Ən qədim canlıların mürəkkəb quruluşları təkamül nəzəriyyəsini necə təkzib edir?
ucgen

Ən qədim canlıların mürəkkəb quruluşları təkamül nəzəriyyəsini necə təkzib edir?

2318

Canlılar fosil qeydlərində müəyyən ardıcıllıqla yerləşirlər. Bu ardıcıllıq ən qədimdən yeniyə doğru tədqiq edildikdə mikroorqanizmlər, onurğasız dəniz canlıları, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər şəklindədir. Təkamülçülər bu ardıcıllığı yanlış izah edərək təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Təkamülçülərin iddiasına görə canlılar ibtidaidən mürəkkəbə doğru inkişaf yolu keçmiş, bu inkişaf ərzində də canlı növləri müxtəlifləşmişdir. Məsələn, təkamülçülər 300 milyon illik fosillər tədqiq edildikdə insan fosillərinə rast gəlinməməsini buna dəlil kimi göstərirlər. Türk təkamülçülərdən Aykut Kence belə deyir:

“Təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut etmək istəyirsiniz? Elə isə gedin, Kembri dövrünün fosilləri arasında insan fosilləri tapın! Bunu edən adam təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut etmiş olur, bu tapıntısı üçün Nobel mükafatı da alar”. (Evrim Kuramı Konferansı, İstanbul Üniversitesi Fen Fakültesi, 3 Haziran 1998)

İbtidaidən mürəkkəbə çevrilmə sıralaması qeyri-realdır

Kencenin sözlərində ifadə edilən bu təkamülçü məntiqi nəzərdən keçirək. Əvvəla, ibtidaidən mürəkkəbə doğru dəyişdiyini bildirən ifadəsi həqiqəti əks etdirməyən təkamülçü rəydir. Bu təkamülçü iddianı nəzərdən keçirən ABŞ-dan olan biologiya üzrə professor Frank L. Marş “Təbiətdə müxtəliflik və sabitlik” adlı kitabında: “Canlılar ibtidaidən mürəkkəbə doğru sıralanmır”, - deyir.

Məlum olan bütün heyvan siniflərinin böyük əksəriyyətinin Kembri dövründə birdən-birə ortaya çıxdıqları təkamülçülərin bu barədə iddialarını çürüdən çox güclü dəlildir. Habelə, birdən-birə ortaya çıxan bu canlılar təkamül nəzəriyyəsinin fərziyyələrinin tam əksinə, bəsit deyil, mürəkkəb bədən quruluşlarına malikdirlər.

Möhkəm dəriləri, buğumlu bədənləri və mürəkkəb orqanları ilə çox mürəkkəb canlılar olan trilobitlər onlardan biridir. Fosil izləri trilobitlərin gözlərini belə çox ətraflı öyrənməyə imkan vermişdir. Bir trilobit gözü yüzlərlə kiçik fasetdən ibarətdir və bu pətəklərin hər birinin içində qoşa göz yerləşir. Bu göz quruluşu əsl yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Devid Roup (David Raup): “Trilobitlərin gözü ancaq dövrümüzün bilikli və son dərəcə bacarıqlı optika mühəndisi tərəfindən düzəldiləcək dizayna malikdir”, -deyir. (David Raup, "Conflicts Between Darwin and Paleontology", Bulletin, Field Museum of Natural History, cild 50, yanvar 1979, s. 24)

Mövzunun digər maraqlı cəhəti budur ki, eyni göz quruluşu dövrümüzdəki milçəklərdə də var. Yəni 520 milyon ildir ki, həmin göz quruluşu mövcuddur.

Kembri dövründəki qeyri-adi vəziyyət haqqında Çarlz Darvin “Növlərin mənşəyi”ni qələmə alarkən də az-çox məlumat var idi. O dövrün fosil qeydlərində də Kembri dövründə çox müxtəlif canlıların mürəkkəb quruluşları ilə və bir anda ortaya çıxdığı müəyyən edilmişdi. Buna görə, Darvin “Növlərin mənşəyi” adlı kitabında bu mövzuya toxunmaq məcburiyyətində qalmışdır. O vaxtlarda Kembri dövrü “Silur dövrü” adlanırdı. Darvin isə “Məlum olan qədim fosil qeydlərində müxtəlif növlərin birdən-birə ortaya çıxması haqqında” başlığı altında bu mövzuya toxunmuş və Silur dövrü haqqında belə yazmışdı:

Silur dövrünə aid trilobitlərin bu dövrdən çox daha əvvəllər yaşamış və elmə məlum olan heyvanların heç birinə bənzəməyən bir cür qabıqlı heyvandan təkamül yolu ilə əmələ gəldiyinə şübhə etmirəm... Nəticədə, əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim Silur təbəqəsinin əmələ gəlməsindən əvvəl çox uzun dövrlər olmalıdır, Silur dövründən bu günə qədər keçmiş zaman qədər uzun dövrlər. Hələ məlum olmayan bu dövrlər ərzində dünya canlı varlıqlarla dolub-daşmalıdır. Bu uzun zamanlara aid fosil izlərini nə üçün tapa bilmədiyimiz sualına isə heç bir qaneedici cavabım yoxdur. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 313-314)

Darvin: “Əgər nəzəriyyəm doğrudursa, dünya Silur (Kembri) dövründən əvvəl yaşayan canlılarla dolub-daşmalıdır”, - demişdi. Bu canlıların nə üçün heç bir fosili olmadığı sualına isə bütün kitabı boyu təkrarladığı “fosillər kifayət qədər deyil” bəhanəsi ilə cavab tapmağa çalışmışdı. Ancaq bu gün fosillər də kifayət qədərdir. Kembri dövrünün canlılarının da heç bir əcdadı olmadığı da məlum olmuşdur. Buna görə, Darvinin: “Əgər nəzəriyyəm doğrudursa”, - deyə başladığı cümləsini qəbul etmək olmaz. Darvinin fərziyyələri baş tutmamışdır və buna görə də nəzəriyyəsi doğru deyil.

Canlıların ibtidaidən mürəkkəbə doğru inkişaf etmədiyini, ilk dəfə irəli sürüldüyü anda çox mürəkkəb olduğunu göstərən başqa bir misal da fosil qeydlərinə əsasən, 400 milyon il əvvəl meydana çıxmış akuladır. Bu canlı itirdiyi dişlərinin yenilənməsi kimi ondan milyonlarla il sonra yaradılmış bir çox canlıda olmayan üstün xüsusiyyətə malik idi. Məməlilərlə məməlilərdən yüz milyonlarla il əvvəl üzə çıxmış osminoqların göz quruluşlarının çox oxşar olması, eyni mürəkkəb quruluşa və sistemlərə malik olması da buna misaldır.

Bütün bu misallar canlı növlərinin üzə çıxmalarında ibtidaidən mürəkkəbə doğru ardıcıllıq olmadığını ortaya qoyur.

Bu həqiqət canlıların forma, funksiya və genetik quruluşu üzərindəki tədqiqatların nəticələrinə əsasən də aşkar olmuşdur. Məsələn, forma və böyüklüyünə görə fosil təbəqələrinin alt qatlarında yerləşən bir çox canlının onlardan sonra ortaya çıxan canlılarla müqayisədə daha böyük kütləyə malik olduğunu görürük (dinozavrlar kimi).

Canlıların funksional xüsusiyyətləri tədqiq edildikdə də eyni həqiqətlə qarşılaşırıq. Quruluşu ilə bağlı tədqiqatlar aparıldıqda qulaq da ibtidaidən mürəkkəbə doğru inkişaf iddiasını təkzib edən nümunədir. Suda-quruda yaşayanlarda orta qulaq boşluğu var, onlardan daha sonra üzə çıxan sürünənlərdə kiçik sümüyə bitişik bəsit eşitmə sistemi var və orta qulaq boşluğu yoxdur.

Genetik tədqiqatlar da buna bənzər nəticələrə gəlir. Aparılan araşdırmalar xromosom saylarının canlıların mürəkkəbliyini əks etdirən sıra əmələ gətirmədiyini göstərir. Məsələn, insanda 46 xromosom var, kürəkayaqlı xərçəngdə (copepoda)  xromosomların sayı 6-dır, mikroskopik canlı olan radiolaria-da isə 800-dür.

