2011-ci ildə Avropa İttifaqı dünyadakı ən böyük 10 problemi sıraladığı bir hesabat dərc etdi. Bu hesabata görə az əhəmiyyətlidən başlayaraq dünyanın problemləri bu şəkildədir: nüvə silahlanması, silahlı münaqişələr, yoluxucu xəstəliklər, qlobal əhali artımı, enerji resurslarının azalması, beynəlxalq terrorizm, iqtisadi vəziyyət, iqlim dəyişikliyi və aclıq, yoxsulluq və təmiz suyun olmaması.
Bu hesabat problemləri dünyadakı ən zəngin 1%-lik təbəqənin baxış bucağından dəyərləndirirdi. Bu gün hər kəs öz prioritetlərini önə çəkir. ABŞ-da hər cür rahatlığa malik biri üçün iqlim dəyişiklikləri ən mühüm problem kimi göründüyü halda, mikro bioloqlar üçün qlobal epidemiyalar daha əhəmiyyətlidir. Siyasi analitiklər üçün isə nüvə silahları, beynəlxalq terrorizm və Hindistan-Pakistan, Koreya yarımadası və ya Yaxın Şərq kimi münaqişə bölgələri ən təcili müdaxilə edilməli olan problemlərdir.
Əgər media təbliğatından bir an başımızı qaldırıb dünyanın həqiqətlərinə baxa bilsək, ən təxirəsalınmaz problemi fərq etmək daha asan olacaq. Bu gün 1,5 milyard insan elektrik enerjisindən məhrumdur. Dünyanın ən kasıb 10 ölkəsinin 6-ında əsas ölüm səbəbləri malyariya, xolera, tənəffüs yolu və doğuş öncəsi infeksiyalardır. Halbuki bu xəstəliklərin qarşısı müalicə ilə asanlıqla alına bilir. Hər il 500.000 uşaq A vitamini çatışmazlığından kor olur. 2015-ci ildə hər 7 nəfərdən bir insan gündə 1,25 dollarla həyatda qalmaq uğrunda mübarizə aparır. Hər 4 nəfərin də gündəlik qazancı 2,5 dollardır. Yoxsulluq həqiqi mənada dünyanın ən mühüm problemidir.
Yoxsulluq probleminin səbəbi dünyadakı məhdud imkanlar deyil. Sərvətlərin bərabər şəkildə bölüşdürülməməsidir. Dünyadakı gəlir bərabərsizliyi haqqında ən müfəssəl hesabat bərabərsizliyi aradan qaldırmağı hədəfləyən OXFAM təşkilatı tərəfindən 2014-cü ildə nəşr olunub. Hesabat dünyanın bütün sərvətini 250 trilyon dollar olaraq hesablayıb. Bu məbləğin yarısına, yəni 125 trilyonuna dünya əhalisinin yalnız 1%-i sahibdir. Yerdə qalan 125 trilyon isə əhalinin 99%-i tərəfindən bölüşdürülürüb. Bir başqa maraqlı məqam isə 2015-ci ildə dünyadakı ən zəngin 62 nəfərlə ən kasıb 3,5 milyard insanın eyni sərvətə malik olmasıdır. Təkcə 5 il əvvəl, 2010-cu ildə bu rəqəm 400 idi. Hesabata görə, əhalinin 6%-i sərvətlərin 75%-nin sahibidir. FORBES jurnalının siyahısındakı 1200 milyarderin ümumi sərvətinin 4,5 trilyon ABŞ dolları olduğunu düşünsək, müharibə və münaqişələrlə dolu dünyamızın bu bərabərsizliyi artıq qəbul etməyəcəyi çox açıqdır.
Varlı və kasıb təbəqə arasındakı uçurum 20-ci əsrdən etibarən sürətlə artmağa başladı. Müharibə və böhran dövrlərində sürəti azalsa da zənginlər daha da zənginləşdi, kasıblar daha da yoxsullaşdı. 20-ci əsr boyunca dünya miqyasındakı ümumi sərvət artımının yarısı ən zəngin 1%-in cibinə gedərkən, ən kasıb 50%-lik təbəqə isə bu sərvət artımından yalnız 1%-lik pay əldə edə bildi. 21-ci əsrin inkişafı ilə birlikdə rifah fərqi gedərək artmağa başladı. Bir çox tədqiqatçı 2050-ci ildə 10 milyard əhalisi olacaq dünyamızda kasıb-varlı fərqinin daha böyük olacağını ehtimal edir. Bu səbəbdən də 99%-i təmsil edən Occupy Wall Street kimi iqtisadi üsyanların artacağına inanırlar.
Son 25 ildə artan kapitalizm mega zəngin insanların ortaya çıxmasına səbəb oldu. "Qazanan hər şeyə sahib olur" məntiqi və iqtisadi siyasətlər zənginləri daha da zənginləşdirdi. Mega kapitalizm nəticəsində insanlar super zənginlər və super kasıblar olaraq qütbləşdi. Dünyadakı bərabərsizliyin bu qədər sürətlə artmasının əsas səbəbi iqtisadi siyasətlərin mega zənginlər tərəfindən müəyyənləşdirilməsi idi. Ölkələr investisiya gəlirlərindəki vergiləri azaltdılar. Bazarların inhisarçı və ya yarı inhisarçıların nəzarətinə keçməsinə icazə verildi. Anti-trest qanunları zəiflədildi. Ən əsası isə dünya sərvətləri maliyyə manipulyasiyaları vasitəsilə bölüşdürüldü. 2008-ci il maliyyə böhranında mərkəzi banklar maliyyə qurumlarına milyardlarla dollar verərək sistemi davam etdirə bildi. Bu vəziyyət aşağı təbəqələrin hüquqlarını axtaran bir çox alternativ hərəkatı da ortaya çıxardı.
"Biz 99%-ik" şüarı ilə ortaya çıxan "Occupy Wall Street" hərəkatı bunlardan ən məşhuru idi. Mürəkkəb quruluşuna görə maliyyə bazarlarını sadəcə sistemin içində olan, yaxud da sistemdən faydalananlar anlaya bilirdi. Sadə vətəndaş heç bir nəzarəti olmayan iqtisadiyyatda hər zaman itirən mövqedə idi. Biz 99%-ik şüarı 1%-lik təbəqəyə xidmət edən maliyyə sektorundakı səhvləri ödəmək məcburiyyətində qalan 99%-i təmsil edirdi. Demokrat partiyasının sədrliyinə namizəd Bernie Sanders da bu şüarı öz kampaniyasının mərkəzinə qoydu. Dünyanın ən zəngin xalqı, dünyanın ən zəngin iqtisadiyyatı belə gəlir bərabərsizliyindən şikayət edirdi.
Gəlir bərabərsizliyini araşdırarkən qadın və kişilər arasındakı bərabərsizliyi də gözardı etməmək lazımdır. Dünyanın ən zəngin 500 nəfərinin 445-i kişi olduğu kimi, aclıq sərhədinin altında yaşayanların 75%-nin isə qadın və uşaqlardan ibarət olması çox düşündürücüdür. Qadınlar ən varlı və ən kasıb təbəqədə də hər zaman kişilərin kölgəsi altında yaşamaq məcburiyyətində qalır.
Qloballaşan iqtisadiyyatlar zənginlərin mənfəətini qoruyan sistem qurur. Ağır rəqabət mühiti ölkələri vergiləri azaltmağa məcbur edir və bunun nəticəsində də sosial və ətraf mühitlə bağlı layihələrə daha az vəsait ayrılır. İşçilərin hüquqları ağır rəqabət təzyiqi altında gözardı edilir. Kasıb təbəqə daha az təhsil, daha az səhiyyə, daha az təhlükəsizlik xidməti almaq məcburiyyətində qalır. Bu da yeni nəsillərin daha da yoxsullaşmasına səbəb olur. Vəhşi kapitalizm altında əzilən cəmiyyətlər də çarəni küçələrdə axtarırlar. Son 10 il ərzində Occupy hərəkatı 34 inkişaf etmiş ölkədə küçə aksiyaları keçirib. Bu aksiyaların bəzisi dinc şəkildə, bəzisi də küçələri yandırıb yıxmaqla keçib. Bənzər şəkildə ərəb baharı adlandırılan hərəkatın fitilini də sistemə qarşı etiraz üçün küçələrə axışan ərəb gəncliyi alovlandırdı.
Bura qədər verilən rəqəmlər bir statistikadan ibarət deyil. Real həyatda aclıqdan ölən bir afrikalı uşaq, düzgün qidalana bilmədiyi üçün xəstəliklərlə boğuşan vyetnamlı qadın və ya Çində bir ovuc düyü ilə qidalanmağa çalışan işçi deməkdir. Bu dünya 7 milyard insanın ortaq vətənidir. Heç kim "mən istədiyim kimi yaşayım başqası məni maraqlandırmır" demək hüququna malik deyil. İnsanların gündəlik maraqlarını bəşəriyyətin xeyirinə tərcih etməsi dünyanı qaranlıq hala salır. Bu eqoizm alovu bütün dünyanı yandıracaq gücdədir. Dünyadakı vicdanlı insanlar bu alovu ən qısa zamanda söndürmək üçün birləşməlidirlər.
Adnan Oktarın «Pravda.ru»da dərc edilən məqaləsi:
http://www.pravdareport.com/opinion/columnists/14-03-2016/133802-world_wealth-0/