Floridada məktəbdə baş verən kütləvi qətliamdan sonra bütün dünyanın gözü yenidən eyni problemə çevrildi. Problemin səbəbi nədir? Silah satışı ilə bağlı ciddi qaydaların olmaması, qatillərin ruhi xəstə olması, yoxsa cəzalarda və ya polis kəşfiyyatında bəzi boşluqlarmı? Oxşar hadisələrin tez-tez baş verməsi əsl səbəbin daha dərinlərdə olduğunu göstərir. Nifrət mədəniyyəti və medianın zorakılığı daim təşviq etməsi isə məsələnin başqa tərəfidir.
Bu cür qəddarlığı ortaya çıxaran bir çox amil mövcuddur və bu amillər üzərindən təhlillər aparılması məsələnin həlli üçün üsul meydana gətirə bilər. Təəssüf ki, çox vaxt vacib bir problem gözardı edilir: həll olunmamış qəzəb problemi. Bu narahatedici hal bir çox yerdə qarşımıza çıxır. Dinc küçə yürüşləri kimi başlayan etirazların birdən-birə zorakılıq hadisələrinə çevrilməsində, məktəblərdə və ya supermarketlərdə kassada növbə gözləyərkən birinin "tərs baxdı" - deyə dava çıxarmasında... Bu qarşısı alınmayan qəzəbi doğuran səbəb nədir? Bir insanı zorakılığa sövq edən əsas amil nədir?
Bu cür hücumları törədənlər gözəl əxlaqı, sevgi və mərhəməti yaşamayan qəddar insanlardır. Onlar dünyanı "zorakılıq və vəhşiliklə həyatda qalmağın mümkün olduğu qanlı meydan" hesab edirlər. Bu gəncləri azğın qatilə çevirən ideologiya insanlardan gözəl əxlaq və həyata dair hər cür sevinci alan materializmdir. Materialist fəlsəfə insanlara eqoist və tamahkar olduqlarını təlqin edir, başqalarının zərərinə olacaq şəkildə ilk növbədə öz mənfəətlərini güdmələrini öyrədir. Bununla da ruhları sevgi, mərhəmət, bağışlama və incə düşüncəlilik kimi bütün gözəl əxlaq xüsusiyyətlərindən uzaqlaşır. Fasiləsiz mübarizə və münaqişənin hökm sürdüyü dünyada özlərindən başqa etibar edəcəkləri heç kimin olmadığına inandırılır, "özlərinin əleyhinə olan dünya" prinsipi mənimsədilir. Bir insan bu təlqinlər əsasında böyüdükdə və daha da acıncaqlısı bunlara inanmağa başladıqda belə bir düşüncə tərzi necə qəzəbə və qəddarlığa çevrilməsin?
İllərlə davam edən materialist təlqin nəticəsində dünyanın zorakılıqla üzləşməsi heç də təəccüblü deyil. Dünyanın harasında olursa olsun, hər kəs mənasız qəzəb hissinin pəncəsinə düşmüşdür. Kiçik müdaxilə ilə minlərlə insanı düşmənçilik duyğularına sövq edib üsyan qaldırmaq çox asandır.
Məlum olduğu kimi, 2011-ci ildə İngiltərədə baş verən üsyanlarda London, o cümlədən, İngiltərənin müxtəlif şəhərlərində minlərlə insan genişmiqyaslı yanğın və qarət hadisələrinə şahid olmuşdu. Həmin üsyanda beş nəfər ölmüşdü. Sülhyönümlü başlayan Ərəb Baharı etirazları da böyüyərək şiddətli vətəndaş müharibəsinə çevrilmişdi. Terrorizm də, əslində, qəzəbin dolayı yolla nəticəsidir. Şiddət hadisələrini araşdıran bir nevroloqa görə, dünyada zorakılığın başlıca səbəbi qəzəbdir. Bu, dərhal fərqinə varılaraq həll edilməli olan bir məsələdir.
