Bəzi cəmiyyətlərdə yoxsulluğu, miskinliyi, əzikliyi, ya da geniş yayılmış ifadə ilə desək, dünyadan əlin üzməyi müsəlmanlığın simvolu olaraq görmək vərdişə çevrilmişdir. Bunun əksi olan bir modelin dinlə əlaqəsi olmadığı inancı olduqca geniş yayılmışdır. Ancaq bu doğru deyildir və digər bir çox mövzuda olduğu kimi Qurandan uzaq bir din anlayışının varlığından qaynaqlanır. Dinin təməl qaynağı olan Quranın üzərində isə heç oxunulub düşünülməmişdir. Bu səbəbdən xurafatlardan əmələ gələn bir din anlayışı inkişaf etmişdir. İslama daxil olmuş yanlış tətbiqatlar, "Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək." (Furqan surəsi, 30) ayəsi ilə diqqət çəkildiyi kimi, Quranın tərk edilməsindən qaynaqlanır. Halbuki Qurana baxdıqda İslamda qətiyyən belə bir modelin olmadığı rahatlıqla başa düşülür. Bir çox peyğəmbərə sərvət və mülk verildiyi ayələrdə bildirilir. Bunların içində hz. Süleymanın misli görünməmiş zənginliyi və ehtişamı əsrlərdir dillərə dastan olmuşdur. Allah’ın bir çox ayədə ondan təriflə bəhs etdiyi və nümunə göstərdiyi hz. Süleyman, şübhəsiz, Allah’ın razılığından başqa bir məqsədə və Allah’ın dinindən başqa bir yol göstəriciyə sahib deyildi. Belə ki, hz. Süleyman Allah’ın ona verdiyi mülkə sahib olmadan əvvəl belə dua etmişdi:
"O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən."(Sad surəsi, 35)
Əgər varlı olmağı diləmək müsəlmanlar üçün qınanmış bir hərəkət olsaydı, Allah’ın bir çox ayəsi ilə təriflədiyi bir peyğəmbər bunun üçün dua etməzdi. Quranda bildirildiyi kimi, Allah hz. Süleymandan davamlı olaraq təriflə bəhs edir:
"Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allah’a üz tutardı."(Sad surəsi, 30)
Hz. Süleyman bu mövzuda tək nümunə deyil. Allah hz. Süleymanın atası olan hz. Davud peyğəmbərə də hökmdarlıq, güc və hakimiyyət vermişdi. Eynilə Allah hz. İbrahimə və ailəsinə də böyük bir mülk verdiyini bildirmişdir:
"Yoxsa onlar Allah’ın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik."(Nisa surəsi, 54)
Diqqət edilərsə, yuxarıdakı ayədə Allah’ın bir lütfü olaraq müsəlmanlara verdiyi sərvəti qısqanmaq da tənqid edilir. Allah’ın Peyğəmbərimiz hz. Muhəmmədi (səv) də varlı etdiyi Quranda belə xəbər verilir: "Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!"(Duha surəsi, 8)
Məhz bu məqamda möminlərin varlı olmaq anlayışı ilə cahiliyyə cəmiyyətindəki varlı olmaq anlayışının fərqi ortaya çıxır. Möminlər mülkün Allah’dan gəldiyinin və mülkün əsl sahibinin də yenə Allah olduğunun şüurundadırlar. Halbuki cahiliyyə cəmiyyətindəki varlı olmaq anlayışı malı sahiblənmə instinkti üzərinə qurulmuşdur ki, bu bütün mülkün sahibi olan Allah’a qarşı üsyandır. İki tərəf arasındakı bu böyük fərq mülkün istifadə edilməsində ortaya çıxır. Möminlər mülkü Allah’ın razılığına uyğun olaraq xeyirli işlər üçün xərcləyərlər. Halbuki cahiliyyə cəmiyyətindəki mülk sahiblərinin əsas xüsusiyyəti "yer üzündə fitnə-fəsad"(Qəsəs surəsi, 77) törətməkdir. Sərvət, əzəmət və hakimiyyət Allah’ın dilədiyi mömin qullarına bəxş etdiyi bir lütfdür. Əhəmiyyətli olan Allah’ın halal yolla verdiyi mal və sərvətə qarşı lazım olan şükrü edərək bunları yerli-yerində istifadə etmək, Allah’ın nemətini davamlı olaraq anmaq və bu vasitə ilə Allah’a yaxınlaşmaq və onun razılığını qazanmaq üçün yollar axtarmaqdır. Belə ki, hz. Süleymanın Quranda bildirilən ifadəsi onun mal sevgisinə üz tutmasının məqsədini açıqlayır: O (Süleyman) da demişdi ki: "Həqiqətən mən mal sevgisini Rəbbimi zikr etmək üçün istədim..." (Sad surəsi, 32)
Ancaq bu dünyanın bir imtahan yeri olduğunu da yaddan çıxarmamaq lazımdır. Müxtəlif sıxıntılar və çətinliklər qarşısında göstərilən səbir və qətiyyətin şiddəti insanın imanındakı dərinliyi müəyyən edir. Bu səbəbdən Allah bu üstün xüsusiyyətləri ortaya çıxarmaq və öz mərtəbəsində mükafatlandırmaq üçün inananları müxtəlif hadisə və vəziyyətlərlə qarşılaşdıra bilər. Allah möminlərin səbrini və özünə qarşı olan inamlarını ölüm, qorxu və aclıq kimi müxtəlif çətinliklərlə olduğu kimi yoxsulluqla da imtahan edə bilər. Lakin doğru olan müsəlmanın bir tərəfdən gözəl bir şəkildə səbir edərkən, digər tərəfdən də Allah’ın nemətlərini artırması, genişləndirməsi, firavanlıq yaratması üçün davamlı olaraq dua etməsidir. Həmçinin bunu yalnız özü üçün deyil, bütün möminlər üçün istəməsi və Allah’ın adını ucaltmaq üçün geniş imkanlar istəməsi lazımdır. Quranın ruhuna uyğun olan davranış şəkli də budur. Bu arada mütləq unudulmamalıdır ki, İslamda insanlara varlı olduğuna görə dəyər verilməz. Bir insanın kasıb, ya da varlı olmağı onun Allah mərtəbəsindəki mövqeyinə təsir etməz. Vacib olan sahib olduğu mülkü istər az, istərsə də çox olsun, Allah’ın razılığına uyğun olaraq xərcləyib xərcləmədiyidir. Möminin varlı olmaq istəməsindəki məqsəd əldə edəcəyi malları Allah’ın razılığına uyğun olaraq istifadə etməkdir. Bunun əksi olan davranış, yəni "mal yığmaq" möminlərə xas olan bir xüsusiyyət deyildir. Çünki "mal yığmaq" və onu Allah yolunda xərcləməmək insanların "Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ."(Tövbə surəsi, 34) ayəsində bildirildiyi kimi, əzabına səbəb olar.
İnananlar bu dünyada Allah’ın nemətlərindən istifadə edib zövq aldıqları kimi özlərinə verilənləri də Allah yolunda xərcləməkdən çox böyük zövq alırlar. Bu mövqedən baxdıqda mal, mülk, sərvət və bunlara sahib olmaq üçün dua etmək səmimi möminlər üçün bir ibadət və mükafat qaynağıdır. Allah şükrü edilən və Allah yolunda sərf edilən malı artıracağını vəd edir. Eyni zamanda Qurana tabe olan gerçək bir mömin Allah’ın quludur. Onu təmsil edir. Bu səbəbdən də Allah yer üzünün əsl sahiblərinin möminlər olacağını bildirərkən, bu nemətə qovuşanların sahib olduqlarını Quranda belə bildirilir:
"Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir."(Nur surəsi, 55)