Beynəlxalq yardımlar ölkələrə həqiqətən kömək edirmi?
ucgen

Beynəlxalq yardımlar ölkələrə həqiqətən kömək edirmi?

1066

Hər hansı ölkənin öz varlığını davam etdirməsi bir ailə və ya şirkətdən qətiyyən fərqlənmir. Gəlirlər xərcləri ödəməlidir. Lakin əksər hallarda xərclər müxtəlif səbəblərə görə gəlirlərdən daha çox olur. Bu zaman istifadə edilən əsas üsul xarici mənbələr vasitəsilə kəsiri bağlamaqdır. Bunlar Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və ya başqa beynəlxalq təşkilatlardan alınan borclardır. Bura bir ölkənin başqa ölkəyə etdiyi yardım da daxildir.

Bu yardımlar əsas etibarilə bir-birilərindən fərqlənir. Yardımlar bəzən hərbi qüvvə ilə, bəzən də pulla edilir. Bəzən isə qarşılıqsız, yəni qrant formasında olur. Bu cür yardımlar, adətən, yoxsulluq, müharibə və təbii fəlakətlərin vurduğu zərərləri azaltmaq, yaxud da az inkişaf etmiş ölkələrin uzunmüddətli inkişafı üçün vətəndaşların rifah səviyyəsini artırmaq məqsədi ilə edilən yardımlardır. Borc kimi verilən və bir müddət sonra artıqlaması ilə geri ödəməyi ehtiva edən yardım növləri də mövcuddur.

Beynəlxalq əlaqələrdə humanitar yardımların ölkələrarası münasibətlərə müsbət təsir göstərdiyi açıq-aşkardır. Məsələn, Türkiyə və Yunanıstanda ard-arda baş verən zəlzələlərdən sonra iki ölkə dərhal bir-birinin köməyinə gəlmişdi. Dövlət başçılarının göstərdiyi bu nümunəvi humanist davranış iki ölkə arasındakı gərginliyi azaltmış və "zəlzələ diplomatiyası" adlı yeni sülhsevər dövrü başlatmışdır.1

Digər nümunəvi yardım isə ötən günlərdə həyata keçirildi. İraqın şimalında baş verən zəlzələdə ilk yardıma gələn ölkələrdən biri Türkiyə oldu. Türkiyə Qızıl Aypara Cəmiyyəti və axtarış-xilasetmə dəstələri öz ləvazimatları ilə dərhal zəlzələ zonasına getdi. Halbuki zəlzələnin olduğu günə qədər Türkiyə İranla birlikdə Şimali İraqdakı kürd bölgəsinə uçuşları dayandırmış, müxtəlif sanksiyalar tətbiq etmişdi. Ancaq zəlzələdən sonra Türkiyə sanksiyalardan imtina edəcəyini bəyan edərək yardım göstərdi.

Beynəlxalq yardımların əksəriyyəti isə regional xarakterli olmur. Dünya miqyasında böyük yardımlar əsasən hərbi, iqtisadi, yaxud da texniki xarakter daşıyır və ikidən daha çox ölkəyə təsir göstərir.

Məsələn, Soyuq Müharibə dövründə edilən yardımlar dünya tarixinə dərindən təsir etmişdir. II Dünya Müharibəsindən sonra ABŞ-ın tətbiq etdiyi Marşal yardımı bunlardan biridir. ABŞ müharibədən sonra 16 Avropa ölkəsinə 15 milyardlıq iqtisadi yardım etmişdir. Müharibədə iştirak etməməsinə baxmayaraq, Türkiyə də SSRİ tərəfindən təhdid edildiyinə görə bu yardımdan faydalanmışdır. Misir isə ABŞ-ın İsraildən sonra ən çox yardım etdiyi ölkələrdən biridir.

1975-1984-cü illər arasında Misirə verilən borc və qrant 10,7 milyard dollardan çox olmuşdur. Həmin dövrdə Misir 4,5 milyard dollar hərbi yardım da aldı. Lakin bütün bu yardımlar Misirin 1984-cü ildə ABŞ-a 8 milyard dollardan daha çox borcunun olmasına səbəb oldu. Nəticədə də Misir ABŞ-dan daha çox borc istəməyə məcbur qaldı.2 Misirin aldığı yardımların ölkənin inkişafını və ya rifahını artırdığını demək isə, təəssüf ki, mümkün deyil. Bu yardımlar qarşısında Misir ABŞ-dan daha da asılı vəziyyətə düşmüşdü.

Bu nümunələr dünyada belə yardımların mühakimə edilməsinə yol açmışdır. Dövlətlər və cəmiyyətlər "Beynəlxalq yardımlar həqiqətən ölkələrə yardım edirmi?" sualını verməyə başlamışlar.

Yardımların müsbət nəticə verməməsində iki mühüm amil rol oynayır. Birincisi, kömək edən tərəfin qarşısına qoyduğu məqsəd əksər hallarda yardım etmək deyil, bir növ asılılıq yaratmaq olur. Tez-tez dilə gətirilən iddia isə təşkilat və ya ölkələrin yeni siyasi, ya da iqtisadi maraqlar əldə etmək üçün yardım etməsidir.

Çox əhəmiyyətli olan ikinci amil isə yardım alanların bunu lazımi formada istifadə etməməsidir. Səbəbi nə olursa-olsun, yardımların məqsəd və hədəfləri düzgün dəyərləndirilməli və bunların həqiqətən də "kömək", yoxsa "istismar sistemi" olduğu tam müəyyən olunmalıdır. Bundan başqa, yardımları istifadə etməyə səlahiyyəti olanlara da nəzarət edilməlidir. Bu iki tənzimləmə istər ölkələrin öz aralarında, istərsə də beynəlxalq təşkilatlarda həyata keçirilsə, yardımlar üzərindəki şübhələr aradan qalxar və ölkələr daha uğurlu inkişaf proqramları həyata keçirərlər. İstəyimiz budur ki, yardım edən dövlət və qurumlar "birlikdə tərəqqini" hədəf seçərək gözəl dəstək proqramları qursunlar və bunu inkişaf etdirsinlər.


İstinadlar:
Kinzer, Stephen , Earthquakes Help Warm Greek-Turkish Relations, The New York Times, http://www.nytimes.com/1999/09/13/world/earthquakes-help-warm-greek-turkish-relations.html
M. G. Weinbaum, Dependent Development and U.S. Economic Aid to Egypt, International Journal of Middle East Studies, 1986, 18(2), səh. 119-134
Sudi Uyar – Metin Apak, IMF – Turkey Relations and Banking Sector, MUFAD Journal Nisan 2010, s. 41-57 http://journal.mufad.org.tr/index.php?option=com_content&view=article&id=120:imf-tuerkiye-iliskileri-ve-bankacilik-sektoerue&catid=905:say-47-temmuz-2010&Itemid=55&lang=en


Adnan Oktarın “Kashmir Reader”də (Hindistan) yayımlanan məqaləsi:
https://kashmirreader.com/2017/12/06/international-aid-good-or-bad/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr