Rəbbimiz insanlardan necə səbir etmələrini istəyir?
İnsanları zülmətlərdən nura çıxaracağı bildirilən Quranda (İbrahim surəsi, 1) əmr edilən davranışlardan biri səbir etməkdir. Quranda öyrədilən həqiqi səbir təkcə çətinliklər zamanı deyil, əksinə, həyatın hər anında yaşanan əxlaqi xüsusiyyətdir. Həqiqi səbir çətinliklər zamanı olduğu qədər rahatlıq və nemət içində olduqda da gözəl əxlaqda qətiyyət və sabitlik göstərməyi, bir an belə bunlardan uzaq durmayaraq ömür boyu bu əxlaqla yaşamağı tələb edir.
“Sən təmkinlə səbir et!” (Məaric surəsi, 5)
Səbir Allahın rizasını qazanmaq üçün açardır
Möminlər ancaq Allah üçün səbir etdiklərinə görə, səbirlərinin əvəzində mütləq konkret qarşılıq gözləmirlər. Bu üstün əxlaq nəticəsində Rəbbimizin rizasını qazanacaqlarını ümid etmək onlar üçün bütün mükafatlardan üstündür.
“Səbir edənlərə müjdə ver”. (Bəqərə surəsi, 155)
Allah Quranda səbir edənlərlə bərabər olduğunu (Bəqərə surəsi, 153) bildirərək səbrin möminlərə bir çox xeyir qapısının açarı olduğunu bildirir.
Ancaq Allah rizası üçün səbir edilər
Ömür boyu davam edən həqiqi səbrin əsl mənbəyi möminlərin Allaha olan imanlarıdır. İman gətirən mömin bütün hadisələrin ardında Allahın yaratdığı minlərlə xeyir və hikmətin gizləndiyini bilir. Rəbbimizin onun üçün müəyyən etdiyi qədərə tərəddüdsüz təslim olur. Buna görə, səbir möminin məcburən göstərdiyi əxlaq deyil, bütün ibadətlər kimi könüldən yerinə yetirdiyi və zövq aldığı nemətdir.
“Səbir etdiyinizə görə, sizə salam olsun! Axirət yurdu nə gözəldir!” (Rəd surəsi, 24)
Cəmiyyətdəki yanlış səbir anlayışı: dözmək
Quranda öyrədilən səbir anlayışını bilməyən insanlar səbri heç bir səy göstərmədən, sadəcə şikayətlənərək gözləmək kimi dərk edirlər. Hətta bu cür aciz davranışın yaxşı hərəkət olduğuna da inanırlar. Halbuki, Allah qatında qəbul olan səbir ağıl, vicdan və bütün maddi-mənəvi imkanlardan istifadə edərək çətinliklərin aradan qaldırılmasına təşviq edir.
… Daimi olan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir! (Kəhf surəsi, 46)
Dözmək dünyada əzab mənbəyidir
İmtahanın tələbinə uyğun olaraq Allah qullarını dünyada həm xeyir, həm də çətinliklərlə sınayır.
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)
Allahın çətinlikləri səbir etmək üçün qədərdə yaratdığını düşünmədən xoşagəlməz şeylərə tab gətirmək, dözmək dünyada da əzabdır. Çünki dözməyin əvəzində qarşılıq gözləyən insan dünyada həmişə bunun əvəzini almaya bilər. Bu təqdirdə, həm çətinlik içində keçirdiyi vaxtı itirir, həm də əvəzində dünyəvi mükafat əldə edə bilmir.
Dünyəvi mənfəətlər üçün səbir edənlər Allahın razılığından məhrum olurlar
Uca Allah səbir edənləri üzə çıxarmaq üçün çətinliklər yaradır. Rəbbimiz “Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri bilib ayırd etməmişdən qabaq cənnətə girəcəyinizimi güman edirsiniz? (Ali-İmran surəsi, 142)” ayəsi ilə bu sirri qullarına bildirmişdir. Dünyəvi mənfəət üçün bir şeyə dözənlər Allahın razılığından və vəd verdiyi cənnətdən məhrum ola bilərlər, ancaq Allahın rizasını qazanmaq üçün səbir edənlər, Allahın iznilə, cənnətə girməyi ümid edə bilərlər.