Yaxın Şərq üç böyük dinin yaranmasına, yayılmasına, bölgənin, dolayı yolla da olsa, dünyanın formalaşmasına xidmət etmiş bölgədir. Bu bölgə ibrahimi dinlər, xüsusilə də İslam dini ilə eyniləşib. Bu həqiqəti gözardı edərək bölgəyə yeridilməyə çalışılan heç bir model uğurlu və uzunmüddətli ola bilməz. Dinin təcrid olduğu hər yeni model bölgəyə bir çox yeni və mürəkkəb problemləri və münaqişələri özü ilə birlikdə gətirir.
İslam Yaxın Şərqdə keçmişdən dövrümüzə qədər siyasət, sosial həyat, iqtisadiyyat, hüquq, təhsil, elm, incəsənət kimi hər bir amil üzərində təsirli olub. Yəni bölgənin formalaşmasında, dünyagörüşlərin meydana çıxmasında rolu olub.
Əsrlərdir bir çox din, məzhəb, irq və inancdan milyonlarla insan bu bölgədə birlikdə qonşu və qardaş kimi yaşamışdır. Bu formada yaşamağın əsası İslamda mövcud olan dünyəvilik prinsipidir.
İslam dini fikir və əqidə azadlığına əsaslanır və başqa dinlərə mənsub insanlara, hətta inancsız olanlara da azadlıq verir. İslam dininin əsası olan şəfqət, mərhəmət və azadlıq anlayışı dünyəviliyin əsasıdır.
Yaxın Şərqdə dünyəvilik hər cür inancı bir arada tutan və hamısına eyni məsafədə dayanan bir anlayış olduğu üçün mühüm əhəmiyyət kəsb edir. Dünyəvilik əqidə azadlığının fərdi və ictimai sahədəki azadlığına, fərqli dinlərin və dindən kənar inancların qanun qarşısında bərabərliyini ifadə edir.
Dünyəvilik anlayışı dinin siyasi düşüncəyə töhfəsinə inanmayan vətəndaşlar tərəfindən əngəllənməməsinin vacibliyinə də diqqət çəkir. Demokratik ölkədə bir tərəfin töhfəsinin digərlərindən daha dəyərsiz olmayacağı aşkardır. Demokratik dəyərlərin inkişafına dini liderlərin və inanan kütlələrin verdiyi töhfənin əhəmiyyəti də aşkardır. Bu Yaxın Şərqdə daha mühüm əhəmiyyət kəsb edir. Yaxın Şərq kimi bir bölgədə dini liderlərin rolu ən azı siyasi liderlər qədər əhəmiyyətlidir. Dini, bu cəmiyyətlərin nə quruluşundan, nə də məntiqindən ayırmaq mümkün deyil. Açıq şəkildə göründüyü kimi, bu cəmiyyətlərdə insanlar dini liderlərinə qulaq asır və dini dəyərlərinə təhdid olaraq gördükləri insanları və sistemləri mənimsəmirlər.
Siyasətçilər zorakılığa qarşı olduqlarına dair bəyanatlar versələr, cəmiyyətləri məhəbbətə, sülhə dəvət etsələr də gərginliklərin çox artdığı şəraitdə bir siyasətçinin sözünün o qədər də eşidilmədiyi və problemlərə qalıcı həll yolu gətirilə bilmədiyi məlumdur. Çünki bir siyasətçinin mütləq özü ilə həmfikir olan tərəfdarı, bir də qarşı mövqedə olan müxalifi var. Bu halda insanları ortaq fikir ətrafında toplayacaq, hər kəsi qucaqlayacaq və fikirləri bütün təbəqələrə təsir edəcək gücə malik siyasi liderin varlığı və hər kəs tərəfindən qəbul edilməsi o qədər də mümkün görünmür.
Siyasi problemlər mənəviyyatdan uzaq müzakirələrlə, kağız üzərindəki qərarlarla həll edilə bilməz. Sülh, sadəcə bəyanatlarla və siyasi məcburiyyət ilə qurula bilməz. Cəmiyyətlərin buna hazırlanması üçün mənəvi maarifləndirmə lazımdır. Amma bu mənəvi maarifləndirmə ancaq Qurana əsaslanan düzgün maarifləndirmə olmalıdır. Mənəvi liderlərin apardığı bu sevgi və ruh maarifləndirməsi sülh üçün lazımi əxlaqi mədəniyyətin əsas quruluşunu təşkil edəcək. Bu maarifləndirmə uşaqlıqdan etibarən ailədə, məktəbdə, məsciddə, mediada, siyasətdə, qısası hər mühit və şəraitdə doğru şəkildə verildiyi təqdirdə sülhsevər cəmiyyət formalaşa bilər.