Son zamanlar, xüsusilə, Florida məktəb qətliamından sonra bir qrup insan bu cür vəhşilik hadisələrini psixoloji problemlərlə əlaqələndirməyə başladılar. Lakin psixologiyası pozulmuş insanların bu cür vəhşilik hadisələri törətdiyinə çox nadir rast gəlinir. Hətta çox vaxt bu insanlar zorakılıq hadisələrində cinayətkar olmaqdan çox zərərçəkmiş olurlar. Federal Narkotik Asılılığı və Əqli Sağlamlıq Xidmətləri İdarəsinin ekspertlərinə görə, "Psixi problemləri olan insanların səbəb olduğu zorakılıq hadisələri o qədər azdır ki, onların hamısı sağalsalar belə, zorakılıq cinayətləri hələ də 95% qalacaq". Ona görə bu cür xəstəlikləri aradan qaldırmaq problemi həll etməyəcək. Problemi daha da intensiv hala gətirən başqa bir səbəb isə ABŞ-da vətəndaşlara silah satılması ilə bağlı qaydaların asan olmasıdır. Lakin bu da problemi həll etməz. Çünki silah satışını məhdudlaşdıran yeni qanunlar qəbul edilsə belə, qatillərin silah tapması çətin olmayacaq.
İstehsal olunan mərmi sayını azaltmaq və ya izdihamlı yerlərdə mülki geyimli polislərin olması kimi qısamüddətli və operativ həll yolları mövcuddur. 24 saat müşahidə aparan texniki vasitələr başqalarını təhdid edən və zorakılıq cinayəti törədə biləcək insanları müəyyənləşdirib müdaxilə etmək baxımından faydalı ola bilər. Bu tədbirlər görülsə də, problemi kökündən həll edə bilməz. Çünki bir insan zorakılığa əl atmağa qərar versə, silaha belə ehtiyacı olmaz. Önəmli olan cinayətə meyilli insanlarda qəzəbin qarşısını almaqdır.
Bu səbəbdən qısamüddətli həll yollarını tətbiq etdikdən sonra daha mühüm tədbirlərə üstünlük verilsə, uzunmüddətli nəticələr almaq mümkün olar. Zorakılığın davamlı təriflənməsi materialist təfəkkürlə birləşdikdə ilahi dinlərin insanlara qazandırdığı sevgi və şəfqət hissləri məhv olmağa başlayır. Buna görə sevgi mədəniyyətini formalaşdıraraq dünyamıza mənəvi dəyərləri yenidən qazandırmaq çox mühümdür. Buna nail olmaq üçün xristianlar və yəhudilər daha dindar olmağa çalışmalı, müsəlmanlar da Qurana daha etinalı yanaşmalıdırlar.
Allah haqq dinlər vasitəsilə bütün insanları sevgi, mərhəmət, dürüstlük, fədakarlıq və və bağışlamaq yoluna yönəldir, insanları sülhə və dostluğa çağırır. Bu səbəbdən xristian, müsəlman və yəhudilər Müqəddəs Kitablardakı hikmətli sözləri həyatlarına tətbiq etməlidirlər.
Dövlətlər texniki tədbirlərdən əlavə xalqlarını din əxlaqı ilə tərbiyə etməyə çalışmalıdırlar. Bu işdə qeyri-hökumət təşkilatları mühüm rol oynaya bilər. İnsanlar ancaq nifrət və intiqam hissləri ilə hərəkət etməyin qarşısını alaraq həyatlarını mənasız edən materializmin yanlış təsirlərindən xilas ola bilərlər.
Dinin insanlara qazandırdığı gözəl əxlaqın yenidən qəlblərdə canlanması insanları qəzəbdən xilas edə bilər. Unudulmamalıdır ki, nifrət mədəniyyətində qalib yoxdur. Mənəviyyata etinasızlıq edilməsinin nə qədər acı bəhrələr verdiyinə ötən əsrdə çox şahid olduq. Dünyamız ancaq və ancaq mənəviyyatın canlandırılması ilə daha təhlükəsiz bir yer olacaq.
Adnan Oktarın “Kashmir Reader”da (Hindistan) yayımlanan məqaləsi:
https://kashmirreader.com/2018/03/02/religious-sensibility-and-spirituality-are-the-meaningful-solution-to-gun-violence/