Gerçək yaxşılığı qazanmaq əlinizdədir...
ucgen

Gerçək yaxşılığı qazanmaq əlinizdədir...

1851

Hər gün yazılı və televiziya mətbuatında bir çox xəbərlər işıqlandırılır... Cinayətlər, terror aktları, oğurluqlar, qısqanclıqlar, uşaq zorakılığı, təcavüzlər, şiddət hadisələri, ədalətsizlik və heyvanlara qarşı qəddarlıq... Əslində bütün bunların yeganə adı var: Pislik... Bəs pislik yalnızca bu sayılan davranışlardırmı? Yoxsa miqyası daha böyükdür? İnsan doğulanda və uşaqlıq illərində saf və məsum ikən, necə olur ki, vaxt keçdikcə mərhəmətsiz və qəddar bir şəxsiyyətə sahib olur? Yaxud da başqa insanların haqqı tapdalanarkən, əzab çəkərkən, işgəncə və qətliamlara məruz qalarkən “mənə dəyməyən ilan min il yaşasın” fikri ilə yaşaya bilir? Bəs qatil və ya oğru olmaq pislik olaraq qəbul edilərkən, necə olur ki, laqeydliyi, etinasızlığı heç kim pislik olaraq qarşılamır? Bu şəxs istər əli qanlı bir qatil, istər öz mənfəətinə görə müəyyən vaxtlarda gözəl əxlaq xüsusiyyətlərindən uzaqlaşan hər hansı bir kəs, istərsə də özündən başqa heç kimi fikirləşməyən xudbin bir insan olsun, əslində, pislik anlayışına daxil edilən bütün bu davranışların bir ortaq cəhəti var... Ruhlarda yaranan boşluq... İnsanı pis əmələ sürükləyən və pisliyin həcmini artıran ruhdakı bu boşluğun isə yeganə bir səbəbi var... Sevgisizlik...

Sevgisizlik zaman keçdikcə insanın qəlbini sanki daşa döndərir. Nəticədə də bu şəxslər mərhəmətsizliyə, qəzəbə, nifrətə, kinə, hətta şiddətə də özlərini aludə edirlər.

Buna görə də sevgisizliyin yaratdığı qəddar ruhun təsiri ilə heç kimə dəyər verməyən bu insanlar qatil də ola bilər, oğru da... Mərhəmətsizliyə bürünən qəlbi ilə əzab çəkən insanlara qarşı laqeyd də olar... Əslində pisliyin ən hiyləgər olanı da bu sonuncudur. Yəni əzab çəkən insanlara qarşı etinasızlıq...

Laqeydlik yoluxucu xəstəlik kimi cəmiyyətləri bürüyən çox təhlükəli bir bəladır. Çünki bu xəstəlik bəzən öz övladları üçün canından da keçməyə hazır olduğu halda, başqalarının aclıq, qətliam və müharibələrdən əzab çəkən uşaqlarına qarşı biganə qalan bir anaya, bəzən sosial mediada paylaşılan şiddət görüntülərini bir film kimi izləyib qısa müddətdən sonra unudan və öz gündəlik işlərinə başı qarışan ataya, bəzən də qəzəbli açıqlamaları, düşüncələri və acı dili ilə hər kəsi incitməyə çalışan gənc qız və oğlanlara qədər hər kəsə gizlicə yoluxa bilər. Yəni gündəlik həyatda qarşılaşdığımız adi insanlar bu xəlvəti pisliyə tutula bilərlər. Bu insanlardan soruşsaq, hər biri çox yaxşı insan olduqlarını qürurla söyləyəcəklər. Heç kimi öldürməyib, oğurluq etməyib, hər hansı bir şiddət  hadisəsinə qoşulmayıb. Lakin şəfqətə, mərhəmətə, yaxşılığa aid də etdikləri bir şey yoxdur.

Əlbəttə heç kim şüurlu olaraq bu vəziyyətə düşməz. Sevgisizlik vücudu bürüyən xərçəng xəstəliyi kimi cəmiyyətlərdə insanların əksəriyyətinin ruhunu elə bürümüşdür ki, onları hiss etdirmədən laqeydliyə və etinasızlığa sürükləyir. Bəs bir insan belə doğulmadığına və pisliyin bu gizli tələsinə zamanla düşdüyünə görə bundan xilas olmaq mümkündürmü? Allah’ın bəyəndiyi gerçək yaxşılığa dərhal sahib ola bilərmi? Əlbəttə mümkündür, həm də çox asan bir şəkildə...

Gerçək yaxşılığa nail olmağın bircə yolu vardır: “İman”

İman özü ilə Allah sevgisini gətirir. Allah sevgisi insana çox gözəl və müsbət təsir göstərir. Bu zaman insan Allah’ın rəğbətini qazanmaq üçün gözəl əxlaq göstərir, heç bir mənfəət gözləmədən, səmimi niyyətlə və yalnızca Allah rizası üçün sevir, Allah rizası üçün şəfqətli olur, Allah rizası üçün mərhəmətli davranır, Allah rizası üçün dost olur. İnsanları Allah’ın yaratdığını bilir. Allah’a olan məhəbbətini və sevgisini Onun təcəllisi olan bütün varlıqlara göstərir. Gerçək yaxşılıq da bax budur.

Unutmayaq ki, Allah dünyanı sevgi, gözəllik və yaxşılıq üçün yaratmışdır. İslamın və Quranın ruhundakı əsas mövzu da budur. Allah’ın bütün kainatı, dünyanı yaratma məqsədi də budur. Dünya həyatındakı imtahanımız sevgi və Allah’ın bəyəndiyi yaxşı insan olmaq imtahanıdır. Sevgi ilə dolu olan bir qəlb, nəinki bir insanı incitmək, Allah’ın yaratdığı kiçik bir böcəyə də zərər verə bilməz. Sevgisiz, kirli, paslı bir qəlbdən təmizlənən insan üçün yaxşılardan olmaq çörək və su kimi həyatının əvəzolunmaz bir qidası olacaqdır. Allah’ın bəyəndiyi gerçək yaxşılığı qazanmaq üçün yalnız Quran müsəlmanlığını yaşamaq kifayətdir. Uca Rəbbimizin bir ayədə bildirdiyi kimi gerçək yaxşılığı yaşamağın və Uca Yaradanı razı salmağın yeganə yolu da budur:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allah’a, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

Adnan Oktarın İslam Today jurnalında yayımlanan məqaləsi

PAYLAŞIN
logo
logo
logo
logo
logo