Güldürən də, ağladan da Odur! (Nəcm surəsi, 43)
Mömin yaşadığı hər şeyi Allah`ın yaratdığını bilir və buna görə də hər cür hadisə qarşısında Allah`dan razıdır. Ən böyük çətinliyi belə təvəkküllə qarşılayır. Dünyaya aid hər şeyin müvəqqəti olduğunu bildiyi üçün bunların itkisindən kədərlənmir. Çünki bilir ki, bu dünyada əlindən çıxan hər şey gözəl əxlaq göstərdiyi üçün axirətdə özünə qat-qat artığı ilə geri veriləcək. Üstəlik, Allah inananlara dünyada da ən gözəl həyatı vəd etmişdir.
İnkar edənlər üçün isə vəziyyət belə deyil. Onlar yalnız dünya həyatını özlərinə məqsəd edir və yaşadıqları bütün hadisələri, qarşılaşdıqları bütün insanları Allah`dan müstəqil olaraq qiymətləndirdikləri üçün ruhən sıxıntı yaşayırlar. Daima ətrafdakı insanları razı etmək, dünyəvi istəklərinə qovuşmaq üçün çalışmağın yaratdığı qorxu və təlaş içindədirlər. Allah`ı özlərinə dost və yardımçı etmədikləri üçün hər şeyi özləri düşünməli, həll etməlidirlər. Amma heç nəyə gücləri çatmır. Yalnız Allah`a təvəkkülə və imana görə yaradılmış olan insanın təbii olaraq nə ruhu, nə də bədəni bu yükü qaldıra bilər. Belə ki, ağlamaq, kədər, çətinlik də bu zaman ortaya çıxır. Çünki bu insanlar Allah`dan üz çevirməklə ən böyük zülmü işləyirlər. Allah bu şəxslərə həm dünyada, həm də axirətdə bəla verəcəyini bu şəkildə xəbər verir:
Elə isə qazandıqlarının cəzası olaraq az gülsünlər, çox ağlasınlar. (Tövbə surəsi, 82)
Bu, yuxarıda da ifadə etdiyimiz kimi, Allah`ın inkarçılara təqdir etdiyi bəladır. Ağlayacaqları hər hadisəni, hər səbəbi Allah yaradır və vaxtını da o təyin edir.
Allah inkarçıları ağladarkən mömin qullarına Öz qatından sevinc, rahatlıq və dinclik verir, üzlərini daima güldürür. Onların vəlisi və dostu olduğu üçün hüznü və pisliyi onlardan uzaqlaşdırır. Çətinliklə qarşılaşsalar belə, onlara səbir və güc verir, sevinclərini azaltmır. Möminlər ancaq səcdədə ikən Rəbbimizin böyüklüyü qarşısında bəslədikləri sevgi dolu qorxudan ötrü ağlayırlar. Bunun xaricində Allah diləmədikcə heç bir hadisə onları ağlada bilməz. Allah`ın onlar üçün hökmü dünyada da, axirətdə də şadlıqdır. Möminlərin məmnuniyyəti ayələrdə belə bildirilir:
İman gətirib yaxşı işlər görənlərə gəlincə isə onlar cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi, 15)
Həqiqətən də cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. (Yasin surəsi, 55)
Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə cənnətə daxil olun! (Zuxruf surəsi, 68-70)
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və nemət içində yaşayacaqlar. Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları cəhənnəm əzabından xilas etmişdir. (Tur surəsi, 17-18)
Şübhəsiz, inkarçılarla möminlər axirətdə bir-birlərindən üzlərindəki ifadə ilə də ayrılacaqlar. Allah möminlərlə inkarçılar arasındakı ayrı-seçkiliyi ayələrdə belə bildirir:
O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar! (Əbəsə surəsi, 38-42)