Bir anlıq dünyadakı həyatın dayandığını düşünün. Yalnızca bir neçə dəqiqəlik milyonlarla insan olduqları yerdə qalsalar və bu bir neçə saniyədə cəhənnəm həyatını seyr etsələr... Amerikan birjasındakılar, Əfqanıstanda, İraqda, Fələstində, Suriyada məzlumların qanını axıdanlar, Avropada bank kassasına pul yığanlar, böyük biznes mərkəzlərində iclas keçirənlər, idman salonlarında böyük bir cəhdlə bədənlərini formaya salmağa çalışanlar, dünyada kiçik bir qazanc üçün ən yaxınlarını qurban verənlər, miras davasına görə illərlə öz qardaşlarının üzünə baxmayanlar, dünya həyatına aldanıb axirəti unudanlar, bütün həyatlarını əyləncəyə həsr edənlər...
Cəhənnəmi yalnızca bir neçə dəqiqəlik seyr edən bu insanların necə reaksiya verəcəklərini heç düşündünüzmü? Həmin an bu insanlar dünya həyatının mütləq sona çatacağını və əsl həyatın ölümdən sonra başlayacağını anlayacaqlar. Dünya həyatı ilə axirət arasındakı qəflət pərdəsi qalxacaq və insanlar ölümlə dünya həyatının nə qədər mənasız olduğunu, işlərinin, pulun, malın, mülkün, həyat yoldaşının, dostların, tanışların, kariyeralarının geridə qalacağını görəcəklər. Bütün söhbətlər dayanacaq, ürəklər ağıza gələcək. Yemək yeyən tikəsini uda bilməyəcək, danışan sözünü bitirə bilməyəcək, ayaq üstə olan oturacaq, küçələrdə gəzənlər olduqları yerə çökəcək, çarpayısında yatanlar həyəcanla yerindən qalxacaq. İstisnasız hər kəs dünyadakı bütün zənginliklərin, gözəlliklərin, dəbdəbəli evlərin, yaxtaların, villaların, qısası, arzu etdiyi şeylərin cəhənnəmdə olmadığını görəcəklər.
Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allah’ın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.(İsra surəsi, 18)
Bəs bu dünyada pula görə öz qardaşından üz döndərənlər, sərvətinə sərvət qatmaq üçün bütün həyatı boyunca səylə çalışanlar, bu var-dövləti Allah rizası üçün xərcləməyənlər, yoxsulu yedirməyənlər, yetimin haqqını verməyənlər, pula görə hər cür pisliyi etməkdən çəkinməyənlər... Bunlar cəhənnəmi gördükdə orada pulun heç bir əhəmiyyət daşımadığını görməyəcəklərmi?
Pul yalnız dünyada etibarlıdır, cəhənnəmdə isə dünyanın ən varlı adamı olsa da pula ehtiyacı olmaz. Dünyanın ən yaxşı vəzifəsində olsa da, bu səlahiyyət heç nəyə faydalı olmaz. Cəhənnəmdəki əzabı gördükdə bu əzabdan xilas olmaq üçün bütün insanların bunları fidyə olaraq vermək istəyəcəyini Allah Quranda bizə bildirir.
Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!(Rad surəsi, 18)
Dünyanın hər tərəfində döyüşənlər, məsum insanların başına bomba yağdıranlar, rəhm etmədən biçarə qadınları, uşaqları yurdlarından çıxaranlar, torpağa, neftə, qızıl və almasa görə fitnə-fəsad törədənlər, öz mənfəətləri naminə ölkələri bir-birinə düşmən edənlər, vətəndaş müharibələrini şiddətləndirib uzaqdan seyr edənlər... Bəs bunlar bu dünyanın sonunu gördükdə, cəhənnəmi bir neçə dəqiqəlik seyr etdikdə müharibəyə və günahsız insanları öldürməyə davam edə bilərlərmi?
Əlbəttə ki, xeyr.
Hal-hazırda imtahanımıza əsasən cənnət və cəhənnəmlə aramızda görünməz bir pərdə vardır. Bu elə qalın pərdədir ki, iman gətirməyən, dünyanın sonunun axirət olduğunu bilməyən, bu həyatı yalnız dünya həyatından ibarət olduğunu zənn edən bu pərdəni bir an da olsa aralaya bilməz. Buna görə də dünyadakı hər şey gözündə daha da böyüyər. Bu insan axirətdəki sonsuz həyatı tərk edib, çox qısa olan dünyadan pay almaq üçün çırpındıqca çırpınar.
Allah’a səmimi bir qəlblə sığınan mömin üçünsə dünya həyatı ilə axirət arasında qəflət pərdəsi yoxdur. Mömin qəlbini Allah sevgisi və Allah qorxusu ilə doldurmuşdur. Həyatını Allah’a həsr etmişdir, De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!(Ənam surəsi, 162) deyər və doğru yoluna davam edər. Cəhənnəmə inanması üçün onu gözləri ilə görməsinə ehtiyac yoxdur, onsuz da tam səmimiyyəti ilə inandığı üçün onu qəlbi ilə görür. Dərin imanı ilə dünyada yaşayarkən, əslində cənnətin və cəhənnəmin tam kənarında olduğunu bilir. Bu bilgi onun bütün həyatına istiqamət verir.
Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz! Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.(Təkasur surəsi, 3-8)
Cəhənnəm inkar edənləri böyük bir şövqlə içəri alarkən, cənnətin də qapıları iman gətirənlərə sonuna qədər açılacaqdır. Elə bu vaxt möminlər görmədən tam yəqinliklə axirətə iman gətirmələrinin və səmimiyyətlərinin əvəzini sonsuza qədər alacaqlar. Şübhəsiz ki, bir qul üçün Allah’ın ondan razı olmasından və Onun sevgisini qazanmaqdan daha böyük mükafat yoxdur. Şüurla, ağılla və imanla keçən bir həyat sonsuza qədər cənnətdə davam edəcək...
Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür! (Beyyinə surəsi, 8)
Adnan Oktarın Hiba Jurnalında yayımlanan məqaləsi: