XX əsrdə dünyanın ən qanlı, ən qarışıq və ən qaynar ərazisi Balkan yarımadası və Yaxın Şərq oldu. Hər iki ərazidə müharibələr, işğallar, partizan hərəkatları, etnik təmizləmə cəhdləri, sürgünlər, mühacirətlər baş verdi. Xüsusilə, etnik və dini ayrı-seçkiliyə əsaslanan qarşıdurmalar hər iki ərazini qan və göz yaşında boğdu. Bu qarşıdurlamalar hələ də bu ərazilərdə mövcuddur. Bəzi təzyiqlər nəticəsində atəşkəs təmin edilib, amma bu qarşıdurmaların əsas mənbəyi aradan qaldırılmadığı üçün atəşkəs tez-tez pozulur.
Halbuki həm Balkan yarımadası, həm də Yaxın Şərq əvvəllər belə deyildi. Əksinə, hər iki ərazidə əsrlər boyu sabitlik, sülh və əmin-amanlıq mövcud idi. Balkan ölkələrində XIX əsrə, Yaxın Şərqdə isə XX əsrə qədər davam edən bu sabitliyin səbəbi əraziyə Osmanlı imperiyasının hakim olması idi.
Balkan ölkələrində Osmanlı nizamı
Osmanlı imperiyası Balkan yarımadasına XV əsrin ortalarında, Yaxın Şərqə isə XVI əsrin əvvəllərində hakim oldu. Balkanları ələ keçirəndə ərazi bir-biri ilə daim müharibə edən xristianların hakimiyyəti altında idi. Serblər, bolqarlar, xorvatlarla "boqomillər" (bosniyalılar) arasındakı müharibələr nəticəsində xaos meydana gəlmişdi.
Bu əraziyə böyük qüvvə və siyasi ağılla girən Osmanlı imperiyasının əhəmiyyətli xüsusiyyətlərindən biri isə sülh və rifah gətirməsi idi. Osmanlı imperiyası ərazidəki xalqlara dini mənsubiyyətlərinə baxmadan eyni qayda-qanunları tətbiq edirdi. Osmanlılar fəth etdikləri torpaqlarda yaşayan müsəlmanları qılıncdan keçirən “xaçlılar” kimi davranmadılar. Əksinə, Balkan ölkələrindəki xalqlara dini azadlıq verildi və hər kəsin inancını qoruya biləcəyi sistem quruldu. Heç vaxt etnik təmizləmə, zorla din dəyişdirmə, assimilasiya kimi siyasətlər tətbiq edilmədi.
Bunun nəticəsində əsrlərlə qarşıdurmalara və müharibələrə səhnə olan Balkan ölkələri XIX əsrə qədər davam edən sabitlik və əmin-amanlığa qovuşdu. Serblər, yunanlar, bolqarlar, bosniyalılar, macarlar, ulahlar, yəhudilər, qaraçılar... Bu xalqlar həm varlıqlarını qorudular, həm də bir-birləri ilə vuruşmadan sülh şəraitində yaşadılar.
Sülhün qanunu
Balkan ölkələrindəki Osmanlı sülhü, əslində, siyasətin, sosiologiyanın və demoqrafiyanın dəyişməz qanununa əsaslanırdı: bir-birləri ilə qarşıdurma potensialına sahib olan birdən çox cəmiyyəti sülh şəraitində bir yerdə yaşatmaq. Bu isə ancaq haqqında danışılan cəmiyyətlərin üzərində nizamlayıcı bir qüvvənin mövcud olması ilə mümkün ola bilər. Belə bir qüvvə olmayanda, kiçik qrupların mübarizəsi ilə xaos meydana çıxır. Çünki kiçik qrupların bir-birləri ilə mənfəətləri kəsişir və əgər onları nizamlayan qüvvə olmasa, bir-birlərinə güzəştə getməzlər. Güzəştə getməyəndə isə mütləq qarşıdurma baş verir.
Nizamlayıcı qüvvə təkcə sülhün bərqərar olunmasını deyil, eyni zamanda, “bir yerdə yaşamaq” anlayışını da təmin etməlidir. Bəzən bir ərazidə tərəflər arasında rəsmi sülh imzalanmır, amma tərəflər bir yerdə sülh şəraitində yaşamağı qeyd-şərtsiz də olsa, qəbul edirlər və beləliklə, sülh təmin edilir. Birləşmiş Millətlər Sülh Ordusunun dünyanın problemli ərazilərində ordusunu saxlaması bunun bariz nümunəsidir.
"Sülhü təmin edən qüvvə" Balkan ölkələrində və Yaxın Şərqdə əsrlər boyu Osmanlı imperiyası olmuşdu. Osmanlı imperiyası hər iki ərazidə həm yerli xalqlara muxtariyyət verdi, həm də onları bir yerdə sülh şəraitində yaşatdı.
Osmanlı imperiyasının siyasətinin əsas qayəsi olan "nizami-aləm" anlayışı bunu ifadə edirdi. İmperiya ancaq torpaqlarını genişləndirməyi deyil, eyni zamanda, bu torpaqlara "sülh" gətirməyi də hədəfləyirdi. Osmanlılar monqollar kimi böyük torpaqlar ələ keçirib, sonra da buraları talayan, yandırıb-yıxan barbarlar deyildilər. Əksinə, hər yerə sülh və mədəniyyət aparırdılar. Buna görə də bu gün Balkan ölkələrinin və Yaxın Şərqin hər tərəfi Osmanlı məscidləri, mədrəsələri və karvansaraları ilə doludur.
Balkan ölkələrində nizamın sonu
Ancaq Osmanlı imperiyasının Balkan ölkələrinə və Yaxın Şərqə bəxş etdiyi nizam XVIII əsrdən etibarən pozulmağa başladı. XX əsrin əvvəllərində isə tamamilə aradan qalxdı. Balkan ölkələri XIX əsrdə tədricən Osmanlı imperiyasından ayrılmağa başladılar.
Ancaq müstəqillik Balkan ölkələrinə əmin-amanlıq və sülh gətirmədi. Əksinə, bir-birləri ilə torpaq üstündə vuruşdular. 1912-13-cü illərdə baş verən Balkan müharibələri Osmanlı imperiyasının ərazidən çəkilməsinin nizam-intizamı necə yox etdiyini göstərirdi: Balkan ölkələri I Balkan müharibəsində Osmanlı imperiyasının bütün Rumeli torpaqlarını ələ keçirdilər və beləliklə, Balkanlarda Osmanlı imperiyasının varlığına son qoyuldu. Eyni zamanda, sülhə də son qoyuldu, əvəzinə müharibə və xaos meydana gəldi: Osmanlı imperiyasından qalan torpaqların paylaşdırılması məsələsində bir-birləri ilə razılaşa bilmədilər və beləliklə, II Balkan müharibəsi baş verdi.
Osmanlı qayda-qanununun pozulması ilə başlayan Balkan problemi bu gün də davam edir. Balkan yarımadası II Balkan müharibəsi sona çatandan bir müddət sonra I dünya müharibəsi ilə qana bulandı. İki dünya müharibəsi arasındakı dövr isə Balkan ölkələrində komitəçilər və partizan təşkilatları artdı. II dünya müharibəsində isə Balkan yarımadası yenə də qana bulandı. Balkan torpaqları yenə qanlı vətəndaş müharibələrinə və soyqırımlarına şahid oldu.
Balkan ölkələrindəki bu qarışıqlığın II dünya müharibəsinin qurtarması ilə dayanacağı, soyuq müharibə ilə birlikdə ərazinin sabitliyə qovuşacağı düşünülürdü. Halbuki həqiqətlərin elə olmadığı soyuq müharibənin bitməsindən sonra açıq şəkildə göründü. Balkan millətçiləri 1990-cu ildən başlayaraq yenidən bir-birləri ilə vuruşmağa başladılar. Xorvatlar və serblər arasındakı gərginlik 1991-ci ildə müharibəyə çevrildi. Serb təcavüzkarlığı sonra Bosniya-Hersoqovinada müsəlmanları hədəf etdi. Balkan ölkələrindəki gərginlik bu gün də Kosova başda olmaqla davam edir. Balkanların gələcəkdə sülh, əmin-amanlıq və sabitliyə qovuşacağına isə heç kim inanmır.
Balkanların bu qarışıqlığının mənşəyində isə, əvvəldə qeyd etdiyimiz kimi, ərazidə Osmanlı imperiyasından sonrakı nizam dayanır. Bu gün Balkanlarda Osmanlının miras qoyduğu torpaqlarda yeddi dövlət var: Bosniya-Hersoqovina, Serbiya, Qaradağ, Makedoniya, Albaniya, Yunanıstan və Bolqarıstan... Bu dövlətlərin heç biri etnik olaraq homogen deyil. Hər birində etnik və ya dini azlıqlar var və bu azlıqlar potensial müharibə səbəbidirlər. Eyni zamanda, bu dövlətlər arasında mənfəət xarakterli konfliktlər var.
Halbuki bu dövlətlərin əhalisini təşkil edən xalqlar Osmanlı dövründə də var idi və eyni ərazidə yaşayırdılar. Amma Osmanlı nizamlayıcı qüvvə kimi bu xalqları bir yerdə yaşadırdı. Bir əsr davam edən bu “nizamlayıcı qüvvənin boşluğu” isə ərazinin "sahibsiz" qalması ilə nəticələndi. Bu boşluqdan ən çox zərər çəkən Balkan xalqları isə Osmanlının ərazidəki mirası olan müsəlmanlar oldular: Bosniyalılar və slavyan müsəlmanlar, albanlar, pomaklar, Makedoniya, Bolqarıstan və Yunanıstan türkləri ərazinin "sahibsiz" qalan insanları idi. Hələ də elədirlər. Onlara sahib çıxıb qoruyan yeni Osmanlını, yəni "Osmanlı mirasına" sahib olan Türkiyəni gözləyirlər.
Yaxın Şərqdə nizamın sonu
Balkan ölkələrində yaşanan hadisənin eynisi XIX əsrin ortalarında və XX əsrin əvvəllərində Yaxın Şərqdə də baş verdi. Osmanlını buradan çıxartmaq və öz hakimiyyətlərini ərazidə yaymaq istəyənlər isə İngiltərə və Fransa idi. Xüsusilə də, Yaxın Şərqin dünyanın ən zəngin neft yataqlarına sahib olduğunun fərqinə varılması ilə birlikdə bu iki dövlət Yaxın Şərqə sahib olmaq üçün yarışmağa başladılar. Ərazi üzərində oxşar xəyallara malik olan Almaniya və Rusiyanı I dünya müharibəsində zəiflətdikdən sonra əraziyə sahibi oldular.
XX əsrdə əraziyə üçüncü qüvvə girdi: Sionizm, yəni Fələstində yəhudi dövləti qurmağa çalışan yəhudi millətçiliyi... Sionistlər Yaxın Şərqə hələ Sultan Əbdülhəmidin dövründə girmək istəmiş, amma sultanın sərt reaksiyasına görə gözləmək məcburiyyətində qalmışdılar. Ərazinin Osmanlı imperiyasından ayrılması onlar üçün gözlənilməz fürsət oldu.
Osmanlı Yaxın Şərqi I dünya müharibəsində itirdi. Müharibədən sonra da Yaxın Şərqdə ərazinin yeni hakimlərinin mənfəətlərinə uyğun bir tənzimləmə edildi. İngiltərə və Fransa keçmiş Osmanlı vilayətlərindən süni dövlətlər meydana gətirdilər. Bağdad vilayəti "İraq" adlanan dövlətə çevrildi və İngiltərənin hakimiyyətinə verildi. Hələb və Şam vilayətlərindən "Suriya" adlanan dövlət quruldu. Digər tərəfdən, tarixən Suriyanın bir parçası olan Beyrut və ətrafı "Livan" adlandırıldı. Cənubda, İordaniya çayının qərb sahilində isə o zamana qədər yalnız coğrafi ərazi olan "Fələstin" dövlətə çevrildi. Çayın şərq sahilində "Transiordan" (İordaniya) adlı dövlət quruldu. Bir müddət sonra yalnız "İordaniya" adlandırılacaqdı.
Bu dövlətlərin heç biri etnik və ya dini birliyə əsaslanmırdı. İraqda bir-birlərindən çox fəqrlənən üç qrup vardı: kürdlər, sünni ərəblər və şiə ərəblər. Suriya daha da qarışıq idi. Sünni ərəblər, şiə ərəblər, druzlar, kürdlər... Hamısı yeni dövlətdə yaşayırdılar. Fələstində isə ərəblərlə birlikdə getdikcə sayları artan və öz dövlətlərini qurmağa çalışan yəhudilər var idi. Livan isə xristian ərəblərlə müsəlman ərəbləri saxlayırdı. Ancaq bu iki əsas kateqoriya da məzhəblərə bölünmüşdü.
Osmanlı imperiyasından sonra yaranan bu qarışıqlıq Yaxın Şərqin sərhədlərinin xəritə üzərində xətkeşlə çəkilməsindən ibarət idi. Sərhədlər etnik fərqə görə deyil, sadəcə Fransa və İngiltərənin mənfəətlərinə əsaslanaraq təyin edilmişdi. Beləliklə, ortaya bir mozaika çıxdı. Ancaq bu, sülh və bir yerdə yaşamağa uyğun mozaika deyil, qarşıdurma və döyüşə uyğun mozaika idi. Belə ki, sionizm dövlət halına gəlib, İsrailə çevrildikdən sonra bu mozaikandan istifadə edərək ərəb dövlətləri arasındakı qarşıdurmaları və ya dövlətlər daxilindəki vətəndaş müharibələrini qızışdırma imkanı əldə edəcəkdi.
Yaxın Şərqdə bir əsr davam edən, xüsusilə də İsrailin qurulmasından bu yana şiddətlənən qarışıqlığın səbəbi Osmanlı imperiyasından sonrakı tənzimləmə idi. Osmanlıdan sonra yaranan "nizamlayıcı qüvvənin boşluğu" heç vaxt təmin edilmədi. Fransa və İngiltərə Yaxın Şərqə sabitlik yox, xaos gətirdilər. İngiltərənin qoruyucu qanadları altında inkişaf edən sionizm qısa müddətdə İngiltərənin özü üçün təhdid halına gəldi.
Fransa və İngiltərənin yeni qurduqları dövlətlərdə apardığı tənzimləmə siyasəti də xaos yaradacaq xüsusiyyətdə idi. Məsələn, Suriyada fransız rəhbərliyi ölkədə sayca az olan şiələri sünnilərdən müdafiə etdi və bu gün hələ də davam edən azlıqların iqtidarına şərait hazırladı. Bu siyasət Suriyada sünni-şiə qarşıdurmasını daimi etdi.
Müstəmləkəçilərin məntiqi
Osmanlı imperiyasından sonra Yaxın Şərqdə daimi nizam və sabitlik yaradılmamasının səbəbi müstəmləkəçilərin bunu edəcək qüvvəyə sahib olmamaları deyil, bunu etmək üçün lazımi strategiyaya sahib olmamaları idi. Osmanlı imperiyası fəth etdiyi ərazilərdə “sülh” yaratmağı İlahi bir vəzifə hesab edirdi. Müstəmləkəçilər isə yalnız öz mənfəətlərini güdürdülər və bu mənfəətlər üçün müharibə lazım olsa, müharibə meydana gətirirdilər.
Dövrümüzün siyasi termini ilə desək, Osmanlı imperiyası "moralpolitik" (mədəniyyət siyasəti) strategiyasına sahib idi. Müstəmləkəçi dövlətlər isə "realpolitik" (radikal həqiqətçılik) strategiyası yeridirdilər. Buna görə də əgər özlərinə sərf edirdisə, qısa müddət ərzində bir ölkəni uzun müddətli xaosa və müharibəyə sürükləyirdilər.
İngilis və fransız müstəmləkəçiliyi həmişə realpolitik məntiqlə hərəkət edib. Amma bu məntiq onlarə Yaxın Şərq xalqlarının nifrətini qazandırıb. Buna görə də İngiltərə və Fransa Yaxın Şərqdə çox az qala bildilər. Ərəb ölkələrində iqtidara gətirdikləri oyuncaq liderlər II dünya müharibəsindən sonra bir-bir dəyişdi. İngiltərə və Fransanın Yaxın Şərq macərası beləcə sona çatdı.
İngiltərə və Fransadan sonra həm Yaxın Şərqə, həm də dünyanın başqa dövlətlərinə hökmranlıq edən qüvvə, əlbəttə ki, ABŞ oldu. Ancaq ABŞ da həmin realpolitikanı davam etdirdi. Buna görə də dünyanın hər tərəfində qanlı rejimləri dəstəklədi, faşist qruplarla əməkdaşlıq etdi, terrorist qruplara kömək etdi. Vyetnamı xarabaya çevirdi. ABŞ-ın "sülh" yaratmaq kimi bir məqsədi yox idi. Sadəcə öz beynəlxalq şirkətlərinin və silah sənayesinin mənfəətini güdürdü.
ABŞ-ın Yaxın Şərq strategiyası da eyni istiqamətdə inkişaf etdi. ABŞ-ın Yaxın Şərq varlığı bura “sülh” gətirmədi. Əksinə, İsrail təcavüzkarlığını israrla dəstəkləməklə ərazidə xaosun əsas səbəblərindən biri oldu. Bu gün hələ də vəziyyət bu şəkildə qalır. ABŞ-ın gücü hesabına təmin edilən atəşkəs rejimi Fələstinə zorla qəbul etdirilir, amma bu, ərazidə yeni problemlərə gətirib çıxarır.
ABŞ-ın keçmiş Osmanlı imperiyasının ərazisinə daxil olan Balkanlardakı strategiyası da yenə əraziyə sabitlik və əmin-amanlıq gətirəcək xüsusiyyətə sahib deyil. Vaşinqtonun serb təcavüzkarlığına 1991-ci ildən 1995-ci ilə qədər dörd il heç bir ciddi reaksiya verməməsi bunun sübutudur. 1995-ci ildə imzalanan “Dayton sazişi” isə Aliya İzzetbeqoviçin də dediyi kimi, əraziyə ədalət deyil, sadəcə sülh gətirdi. Bu gün Balkanlarda Osmanlı imperiyasının mirası olan müsəlman xalqlar hələ “nizamlayıcı qüvvənin boşluğunun” təhdidi altındadırlar.
Bunlar Türkiyəyə həm strateji fürsət, həm də tarixi missiya yükləyir.
Türkiyənin Osmanlı mirası
Türkiyə Osmanlı imperiyasının varisi olaraq keçmiş Osmanlı torpaqları üzərində nüfuz əldə etmə imkanına sahibdir. Bu, bəzən dilə gətirilən mühüm həqiqətdir. Ancaq bundan da əhəmiyyətli həqiqət Türkiyənin Balkan ölkələri və Yaxın Şərqə "sülh" gətirmiş yeganə qüvvənin varisi olmasıdır.
Bu mirasın Türkiyəyə necə strateji şans qazandırdığına üç istiqamətdə baxa bilərik. Birinci istiqamət Balkanlar və ya keçmiş "Rumeli"dir. Bu ərazidəki ölkələrin hamısı keçmiş Osmanlı vilayətləridir. Bundan başqa, bu ölkələrin hamısında Osmanlıdan qalan "Türk-İslam" mədəniyyətinə sahib insanlar yaşayır və bu insanlar Qərbi Trakiya, Bolqarıstan türkləri, müsəlman pomaklar, Makedoniya, Albaniya, Bayraq, Bosniya-Hersoqovina xətti üzrə irəliləyən və Balkanları ortadan iki hissəyə bölən "yaşıl qurşaq" meydana gətirirlər. Əgər yaxşı qiymətləndirilsə, bu qurşaq Türkiyə üçün potensial təsir sahəsidir. Türkiyə bu qurşaqdakı müsəlman və türk əhalinin haqlarını qoruyaraq bölgədə söz sahibi ola bilər.
İkinci istiqamət: Yaxın Şərqə baxanda, bu ərazinin də keçmiş Osmanlı vilayətlərindən meydana gəldiyini görürük. Bu vəziyyət Türkiyə üçün böyük bir üstünlükdür. Türkiyə bu tarixi mirası daha məqsədyönlü şəkildə dəyərləndirsə, Yaxın Şərqdə tərəflər arasında uzlaşdırıcı rol oynaya bilər. Ərazidə böyük nüfuz əldə edə bilər. Fransanın ərazidən uzaq olmasına baxmayaraq, Suriya və Livanda keçirdiyi bir neçə illik müstəmləkə dövrünə əsaslanaraq Yaxın Şərqdə nüfuz əldə etməyə çalışır. Həm də əraziyə "sülh" yox, xaos gətirməsinə baxmayaraq.
Üçüncü istiqamətdə Qafqaz və Orta Asiya ərazisində yenə Türkiyə üçün potensial nüfuz dairəsi var. Qafqaz tarix boyu rus zülmündən qaçaraq Osmanlı imperiyasına sığınmış müsəlman qövmlərin diyarıdır. Orta Asiya isə, Osmanlı torpağı olmasa da, türk mənşəli olduğundan Türkiyəyə bağlıdır.
Bunlara baxdıqda, Türkiyənin strateji üfüqlərinin çox geniş olduğunu görürük. Əgər Türkiyə sahib olduğu Osmanlı mirasını iqtisadi və siyasi güclə dəstəkləsə, həqiqətən də XXI əsrdə regionda əhəmiyyətli qüvvəyə çevrilə bilər. Bu vəziyyətdə Avropa və ABŞ qarşısında güc və prestiji də əhəmiyyətli dərəcədə artacaq. Balkan ölkələri, Yaxın Şərq, Qafqaz və Orta Asiya kimi ərazilərdə söz sahibi olan ölkənin gücünün amerikalı və avropalı ekspertlərin qiymətləndirmələrində əhəmiyyətli yer tutacağı açıqdır.
Bütün bu sadaladığımız strateji yanaşma siyasi və iqtisadi güc qədər əhəmiyyətlidir. Bunun təməlində isə Türkiyənin özünü doğru şəkildə tanıtması və təyin etməsi durur. Türkiyəyə strateji təsir sahəsi qazandıran ən əhəmiyyətli faktor Osmanlı mirasıdır.
Türkiyə Osmanlı mirasına ciddi şəkildə sahib çıxmalıdır. Bu məqamda əhəmiyyətli işlərindən biri də Osmanlının qurduğu "sülhü" tarixi dəlillərlə ortaya qoymaq və dünyaya izah etməkdir. Bu gün Balkan ölkələrindəki serb millətçiləri və ya ərəb ölkələrindəki radikal ərəb millətçiləri Osmanlı imperiyasını Balkanları və Yaxın Şərqi istismar edən imperialist qüvvə kimi tanıyırlar. Bu əsassız, ancaq təsirli təbliğata qarşı Türkiyə tarixi həqiqətləri ortaya qoymalı, Osmanlı dövründə Balkan ölkələrində və Yaxın Şərqdə sabitlik, ədalət, sülh və qayda-qanunun hökm sürdüyünü izah etməli və bu tarixi həqiqət Türkiyə siyasətinin əsasını təşkil etməlidir. Buna görə də türkiyəli tarixçilər, sosioloqlar və bütün təbliğat imkanları səfərbər edilməlidir.
Bu cür strateji mədəniyyət siyasətinin təsirli olacağından heç kim şübhə etməməlidir. Türkiyənin strateji üfüqü Osmanlı mirasına sahib çıxması ilə mütənasib halda genişlənəcək. Türkiyənin XXI əsrdə ərazidə güc sahibi olması, tarixi və dini yaxınlıqların getdikcə əhəmiyyətli hala gələn dünyaya damğasını vura bilməsi ancaq bu şəkildə mümkün ola bilər.