İyul ayında Taliban dünya gündəmində yenidən ön plana çıxdı. Bu dəfəki xəbər qanlı hücumları ilə bağlı deyildi. Qruplaşmanın “əfsanəvi lideri” olaraq qəbul edilən Molla Ömərin ölüm xəbəri idi. Bu gözlənilməz hadisənin bütün mənbələr tərəfindən təsdiq edilməsi ilə müxtəlif şərhlər də ard-arda gəlməyə başladı.
Bəzi analitiklərə görə, Molla Ömər yeri doldurulmayacaq bir insan idi. Çox güman ki, Taliban içində liderlik münaqişəsi baş qaldıracaq, fikir ayrılıqları və qəbilələr arası anlaşmazlıqlarla birlikdə Taliban parçalanacaq və gücsüz hala gələcəkdi. Əfqanıstanda çoxdandır gözlənilən sülh üçün böyük fürsət yarandığı irəli sürülürdü. Hətta “Taliban üçün yolun sonudurmu?” şərhləri verilirdi.
Lakin sentyabr ayının son günlərində gələn bir xəbər bütün bu gözləntiləri boşa çıxardı. Yüzlərlə Taliban yaraqlısı ani hücumla Kunduz vilayətinin nəzarətini ələ keçirdi. Kunduz Əfqanıstanın böyük vilayətlərindən biridir. Ölkənin şimalındakı ticarət yollarının mərkəzi olduğundan strateji əhəmiyyəti var. Hərbi mütəxəssislər şəhərin alınmasını 2001-ci ildə başlayan Amerika işğalından bu yana Talibanın “ən böyük hərbi uğuru” olaraq səciyyələndirdilər.
Kunduz hücumu Molla Mənsurun terror təşkilatının lideri seçildiyinə dair xəbərlərdən qısa müddət sonra baş verdi. Kəşfiyyat mənbələri və Taliban nümayəndələrinin açıqlamaları təsdiqlənmiş oldu: bütün yaraqlılar birlik olub yeni liderin ətrafında toplanmışdılar.
Əslində burada təəccüblü bir şey yoxdur. Taliban yanlış da olsa, bir ideya ətrafında birləşən, radikal ideologiya uğrunda mübarizə aparan terror təşkilatıdır. Liderin ölümü (və ya öldürülməsi) qətiyyən həll yolu deyil. Yeni lider seçmək onlar üçün çox asandır. Onlarla yeni lider çıxara bilərlər. Yeni liderlər çox vaxt daha fanatik, daha çox şiddət tərəfdarı, qanlı aksiyalara daha meyilli olurlar. Əsas məsələ liderin deyil, radikal ideologiyanın ölümüdür. Bu həqiqət gözardı edildiyi müddətcə Taliban mövcud olacaq.
Kunduz hücumu Əfqanıstan Milli Birlik Hökumətinin bir illik yubileyinə təsadüf etdi və Kabildəki rəhbərlər üçün böyük şok oldu. Talibanın artıq zəiflədiyini düşündükləri bir vaxtda yüzlərlə yaraqlı minlərlə əfqan təhlükəsizlik qüvvəsi tərəfindən qorunan bir vilayəti bir anda ələ keçirmişdi. Bu, Talibanın ideoloji tərəfini ciddiyə almamağın nəticəsi idi.
Kunduzun Talibanın əlinə keçməsi yalnız Kabildə deyil, dünyada da çaşqınlığa səbəb oldu. Fikirlərini mediada ifadə edənlərdən biri də Əfqanıstanda xidmət etmiş amerikalı hərbçi Rayan Blumdu. [i] Blum komandanlığı altındakı əsgərlərlə birlikdə bir il ərzində Kunduzda Talibana qarşı vuruşmuş, baş verən itkilər və müharibənin dəhşəti qarşısında öz-özünə "buna dəyər mi"? deyə soruşmağa başlamış, [ii] Kunduzun işğal edildiyini öyrəndikdən sonra isə adamlarının gözlərinin içinə baxıb "buna dəyərdi" - deyəcəyindən əmin olmadığını etiraf etmişdi. [iii]
Oxuduğunuz məqalə qələmə alındığı zaman Kunduz şəhər mərkəzində Taliban yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar davam edirdi. Qəzet manşetində səhvən bombalanan ərazilər və həyatını itirən vətəndaşlarla bağlı xəbərlər yer alırdı.
Yaraqlılar çox güman ki, qısa müddət ərzində vilayət mərkəzindən kənar mövqelərə çəkiləcək, ancaq bu, Talibanın Kunduzdakı güc nümayişi gerçəyini dəyişdirməyəcək.
Belə ki, Molla Mənsurun Kunduzu “simvolik zəfər” olaraq adlandırması səbəbsiz deyil. Taliban şəhəri tərk edərkən pul, silah və nəqliyyat vasitələrini ələ keçirib çıxacaq. Şəhərin mərkəzində dalğalanan Taliban bayraqlarının, yaraqlılarla selfie çəkən Kunduz xalqının görüntüsü hafizələrdə qalacaq. İstər qəbul edin, istər etməyin, bütün dünyaya “güclü Taliban” propaqandası aparmış olacaq.
Mediadakı xəbərlərdə lazımi qədər üzərində durulmayan çox önəmli bir gerçək var: 14 ildir davam edən Taliban qiyamının ən qanlı ili 2015-ci il oldu. İstər əfqan təhlükəsizlik qüvvələri, istərsə vətəndaşlar arasında ən çox itki bu il baş verdi.[iv] Böyük hərbi əməliyyatlar, bitmək bilməyən bombardmanlar, həyatını itirən minlərlə məzlum insan, bir trilyon dollardan çox hərbi xərclər… 14 ildən sonrakı mənzərə bu cürdür.
Bu halda amerikalı liderlər bu sualları özlərinə səmimi şəkildə verməlidirlər: “Biz harada yanlış etdik?", "Talibanı hələ də bu qədər güclü və qətiyyətli edən nədir?", "Yaraqlılara ən ağır şəraitdə, hətta ayaqlarında ayaqqabıları belə olmadan, gözünü qırpmadan ölməyə, öldürməyə, qan tökməyə stimul verən nədir?”
Talibanı radikal və əli qanlı terror təşkilatına çevirən ünsür azğın ideologiyasıdır. Bütün bunları pul, mənfəət və ya şöhrət məqsədi ilə etmirlər. Ona görə Talibanın hərbi cəhətdən məğlub edilməsi ancaq ideoloji olaraq məğlub edilməsi ilə mümkün olar. Talibanın ideologiyasının əsasında isə xurafatlarla dolu, radikal, yanlış din anlayışı durur. Bu din anlayışının mənbəyi əsla Quran deyil, din adına irəli sürülən xurafatlar, batil inanclar, uydurma hökmlərdir...
Talibanın İslamın əlavəsiz, Quranla maarifləndirilməsinə ehtiyacı var. Taliban terrorunun bitməsi əfqan qardaşlarımızın yaşadıqları əziyyətlərin, sıxıntıların və zülmün sona çatması üçün tək yoldur. Müstəqil, güclü, sabit, firavan, insan hüquqlarına hörmət edən, zəngin, ədalətli və müasir Əfqanıstan üçün başqa yol yoxdur.
[i] http://foreignpolicy.com/2015/10/01/a-grunts-thoughts-on-the-loss-of-kunduz-i-
used-to-tell-my-squad-that-it-was-worth-it/
[ii] I began to ask myself the same question: “Is this worth it?”
[iii] I’m not sure I could look my men in the eye and say: “it was worth it.”
[iv] This has been the bloodiest year in the 14-year-old Taliban insurgency. Both
Afghan troops and civilians have suffered the highest number of casualties in
2015. http://www.bbc.com/news/world-asia-34406648
Adnan Oktarın «Ekurd Daily»də dərc edilən məqaləsi: