sonradan iqtisadi durğunluğa gətirib çıxaran 1970-ci illərdəki neft qiymətindəki şokların acı xatirələri hər zaman bir narahatlıq səbəbi olmuşdur. Bu gün isə vəziyyət eyni deyil. Amerika neftin qiymət dəyişikliklərinə qarşı həssaslığını aşıb, enerjidə müstəqil dövlət halına gəldi. Bu vəziyyət nəzərə alınanda, enerji asılılığı baxımından böyük bir geosiyasi sürüşmə olduğunu, dünyanın ən böyük enerji istehlakçısı olaraq ABŞ-ın yerini artıq Çinin aldığını görürük.
Neft və qaz qlobal əmtəə olduğundan və dünyanın bir tərəfində qiymət artımı varsa, digər ixracatçı ölkələr də təbii olaraq arxasından gedəcəyindən, neft və qaz sektorunda açar rolu olan Amerika da qiymətlərdəki bu dəyişikliklərdən təsirlənəcək. Büdcəsi neft gəlirindən asılı olan ölkələr həyəcana keçmişkən və iqtisadi sabitliklərini qorumaq üçün büdcə kəsirlərini azaltmağa çalışarkən bu vəziyyətdən ən çox istifadə edən də əlbəttə ki, neft istehlakçıları olacaq.
Beynəlxalq Valyuta Fondundan Tom Helbling neftin qiymətindəki 10%-lik oynamanın qlobal ÜDM-da təxminən 0.2%-lik dəyişiklik gətirəcəyinə işarə edərək, nəticədə bu işdən qazanclı çıxanın dünya iqtisadiyyatı olacağını ifadə etmişdir. Nəhayət qiymətlərin düşməsi, ehtiyatları istehsalçıdan alıb, öz qazandıqlarını xərcləməyə daha uyğun olan istehlakçı cəbhəsinə yönləndirəcəkdir. Bu davam etdiyi təqdirdə, dünyanın ən böyük ikinci neft idxalçısı olaraq Çin 60 milyard dollar qazanmış olacaq.