Çox vaxt səbəbi belə bilinməyən, qəfil yaranan, aşıb-daşan, qarşısı alınmaz bir qəzəb…
Qəzəbin nə vaxt yaranacağı bəlli olmur və bəzən insanları bir-birlərinə hücum edəcək vəziyyətə gətirib çıxarır. Qəzəblənən insan birdən sonsuza qədər peşman olacağı günah edə bilir. Ya birini ölürür, ya evini yandıraraq malına zərər verir, ya da intihar edərək özünü öz əli ilə cəhənnəmə atır. Buna ən çox oxuduğumuz qəzetlərin kriminal səhifələrində rast gəlirik.
Bəzi insanlar kiçik hadisələrdə tez qəzəblənməyə, səslərini yüksəltməyə, münaqişə etməyə meyillidirlər. Bu insanlar uzun müddət tıxacda qalanda, alış-veriş edərkən aldıqları mal qüsurlu çıxanda, işdə yeməyə planlaşdırdığı vaxt gedə bilməyəndə və hətta bu zaman etməsi üçün bir iş tapşırılanda, hansısa səhvi olduğu deyiləndə, isti havada çöldə yeriyəndə, kimsə səhvən əşyasına zərər verəndə, qısası, qarşılaşdığı bir çox hadisədə qəzəblərinə yenilirlər. Belə hallarda, bu hadisələri lazımsız, planlarını pozan hadisə kimi qiymətləndirirlər. Küçədə, avtobusda belə insanların üzlərində gərgin, hər an münaqişə edə biləcəyi görüntüsü verən ifadə olur. Halbuki kin, qəzəb insanlara zərər verən, yaradılışımıza zidd xüsusiyyətdir.
Kin və qəzəb hissi insanın yaradılışına ziddir
İnsan təbiəti dostluğa, sevgiyə, sevincini bölüşməyə, güvəndiyi insanlarla birlikdə olmaqdan zövq almağa meyilli olaraq yaradılıb. Kin, qəzəb səmimi dostluğu , sevgini, anlayışı yaşamağa maneədir. Belə insanlar həmişə tək olurlar, onların dostu olmur. Beləliklə də, xoşbəxt ola bilmir, nemətlərdən zövq almırlar.
Tənhalıq yaradılışımıza zidd olduğundan insanı sıxır. Bəziləri tənhalıqdan zövq aldığını, heç kimi sevmədiklərini, sadəcə özlərini sevdiklərini və belə rahat olduqlarını deyirlər, ancaq bunu səmimi demirlər. Hər insan sevgidən, dostluqdan, sevilməkdən zövq alır. Qəzəbi ucbatından tək qalanların çox vaxt sadəcə özləri, itləri, quşları ilə dost olmalarının, hətta insanlarla danışırmış kimi onlarla danışmağa başlamaqlarının səbəbi də bu sevgi axtarışıdır əslində.
Kin, qəzəb insanı tənhalığa, bədbəxtliyə, çarəsizliyə sürükləyir, qəzəblənən insanı ətrafındakı gözəlliklərdən uzaqlaşdıraraq, dünyanı onun üçün yaşanmaz hala gətirir.
Qəzəblənən insan özünə və ətrafına zərər verir
Bir çox cəmiyyətdə təvazökar, mehriban insanların başqaları tərəfindən əziləcəyi düşüncəsi var. Davakar üslubu mənimsəyən insanlara elə gəlir ki, qarşılarındakının səhvini bağışlasalar, məğlubiyyətlərini qəbul etmiş kimi görünərək pis vəziyyətə düşəcəklər. Bu mənfi düşüncələrə qapılıb içlərindəki kini, qəzəbi yox etmək əvəzinə, daha da gücləndirirlər. Bax bu, insanın ən çox özünə zərər verən, dünyadakı gözəllikləri görməyə mane olan təhlükəli ruh halıdır.
İçlərindən ata bilmədikləri qəzəb, kin hisslərinə görə bir-birini bağışlamayan, buna görə də ən sevdikləri, ən yaxın olmaq istədikləri insanlardan belə ayrı qalan çox insan var. Bu insanlar məhz bağışlamadıqları üçün sevilməkdən, dostluqdan, sirdaşlıqdan, sədaqətdən, hörmətdən məhrum olduqları həyatı yaşayırlar. Kin, qəzəb insanı bağışlamaqdan, təvazökarlıqdan, ədalətdən, etibardan, hüsnü-zəndən, gözəl gözlə baxmaqdan, mərhəmətdən yayındırır. Halbuki bağışlamaq daha asan, daha rahatladıcı, daha gözəl hissdir. Bu əxlaqı hər an yaşamaq isə imanla, Allah qorxusu ilə mümkündür.
Qəzəbi boğmağın verdiyi zövq
Quranda Allah iman gətirənlər üçün “qəzəblərini boğarlar” (Ali-İmran surəsi, 134) buyurur, yəni insan içində qəzəbli olsa da, vacib olan qəzəbi boğmaqdır. İman gətirən insan vəziyyət necə olursa- olsun, zərər də çəksə qəzəblənməkdən çəkinir. 100 % haqlı olduğu vəziyyətdə də bağışlamağı bacaran insan içində çox dərin rahatlıq hiss edir. Ona bu gözəllikləri yaşadan Allah’dır. Allah bəyəndiyi hərəkəti edən, nəfsi təşviq etsə belə, yenə də gözəl əxlaq göstərən qullarına Öz Qatından lütf kimi bu ləzzəti, mənəvi rahatlığı daddırır.
Bağışlamağı bacarmayan insan hər gün, hər saniyə içindəki kinin sıxıntısını yaşayır. “Görəsən bağışlamalı idim?”- deyə fikirləşməyin verdiyi mənəvi sıxıntı və peşmançılıqla qovrularkən, bağışlamağı bacaranlar gözəl əxlaqlarına görə sevgini, hörməti, dostluğu həqiqi mənada yaşayırlar.
İman gətirən insanın üslubu, hərəkətləri mütləq sakitləşdirici olmalıdır. Tez qəzəblənmək və kin saxlamaq müsəlmana yaraşmır. Müsəlman hadisələrin içində yaşamaz, hadisələrə kənardan baxar və qədərini seyr edər. Tək bir yarpağın düşməsi belə qədərdə olduğu üçün baş verir. Bu səbəbdən dünya həyatında və imtahanda kədərlənəcəyi, sıxılacağı vəziyyətlər deyil, səbir ediləcək, təvəkkül ediləcək, həmişə bağışlanılma istəniləcək və həmişə Allah’a yönəliləcək mühit var. Bu mühitlər Quran əxlaqını yaşamağa nə qədər qərarlı olduğumuzu göstərir.
Gözəl əxlaq hər hadisəyə, hər hərəkətə sevgi ilə, mərhəmətlə qarşılıq verib mütləq Allah’ın hər şeyi xeyirlə yaratdığını düşünməkdir. Allah ayədə belə buyurur:
“Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah’ın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir”. (Nur surəsi, 22)
Allah’ın bizi bağışlamasını nə qədər çox istəyirsək, digər möminlərin bizdən şəfqət və bağışlayıcı münasibət görmək istədiklərini də unutmamalıyıq.
Adnan Oktarın Ərəb News'də nəşr olunan məqaləsi