Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını paylaşacağı, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi mövzularda yol göstərən, onu sevən, sədaqətli olan, qoruyan, səhvlərinə şəfqətlə yanaşan, xəstələndikdə və ya yaşlandıqda onu tək buraxmayan insanlar axtarır…
Sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah insanın fitrətini sevməkdən və sevilməkdən zövq alacağı, dostluqdan və yaxınlıqdan xoşlanacağı şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha çox zövq verir. Bu səbəbdən, Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun və yaxınlığın sonsuza qədər böyük coşğu ilə yaşanacağı gözəl yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi xəbərlərdə həmişə sevinc, yoldaşlıq, sevgi, söhbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayədə cənnətə girən möminlərin kökslərindəki kin-küdurəti çıxaracağını bildirmişdir (“Əraf” surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, hirs, incimə kimi sevgiyə və dostluğa mane olan pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq.
Allah Quranın bir çox ayəsində möminlərin bir-birlərinin vəliləri olduqlarını bildirir. Bu ayələrdən biri belədir:
“Mömin kişilərlə mömin qadınlar bir-birinin vəliləridir. Onlar yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)
Vəli sözünün mənası dost, qoruyucu, köməkçi və dəstəkçidir. Bu səbəbdən, bu ayənin tələbi olaraq vicdanlı, gözəl əxlaqlı və səmimi möminlər bir-birlərini dəstəkləməli, qorumalı, bir-birlərinə dost olmalı və kömək etməlidirlər.
Dostluq necə olmalıdır?
Əxlaqa əhəmiyyət verilən dostluq: əsl dost olmaq üçün insanı yalnız gözəl əxlaqına görə sevmək lazımlıdır. Bu xüsusiyyətlər insanın Allah qorxusu və sevgisi, imanı, səmimiyyəti və təqvasıdır. Ancaq bu dəyərlər üzərində qurulan dostluqlar möhkəm ola bilər. Bu cür yüksək əxlaqa sahib olan insanların dostluğu sarsılmaz olur.
Bitməyən dostluq: şübhəsiz, hər insan üçün əsl dostluq çox qiymətli və böyük nemətdir. Əsl dost insanın yaxşı günündə də, pis günündə də yanında olan, özü üçün istədiyi bütün gözəllikləri dostu üçün də tərəddüd etmədən istəyən, onun xoşbəxt olmasını, yaxşı olmasını ən az özü qədər arzu edən insandır. Qısqanclıq, rəqabət kimi düşüncələrə qapılmadan qarşısındakı insanı səmimiyyətlə sevən və həmişə onun yaxşılığını istəyən insandır. Quran əxlaqından qaynaqlanan belə möhkəm dostluğu başqa cür əldə etmək mümkün deyil.
Axirəti hədəfləyən dostluq: əsl dost öz dostunun dünyada da, axirətdə də xoşbəxt olmasını hədəfləyən insandır. Lazım olduqda səmimi və açıq danışıb, ona imani istiqamətdən əskikliklərini izah etmək, onları aradan qaldırmaq üçün yol göstərmək də əhəmiyyətli dostluq xüsusiyyətidir. Bu cür davranışı ancaq həqiqətən sevən və həqiqətən dost olan insan edər.
Hörmət və sevgiyə əsaslanan dostluq: quran əxlaqının yaşandığı bir mühitdə Allah qorxusu və iman insanların bir-birlərinə əsl mənada sevgi və hörmət bəsləmələrini təmin edən dəyərlərdir. İman gətirənlərin bir-birlərinə bəslədikləri sevgi, güvən və sədaqət onların Allah yolunda göstərdikləri səyə görə formalaşır. Allahın razılığını qazanmaq üçün sahib olduğu hər şeyini xeyir yolunda sərf edən, bu yolda düz istiqamət götürən bir mömin müsəlman qardaşlarının sevgisini qazanar və onlara ən gözəl şəkildə nümunə olar. Aralarındakı güclü sədaqət bir-birlərinə olan sevginin, bağlılığın və güvənin artmasına səbəb olar. Bu səbəbdən, dostluq və yaxınlıq insanların Allah qorxuları, imanları və gözəl əxlaqları üzərində qurulmuşdursa, xəstəlik və ya yaşlılıqla yaranan fiziki dəyişikliklər bu dostluğa qətiyyən təsir edə bilməz. Əksinə, bu vəziyyətdəki bir möminə daha da çox şəfqət və mərhəmət duyular.
Dürüstlüyə əsaslanan dostluq: səmimiyyət insanın daxili ilə xaricinin bir olması, ürəyində hiss etdiyini xaricə əks etdirməsidir. Çox səmimi, açıq və dəqiq olması, düşüncələrini, duyğularını gizlətmədən özünü olduğu kimi göstərməsi, əsl xarakterini açıq şəkildə ortaya qoymasıdır. Quran əxlaqına görə, insan səmimiyyəti ölçüsündə dəyər qazanır; yaxınları və sevdikləri onun səmimi olduğunu bildikləri üçün həmin insana güvənür və onu sevirlər. Allah Quranda belə buyurur:
Sizin dostunuz yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə surəsi, 55)
Cahiliyyənin dostluq anlayışı
Qəzetlərdə, jurnallarda, televizor kanallarında və ya ətrafımızda tez-tez bir-birlərini nə qədər çox sevdiklərini söyləyən insanların tətillərdə, əyləncə yerlərində, iş yoldaşlarının, şəriklərin isə şirkətləri qarşısında çəkilmiş şəkillərini görürük. Bir müddət sonra həmin insanların yoldaşlıqlarının, dostluqlarının, iş münasibətlərinin və ya evliliklərinin bitdiyi ilə əlaqədar xəbərlər qarşımıza çıxır. Əvvəl bir-birlərini sevdikləri, bir-birlərinə dəyər verdikləri, “Bizim sevgimiz çox fərqlidir”, – deyən insanlar sonradan bir-birlərinə cəmiyyətin qarşısında çox ağır sözlər söyləyərək, böhtanlar ataraq, bir-birlərini maddi çətinliklər içində qoyaraq ayrılırlar.
İnsanlar arasındakı əlaqələr necə olursa olsun (istər evlilik, istər iş ortaqlığı, istər yoldaşlıq), onların arasındakı bağların qopması bu və ya buna bənzər şəkildə olur. Bir müddət əvvəl bir-birlərini sevən, dəyər verən kimi görünən insanlar biri digərini alçaldaraq, nifrət edərək ayrılırlar.
Əslində, yaşadıqları sistem içərisində sevgi və dostluq adlandırdıqları şey əsl sevgi və əsl dostluq deyil. Bu, yalnız keçici həvəslərə əsaslanan, möhkəm dayağı olmayan, qarşılıqlı mənfəətlər istiqamətində inkişaf edən və qorunan, heç bir mənəvi dərinliyi olmayan, əsasən, maddi dəyərlərə əsaslanan və tərəflərdən birinin mənfəətinin bitməsi ilə sona çatan əlaqələrdir.
Təkliyə məhkum olan dostluq: Quran əxlaqını özlərinə rəhbər etməyən insanlar nə qədər istəsələr də, əsla yaxın dost tapa bilməzlər. Buna görə, bir çox insanın “Təkəm”, “Bir dostum belə yoxdur”, “Hamısı çətin günümdə tək qoydular, hamı yaxşı günün dostu imiş” kimi sözlərinə tez-tez rast gəlinir.
Mövqe və etibara əsaslanan dostluq: bəzi insanların var-dövlət, gözəllik, etibar, mövqe, ya da ictimai status kimi dəyərlərə görə qurduqları dostluqlar heç vaxt daimi olmaz. Çünki dostluğun əsaslandığı bu dəyərlərdə bir dəyişiklik olduğu zaman dostluq da bitir. Məsələn, bu əxlaqa sahib olan bir insan çox gözəl və dəbdəbəli həyat sürən biri ilə yoldaş ola bilər. Əgər həmin insan qəza nəticəsində tanınmayacaq qədər qüsurlu və eyni zamanda da baxıma möhtac, aciz bir vəziyyətə düşərsə, bu insana olan bütün əlaqə və yaxınlıq da bitər.
