Bitkilərin şüurlu əlaqə sistemləri
ucgen

Bitkilərin şüurlu əlaqə sistemləri

1317

Bitkilər arasındakı əlaqə formaları elm adamlarına necə ilham mənbəyi oldu?

Bitkilər işıq və səs titrəyişi vasitəsi ilə necə əlaqə saxlayır?

Bitkilərin internet şəbəkəsinə bənzəyən daxili mexanizmləri necədir?

Bitkilər uçucu kimyəvi maddələri necə istehsal edir?

Bitkilər sonsuz güc sahibi olan Rəbbimizin yaratdığı xüsusi sistemlər vasitəsilə əlaqə qururlar. Bunlar səs titrəyişləri, kabelsiz internet şəbəkəsi, uçucu kimyəvi maddələr, yaxud da işıqla xəbərləşmə kimi müxtəlif üsullardır.

Bitkilərin səs titrəyişləri vasitəsilə əlaqə qurması

Tədqiqatçılar müşahidələr nəticəsində bitkilərin səs titrəyişləri vasitəsilə əlaqə qurduqlarını və ətraf mühit haqqında məlumat topladıqlarını kəşf ediblər. Qərbi Avstraliya Universitetinin tədqiqatçıları bitkilərin inkişafına təsir göstərən amilləri müəyyən etmək üçün saplaqlı istiot (Capsicum annuum) bitkisi üzərində müşahidə aparıblar. Bitkinin bəzi toxumlarını izolə edərək tək, bəzilərini digər istiot növünün toxumları ilə, bəzilərini də reyhan (Ocimum basilcum) bitkisinin toxumları ilə birgə əkiblər. Nəticədə yanaşı basdırılan toxumların daha çox və tez cücərdiyini aşkar ediblər. Bitkilərin arasına qara plastik lövhə qoyaraq toz və sürtünmə kimi kimyəvi, eləcə də fiziki ünsiyyətlərini kəssələr də, toxumlar inkişaf etməyə davam ediblər. Bu da onu göstərir ki, bitkilər öz aralarında tədqiqatçıların anlaya bilmədikləri bir sistemlə əlaqə qururlar. Bitkilər bunu hüceyrələrindəki nano mexaniki titrəyişlərdən əmələ gələn akustik siqnallarla həyata keçirirlər.

Bağban və əkinçilər bitkilərin bu xüsusiyyəti sayəsində yaxşı əlaqə quran bitkiləri birlikdə əkərək bitki örtüyünü artıra bilərlər. Üstəlik, toxumlar reyhan, bibər və pomidor kimi bitkilərin yaxınlığında əkildikdə ağ milçək, eləcə də yarpaq biti kimi həşəratlar ondan uzaqlaşır. Bu, bir növ təbii müdafiə mexanizmidir. Şübhəsiz ki, bitki hüceyrələrinin arasıdakı əlaqə şəbəkəsi Rəbbimizin sonsuz rəhmətinin yalnız bircə nümunəsidir.

Bitkilərin əlaqə sistemləri yeni texnoloji kəşfə ilham mənbəyi olmuşdur: bombaları və partlayıcı maddələri hiss edən bitkilər

Amerikalı tədqiqatçılar hesab edirlər ki, müxtəlif duyğu mexanizmlərinə sahib olan bitkilər bombaların yerini əvvəlcədən xəbər verə bilər. Bu duyğu mexanizmlərinin itlərdəki yüksək qoxu alma duyğusundan daha üstün olması təkamülçülərin ibtidaidən aliyə doğru inkişaf fərziyyələrini təkzib edir və Allahın sonsuz ağlının təcəllisi olduğunu göz önünə sərir.

Allah bitkilərdə xüsusi sistemlər yaratmışdır. Bu sistemlər sayəsində də özlərini qorumaq, ya da gizləmək üçün ətraf mühiti hiss edə və reaksiya verə bilirlər. Bitkinin zülalları müəyyən kimyəvi maddələrlə təmasa keçdikdə rəngini dəyişir. Alimlər də canlının bu üstün xüsusiyyətindən aeroportda və ya insanların sıx olduğu məkanlarda partlayıcı maddələrin əvvəlcədən müəyyən edilməsi üçün istifadə etməyi nəzərdə tuturlar. Binaların girişində yerləşdirilməsi planlaşdırılan bitkilərin rəng dəyişməsi onların yaradılışında mövcud olan yüksək xüsusiyyətin ortaya çıxması sayəsində baş verir.

Bitkinin DNT-sindəki qəbuledici zülallar düşməninə qarşı reaksiya verərkən yarpağın üst pərdəsinin rəngini tündləşdirən terpenoid adlı kimyəvi maddə ifraz edir. Tədqiqatçılar bitkinin  təbii müdafiə mexanizmini istiqamətləndirən kompüter proqramı hazırlayaraq bitkinin reseptorlarına hava və sudakı çirkləndiricilər kimi, partlayıcılara da qarşı reaksiya verməyi öyrətmişlər. Beləcə, yenidən hazırlanan reseptorlar bitkilərə uyğunlaşdırılmış, havadakı və ya yaxınlıqdakı zərərli maddələri tanıyan hüceyrə divarının partlayıcı maddələri də tanıması təmin edilmişdir. Nəticədə də bitkinin rəngi partlayıcı maddə olan yerdə dəyişərək ağ rəngdə olmuşdur.

Bitkilər arasındakı kabelsiz əlaqə

Neymeqan Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, bitkilər bir-birilərinə heç bir vasitə olmadan da siqnal ötürə bilirlər. Bəzi bitkilər kompüter şəbəkəsinə bənzər bir şəbəkə yaradaraq öz aralarında məlumat mübadiləsi aparırlar. Sarmaşıq, çiyələk, yonca və qamış kimi bir çox bitkilərdə Allah bu cür təbii sistemlər yaratmışdır. Bu bitkilər bir-biriləri ilə müəyyən vaxtlarda əlaqə qurur və kanallar vasitəsilə məlumatları paylaşırlar. Bitkilər arasındakı bu əlaqəyə böcəklər, quşlar, eləcə də işıq və külək vasitəçilik edir. Əgər bitkilərdən birinə tırtıl hücum etsə, şəbəkənin digər üzvlərinə xüsusi siqnallarla xəbərdarlıq göndərilir.

Bu üsuldan istifadə edən qızılağac bitkisinə xəbərdarlıq göndərildikdə yaxınlaşan tırtıllara cəlbedici görünməmək üçün kimyəvi və fiziki müqavimətini artırır, acı ətir ifraz edir və bunu küləyin yardımı ilə digər ağaclara çatdırır. Bitkilər Allahın yaratdığı bu xəbərdarlıq sistemi sayəsində özlərini ziyanvericilərdən qoruya bilirlər.

İşıq və temperatur vasitəsilə əlaqə

Bitkilər enerjini günəşdən əldə etdikləri üçün işığı və istiliyi çox yaxşı qəbul edirlər. Onlar işıqdan yalnız enerji mənbəyi kimi faydalanmır, həmçinin, cücərmə, tumurcuqlanma və böyümə əsnasında da işığın istiqamətləndirici xüsusiyyətindən istifadə edirlər. Bitkilərdə sinir sistemi olmadığına görə işıq sayəsində torpağın altı ilə əlaqə saxlayırlar. Allah toxumların toxumalarındakı işıq tunellərini xüsusi olaraq bu proses üçün yaratmışdır. İşıq tunelləri ən nazik əmici tellərə qədər işığı keçirirlər. Uca Rəbbimizin toxum və bitki toxumalarında çox incə hesablarla yaratdığı işıq tunellərinin torpaqdan bitkinin köklərinə qədər qurduğu əlaqə elm adamlarına da ilham mənbəyi olmuşdur. Alimlər bu üstün yaradılış sayəsində şüşəlifli kabellər vasitəsilə işıq dalğalarını çox uzaq məsafələrə xətasız nəql etməyə müvəffəq olmuşlar.

