“Yəmən Ramazana qətliamla girdi",
"Yəmən Ramazan ayına çətinliklərlə girir",
"BMT: Müqəddəs Ramazan ayı bitmədən Yəməndə qarşıdurmalara son verin".
Bunlar Türkiyədə nəşr olunan bəzi gündəlik qəzetlərdə yer alan başlıqlardır. Verilən xəbərlərdə bombalanan məscidlərdən, qarşıdurmalara görə ölkəni bürüyən yoxsulluqdan və qiymətlərin artmasından, son üç ildə ölkədə ölənlərin sayının 3 mindən çox olduğundan bəhs edilir.
Bütün bu baş verənlər Ramazan ayının ruhu ilə heç uyğun gəlmir. Çünki Ramazan ayı müsəlmanlar arasında sosial yardımlaşmanın, qardaşlıq və birlik kimi dəyərlərin gücləndiyi aydır.
Ramazan ayı boyunca birlikdə sahur edən iman gətirənlər, axşam olduqda yenə birlikdə oruclarını açaraq iftar edirlər. Aclıq və susuzluğu təfəkkür edərək, kasıbların və möhtacların vəziyyətini, onlara kömək etməyin əhəmiyyətini daha yaxşı qavrayırlar. İftardan sonra namaz qılıb, müsəlmanların birlik və bərabərlik içində olmalarının gözəlliyini və sevincini yaşayırlar.
Oruc ibadətində olduğu kimi, İslamda olan digər ibadət formalarına nəzər yetirdikdə yenə də hər zaman birlik və bərabərlik içində yaşamağa təşviq olunduğu aydın görünür. Ehramlarına girmiş minlərlə müsəlman həmişə birlikdə qardaşlar olaraq Kəbəni təvaf edirlər. Quran ayələrində bildirilən sədəqə, zəkat və infaq kimi bir çox ibadətlər vasitəsilə iman gətirənlər ehtiyac içində olan qardaşları üçün maddi yardım edir, onların bütün ehtiyaclarını aradan qaldırırlar. Bütün bu gözəl əxlaq nümunələri müsəlmanları bir-birinə daha da yaxınlaşdırır və münasibətlərini gücləndirir.
Dünyada yaşayan bütün müsəlmanların Ramazan ayında səbirlə oruc ibadətini yerinə yetirməsi İslamın heç bir ayrı-seçkilik güdmədən inananları həmrəylik, birlik və bərabərlik içində olmağa təşviq edən ünsürləridir. Peyğəmbərimiz (səv) dövründə müsəlmanlar rənglərə və milliyyətlərə görə ayrı-seçkilik etməmiş, həmişə birgə yaşamışlar. Məsələn, səhabələrdən Süheyb-i Rumi, Səlman-i Farisi və Bilal-i Həbəş ərəb olmamalarına baxmayaraq, digər müsəlmanlardan böyük sevgi və hörmət görmüşlər. Səhabə müharibə və sülh dövründə, bolluqda və qıtlıqda da bu qardaşlıqlarını əsla pozmamış, əksinə, daha da gücləndirmiş və öz aralarında heç bir ayrı-seçkilik etməmişdir. Allah onları Quran ayələrinə tabe olduqlarına görə zəfərlərlə mükafatlandırmış və müsəlmanlar getdikcə daha çox güclənərək qısa müddət ərzində İslamı geniş ərazidə yaymışlar.
Bu gün İslam dünyasının hökm etdiyi ölkələrin böyüklüyü, imkanları və əhalisi əvvəlki dövrlərlə müqayisə edilə bilməyəcək qədər çox olmasına baxmayaraq, indi müsəlmanların böyük hissəsi aclıq, yoxsulluq və əzab içində yaşayır.
