İslam aləminin hər il böyük həyəcanla gözlədiyi mübarək Ramazan ayını uca Rəbbimizin izni ilə, bir daha dərk edirik. On bir ayın sultanı Ramazanın bütün müsəlmanlara xeyir və bərəkət gətirməsini arzu edir və dünyanın dörd bir tərəfində təzyiq görən və hücumlara məruz qalan qardaşlarımızı yad edərək yazıma başlamaq istəyirəm. Suriya, İraq, Əfqanıstan, Şərqi Türküstan, Myanmar, Krım, Fələstin, Kərkük, Moro, Patani, Arakan və daha bir çox yerdə zülm altında həyat mübarizəsi aparan milyonlarla günahsız insan müsəlman qardaşlarından uzanacaq kömək əlini gözləyir. Özümüzü onların yerinə qoyaraq yaşadıqları vəziyyəti başa düşmək və bu mübarək ayda onların xilası üçün əlimizdən gələn hər şeyi etmək üzərimizə düşən ən böyük məsuliyyətdir. Ümid edirik ki, bu müqəddəs ay müsəlmanların üzərindən çətinliklərin qalxdığı, uca Allah'ın izni ilə, sülh dolu günlərə qovuşacağı ay olar.
İnsanları zülmətdən nura, hökm və hikmət sahibi Rəbbimizin yoluna çıxaran, bütün müsəlmanlara hidayət, müjdə, içi titrəyərək qorxanlara öyüd-nəsihət və xatırlatma olan Qurani-kərimin endirildiyi ay olması Ramazan ayını dünyadakı bütün müsəlmanlar üçün əhəmiyyətli edir. Uca Rəbbimiz Ramazan ayı ilə bağlı belə buyurur:
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 185)
Ramazan ayı möminlər üçün rəhmət, bağışlanma, paklanma və bərəkət ayıdır. Birlik və bərabərlik içində oruc ibadətlərini yerinə yetirən möminlərin birliyini artırması baxımından bu müqəddəs ayın böyük fəziləti var. Belə ki, hər Ramazanda yardımlaşma, həmrəylik və qardaşlıq hissləri daha da artır, möminlər sevgi ilə bir-birlərinə bağlanırlar.
Müsəlman üçün Ramazanın hər günü bayramdır. Bütün İslam aləmi üçün nemətdir, şəfadır, fərahlıqdır, Allah'ın razılığını qazanmaq üçün mühüm vasitədir. Peyğəmbərimiz (səv) iman gətirənləri bir hədisində belə müjdələyir: "Bu ayı oruc tutaraq, ibadət edərək və xeyir işlər görərək keçirənlər nəcə də xoşbəxtdir!" Həqiqətən də Ramazan ayında edilən ibadətlər möminlərə bir çox mənəvi dəyər qazandırır, nəfslərini tərbiyə edir və əxlaqlarını gözəlləşdirir, dini şuurlarını canlı tutmalarına səbəb olur.
Oruc ən başda nəfsi məğlub etməyi, nəfsin arzularını cilovlamağı öyrədir. Bu səbəbdən Ramazan ayının nəfsə qarşı əldə edilən zəfər ayı olduğunu söyləmək mümkündür. Möminlər oruc zamanı yeməyib içmədikləri kimi, pis əxlaqdan, məsələn yalan söyləməkdən, qeybət etməkdən, pis söz söyləməkdən, insanların qəlbini qırmaqdan, əsəbləşməkdən çəkinir, daha çox gözəl əxlaq göstərməyə çalışırlar. Aclığı və susuzluğu təfəkkür edir, ac və kasıb insanların köməyə möhtac olduqlarını xatırlayır, özlərinə verilən imkanlar nisbətində möhtac olan insanlara kömək etməyin əhəmiyyətini dərk edir, maddi vəziyyətləri nə olursa-olsun, infaq etməyə, çətin vəziyyətdə olan insanlara kömək etməyə çalışırlar. Ramazan ayında qazanılan bu ixlasın, nəfsi tərbiyədəki şüur açıqlığının, gözəl əxlaqda, Allah'ı zikr etməkdə, duada göstərilən bu həssaslığın Ramazan bitdikdən sonra zəifləməməsi çox əhəmiyyətlidir. Güclü imana sahib insan Ramazan ayında göstərdiyi əxlaqı həyatının hər anında yaşamalıdır. Bütün həyatı boyunca pisliklərdən çəkinməli, vicdanının səsini dinləməli, səmimi niyyətlə Allah rizası üçün səy göstərməli və yalnız Allah'a yönəlməlidir. Bu, Allah'ın razı olacağı əxlaqdır. Əks davranış, yəni yalnız Ramazan ayında ibadət edib, dua edib, Allah'ı zikr edib, bu mübarək aydan sonra Quran əxlaqından uzaqlaşmaq Allah'ın insanları çəkindirdiyi davranış formasıdır.
Ramazan ayının bütün müsəlman qardaşlarımıza xeyir, bərəkət və sülh gətirməsini bir daha qəlbən arzu edirəm. Ramazan boyunca əldə edilən mənəviyyatın bir ömür boyunca davam etməsi arzusu ilə...
Adnan Oktarın New Straits Times-da nəşr olunan məqaləsi: