Burada vacib bir məsələni xüsusilə qeyd etmək lazımdır. Müsəlman qadın Qurana görə necə geyinmək lazım olduğunu çox yaxşı bilir. Bunun üçün bir kişinin qadınlara nəyi necə geyinəcəyini müəyyən etməsinə ehtiyac yoxdur. Bir kişinin qadının necə geyinəcəyinə qarışmaq, onu istiqamətləndirmək və ya mühakimə etmək haqqı da yoxdur. Bu haqqı ona Allah verməmişdir. Bu halda, haqq iddia edə biləcəyi bir vəziyyət də yoxdur. Bu, hal-hazırda müsəlman cəmiyyətlərində dilə gətirilməsi və ifşa edilməsi vacib olan çox önəmli həqiqətdir.
Bir qadın baş örtüyü də, çarşab da geyinə bilər. Başı açıq və ya dekolteli də ola bilər. "Mən müsəlmanam" dedikdə heç bir insanın onu mühakimə etmək haqqı yoxdur. Hansının daha təqvalı olduğu ancaq Allah qatında məlumdur. Dində meyar paltar yox, səmimiyyətdir. Çarşablı bir insan, səmimiyyətsiz olub cəhənnəmə layiq olduğu kimi, dekolteli bir qadın da cənnətə layiq ola bilər. Buna yalnız Allah hökm edə bilər.
Qurandan başqa yol göstəricilər olduqda bir-birindən fərqli, insan fitrətinə uyğun olmayan, insanı maddi və mənəvi hər cəhətdən çətinliyə salacaq problemlər yaranır. Üstəlik bunlar yalnız şəxsi problemlər zəminində yox, ictimai zəmində problemə çevrilir. Bu hissənin mövzusunu təşkil edən və hicablı-hicabsız, dekolteli-çarşablı kimi meyarlarla aparılan paltar ayrı-seçkiliyi də Quranda olmayan yanlış fikirdir və cəmiyyətdə narahatlıqlara gətirib çıxarır.
Allah Qurana görə üstünlüyün xarici görünüş, geyimlə deyil, təqva (Allah qorxusu ilə hərəkət etmək) ilə olduğunu ayədə bildirir:
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allah'ın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız. (Əraf surəsi, 26)
İman qəlbdə yaşanır və həyata keçirilir. İman, bir insanın gözəl əxlaqı, şəfqəti, comərdliyi, səmimiyyəti, əfv ediciliyi, keyfiyyəti, mədəniyyəti, sənət anlayışı, elm anlayışı, qısası, hər şeylə özünü göstərir. Bu səbəbdən insanları xarici görünüşləri ilə deyil, əxlaqları ilə qiymətləndirmək əsasdır.
Xarici görünüşünün necə olmasının heç bir fərqi yoxdur. "Mən müsəlmanam" deyən hər kəs eyni şəkildə nur kimi dəyərli müsəlmandır. Heç biri arasında ayrı-seçkilik edilməsi doğru deyil. Heç kimin ayrı-seçkilik etmək haqqı da yoxdur.