Son bir neçə əsrin zülm və qəddarlığı yaddaşlarda pis xatirə olaraq qalmışdır. Bunları geridə qoyduğumuzu düşündüyümüz bir vaxtda CNN kanalı afrikalı miqrantların internetdə qul kimi satılması haqqında ürək parçalayan hadisəni ortaya çıxardı. Mobil telefonla çəkilmiş video görüntüdə iyirmi yaşlarda bir afrikalı üzü görünməyən biri tərəfindən hərraca çıxarılırdı. O, uşaqların güclü və təsərrüfat işlərinə əlverişli olduqlarını iddia edir, bir neçə dəqiqə ərzində çarəsiz afrikalılar yeni sahiblərinə satılırdılar.
Bu video bizə quldarlığın yalnız keçmiş dövrlərdə olmadığını xatırlatdı. Belə ki, yeni hesabata əsasən, bu gün bütün dünyada 36 milyon qul var. Zəngin ölkələrə bunun daha az təsir etdiyi düşünülsə də, sorğuda iştirak edən 167 ölkədən heç biri bu bəladan tamamilə uzaq deyil. Hesabata görə, quldarlığın ən çox yayıldığı ölkələr Hindistan, Çin, Pakistan, Özbəkistan və Rusiyadır. Mavritaniyada (Qərbi Afrika) əhalinin təqribən 4%-i kölədir və köləliyin ən geniş yayıldığı bölgədir. Hesabatda həmçinin ABŞ-da 60 min kölənin olduğuna diqqət çəkilir.
Köləlik müxtəlif formalarda ola bilər: məcburi işlədilən xidmətçilər, uşaq əsgərlər, uşaq gəlinlər və məcburi fahişəlik. Bunlar ən geniş yayılmış növlərdəndir.
Beynəlxalq Əmək Təşkilatına görə, məcburi əmək hər il 150 milyard dollardan çox gəlir gətirir. Bu o deməkdir ki, məcburi əmək qanunsuz narkotik ticarətinə rəqabət təşkil edir. Bəllidir ki, nəticəsiz qalan etirazlar və tədbirlərə baxmayaraq, bu şeytani fəaliyyətin artmasının səbəblərindən biri budur.
Ancaq Liviyada yeni təhlükəli vəziyyət yaranır. 2011-ci ildə Qəddafinin vəhşicəsinə öldürülməsindən sonra ölkədə nəzarəti ələ keçirməyə çalışan rəqib milislər və qruplar arasında qarışıqlıq başladı. Hazırda ölkədə öhdəliyin özündə olduğunu iddia edən üç alternativ hökumət var və sabit həll yolu yoxdur. Ona görə bu cür yarı anarxiya vəziyyəti insan alverçiləri üçün mükəmməl şərait yaradır. Hər il on minlərlə afrikalı daha təhlükəsiz və daha yaxşı həyat üçün Liviya sərhədini keçir. Çox vaxt bu müdafiəsiz insanlar Aralıq dənizində çox təhlükəli səfərə çıxmaq üçün sahib olduqları hər şeyi satırlar. Son zamanlarda Liviyada insan alverçilərinə qarşı edilən basqınlar bu əməliyyatları dayandırsa da, onları kölə sahiblərinə çevirdi. İndi bu insan alverçiləri qaçqınların pulunu alır, onları təhlükəli dənizləri aşaraq Avropaya aparmaq əvəzinə tutur, qul kimi satır və ya ailələrindən pul alıb azad edirlər.
Bir məzlum üçün doqquz ay sonra pul tapıldı və o azad edildi. Ancaq xəstəxanaya aparıldıqda cəmi 35 kq qalmışdı. Digər minlərlə insan kimi aclığa məhkum edilmişdi. Qadınlar və uşaqlar daha müdafiəsizdirlər və adətən cinsi istismara məruz qalırlar.
CNN müxbirləri hadisəyə şahid olduqda təəccüblərini gizlədə bilmədilər: "Qul bazarında sanki zamanda geriyə getdik. Çatışmayan tək şey qaçqınların əl və ayaqlarındakı qandallar idi".
Bəs bu problemə son qoymaq üçün nə edə bilərik?
Şübhəsiz, problemin böyük hissəsi yoxsulluqla yanaşı, Afrika və Yaxın Şərqin bəzi regionlarında davam edən müharibə və münaqişələrdən irəli gəlir. Ancaq bu problemlər həll edilənə qədər gözləməyə vaxt olmadığından əzab çəkən milyonlarla insanı təhlükəsizliyə qovuşdurmaq üçün təcili həll yolları üzərində işləmək lazımdır.
Hər şeydən əvvəl insanlarda ictimai həssaslıq oyandırılmalıdır. Qaçqın və miqrantlara qarşı tam düşmənçilik olmasa da, antipatiyanın olması, müharibələrin artması dünya miqyasında bir çox insanda təəssüf ki, laqeydliyə səbəb olub. İnsanların əzablarına qarşı bu utancverici laqeydliyin sona çatması və ehtiyacı olan insanlara yardım etmək məsuliyyətini üzərimizə götürməliyik.
İctimai şüur artdıqca hökumətlər problemi həll etmək üçün müəyyən addımlar atmağa və daha çox öhdəlik götürməyə özlərini məcbur hiss edəcəklər. Hər bir ölkə öz sistemi çərçivəsində problemi həll etmək üçün özünəməxsus metodlar inkişaf etdirəcək və köləliyin qarşısını almaq üçün sərt qanunlar tətbiq edəcək.
Narkotik asılılığını dayandırmaq və ətraf mühit problemlərini həll etmək kimi bir çox məqsəd üçün BMT fondları yaradıldığı kimi, köləliyi sona çatdırmaq üçün də fond yaradıla bilər. Habelə BMT və digər beynəlxalq təşkilatlar problemi yüngülləşdirmək üçün çox şey edə bilərlər. Nottinqam Universitetində müasir köləlik üzrə professor Kevin Baletin yazdığı kimi, "Hamımız kütləvi qırğın silahlarına qarşı sazişləri icra etdirən BMT-nin silah müfəttişlərini bilirik, bəs BMT-nin köləlik müfəttişləri haradadır? Köləliyin araşdırılması və sona çatdırılması üçün eyni səyi göstərdikdə sürətli dəyişiklik olacaq". [1]
Müasir dövrümüzdə dünyada bir çox problemin olduğunu deməyə ehtiyac yoxdur. İstəkli və qətiyyətli olduğumuz təqdirdə bu problemləri həll etmək mümkündür. İstər ev xanımı, tələbə və ya siyasətçi olsun, hər kəs kömək edə bilər. Bu gün, demək olar ki, hər kəs beynəlxalq təşkilatlar, qanunları qəbul edənlər və media orqanları ilə internet vasitəsilə ünsiyyət yarada bilir. Günümüzdə insanlar milyonlarla tərəfdar toplayan və böyük dəyişikliklərə səbəb olan təsirli gücə çevrilən kampaniyalar başlada bilirlər. Unutmayaq ki, birlik olduqda cəsarətin səsi daha yüksək gələcək.
[1]http://ngm.nationalgeographic.com/ngm/0309/feature1/online_extra.html
Adnan Oktarın “BERNAMA” (Malezya) & “Daily Mail”də (Pakistan) yayımlanan məqaləsi:
http://www.bernama.com/bernama/v8/fe/newsfeatures.php?id=1414433
http://dailymailnews.com/2017/12/21/stepping-up-against-the-lives-auctioned-in-libya/