Bitkilər uçucu təbii birləşmələrdən istifadə edərək öz aralarında əlaqə qururlar

Bitkilər ətrafdakı canlılarla qoxu adlandırılan "uçucu üzvi birləşmələr" vasitəsilə əlaqə qururlar. Maddələr mübadiləsi zamanı minlərlə fərqli üzvi maddə istehsal edilir. Bu birləşmələr bitkilərin ətrafını bulud kimi örtür. Həmin üzvi birləşmələrin istehsalı isə bitkilərin olduqca kompleks quruluşa sahib olduqlarını göstərir. Bizim xoş ətir olaraq adlandırdığımız, bəzən isə heç hiss etmədiyimiz bu üzvi maddələr ətrafdakı bəzi canlılar üçün yolgöstərici xüsusiyyətə sahibdir. Çünki bitkilər bu maddələri düşmənlərini cəlb etmək və ya yayındırmaq üçün ifraz edir.

İndiyə qədər 1000 müxtəlif birləşmə növü kəşf olunmuşdur. Böyük ehtimalla bir çoxları da hələ kəşf edilməyib. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bitkilər tərəfindən hasil edilən müxtəlif xüsusiyyətli və funksiyalı on minlərlə, hətta yüz minlərlə müxtəlif uçucu üzvi birləşmələr mövcuddur.

Bitkilər tərəfindən hasil edilən aromatik maddələrin təsadüfən yaranma ehtimalı yoxdur. Çünki həmin maddələr o qədər qarışıq proseslər nəticəsində əmələ gəlir ki, alimləri belə heyrətləndirir. Bitkilər xüsusi zülallardan istifadə edərək üzvi kimya laboratoriyası kimi metilasiya, asilasiya və oksidləşmə (reduksiya) kimi kimyəvi prosesləri yavaş-yavaş, həssaslıqla həyata keçirirlər. Həmçinin, bu mexanizmin daxilində hasil edilmiş maddələri toplayan və vaxtı çatdıqda qaz halında havaya ötürən hüceyrələr də mövcuddur. Qısası, gül ətri kimi xoşladığımız qoxuları əmələ gətirən maddələrin bir yerə toplanması üçün mükəmməl texniki təşkilat lazımdır.

Bitkilər hücuma məruz qaldıqda ifraz etdikləri uçucu üzvi birləşmələrlə yaxınlıqdakı digər bitkiləri də xəbərdar edirlər. Əslində, bu xəbərdarlıq digər bitkilər tərəfindən hücuma məruz qalan ağacın yaydığı həmin birləşmələrin gizli şəkildə “dinlənilməsi”dir. Beləcə, hücuma məruz qalmamışdan əvvəl müdafiə sistemləri fəaliyyətə keçir.  Bəs bu dinləmə prosesi necə baş verir?

Hücuma məruz qalan bitkilərin ifraz etdiyi uçucu üzvi birləşmələr yaxınlıqdakı digər bitkilər tərəfindən qəbul edilir və ardıcıl gələn siqnallar analiz edilərək müdafiə sistemi fəaliyyətə keçir. Burada daha bir həqiqəti öyrəndik: bitkilər öz aralarında yalnızca danışmır, eyni zamanda bir-birilərini dinləyirlər. Təcrübələr nəticəsində məlum olmuşdur ki, dinləmə xüsusiyyəti məhdudlaşdırılan bitkilər üçün təhlükəyə məruz qalma riski daha böyük olur.

Bitkilərin bir-biriləri ilə əlaqəsi, yaydıqları uçucu üzvi birləşmələrin digər bitkilər tərəfindən qəbul edilməsi və həmin bitkilərdəki müdafiə sistemlərinin işə düşməsi şüur tələb edən davranışlardır. Bitkinin təhlükə anını dərk edərək yaddaşına yerləşdirməsi və gövdəsində müxtəlif dəyişikliklər edərək müdafiə taktikası uydurması mümkün deyil. Təkamülçülərin bu fərziyyəsi ağıla və məntiqə qətiyyən sığmır. Bu bitkilər əlaqə xüsusiyyətləri ilə birgə yaradılmışlar. Bu onlara Allah tərəfindən verilən xüsusi müdafiə sistemidir. Hər şeyi ən kiçik təfərrüatına qədər mükəmməl və qüsursuz yaradan uca Allah dünyadaki bütün bitkilərdə yaşadıqları mühitə uyğun xüsusiyyətlər var etmişdir. Rəbbimiz bir Quran ayəsində belə bildirir:

“O, göydən yerə qədər olan bütün işləri idarə edir…” (Səcdə Surəsi, 5)

Bitkilər böcəklərlə də uçucu üzvi birləşmələr vasitəsilə əlaqə qururlar. Ünsiyyət zamanı iki dildən istifadə edilir. Bunlardan biri hədələmə dilidir. Bu zaman bitkilər yarpaqlarını gəmirən böcəkləri uzaqlaşdırmaq üçün bəzən zərərli kimyəvi maddələr, bəzən də həmin böcəklərlə qidalanan digər həşəratları cəlb edən qoxular yayırlar. Şübhəsiz ki, hər iki üsul da təəccüb doğurur. Hazırda əkinçilik sahəsində bu gizli “dili” tətbiq etməyə çalışırlar. Almaniyadakı Maks Plank Kimyəvi Ekologiya İnstitutunda “bitki müdafiəsi genetikası” sahəsində fəaliyyət göstərən Conatan Qerşenzon bu strategiyanın doğru təqlid edilməsi nəticəsində kənd təsərrüfatı sahəsindəki dərmanlamanın zərərsiz olacağını düşünür.

Bitkilər bir-biriləri ilə səssiz ünsiyyət qururlar. Halbuki öz varlıqlarından və həyata keçirdikləri möcüzəvi proseslərdən xəbərləri yoxdur. Çünki bitkilər də kainatdakı bütün varlıqlar kimi onları yaratmış və anbaan yaratmağa davam edən uca Allahın nəzarətindədir. Rəbbimiz Quranda bitkilərin Ona boyun əydiyini belə bildirir:

Otlar da, ağaclar da səcdə edir. (Rəhman Surəsi, 6)

Bitkilərin böcəklərlə dostcasına əlaqəsi

Çoxalma prosesində bitkilər çox mehriban və dostyana bir dildən istifadə edirlər. Uçucu birləşmələr böcəkləri (tozcuqları çiçəkdən çiçəyə daşıyan böcəklər) dəvət edən siqnal yayırlar. Xüsusilə gecə çiçək açan bitkilər üçün qoxu yaymaq rəngindən və ya formasından daha təsirli olur. Qoxunu hiss edən böcək bu qoxunun mənbəyində nektar olduğunu bilir.

Qarşılıqlı baş verən bu rabitə vasitəsilə böcək qoxunun mənbəyinə tərəf yönəlir. Çiçəyə çatdıqda nektarı toplamaqla məşğul olur və bu zaman da tozcuqlar üzərinə yapışır. Böcək qonduğu digər çiçəyə daha əvvəl üzərinə yapışan tozcuqları buraxır  və beləcə, bitki döllənir. Əlbəttə ki, böcək bu prosesləri şüurlu şəkildə etmir. O yalnızca qoxusunu hiss etdiyi nektarı axtarır. Bitkinin isə bu cür planlar qurmasının, bunu həyata keçirmək üçün böcəkləri cəlb edən qoxu ifraz etməsinin təsadüfən baş verməsi mümkün deyil. Çünki böcək də, bitki də Rəbbimizin onlara ilham etdiyi kimi hərəkət edirlər.

Təkamülçülər heyvan və insanlar üçün uydurduqları təkamül yalanını bitkilərə də aid edərək bütün bitkilərin bir növ bitkidən əmələ gəldiyini iddia edirlər. Şübhəsiz ki,  digər mövzularda olduğu kimi, bu mövzuda  da təkamülçülərin heç bir dəlilləri yoxdur. Təkcə ünsiyyət üsulları belə bitkilərin üstün Ağlın əsəri olduğunu sübut edir. Uca Allah bitkilərin hər birini xüsusi müdafiə sistemi ilə, eləcə də müxtəlif dad, qoxu, rəng və faydalı xüsusiyyətlərlə birlikdə yaratmışdır:

Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 13)

PAYLAŞIN
logo
logo
logo
logo
logo