Nə beynəlxalq təşkilatlar, nə vasitəçilər, nə də siyasətçilər axan qanı, haqsızlıqları dayandıra bilməz, əxlaqi qüsurların və etinasızlığın qarşısını tam mənada ala bilməz. İnsanlar arasındakı münaqişələrə, gərginliklərə qəti həll yolu gətirə bilməz. Uzunmüddətli həll yolları olmadığı təqdirdə zorakılıq şiddəti doğurmaqda davam edəcək. İctimai problemləri və münaqişələri aradan qaldırmağın yeganə yolu insanlar arasında sevgi bağlarını gücləndirmək, əxlaqi həssaslıqlarını artırmaqdır. Vicdanının səsini dinləyən, sevgi, şəfqət, mərhəmət hissləri güclü, yardımlaşmanın və bölüşməyin əhəmiyyətinin fərqində olan bir insanın dünyadakı problemlərə laqeyd qalması mümkün deyil. O halda əsl problem dünyadakı sevginin yox olması və əxlaqı zəiflikdir.
Mənəvi liderlər radikal qruplarla ideoloji mübarizədə də fəal rol oynaya bilərlər. Amma bunu edəcək mənəvi liderin məhz özünün fanatizmdən uzaq olması lazımdır. Qurana tabe olmayan xurafatlarla dolu bir din anlayışını mənimsəmiş şəxslər radikal qrupları səhv yolda olduqlarına inandıra bilməzlər.
İslamdan qaynaqlandığı irəli sürülən bir çox problem müsəlman olduqlarını söylədikləri halda, əslində İslam haqqında düzgün məlumatı olmayan insanların fanatik düşüncə tərzi və cahilliklərindən irəli gəlir. Buna görə də radikallığın dəf edilməsi yalnız Quranla aparılan maarifləndirmə ilə mümkündür.
Əgər radikal terrorla mübarizədə siyasi liderlərə kömək edə biləcək insanlar varsa, onlar ancaq İslamı Quranda bildirildiyi şəkildə yaşayan səmimi müsəlmanlar olacaqlar. Quranın ən doğru şəkildə izah edilməsi insanların beyinlərini islami olmayan hər cür yanlış fikirdən, batil inanc və düşüncədən qaynaqlanan xurafatdan təmizləyəcək. Beləliklə, bu gün terrorizmlə mübarizədə kömək tələb edə biləcək etibarlı tərəfdaşlar ancaq ağılla, sevgi və şəfqət ruhu ilə Quran əxlaqını ən doğru şəkildə yaşayan insanlar ola bilər. İnsanların şüurlarına təlqin edilənin əksinə, dünyaya terrorun qaynağının İslam olmadığını və terrorun yeganə həllinin İslam olduğunu göstərməyin yeganə yolu, cəhalətin həqiqi Quran əxlaqına əsaslanan maarifləndirmə ilə düzəldilməsidir.
Unutmayaq ki, əslində hər kəsin ruhunda sevgiyə yer var. Sevgisiz, mərhəmətsiz dünyanın heç kimə faydası yoxdur. Sevgini, mərhəməti, bağışlamağın gözəlliyini və sevgi dolu olmağın ruha verdiyi əmin-amanlığı danışacaq sevgi müəllimlərinin siyasətçilərlə əməkdaşlıq içində olması son dərəcə təbii və zəruridir. Yaxın Şərqi dindən uzaqlaşdıraraq həll yolu axtarmaq heç vaxt fayda verməz. Həsrətlə gözlənilən azadlıq, demokratiya və dünyəvilik kimi anlayışların əsas bazasını təmin edəcək şey Qurana əsaslanan İslam anlayışıdır.
Adnan Oktarın «Diplomacy Pakistan»da dərc edilən məqaləsi:
http://www.diplomacypakistan.com/articles/the-importance-of-religion-in-politics/