Bir çox insanın özünün də xəbəri olmadan yoluxduğu adsız bir xəstəlik növü var: Bu xəstəlik, insanın öz ağlını həddindən artıq bəyənməsi və dünyada hər kəsdən, hər şeydən çox öz ağılına etibar etməsindən ibarətdir.

Bu insan ətrafındakı hər hadisəni hamıdan yaxşı qavradığını, hər bir insanı çox yaxşı tanıdığını zənn edir. Bütün mövzularda mümkün ola biləcək ən doğru analizləri özünün etdiyinə inanır. Demək olar ki, tanıdığı hər bir insan haqqında özünə görə müəyyən diaqnozları var və bunların ən doğru diaqnoz olduğundan tam əmindir. Kim nə deyirsə desin, hadisələrə və insanlara başqa bir aspektdən baxa bilməsi mümkün deyil. Belə olan halda, həmin insana nə qədər sübutlar, nə qədər məntiqli açıqlamalar etsən də fayda verməz. Bu insan yalnız öz bildiyinə inanır, yalnız öz bildiyi kimi düşünür və öz bildiyini tətbiq edir.

Heç vaxt hadisələrə, insanlara və yaşadıqlarına başqa aspektdən baxmır. Özündən çox əmindir. Hadisələrin tamamilə fərqli yönlərinin ola biləcəyindən,  münasibətlərin tamamilə fərqli məqsədlər daşıya biləcəyindən şübhə belə etmir. Hadisələrin özünün görə bildiyi tərəfləri ilə yanaşı, görə bilmədiyi tərəflərinin də ola biləcəyini düşünmür, hadisələr və insanlar haqqında qəti hökmlər verir.

 Bu cür insanların başqa bir xüsusiyyəti də, öz mənfəətlərini getdikcə daha çox düşünmələridir. Hər şeyə öz dünyagörüşü və ön mühakimələri ilə baxdıqları üçün fikirlərinə saxta sübutlar tapmaqda heç bir çətinlik çəkmirlər. Getdikcə özlərindən başqa heç kəsə qulaq asmayacaq və mənəvi cəhətdən heç bir həqiqəti görə bilməyəcək qədər korlaşırlar. Bu mənəvi korluq nəticəsində özlərini yanlış bir yola və təhlükəli sona doğru apardıqlarını dərk etməyəcək hala gəlirlər.

 Bütün bunların nəticəsində də həqiqi mənada ağıllı olmaq xüsusiyyətlərini itirirlər. Yaxşını pis, pisi yaxşı, gözəli çirkin, çirkini gözəl, doğrunu yanlış, yanlışı doğru qəbul etməyə başlayırlar. Qarşılaşdıqları yaxşılıqların altında pis niyyətin olduğundan əmindirlər.Və ya onlara göstərilən gözəl bir rəftarın ardında başqa bir məqsəd olduğu qənaətinə gəlirlər. Heç bir qüsur tapa bilmədikləri normal bir rəftara isə “süni və təbii olmayan” mənası verirlər. Axirətlərinə fayda verəcək, nəfslərini tərbiyələndirən bir münasibəti ədalətsiz, mərhəmətsiz, sevgisiz rəftar olaraq xarakterizə edirlər. Daha gözəl əxlaqlı olmalarına vasitəçi olacaq bir hadisəni öz əleyhlərində zənn edir, insanların üzlərinə baxaraq mənalar çıxarır, sırf baxışlarından dolayı insanlar haqqında mənfi fikirlər yaradırlar. Bunun kimi daha bir çox hadisələrdə qoyduqları çox saylı diaqnozlar var. Ətrafındakı insanlar nə qədər bunun əksini söyləsələr də  doğruları görməyə onları razı sala bilməzlər.

 İnsanlar düşdükləri bu vəziyyətin zərərini və təhlükəsini ilk əvvəl o qədər də yaxşı qavraya bilmirlər. Halbuki bu xarakter tədbir görülmədiyi təqdirdə insanı dünyada da, axirətdə də bədbəxt edə biləcək çox təhlükəli xəstəlikdir. Bu insanı daima yanlış düşündürən, lazımsız qərarlar verməyə vadar edən, insanlardan uzaqlaşdıran, gözəl olan hər şeyi məhv edib korlayan bir dünyagörüşüdür.

 Belə bir vəziyyətə düşən insanın edəcəyi ən əsas şey – analizlərini, mənfəətlərini bir kənara qoymaqdır. Özünü Allaha, Qurana, Allahın yaratdığı Qədərə (Tale) tam təslim etməli, hər yaşadığı hadisədə Allaha güvənməli və təvəkkül etməlidir. Quranı rəhbər tutaraq hər analizini Qurana görə aparmalıdır. İmanlarına və ağıllarına etibar etdiyi möminlərin məsləhətlərinə tam tabe olmalı, ona yönəldilən və Quran əxlaqına əsaslanan istənilən çağırışa qulaq asmalıdır. Ağlına, məntiqinə nə qədər zidd gəlirsə-gəlsin, bu nəsihətlərə heç bir şəkildə  mənfi münasibət bəsləməməlidir.

 Digər tərəfdən, insanın öz ağlından bu qədər əmin olması, içində olan təkəbbür hissinə görə Allahdan qorxub çəkinməsi və dərhal Allaha sığınması lazımdır. Çünki insan Allahın verdiyi məhdud ağıla malikdir və çox acizdir. Özündən bu qədər razı olması üçün heç bir səbəbi yoxdur. Belə bir təkəbbür hissi və özündən razılığı şeytanın azdırmasından başqa bir şey deyil. Bu səbəbdən, şeytanın oyununu ən qısa zamanda və ən qəti şəkildə pozmalı, mütləq və mütləq Allahın, Quranın və möminlərin tərəfində durmalıdır.

Quranda bəhs edən “Allaha qarşı haqsız yerə lovğalanma” ilə əlaqədar ayələri düşünməli, bu əxlaqın gətirə biləcəyi peşmançılıqla dolu gələcəkdən Allaha sığınmalıdır.

 Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri gör-sələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”. (Əraf Surəsi, 146)
 Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman Surəsi,7)
 İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman Surəsi, 18)
Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!” (Nəhl Surəsi, 29)
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (Səcdə Surəsi, 15)