Rəqabətə əsaslanan dostluq: rəqabət gözü ilə baxan, həsəd aparan insanlar çox vaxt məcbur qalanda başqalarına səhvlərini söyləyirlər. Çünki başqalarının özlərindən yaxşı olmasını istəmir və ya dostluqlarının pozulacağını düşünərək səhv hərəkət görsələr belə, “Çox yaxşısan”, “Biz səni belə, olduğun kimi sevirik” kimi sözlər söyləyərək çox vaxt səmimiyyətsiz davranırlar. Səhvlərini o zaman insanların üzlərinə vururlar ki, həmin an onları incitməyi və utandırmağı düşünürlər.
Mənfəətə əsaslanan dostluq: mənfəətlərinə görə yaşayan insanlar özləri də maddi-mənəvi eniş və yoxuşlarla qarşılaşırlar. Gözəlliklərini, gəncliklərini, sağlamlıqlarını, sahib olduqları malları, zənginliklərini itirirlər. Əvvəl əsl dost zənn etdikləri insanların yaşlananda, zəifləyəndə onlara dəyər vermədiklərini görürlər. Yaxşı günlərində çox yaxın davranan, bir-birlərinə sədaqət andı içən insanlar bir-birləri ilə danışmayan və hətta bir-birlərini tanımayan insanlara çevrilirlər. Bir problemləri olanda məsləhətləşəcəkləri, kömək istəyəcəkləri, güvənə biləcəkləri insanların olmadığını görürlər. “Ən yaxınım”, – dedikləri insanların belə, mənfəətlərini dostluqdan üstün tutduqlarını anlayırlar.
Etibarsızlığın hakim olduğu dostluq: Quran əxlaqına görə yaşamayan insanların bir-birlərinin pis əxlaq xüsusiyyətlərini bilərək əsl sevgi bəsləmələri, hörmət bəsləmələri, güvənmələri qeyri-mümkündür. Bir insanın yalan danışdığını, ikiüzlü və süni olduğunu bilib, mənfəətləri üçün başqalarından istifadə etdiyini görüb ona qəlbən sevgi bəsləmək və hörmət etmək mümkün deyil. İnsan nə qədər: “Dostum, yaxınım”, – desə də, bu insanın başqalarına olduğu kimi, özünə qarşı da eyni cür yanaşdığını bilir.
Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan surəsi, 27-29)
Əsl dostluq Allah rizası üçün olandır
Qurana görə yaşamayan insanlar əsl sevgi və dostluğun da necə olduğunu bilməzlər. Çünki əsl sevgi və dostluğun əsası Allah sevgisi və razılığı üzərində qurulur, iman, təqva, Allaha olan yaxınlıqla artır.
