Peyğəmbərimizə (səv) itaət edən Allaha itaət edər
ucgen

Peyğəmbərimizə (səv) itaət edən Allaha itaət edər

1367

Allah bütün insanları göndərdiyi elçilərə itaət etməklə məsul tutmuşdur. Elçilər Allahın əmrlərini yerinə yetirən, insanlara Allahın vəhyini çatdıran və hərəkətləri ilə, danışıqları ilə, qısası, bütün həyatları ilə insanlara Allahın ən razı olacağı insan modelini və həyatın necə yaşanması lazım olduğunu göstərən mübarək insanlardır. Allah Quranda elçilərinə itaət edənlərin qurtuluşa çatacaqlarını bildirmişdir. Bu səbəbdən Peyğəmbərimizə (səv) itaət mühüm ibadətdir. Allah itaət mövzusunun əhəmiyyətini Quranda belə xəbər verir:

 

“Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər  və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” (Nisa surəsi, 64)

 

“Allaha və (Onun) Elçisinə itaət edənlər (axirətdə) Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır” (Nisa surəsi, 69)

 

Quranın bir çox ayəsində isə peyğəmbərlərə itaət edənlərin əslində Allaha itaət etdikləri bildirilir. Elçilərə qarşı çıxanlar isə əslində Allaha qarşı çıxmışlar. Bu ayələrdən bəziləri belədir:

 

“Kim Peyğəmbərə itaət edərsə Allaha itaət etmiş olar, kim üz çevirərsə (bil ki) Biz səni onlara gözətçi göndərməmişik” (Nisa surəsi, 80)

 

“Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər” (Fəth surəsi, 10)

 

Peyğəmbərimiz (səv) də hədislərində itaətin əhəmiyyətini xatırlatmış və belə buyurmuşdur:

"Kim mənə itaət etsə, şübhəsiz ki, Allaha itaət etmişdir. Kim də mənə üsyan etsə, şübhəsiz ki, Allaha üsyan etmişdir"

Allah Quranda Peyğəmbərimizin (səv) möminlər üçün bir qoruyucu və idarəçi olduğunu bildirir. Bu səbəbdən müsəlmanlar hər mövzuda Peyğəmbərimizlə (səv) danışır, onun fikrini və razılığını alaraq bir işə başlayardılar. Həmçinin aralarında anlaşılmazlığa düşdükləri mövzularda həll tapa bilmədikləri və yaxud ümmətin təhlükəsizliyi, sağlamlığı, iqtisadi vəziyyəti ilə bağlı bir xəbər öyrənəndə bunları da dərhal Peyğəmbərimizə (səv) çatdırar və ondan ən xeyirli və etibarlı həll və üsulu öyrənərək tətbiq edərdilər.

Bu, Allahın Quranda möminlərə əmr etdiyi çox gözəl bir əxlaq şəklidir. Məsələn, Allah bir ayəsində bütün xəbərlərin peyğəmbərə və yaxud onun özünə vəkil etdiyi şəxslərə çatdırılmasını əmr etmişdir. Ayədə belə buyurulur:

“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı əlbəttə az bir qisminiz istisna olmaqla (hamınız) şeytana uyardınız” (Nisa surəsi, 83)

 

Bu əlbəttə ki, bir çox xeyiri və hikməti olan bir əmrdir. Hər şeydən əvvəl Peyğəmbərimizin (səv) hər əmri və hökmü Allah tərəfindən qorunur. Bu səbəbdən verdiyi qərarlar daim xeyir olar. Peyğəmbərimiz (səv) ümmətin ən ağıllı və hikmətli adamıdır. İnsan hər hansı bir işində nəticə çıxarması üçün  ən layiqli, ən çox ağla və vicdana sahib olan, ən çox güvəndiyi və əmin olduğu adamla məsləhətləşərək  ona bildirmək istəyir.

Peyğəmbərimizin (səv) bütün bu xüsusiyyətləri ilə yanaşı, bütün xəbərlərin tək bir insanda toplanmasının bir hikməti də bu xəbərlərin hamısından daha ağıllı və sağlam açıqlamalarla izah etməsidir. Allah başqa ayəsində isə möminlərin aralarındakı anlaşılmazlıqlarda Peyğəmbərimizi (səv) hakim tutmalarını bildirmişdir. Bu cür  həll olunmasında çətinlik çəkilən məsələlərin dərhal Peyğəmbərimizə (səv) çatdırılması Allahın əmridir və bu da ağla, vicdana və ədəbə uyğundur. Həmçinin, Peyğəmbərimizin (səv) verdiyi hökmə könüldən və heç bir şübhə etmədən itaət etmək çox əhəmiyyətlidir. Onun verdiyi qərar o insanın mənfəətləri ilə ziddiyyət təşkil etsə də, həqiqətən iman gətirənlər bu vəziyyətdən heç bir narahatçılıq hiss etməz və dərhal razı olaraq peyğəmbərin hökmünə itaət edərlər. Allah bu əhəmiyyətli itaət xüsusiyyətini Quranda belə bildirmişdir:

 

“Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.” (Nisa surəsi, 65)

 

Peyğəmbərimizin (səv) bütün qərarlarının daim Allahın qüdrəti altında olduğunu fərq edə bilməyən bəzi zəif imanlı, yaxud ikiüzlü insanlar, Peyğəmbərimizin (səv) hər mövzudan xəbərdar olaraq məlumatlandırılmasına qarşı çıxmış və bu mövzuda fitnə çıxarmağa çalışmışlar. Bu vəziyyətin bildirildiyi ayə belədir:

 

“Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O) (hər sözü eşidən) bir qulaqdır!” deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə üzücü bir əzab vardır” (Tövbə surəsi, 61)

 

Bu şəxslər imanı qavraya bilmədikləri və Peyğəmbərimizi (səv) təqdir edib tanıya bilmədikləri üçün onun hər şeydən xəbərdar olmasını cahil zehniyyət ilə qiymətləndirmişlər. Çünki cahil insanlar sahib olduqları məlumatları xeyir, gözəllik, insanların yaxşılığı və təhlükəsizliyi üçün istifadə etmirlər. Onlar bunu ancaq dedi-qodu və fitnə üçün istifadə edir, insanları bir-birinə qarşı qoyaraq tələlər qurmağa çalışırlar. Halbuki, Peyğəmbərimiz (səv) özünə gələn hər xəbərlə həm müsəlmanların, həm də himayəsi altındakı digər insanların təhlükəsizliyini, sağlamlığını, dincliyini təmin etmiş, mümkün təhlükələri aradan qaldıraraq, möminlərə qurulan tələləri pozmuş, iman zəifliyi içində olanları taparaq onların imanlarını gücləndirəcək tədbirlər almış, möminləri zəiflədəcək, şücaətlərini qıracaq bütün ehtimalların qarşısını kəsmiş, möminlərə gözəllik və xeyir gətirəcək hər cür üsullar təyin etmişdir. Bu səbəbdən Allah ayələrdə onun "bir xeyir qulağı" olduğunu bildirmişdir. Peyğəmbərimizin (səv) hər sözü, hər qərarı, hər tədbiri möminlərə və əslində bütün insanlara xeyir və gözəllik gətirmişdir.

“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi, 285)

 

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr