İman gətirənlər üçün Allahın yaratdığı möcüzələrdən biri də sayılarının az olmasına baxmayaraq, Allahın iznilə, daima üstün gəlmələridir. Bu, Allahın bir çox ayədə bildirdiyi mühüm sirdir və inkar edənləri aldadır. Quranda Talut qissəsindən də göründüyü kimi, Allah iman gətirənlərə itaət etdiklərinə görə, az sayda olmalarına baxmayaraq üstün mövqe bəxş etmiş, zəfər nəsib etmişdir. Allah Talut qissəsinin sonunda bu ayəni xatırladır:
“Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)
Səbir etmək möminlərə böyük güc qazandırır
Allahın Quranda bildirdiyi bir çox ayədə sirlər gizlənmişdir. Bu sirlərdən biri də səbirlə əlaqədardır. Allah səbir edənlərin gücünün artacağını müjdələyir. Unutmaq olmaz ki, dünyadakı güc və imkan tamamilə Allaha aiddir. Allaha qarşı olan insanın gücü belə, əslində, Allahın gücüdür. Allah o insanı və digərlərini sınamaq üçün o insanda güc yaradır, istədikdə o gücü ondan alır. Buna görə, Allah istədiyinə istədiyi zaman güc və qələbə bəxş edir. Allah ayədə səbir edənlərin güclü olacağını, yəni o insanlara güc qazandıracağını bildirir. Bununla bağlı ayələrdən biri belədir:
Əlbəttə, siz səbir etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. (Ali-İmran surəsi, 125)
Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah istəsə, insanları görünməyən yollarla dəstəkləyərək zəfər nəsib edə bilər. Məsələn, bir insan Allahın dinini müdafiə edərkən Allah onu görünməyən yollarla dəstəkləyib ən gözəl və ən hikmətli şəkildə danışdırır, onun söhbətinə qarşı insanların qəlbində təsir və həssaslıq yaradır. Ona görə də uğur, zəfər, təsir insana aid deyil. İnsan Allahın əmrlərinə tabe olmalı, Onun hədlərini qorumalıdır. Bütün qələbələrin, uğurların və qəlblərdəki təsirin sahibi Allahdır. Allah başqa bir ayədə isə möminlərə böyük güc qazanmağın yollarını öyrədir:
Ey Peyğəmbər! Möminləri döyüşə hazırlayıb təşviq et. Əgər aranızda iyirmi səbirli kişi olsa, iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır.
İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbirli kişi) olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir. (Ənfal surəsi, 65-66)
Allahın bu ayələrdə bildirdiyi kimi, əgər möminlər öz aralarında zəiflik göstərməsələr, səbir etsələr və Allahdan qorxsalar, bir möminin gücü 10 nəfərə bərabər olar. Bu güc fiziki güc mənasını daşıdığı kimi, eyni zamanda başqa mənaları da ifadə edir. Məsələn, bir möminin insanlara din əxlaqını təbliğ etmək, Allahın yoluna dəvət etmək üçün cəhdi on nəfərin təbliğinə bərabər gücdə ola bilər. Bir möminin elmi on nəfərin elminə bərabər ola bilər. Bir möminin Allahın razılığını qazanmaq üçün gördüyü iş on nəfərin birlikdə gördüyü işə bərabər ola bilər. Bir mömin on kafirin azdırdığı qədər insanı Allahın doğru yoluna çağırıb imanlarına səbəb ola bilər. Bir mömin on inkarçının küfrünü məhv edib haqla əvəz edə bilər.
Allahın Quranda bildirdiyi bu sirr çox vacibdir. Çünki hər müsəlman, Allahın iznilə, əgər təqvalı və gözəl əxlaqlı olmaq üçün yarışarsa, nə qədər az sayda olsalar da, Allah onları hər işdə qalib edər. Məsələn, qarşılarında milyonlarla inkarçı insan, professorlar olsa və onlar şəhərlər, qitələr dolu insanı inkara sürükləsələr də, Allah çox az sayda müsəlmanı bütün bu insanlara haqqı və həqiqəti göstərəcək qədər güclü, qabiliyyətli, ağıllı edər. Kafirlərin işini çətinləşdirər, onların işini asanlaşdırıb tezləşdirər. Bu sirri bilən möminlər: “Mənim cəhdimdən və ya kiçik töhfəmdən nə olar?” – deməməli, Allahın razılığı üçün səmimi etdikləri hər əməlin təsirinin çox güclü olacağına əmin olmalıdırlar. Bəlkə Allahın varlığını izah edən səmimi bir məqalə, Allaha dəvət edən bir söz və ya gözəl əxlaqı nümayiş etdirən bir davranış bir çox insanın xilasına və Allahı sevib Ondan qorxmasına səbəb olar. Əsla unutmaq olmaz ki, dünya həyatının qanunları və səbəbləri ancaq Allahın Quranda bildirdikləridir. Yalnız Qurana uyğun düşünən hər insan Allahın yaratmasındakı bu sirləri qavrayaraq, Allahın iznilə, bütün insanlardan artıq gücə və ağıla sahib ola bilər. Allah səmimi iman gətirənləri ruhdan düşmədikcə üstün gələcəklərini bir ayədə belə müjdələyir:
Ruhdan düşməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali-İmran surəsi, 139)
Ayələrdən də göründüyü kimi, Allah üstünlük və zəfər qazanmaq, dünyada və axirətdə qazanc əldə etmək üçün ancaq səmimi imanı şərt qoymuşdur. Allahın bunun üçün bildirdiyi sirlərdən biri də Allaha şirk qoşmadan iman gətirməkdir.