İman gətirən bir insan Allahı böyük coşğu, həyəcanla sevər. Allaha olan sevgisindən ötrü Allahın yaratdıqlarına qarşı da böyük sevgi və məhəbbət duyar. Allahı çox sevdiyi üçün Allahı sevən imanlı insanlara qarşı böyük sevgi duyar. Təqvaya əsaslanan sevgidə cahiliyyə əxlaqında tez-tez eşitdiyimiz “… sevgim bitdi, sevgim azaldı, dostluğumuz bitdi… və s.” kimi ifadələrə yer yoxdur. Mömin qarşısındakı insan imanlı və təqvalı olduğu müddətcə onu daim, hər şəraitdə və hər vəziyyətdə çox sevər. Yaşlılıq, şikəstlik, fiziki qüsur, mövqeyi itirmək, müflisləşmək, xəstəlik, səhv etmək kimi vəziyyətlər əsla sevgiyə mənfi istiqamətdə təsir etməz. Bu sevgidə vəfa, sədaqət, mərhəmət, bağışlama var. Əskiklik, qüsur olsa belə, yenə də gözəl gözlə baxma var. Allah üçün olan sevgidə, sevginin müddəti, ya da sonu yoxdur. Bu sevgi dünyada və sonsuz axirət həyatında yaşanmaq üçün hədəflənmişdir. Allah əsl sevgi və dostluğun yaşanmasının ancaq imanla mümkün olduğunu Quranda belə bildirir:
İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
”Şeyxi-əkbər” (ən böyük şeyx) kimi xatırlanan böyük İslam alimi Muhyiddin Ərəbi möminlərin bir-birlərinə göstərmələri olduqları gözəl əxlaq, dostluq və yaxınlığı əsərlərində belə açıqlamışdır:
“Allahın mömin qullarına salam vermək, yemək yedirmək, işlərini görmək surətilə məhəbbət göstərməlisən. Onu da yaxşı bil ki, möminlərin hamısı bir insandır, bir bədən kimidir. O bədəndən hər hansı bir orqan xəstələnsə, digərləri eyni əzabı və acını çəkər. Mömin də eynilə belədir, din qardaşına bir müsibət gəldiyi zaman onu özünə gəlmiş kimi qəbul edər. Əzabı ilə əzablanar.
Əgər bir mömin digər möminlərin dərdlərini bölüşməzsə, kədərlərinə şərik olmazsa, aralarında iman qardaşlığı təmin edilməz. Çünki Allah insan bədənindəki əzalar kimi, möminlər arasında bir yeknəsəqlik (heç dəyişməyən daimi), qardaşlıq təsis etmişdir. Məhz buna görə də, Allahın elçisi (s.ə.v) o məşhur bənzətməsini etmiş və belə buyurmuşdur: “Bir-birlərini sevmələrində, bir-birlərinə acımalarında, bir-birlərini əsirgəmələrində möminlər bir bədən kimidirlər, o bədənin hər hansı bir üzvü narahat olsa, digər üzvləri o narahatlığı bölüşər və yuxusuz qalar”. Məlumdur ki, mömin Allahın gözəl adlarından biridir. Möminlər bu xüsusiyyəti daşıyanda, aralarında bir qardaşlıq əlaqəsi meydana gələr. Deməli, mömin möminin qardaşıdır. Onu nə düşmənə təslim edər, nə aldadar, nə də müvəffəqiyyətsizliyinə çalışar. Kim Allaha tam inanırsa -Allah, mömin olması səbəbilə- onu hər işində, hər sözündə və halında təsdiqləyər. Bu, bir ismətdir. (Muhyiddin İbn-i Arabi, Fütühat-ı Mekki’den-İbni Arabi, Altın Sahifeler, s. 78-79, Pamuk yayıncılık)
Birlik, həmrəylik, dostluq, fədakarlıq, yardımlaşma, qoruma və buna bənzər xüsusiyyətlər Quran əxlaqının əsasını meydana gətirən gözəlliklərdir. İslam əxlaqını yaşayan insanlar bir-birlərinə qarşı anlayış göstərdikləri, xoş münasibət, sevgi və sülh dolu, dinc mühitdə yaşayarlar. Bu xüsusiyyətlərə sahib olan cəmiyyətlər isə hər zaman daha sürətli inkişaf edər və güc qazana bilərlər. Çünki birlik təmin edildikdə, cəmiyyətin fərdləri güc və enerjilərini mübahisələrə, müharibələrə, qarşıdurmalara, döyüşlərə deyil, həmişə faydalı və gözəl işlərə istiqamətləndirərlər. Ayrıca, hər kəsin əməyini, gücünü, şövqünü qatdığı, bir-birinə maddi və mənəvi istiqamətdən dəstəklədiyi işlərdə, Allahın iznilə, böyük bərəkət və gözəllik meydana gələr.