Hər gün gözlərimizi müsəlman ölkələrinin birindən gələn yeni zülm xəbəri ilə açırıq. Bir gün Yəmən, sabah Suriya, sonra İraq, sonra Burma və Şərqi Türküstan. Müsəlmanlar on illərdir amansızca şəhid edilir, yurdlarından sürgün olunurlar. Bütün İslam ölkələrində on minlərlə evsiz-eşiksiz, yetim, qulluğa möhtac qadın və kişi, sığınacaq axtaran insanlar var. Qardaşlarımızın namaz qılması, oruc tutması qadağan edilib, məscidləri və bütün ibadət yerləri dağıdılıb. Bir araya gəlmələrinə mane olunur, bacılarımıza təcavüz edilir, evlərindən səbəbsiz yerə çıxarılıb həbs olunanlardan bir daha xəbər belə alına bilmir. Müsəlmanlar diri-diri yandırılır, kütləvi məzarların yanına gətirilib güllələnirlər. Ac və susuz saxlanılıb, ən ağır işgəncələrə məruz qalırlar.
Qısası, Yəmən, Burma, Fələstin, İraq, Şərqi Türküstan, Əfqanıstan, Krım, Kərkük, Moro, Patani, Suriya və daha bir çox ölkələrdəki müsəlmanlar qan ağlayır.
Baş verən bu hadisələrdə zülmün sona çatması üçün tək həll yolu var. Bir an öncə müsəlmanların Peyğəmbərimiz (səv) dövründə olduğu kimi birləşmələri, sevgi və mərhəmət bağları ilə qardaş olmalarıdır. Müsəlmanların birlik içində yaşamalarını əmr edən bir çox ayə var.
«Ali İmran» surəsinin 103-cü ayəsində, «Hucurat» surəsinin 10-cu ayəsində, «Ənfal» surəsinin 46-cı ayəsində, «Şura» surəsinin 39-cu ayəsində və «Saff» surəsinin 4-cü ayəsində də bildirildiyi kimi, müsəlmanların birlikdə yaşaması fərzdir.
Allah «Ali İmran» surəsinin 103-cü ayəsində, "hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” deyə bildirərək bizə bu fərzi bildirmişdir. Müsəlman dünyasının ən ümdə ehtiyacı bu fərzi yerinə yetirmək və birlik olmaqdır. Xüsusilə belə bir zülm şəraitində dağılmaq, ayrılmaq haramdır.
Uca Allah müsəlmanların bu fərzə əməl etmədiyi təqdirdə başlarına gələcəkləri isə Quranda belə bildirmişdir:
"...Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər". (Ənfal surəsi, 73)
Allahın ayəsində də bildirdiyi kimi, müsəlmanlar birlik olmadan bu fitnə və fəsad sona çatmayacaq. Ancaq bütün müsəlmanların bir-birlərinə kömək etdiyi və dost olduğu təqdirdə dünya rifaha qovuşacaq. Bu səbəbdən dünyanın hər yerində qan, kədər və göz yaşının sona çatması üçün müsəlmanların atacaqları ən vacib addım birlik içində bir-birlərinə dost və qardaş olmalarıdır.
İslam dünyasının dostluq və sülh içində yaşadığı əvvəlki dövrlərə qayıda bilməsi üçün bütün müsəlmanlar ilk öncə milliyyət, irq, məzhəb, təriqət ayrı-seçkiliyi güdmədən, sevgi və şəfqətlə bir-birlərinə bağlanmalıdırlar. Aralarındakı çəkişmə və mübahisələrə son verməli, bir-birlərinin qardaşı olmalı, məzhəb ayrı-seçkiliyinə tamamilə son qoymalıdırlar. Bütün müsəlmanların duası və cəhdləri İslam aləminin qurtuluşu üçün bu birliyin təmin edilməsi olmalıdır.
Adnan Oktarın «News Rescue»da dərc olunan məqaləsi:
http://newsrescue.com/yemenis-prayer-in-the-month-of-ramadan-must-be-for-all-muslims-to-be-united/