O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) tək olan, qalib gələn Allah`ın hüzurunda duracaqlar. (İbrahim surəsi, 48)
Allah insanların çətinliklərini aradan qaldırma gücünə və onların ürəklərinə fərahlıq verməyə necə qadir isə onları böyük bir əzabla qəhr etməyə də qadirdir. Quranda Allah`ın Öz qatından göndərdiyi əzablarla həlak olmuş qövmlərdən nümunələr verilir. Bu insanlar haqq dindən üz çevirdikləri və Allah`a baş qaldırdıqları üçün səhər vaxtı heç şüurunda belə olmadan böyük bir fəlakətlə yox edilmişlər. Allah inkar edən qövmlərin üzərinə evlərini yerlə bir edən qasırğalar göndərmiş, palçıqdan daşlar yağdırmışdır. Xəbərdar etdiyi insanların yaşadıqları şəhərləri yerlə-yeksan edən leysanlar yağdırmışdır. Torpağın altını üstünə çevirən zəlzələləri üstlərinə göndərmiş, yalnız bir səslə hamısını yerin dibinə keçirmişdir. Açıq-aydın göründüyü kimi, Allah`ın bir insanı qəhr etməsi heç nə ilə müqayisə edilə bilməz.
Lakin bütün bu saydıqlarımız Allah`ın dünya həyatında insanlara verdiyi əzablardır və onları etdiklərindən ötəri dünyada yaşayarkən qəhr etməsidir. Amma insanın əsl əzabla qəhr edilməsi cəhənnəmdədir. Allah`ın sonsuz rəhmətinə qarşılıq olaraq Onun qədrini təqdir edə bilməyən və nankorluq edən insanlar axirətdə cəhənnəm əzabı ilə qarşılaşacaqlar. Dünyada işlədikləri günahların tam qarşılığı axirətdə özlərinə veriləcək.
Allah inkarçıları cəhənnəmə atmaqla daha əvvəl heç qarşılaşmadıqları əzabla cəzalandıracaq, cəhənnəm odu ilə yanan dərilərini yeniləri ilə dəyişdirəcək və onların üzərinə oddan divarlar hörəcək. Belə ki, insanın dünyada çəkdiyi əzablar cəhənnəmdə qarşılaşdıqlarının yanında çox yüngül olacaq. Necə ki, Quranda cəhənnəmə girən insanların Allah`dan özlərini öldürməsi və əzabdan qurtarması üçün yalvardıqları xəbər verilir.
Allah dünya həyatında Özündən üz çevirənləri cəhənnəmdə sonsuz gücü ilə qəhr edəcək. Allah`ın bu vədi ayələrdə belə xəbər verilir:
O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, müdrikdir, xəbərdardır. (Ənam surəsi, 18)
De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allah`dır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allah`a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah`dır. O, təkdir, qalib gələndir”. (Rəd surəsi, 16)
O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allah`dan gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allah`a!” (Mömin surəsi, 16)
Allah qəhr edici sifətini inkara davam edən və axirətə qədər iman etməyən kəslərə yönəldir. Yoxsa Allah bütün qullarına qarşı sonsuz bağışlayıcı və mərhəmətli olandır. Səmimi şəkildə tövbə etdikdə Allah qullarının bütün günahlarını bağışlayır. İman edən qullarına dünya və axirətdə yardım edir, onları rəhməti ilə dəstəkləyir. Allah Quranda səmimi qullarına əzab vermədiyini və möminlərin üzərindəki ehsanını belə bildirir:
Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükürə qiymət verəndir, biləndir! (Nisa surəsi, 147)