İnsan heç ölmək istəmir. 90 yaşında belə olsa ölümü özündən çox uzaq görür. Sanki qarşısında yaşayacaq uzun ömür varmış kimi həyata dair planlar qurur. Allah «Bəqərə» surəsinin 96-cı ayəsindəki «Onlardan hər biri istər ki, min il yaşasın» ifadəsi ilə insan nəfsinin bu tərəfinə diqqət çəkir.
Özündən çox uzaq görsə də əslində hər kəs öləcək yaşdadır. Kiçik bir uşaq da, yetkin bir insan da əslində ölümə bərabər məsafədədir. Heç kimin nə qədər yaşayacağına dair heç bir təminatı yoxdur. Ona görə heç kim ölümü bir başqasından daha uzaq görə bilməz.
Həyat qum saatı kimidir. Doğulmağımızla birlikdə qum saatının dolu tərəfi artıq boş tərəfinə doğru axmağa başlayır və getdikcə qum dənələri azalmağa başlayır. Bizim düşünməyimizin, düşünməməyimizin, unutmağımızın və ya unutmamağımızın heç bir fərqi yoxdur. O qum saatı axırıncı qum dənəsi həmin qum saatının nazik hissəsindən aşağı düşənə qədər axmağa davam edir. Kimin qum saatının nə qədər dolu olduğunu isə ancaq Allah bilir.
O qum saatının axıb qutarması əslində bir göz qırpımında keçib gedir. Amma o anları yaşayarkən ömür insana heç bitməyəcəkmiş kimi uzun gəlir. Allah bizə bu hissi həyatımız boyunca verir. Halbuki açıq şüurla düşünülsə, həyatımız əslində bir neçə on illik mərhələdən ibarətdir. Uşaqlıq dövrünü, xəstəliklərlə, zəifliklərlə keçəcək yaşlılıq dövrünü də çıxarsaq, əslində geriyə həqiqi mənada yaşayacağımız ən çox 2-3 on illik qalır. O da sağlam və güclü şəkildə keçəcək, yoxsa xəstəliklərlə? Bunu da ancaq və ancaq Allah bilir. Çünkü qədərimizi təqdir edən Odur.
İmtahan olunduğumuz üçün insanın nəfsində ölümü düşünməməyə dair bir inad olur. Əslində insan gözünü hansı tərəfə çevirirsə-çevirsin, daima ölümlə üz-üzə gəlir. Amma özünə sığışdırmır. Dünyadakı hər şey ölümlüdür təkcə insandan başqa. Heyvanlar, bitkilər, böcəklər, meyvələr, tərəvəzlər, hətta əşyalar, hətta və hətta kainatın özü belə ölümlüdür. Bağdakı bir gül və ya meyvə ağacındakı bir şaftalı heç vaxt ilk günkü kimi təravəti olmur. Qapımızdakı it ömrümüz boyu yanımızda olmur. O da qocalır, o da xəstələnir, o da ölür. Əşyalarımız, evimiz, maşınımız köhnəlir. Əslində dünyanın özü köhnəlir. Ölümün bu qədər hakim olduğu bir mühitdə insan həyatın bu gerçəyinə təəccüblü şəkildə qulaqlarını və gözlərini bağlaya bilir. Bu gerçəyə kor qala bilir.
Halbuki Allah bizim ölümü düşünməyimizi istəyir. Peyğəmbərimiz (səv) də «Damağınızın dadını qaçıran ölümü çox xatırlayın» deyə bildirir. (Tirmizi, 2307) Çünki ölümü düşündüyü zaman dünyanın müvəqqəti bir yer olduğunu anlamaya başlayır insan. Axirətin əsil yurd olduğunu, axirət üçün hazırlıq görmək lazım olduğunun fərqində olur. Düşünməməyin, ölümü çox uzaq görməyin ruha verdiyi ərköyünlükdən qurtulmağa başlayır insan.
Amma bir çox insan bunu öz iradəsi ilə əldə etmə gücünə malik deyil. Bəzisi qorxduğu, bəzisi bəlkə də tam fikrini cəmləyə bilmədiyi, bəzisi inad etdiyi, bəzisi də həqiqətən ağlına gəlmədiyi üçün. Ona görə Allah düşündürmək, insanları Özünə yönəltmək üçün istisnasız hər insana həyatı boyunca müxtəlif acizliklər, çətinliklər yaşadır.
Çünki Allah bizim axirətə hazırlıqsız getməyimizi istəmir. Axirətdə geri dönüşü olmayacaq bir peşmançılıq yaşamağımızı istəmir. Allah qullarının xoşbəxt olmasını, gözəl yaşamasını, bunun üçün də bizim gözəl əxlaqlı olmağımızı istəyir.
Həyatımız boyunca yaşadığımız, hətta ilk baxışda mənfi kimi dəyərləndirdiyimiz xəstəliklər, şikəstliklər, əskikliklər, yaşla birlikdə yaranan dəyişikliklər bu hikmətlə yaradılır. Daha gözəl əxlaqlı olaq, daha dərin düşünək, ölüm gerçəyini unutmayıb yetkin bir ruhda yaşayaq deyə.
İnsanlar həmişə sağlam olsalar, həmişə gənc qalsalar bu dünyaya dəli kimi bağlanma istəkləri daha da güclənə bilər. Halbuki üzündəki qocalıq əlamətlərini görməyə başlayan insan, bəlkə bir gün əvvəl tam sağlam olduğu halda, bir gün sonra güclü ağrılarla oyanıb həkimə getdiyi zaman xərçəng xəstəliyinə tutulduğunu öyrənən insan, avtomobil qəzası keçirib həyatının ən güclü dövründə qolunu, ayağını itirən insan beynini düşünməyə daha rahat cəmləyə bilir.
Ölümlü olan bədənlə, ölümlü olan həyata bu qədər dəlicəsinə bel bağlamağın məntiqsizliyini anlamağa başlayır. Təbii ki, imana yatqın ağlı və ruhu varsa.
Önəm verdiyi mövzular dəyişməyə başlayır. Dünyadakı mal-mülk, gözəllik, zənginlik, kariyera kimi şeylərin keçici olduğunu, hətta bir kompüter tomoqrafiyasının nəticəsi ilə belə əhəmiyyətini itirdiyini anlamağa başlayır. Bəlkə bir insan 20-30 il bu inancla yaşamış ola bilər, amma bir xəstəlik bəlkə onun bu xətalı düşüncəsini dəyişdirməyə kifayətdir.
Qəzetlərdə, televizorlarda tez-tez görürük. Əvvəllər imani dərinliyi olmayan, hətta bəzən dinə qarşı qatı mövqedə olan insanlar xəstəlikdən sonra Allaha yönəldiklərini, axirətin varlığını, imanla rahatlıq tapdıqlarından bəhs etməyə başlayırlar. Niyə? Çünki bəlkə də o vaxta kimi düşüməli olduğunu düşünməməkdən irəli gələn qəflət olur insanların üzərində. Anidən gələn həmin xəstəliklər, o çətinliklər insana düşünməyi xatırladır. Düşünən insan da həqiqətləri görməyə başlayır.
Allah qullarına qarşı çox mərhəmətlidir. Dünyadakı bütün çətinlik və sıxıntıların əsasında qullarına olan sevgisi hakimdir. Bu vasitə ilə Allah qullarını tərbiyələndirir. İnsan dünyada bəlkə bir göz qırpımı müddətində çətinlik çəkir, səbir etməli olduğu hadisələrlə qarşılaşır. İmtahanın tələbi olaraq Allah o anlıq müddəti çox uzun da hiss etdirə bilir. Amma Allah bunun nəticəsində qullarının axirətdə sonsuza qədər xoşbəxt, sevinc içində yaşamalarını nəsib edir.
Adnan Oktarın «Arab News»də dərc olunan məqaləsi: