Peyğəmbərimizin (səv) bütün bəşəriyyətə örnək ədaləti
ucgen

Peyğəmbərimizin (səv) bütün bəşəriyyətə örnək ədaləti

1402

Allah Quranda möminlərə " Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! " (Nisa surəsi, 135) şəklində buyurur. Peyğəmbərimiz hz. Muhəmməd (səv) həm müsəlmanlar arasında verdiyi hökmlər, həm digər din, dil, irq və qövmlərdən olan şəxslərə qarşı ədalətli və şəfqətli mövqeyi, həm də Allahın ayəsində bildirdiyi kimi zəngin, kasıb ayırmadan hər kəsə bərabər davranması ilə bütün insanlar üçün gözəl örnəkdir .

 

Allah bir ayəsində Rəsuluna belə buyurur:

 

“Onlar, yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir” (Maidə surəsi, 42)

 

Peyğəmbərimiz (səv) bu çətin bir qövmün içində belə, Allahın əmrinə itaət etmiş və heç vaxt ədalətdən kənara çıxmamışdır. Daim "Rəbbim ədalətli olmağı əmr etdi". (Əraf surəsi, 29) deyərək hər dövrdə bütün insanlara nümunə olmuşdur.

 

 

Hz. Muhəmmədin (səv) peyğəmbərliyi müddətində ədalətli davranışına nümunə olan bir çox hadisə yaşanmışdır. Peyğəmbərimizin (səv) yaşadığı ərazidə müxtəlif din, dil, irq və qəbilədən olan insanlar bir yerdə yaşayırdı. Bu birliklərin bir yerdə dinclik və güvən içində yaşamaları, aralarına nifaq salmağa çalışanların təsirsiz buraxılmaları çox çətin idi. Ən kiçik bir sözdən və ya rəftardan dərhal bir qrup digərinə qarşı hirslənib hücum edirdi. Ancaq Peyğəmbərimizin (səv) ədaləti müsəlmanlar üçün olduğu kimi bu birliklər üçün də bir dinclik və zəmanət mənbəyi olmuşdur. Əsri Səadət dövründə Ərəbistan Yarımadasında xristian, yəhudi, bütpərəst fərqi qoymadan hər kəsə ədalətli davranmışdır. Peyğəmbərimiz (səv) Allahın "Dində məcburiyyət yoxdur." (Bəqərə surəsi, 256) ayəsinə uyğun olaraq hər kəsə haqq dini izah etmiş, ancaq seçim etmək mövzusunda sərbəst buraxmışdır.

Allah Peyğəmbərimizə (səv) başqa bir ayəsində də fərqli dinlərdən olan insanlara qarşı necə  ədalətli olması lazım olduğunu belə bildirmişdir:

 

“Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır” (Şura surəsi, 15)

 

Peyğəmbərimizin (səv) Quran əxlaqına uyğun olaraq göstərdiyi bu gözəl davranışı bu gün fərqli dinlərdən olan insanların bir-birlərinə dəstək olmaları mövzusunda nümunə olmalıdır.

 

“Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir” (Furqan surəsi, 20)

Peyğəmbərimiz (səv) fərqli irqlərdən olan insanlara da ədalətli davranırdı. Peyğəmbərimiz (səv) bir çox xütbəsində, hətta Vida xütbəsində də irqlərə görə bir üstünlük olmadığını, Allahın ayəsində xəbər verdiyi kimi "üstünlüyün təqvaya görə olacağını" bildirmişdir. Ayədə belə buyurulur:

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən Allah Biləndir, Xəbərdardır” (Hucurat surəsi, 13)

 

Peyğəmbərimiz (səv) isə iki ayrı hədisində belə buyurmuşdur:

"Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar şübhəsiz irqləri ilə öyünməməlidirlər".

"Sizin bu soyunuz-kökünüz  üstünlük və qürur göstərməyə səbəb olacaq şey deyil. (Ey insanlar)! Hamınız Adəmin övladlarısınız. Hamınız bir ölçü içindəki bir-birinə bərabər buğda dənələri kimisiniz. Halbuki, heç kimin heç kimə din və təqva müstəsna, üstünlüyü yoxdur. İnsanın pis olması üçün: başqalarını tənqid etməsi, kiçik görməsi, xəsis, pis xasiyyətli, hədd və hüdudu aşması yetər ".

 

Peyğəmbərimiz (səv) Vida Xütbəsində müsəlmanlara belə xitab etdi:

"Soylarla fəxr edilməz. Ərəblər ərəb olduqlarına görə qeyri ərəblərdən, qeyri ərəblər də naşı olduqlarına görə ərəblərdən üstün sayıla bilməzlər. Çünki Allah qatında ən uca olanınız, ona qarşı çıxmaqdan ən çox qaçanınızdır (ən təqvalınız) " .

 

Ərəb yarımadasının cənub hissəsindəki xristian nəcran xalqı ilə edilən bir anlaşma Peyğəmbərimizin  (səv) ədalətinə çox gözəl bir nümunədir. Bu müqavilənin maddələrindən biri belədir:

"Nəcranlıların canları, malları, dinləri, varları və yoxları, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Allahın peyğəmbərinin zəmanəti (himayəsi) altına alınacaq".

 

Peyğəmbərimizin (səv) xristian, yəhudi və müşrik qruplarla imzaladığı Mədinə müqaviləsi də əhəmiyyətli bir ədalət nümunəsidir. Fərqli inanclara sahib birliklər arasında ədalətin təmin edilməsi və hər birliyin maraqlarının güdülməsi üçün hazırlanan bu müqavilə sayəsində illərlə düşmənçilik içində yaşayan birliklərə sülh gətirilmişdir. Mədinə vəsiqəsinin ən diqqət çəkən xüsusiyyətlərindən biri inanc azadlığını təmin etməsidir. Bu mövzu ilə bağlı maddə belədir:

"Bən-i Əvf yəhudiləri möminlərlə birlikdə eyni ümmətdirlər, hudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir"

 

Mədinə müqaviləsinin maddələrindən birində "Bizə tabe olan yəhudilər heç bir haqsızlığa məruz qalmadan və düşmənlərimizlə köməkləşməyəcəyi təqdirdə kömək və dəstəyimizi qazanacaqlar" deyə bildirilmişdir. Peyğəmbərimizdən (səv) sonra da səhabələri Peyğəmbərimizin (səv) müqaviləyə yazdırdığı bu hökmə sadiq qalmışlar və eyni hökmü bərbəri, buddist, brahman və başqa inanclara sahib şəxslər üçün də yerinə yetirmişlər.

Əsri Səadət dövrünün sülh, dinclik və təhlükəsizlik içində keçməsinin ən əhəmiyyətli səbəblərindən biri Quran əxlaqına itaət edən Peyğəmbərimizin (səv) ədalətli mövqeyidir.

Peyğəmbərimizin (səv) ədaləti müsəlman olmayan şəxslərdə də bir rahatlıq hissi oyandırmışdır və müşriklərdən də Peyğəmbərimizin (səv)- himayəsi altına girmək istəyənlər olmuşdur. Allah Quranda müşriklərin bu tələblərini bildirmiş və eyni zamanda Peyğəmbərimizə (səv) bu şəxslərə qarşı necə davranması lazım olduğunu da vəhy etmişdir:

 

“Əgər  müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır! Məscidülhəramın yanında  müqavilə bağladığınız kəslər istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!” (Tövbə surəsi, 6-7)

Hazırda bütün dünyanı bürüyən qarşıdurmaların, müharibələrin, narahatlıqların tək həlli Quran əxlaqına itaət etmək və Peyğəmbərimiz (səv) kimi din, dil və ya irqi ayrı-seçkilik güdmədən ədaləti qoruyub saxlamaqdır.

“Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir” (Hud surəsi, 56)

 

“Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları (günahlara) görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər” (Kəhf surəsi, 58)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr