Şükür etmək verilən hər bir nemətə görə dil və qəlblə Allaha olan minnət və təşəkkürünü ifadə etmək, həmin nemətləri Quranda göstərilən şəkildə istifadə edərək haqqını vermək deməkdir.
Qəlb və dil ilə yanaşı, şükrün əməldə olması da çox mühümdür. Bu da verilən neməti Allah yolunda, Allah rizasının daha çox gözlənildiyi yöndə dəyərləndirməklə mümkün olur. İnsan mal-mülk, var-dövlət, zənginlik, mövqe, məqam, vəzifə, etibar, zəka, sağlamlıq, qüvvə kimi nemətlərdən Allah yolunda və Allahın əmr etdiyi şəkildə istifadə etməsə, o, verilən nemətin şükrünü haqqıyla yerinə yetirməmiş olur.
Buna görə də şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox diqqətlə qorumalı olduqları bir ibadətdir. Həmin ayələrdən bəziləri belədir:
«Xeyr, yalnız Allaha ibadət et və şükür edənlərdən ol!» («Zumər» surəsi, 66).
«Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!» («Nəhl» surəsi, 114).
Mömin şükür etməklə Allahın sevgisini və razılığını qazanır, Ona daha çox yaxınlaşır. Səbəblərə, vasitələrə ilişib qalmır, sahib olduğu hər şeyin yalnız Allahdan gəldiyini bilir və Ona şərik qoşmaqdan uzaqlaşır. Bu şəkildə verilən nemətin maddi zövqündən dəfələrlə artıq olan mənəvi zövqü alır. Verilən bu nemətlər vəsiləsi ilə Allahı vəsf edib ucaldır.
Bu dünyada verilən bütün nemətlər şükrü və ya nankorluğu ortaya çıxarmaq üçün yaradılmış bir imtahan vasitəsidir. Bu mühüm həqiqət Hz.Süleymanın dilindən Quranda belə bildirilir:
«Kitabdan bir qədər xəbəri olan birisi dedi: «Mən onu sənə bir göz qırpımında gətirərəm!» Süleyman onu yanında hazır durmuş görüncə dedi: «Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, O, kərəm sahibidir!»« («Nəml» surəsi, 40).
Hz.Süleymanın Quranda keçən ifadələrindən bizə o da məlum olur ki, şükür etmək Allahın çox böyük bir nemətidir və insan yalnız Allahın lütfü və diləməsilə şükür edə bilər. Hz.Süleymanın şükür etməklə bağlı özündə çox böyük bir batini, sirri ehtiva edən duası ayədə belə bildirilir:
«(Süleyman) bu sözündən gülümsəyib dedi: «Ey Rəbbim! Mənə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!»« («Nəml» surəsi, 19).
İman və bütün saleh əməllər üçün olduğu kimi şükür etməyin də Allahın ilhamı ilə olduğu ayədə açıq bildirilmişdir.
Vicdanı olan bir insan ətrafına baxdığı zaman hər tərəfdən Allahın nemətləri ilə əhatə edildiyini, bu nemətlərə hər hansı bir qüvvənin köməyi ilə deyil, yalnız Allahın diləməsi ilə qovuşa biləcəyini dərk edir. İnsanın özünə aid hesab etdiyi bədəni, ağlı və zəkası, hissləri, sağlamlığı və qüvvəti də həmin nemətlərin yalnız bir hissəsidir.
Bu səbəbdən şükür etmək yalnız müəyyən zamanlarda böyük bir qazanc və ya fayda əldə edildikdə, gözəl yemək yeyildikdə və ya təhlükə və fəlakətdən sağ-salamat xilas olduqda dilucu «Əlhəmdülillah, Allaha çox şükür» demək deyil. Şükür hər zaman bütün qəlblə yaşanacaq ruh halıdır. Çünki Allahın nemətlərini saymaqla, ayənin ifadəsi ilə desək, hətta ümumiləşdirmə aparmaqla belə bitirmək mümkün deyil:
«Əgər Allahın nemətlərini sayacaq olsanız,onu ümumiləşdirmə apararaq dasayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!» («Nəhl» surəsi, 18).
Allahın nemətlərinə şükür etməmək və ya az şükür etmək nankorluqdur. Bu isə şeytanın insanlara qarşı qurduğu çox böyük bir tələ və hiylədir. Şeytan həmişə insanları şükür etməkdən uzaqlaşdırmaq istəyir. Ayələrdə bu azdırma şeytanın dilindən belə bildirilir:
«Dedi: «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!»« («Əraf» surəsi, 16-17).
Məlum olduğu kimi, şeytanın yalnız bir məqsədi var: insanların şükür etmələrinə mane olmaq. Şeytan bu məsələdə əksər insanları öz təsiri altına almışdır:
«...Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz!» («Yunus» surəsi, 60).
Şeytanın insanlara xüsusən də şükür etməklə bağlı yaxınlaşacağını ifadə etməsi həmin ibadətin çox vacib və mühüm olduğunu göstərir. Şübhəsiz ki, bu qədər mühüm bir ibadətdən imtina edərək nankorluq etməyin Allah dərgahındakı əvəzi də buna uyğun olacaq:
«Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: «Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, unutmayın ki, Mənim əzabım, həqiqətən, şiddətlidir!»« («İbrahim» surəsi, 7).