Canlılar onlar üçün ən uyğun dövrdə yaradılıblar

Fosillər tədqiq edildikdə qarşımıza çıxan əsl həqiqət budur ki, canlılar yer üzündə onların yaşaması üçün ən uyğun dövrdə meydana çıxmışlar. Bütün canlıları mükəmməl yaradılışla yaradan Allah onların yer üzündə ortaya çıxdıqları dövrü də ehtiyaclarına uyğun şəkildə müəyyən etmişdir.

Buna misal olaraq yer üzündə ən qədim bakteriyalara aid fosillərlə rastlaşdığımız 3,5 milyard il əvvəlki yer üzünü nəzərdən keçirək. Bu dövr bir çox mürəkkəb canlının və insanın həyatı üçün atmosfer şərtləri və temperatur baxımından əsla əlverişli deyil. Bu uyğunsuzluq təkamülçü Kencenin təkamülün əsassız olduğunu sübut etmək istəyənə insan fosili tapmaq üçün məsləhət gördüyü Kembri dövrünə də aiddir. 530 milyon il əvvələ çıxan bu dövr qidalanma şərtləri baxımından insan üçün heç cür uyğun deyil. (Bu dövrdə quruda yaşayan canlı yoxdur).

Sonrakı dövrlərin böyük əksəriyyəti üçün də vəziyyət eynidir. Fosilləri tədqiq etdikdə insanın yer üzündə yaşaması üçün lazımi şərtlərin ancaq bir neçə milyon il əvvəl təmin edildiyi görünür. Bu vəziyyət digər bütün canlılara da aiddir. Hər canlı qrupu onun üçün uyğun şərtlər təmin edildikdə, yəni vaxtı gəldikdə ortaya çıxmışdır.

Təkamülçülər bu həqiqəti təhrif edir və sanki “bu uyğun şərtlər canlıları yaratmışdır” kimi düşünürlər. Əslində isə uyğun şərtlərin təmin edilməsi sadəcə canlıların “vaxtının gəldiyini” göstərir. Canlıların ortaya çıxması ancaq şüurlu surətdə, yəni Allah’ın qüsursuz yaratması ilə mümkündür.

Buna görə də canlıların mərhələli şəkildə ortaya çıxması təkamülün deyil, onları yaradan Allah’ın sonsuz ağlının və biliyinin bir dəlilidir. Yaradılan hər canlı qrupu özündən sonrakının varlığı üçün lazımlı şərtləri təmin etmiş və bizim üçün çox uzun zaman ərzində bütün canlılar ekoloji tarazlıq qurularaq yaradılmışdır.

Təkamülçülər bir canlı növünün digər bir canlı növünə çevrildiyini göstərmək istəyirlərsə, bu canlıların yer üzündə mərhələli şəkildə çıxdığını göstərməli deyillər. Onlar bu müxtəlif canlı növlərini bir-birinə bağlayan keçid formalarının fosillərini dəlil kimi göstərməlidirlər. Çünki meduzanın balıqlara, balıqların sürünənlərə, sürünənlərin quşlara və məməlilərə çevrildiyini iddia edən bir nəzəriyyənin sübut edilməsi üçün fosilləri tapmaq çətindir. Darvin də bunu qəbul etmiş, bu fosillərdən saysız-hesabsız nümunə tapılmasının vacibliyini, ancaq əlində heç bir nümunə olmadığını yazmışdır. O vaxtdan bəri 150 il keçsə də, yenə heç bir ara keçid forma tapa bilməmişlər. Təkamülçü paleontoloqlardan Derek V. Eycerin qəbul etdiyi kimi, fosillər mərhələli təkamüllə deyil, birdən-birə yer üzündə əmələ gələn qrupları göstərir. (Derek A. Ager, The Nature of the Fossil Record, Proceedings of the British Geological Association, cilt 87, 1976, s. 133)

Nəticədə, təbiət tarixi canlıların təsadüflərlə əmələ gəlmədiyini, uzun dövrlər ərzində mərhələ-mərhələ yaradıldıqlarını göstərir. 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr