İnsan özünə daima belə bir sual verməlidir: hər an hər şeyi Allahın etdiyini mütəmadi şəkildə düşünürəmmi?

  • Müəyyən vaxtda biri ilə görüşəcəkdiniz, lakin həmin adam vaxtında gəlmir.
  • Uğurlu bir iş gördünüz, amma qarşınızdakı şəxs bunu lazımi qədər təqdir etmədi.
  • Çox əmək sərf edib qarşınızdakı insana gözəl bir şey təqdim edirsiniz, o isə buna əhəmiyyət vermir.
  • Yaxşı niyyətlə bir söz söyləyirsiniz, lakin qarşınızdakı bunu səhv başa düşür.
  • Saatlarla təmizlik işləri görüb ətrafı gözəlləşdirirsiniz, amma biri gəlib düşüncəsiz şəkildə hər yeri zibilləyir.
  • Təcili surətdə birindən kömək istəyirsiniz, o isə sizi unudur.
  • Yatmaq istəyirsiniz, amma birisi  düşüncəsiz şəkildə səs-küy salır.
  • Birinə mühüm bir əşya əmanət edirsiniz, o isə əşyanı itirir.
  • İllərlə universitet imtahanına hazırlaşırsınız, amma sonuncu gün xəstələnib imtahana gedə bilmirsiniz.
  • Yeni paltar alıb geyinirsiniz, ani bir səhvlə üzərinizə yemək tökülür.
  • Alış-verişə çıxıb keyfiyyətli mal alırsınız, amma evə gəldiyinizdə aldadıldığınızı başa düşürsünüz.
  • Çantanıza çoxlu pul qoyursunuz, amma pulqabınız oğurlanır.
  • Yola çıxırsınız, naşı bir sürücü gəlib sizi vurur.
  • Yaxud tələsirsiniz, amma yolda tıxac olduğuna görə, saatlarla istədiyiniz yerə çata bilmirsiniz.
  • Yaxın qohumunuz anidən xəstələnir, lakin təcili yardım gec gəldiyi üçün xilas olmayıb vəfat edir.
  • Müalicə almaq üçün xəstəxanaya gedirsiniz, lakin səhlənkarlıq üzündən  bədəninizə başqa bir mikrob düşür və yeni xəstəliyə tutulursunuz.
  • Bütün bu yaşadıqlarınıza görə zərər çəkdiyinizi düşünür və bütün günahın qarşınızdakı şəxslərdə olduğunu zənn edirsiniz. Qəzəblənir və bu hirsinizi onlara yönəldirsiniz.

Belə hallarda bir çox insan qəzəblənir və giley edir. Sanki həmin adam o səhvi və ya davranışı etməsəydi, hər şey onun tam istədiyi kimi olacaqdı.

Halbuki bu, o qədər böyük yanlışdır ki, əgər insan bu həqiqəti qavrayarsa, həyata baxışı tamamilə dəyişər. Uca Allah bir Quran ayəsində yerdən göyə hər şeyi nizamlayanın Zatı olduğunu belə xəbər verir:

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız!  (Rəd surəsi, 2)

 

 Dünyada Allahdan başqa bir toz zərrəsini belə hərəkət etdirə bilən güc yoxdur

Dünyada baş verən hər şey yalnız Allah istədiyi üçün reallaşır. Bir insanın həyatı boyu yaşadıqlarını bir film kimi təsəvvür edin: bu filmə hər dəfə baxdığınızda eyni görüntülərlə qarşılaşacaqsınız, belə ki, insan həyatının da bundan heç bir fərqi yoxdur. Bu film yüz illər boyu saxlansa da, eynilə qalar.  Odur ki, insanın ömrü boyu yaşayacaqları da bunun kimi heç vaxt dəyişmir. Əgər bir insan gedəcəyi yerə gecikməlidirsə, mütləq gecikəcək. Bunun səbəbi yoldakı tıxac, xəstəlik və ya unutqanlıq ola bilər. Amma nəticə heç vaxt dəyişmir. Eyni şəkildə ölüm vaxtı çatan bir insanın ölümünə heç bir amil mane ola bilməz; təcili yardım gecikə bilər, yol qəzası ola bilər, həkim səhlənkarlıq edə bilər. Amma bu nəticə qəti şəkildə reallaşar.

Buna görə də insanın gündəlik qarşılaşdığı hadisələrə qarşı baxış yönü fərqli olmalıdır. Məsələn, əgər pulqabısı oğurlanırsa, deməli, həmin insanın pulunun olmaması lazım idi və Allah bunun üçün bir səbəb yaratmışdır. Əgər bir adam universitet imtahanına gedə bilmirsə, deməli, Allah həmin il o adamın universitetə daxil olmamasını, başqa işlə məşğul olmasını istəmişdir. Əgər qarşı tərəf gecikdiyinə görə görüş baş tutmursa, bu, Allahın bu görüşün olmamasını istədiyi üçündür. Allah istəmədikcə heç kim gecikə bilməz; heç kim unutmaz; heç kim səhlənkarlıq edə bilməz; heç kim bir şeyi səhv anlaya bilməz; heç kim  verilən əmanəti itirə bilməz; heç kim tıxaca düşməz; heç kim avtomobili pis idarə etməz… Bu mövzuda bir həqiqəti bilmək lazımdır: insanın yaşadığı hər hadisəni yaradan Allahdır və Allah reallaşması zəruri olan hadisə üçün mütləq bir səbəb yaradır. Ancaq bu səbəb də öz-özünə meydana gəlmir. Heç kim Allah istəmədən bunu etmək iqtidarında deyil. Rəbbimiz Quranda bu həqiqəti belə bildirir:

“Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!”(İnsan surəsi, 30)
“Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!” (Təkvir surəsi, 29)
“Onları  siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir!”(Ənfal surəsi, 17)

Yaşanan hadisələrin hamısı dünya həyatının imtahan yeri olmasından qaynaqlanır

Allah insanları imtahan etmək üçün, onların xoşlarına gələn və gəlməyən müəyyən hadisələr yaradır. Bununla da insanlar həmin hadisələr qarşısında hansı əxlaqı göstərəcəkləri ilə sınağa çəkilir. Allah bütün yaratdığı hadisələrdə bizim heç bilmədiyimiz sirlər, hikmətlər, nemətlər və müxtəlif sınaqlar gizlətmişdir. Məsələn, başqasının düşüncəsizliyi səbəbi ilə bir yerə gedə bilməyən bir adam bəlkə də buna görə böyük təhlükələrdən qorunur. Yolda onu vuracaq  avtomobil, qarşısına çıxacaq pis adam, yolda başına gələcək oğurluq və ya yoluxacağı xəstəlik bəlkə də bu vasitə ilə əngəllənir.

Bu səbəblə, insan hadisələrin ardında bir çox sirr və hikmətlərin olduğunu bilərək hər an Allaha tam güvən və təslimiyyət içində yaşamalıdır. Qarşılaşdığı yaxşı və pis hadisələrə, nemət və çatışmazlıqlara baxmayaraq, Allaha şükr etməli, Allahın ən xeyirlisini yaratdığını düşünməlidir. Uca Allah bir ayədə bunu belə bildirir:

… Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz  ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Bu səbəblə, insan gündəlik qarşılaşdığı hadisələrin heç birinin insanlardan qaynaqlandığını düşünməməlidir. Hamısını yaradanın yalnız Allah olduğunu unutmamalıdır. Ona yaxşılıq və ya pislik edən, zərər verən və ya lehində hərəkət edən yalnız Allah əmr etdiyi üçün belə davranır. Dolayısı ilə, bir insanın yaşadıqlarına görə insanlara qəzəblənməsinin, gileylənməsinin, küsməsinin və inciməsinin mənası yoxdur. Mömin nemət və ya çətinliklə qarşılaşdığında bunların yalnız Allahdan olduğunu bilməlidir. Əlbəttə, insan pislərə qarşı tədbirli olmalı və yaxşı insanlara qarşı gözəl davranmalıdır. Amma həyatının hər anındakı hadisələri yaradının Allah olduğunu heç vaxt unutmamalıdır. Bu həqiqəti bilən müsəlmanların əxlaqı  Quranda belə bildirilmişdir:

De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)