İnsanın dünya həyatındakı imtahanı həyatının son anına qədər davam edir. Hər şeyi ən gözəl şəkildə yaradan uca Rəbbimiz bu imtahanın hər xüsusiyyətini da mükəmməl sənətlə birlikdə yaradır. İnsanın imtahan sənətindəki incəliklərin şüuru ilə yaşaması, bu incəlikləri görməsi, bundan zövq alması və imtahanın hər anında Allahın razı olacağı rəftarları göstərməsi axirətdə cənnət həyatını ümid etməsi üçün əhəmiyyətli vasitədir.
Uca Allah yaratdığı hər şeyi sonsuz təfərrüatı ilə birlikdə var etmişdir. Bu böyük sənət başda insanın öz bədəni də daxil olmaqla, ətrafında gördüyü hər hadisədə, Allahın yaratdığı hər canlıda və kainatın hər yerində bütün canlılığı və ehtişamı ilə qarşımıza çıxır.
İnsan düşündüyü zaman bədənində, daxili orqanlarının fəaliyyətində, hüceyrənin quruluşunda, Allahın yaratdığı hər hansı bir canlıda və bunun kimi bir çox möcüzəvi hadisədə bu incəlikləri görə bilər. Allahın yaratdığı incə sənəti həyatımız boyu davam edən imtahanı da tamamilə əhatə etmişdir. Allahın “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)” ayəsində bildirdiyi kimi, insan həyatı boyu qarşısına çıxan müsbət, mənfi, yaxşı və ya pis hadisələrlə imtahan edilir. Gördüyü, şahid olduğu, hiss etdiyi və Allahın onun üçün yaratdığı hər şey insan üçün bir imtahan mövzusudur. Rəbbimiz bu imtahanın hər xüsusiyyətini böyük sənətkarlıqla yaradaraq iman gətirən qullarını müxtəlif sınaqlardan keçirir. Bu həqiqət bir ayədə belə bildirilir:
“Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır” (Tövbə surəsi, 16)
İman gətirməyənlər Allahın imtahan sənətindəki incəlikləri qavraya bilməzlər
Quran əxlaqından uzaq yaşayan bir insanın hadisələri qavrama forması Quran əxlaqına görə yaşayan insanınkından çox fərqlidir. Uca Allahın razılığından, Quran əxlaqından və axirət inancından uzaq yaşayan, dünya həyatını əsas götürən insanlar imtahan edildiklərinin şüurunda olmazlar. Belə cəmiyyətlərə qədərə təslimiyyətsizliyin və imtahan olunmanın dərk edilməməsi nəticəsində qəflət, narahatlıq, qorxu və bədbəxtlik hakim olur. Bu zaman hadisələr daim mənfi istiqamətləri ilə qəbul edilir. Hər şey çatışmazlıq və pislik kimi qiymətləndirilir. İnsanlar əllərindəkilərlə kifayətlənmir və sahib olduqlarından ötrü xoşbəxt ola bilmirlər.
Qurana görə düşünən və Quran əxlaqı ilə hərəkət edən bir insan üçün isə qarşısına çıxan hər hadisədə xeyir, hikmət və gözəlliklər var. Belə bir insan hər hansı bir hadisə ilə qarşılaşdıqda, o an həmin hadisənin hikmətlərini görməsə belə, Allaha və qədərə olan imanından ötrü yaşadıqlarının mütləq xeyirlə yaradıldığını bilir. Allahın onun üçün yaratdığı hər şeyin bir sınaq olduğunu bilir. Buna görə də, ancaq özünə Quran əxlaqını rəhbər edən və həyatını Allahın istədiyi istiqamətdə yaşayan müsəlmanlar Allahın dünya həyatındakı imtahan mühitini incəliklərlə yaratdığını dərk edərlər.
Möminlərin başlarına gələn imtahan qarşısındakı gözəl davranışları
Saleh möminlər həyatlarının hər dövründə çətinliklərlə qarşılaşa bilərlər. Əhəmiyyətli olan da insanların bu çətinlik anlarında Quran əxlaqını yaşamaları, hər an Allahı zikr etmələri və düşdükləri vəziyyətə şükür edib, hamısında bir xeyir və gözəllik olduğunu dərk etmələridir.
Yuxarıda qeyd edilənlərin rahat mühitdə, bolluq və nemətlər içində dərk edilməsi, şübhəsiz ki, daha asandır. Ancaq müsəlmanın imanının gücünü göstərən ən əhəmiyyətli ünsürlərdən biri bu üstün əxlaqını çətin zamanlarda da göstərməsidir. Kasıblıq, aclıq, qorxu, mallardan azaltma, xəstəlik, inkarçıların təhdidləri, böhtanları və tələləri kimi hadisələrlə qarşılaşanda səbir edən müsəlmanlar gözəl rəftarlarının əvəzini daha gözəli ilə alacaqlar. “Bəqərə” surəsində inananların dünyada yaşadıqları imtahanların nə ola biləcəyi və bunun nəticəsində göstərdikləri gözəl rəftarlar bu şəkildə xəbər verilmişdir:
"Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır” (Bəqərə surəsi, 155-157)
Allahın imtahan sənətindəki incəliklər necə qarşımıza çıxır?
Dünya həyatının yaradılışında insanın imtahanı baxımından mühüm hikmətlər var. Allah dünyanı cüt istiqamətdə yaratmışdır. Dünya həyatı bir çox yaradılış möcüzəsini, gözəllikləri, nəfsin xoşuna gələn və insan ruhuna xitab edən saysız nemətləri əhatə edir, lakin bu gözəlliklərlə yanaşı, saysız əskiklik və qüsurlara da sahibdir.
İnsan Allahın gözəl surətdə yaratdığı varlıqdır, amma eyni zamanda, bir çox qüsura da malikdir. Dilədiyi təqdirdə hər kəsi mükəmməl şəkildə yaratmağa qadir olan Allah imtahanın tələbi olaraq dünya həyatında gözəlliyin içində çirkinliyi də yaradır. Məsələn, insan bədəni qüsursuz, hər təfərrüatı uca Rəbbimiz tərəfindən mükəmməl yaradılmışdır. İnsanın bədənindəki hər orqan üçün ayrı-ayrı yaradılmış mükəmməl sistem var. Ancaq xəstəliklər bu mükəmməl sistemin çox yaxınındadır. Ortada çox kompleks xüsusiyyətlərə malik orqanizm var. Ancaq bu orqanizm nə qədər mükəmməl olsa da, xəstələnməyə, ən kiçik xarici və ya daxili amillə pozulmağa, çürüməyə, yaşlanmağa və nəticədə ölməyə məhkumdur.
İnsan nemət bolluğu ilə imtahan edildiyi kimi, nemətlərdən azaltma ilə də sınanır. Məsələn, Allahın insana bir nemət olaraq verdiyi gözəllik, sağlamlıq, gənclik, pul, mallar, uşaqlar və daha bir çox gözəllik də imtahan vasitəsidir. İnsan bunların hər biri ilə ayrı-ayrı sınanır. Hər insan bu nemətlərə şükür etməklə, gözəl əxlaq göstərməklə və bunları Allahın razılığı istiqamətində qiymətləndirməklə imtahan olunur. Çünki Allahın imtahan sənətində bu nemətlərin hamısının verilmə hikmətləri var. Nemətlər kimi, əskiklikləri də düşünə bilərik. Çirkinlik, xəstəlik, yaşlılıq, kasıblıq və mallardan azalma da insan üçün ayrı-ayrı yaradılan imtahan vasitələridir.
Möminlər hər imtahanı səbirlə qarşılayırlar
Allahın imtahan sənətindəki incəliklər o qədər qüsursuz işləyir ki, iman gətirən insanlar üçün çirkinliklər gözəlliyə, çətinliklər asanlığa, əskikliklər nemətə çevrilir. Kənardan baxdıqda hər hansı bir çətinlik, əziyyət kimi qəbul edilən vəziyyət imanla və Quran əxlaqına əsaslanan dünyagörüşü ilə nemətlərə çevrilə bilər. Məsələn, dünya həyatında imtahanın tələbi olaraq bir müsəlmanın gözəlliyinə, sağlamlığına və ya malına zərər gələ bilər. Ancaq imanla bu vəziyyət axirətdə sonsuz gözəlliyə çevrilər. Yaxud da Allahın imtahan üçün verdiyi xəstəlik qarşısında göstərilən səbir, gözəl əxlaq və təvəkkül müsəlman üçün sonsuz axirət həyatında sonsuz nemətə çevrilə bilər.
Quran əxlaqına görə yaşamayan insanlar üçün Allahın imtahan üçün verdiyi nemətlər onların sonsuz həyatında qarşılarına gözəllik kimi çıxmaya bilər (ən doğrusunu Allah bilir). Məsələn, dünyada gözəllik, sağlamlıq, var-dövlət və ya etibar sahibi olan bir insan Allahın razılığını qazanmağa istiqamətli yaşamadığı və nankorluq etdiyi üçün bu nemətlər sonsuz axirətdə qarşısına gözəllik kimi deyil, çirkinlik, əskiklik və sonsuz əzabla çıxa bilər.
Əsla unudulmamalıdır ki, dünya qısa sürən imtahan yeridir. İnsan bu müddət ərzində Allahın imtahan sənətini və təfərrüatlardakı möcüzələri düşünmək, beləliklə, Rəbbimizi tanımaq, Onun hökmlərinə itaət etmək və yalnız Onun razılığını axtarmaqla məsuldur. Bununla bərabər, həyatı boyu başına gələn hər şeyə ən gözəli ilə cavab vermək, səbir etmək və gözəl əxlaq göstərməklə məsuldur.
Hər şeyin Rəbbimizdən gələn bir sınaq olduğunu bilmək, bunlardan zövq almaq, qarşılaşdığı hər hadisəni sevinc və şövqlə qarşılamaq isə dünyadakı imtahanın möminlərə xas olan sirridir. Allah bu sirri bizə Quranda xəbər vermiş və dünyadakı imtahanımızın nəticəsinə görə axirətdə əvəz alacağımızı xəbər vermişdir:
“İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun” (İnsan surəsi, 2-3)
Gözəllik və çirkinlik, qüsursuzluq və əskiklik, sağlamlıq və xəstəlik, həyat və ölüm iç-içədir. Allahın imtahan sənətinin bir tələbi olaraq bunlar dünya həyatında vəhdət təşkil edir.