Dünyanın qərbindən şərqinə qədər bir çox ölkə terrorizm bəlasından getdikcə daha çox zərər çəkir.
Beynəlxalq problemə çevrilmiş terrorçu cərəyanların təməli ideologiyadır. Bunların bəziləri PKK, “Aydın Yol” (Shining Path) və FARC təşkilatları kimi marksist ideologiyaya əsaslanır. Bəziləri isə neonasistlər, çetniklər və Qızıl Şəfəq kimi radikal sağçı, faşist ideologiyanın tərəfdarlarıdır.
Bu təşkilatlar, əsasən, bir ölkənin ərazisindəki bölgədə müstəqil dövlət qurmağa çalışırlar. Bəzən də haqq tələb etdikləri yad ölkənin torpaqlarını başqa bir ölkəyə qatmağa cəhd edirlər.
Digər terror təşkilatlarının böyük hissəsi dinə əsaslanır. Bu günlərdə gündəmdə olan İŞİD, Əl-Qaidə, Boko Haram bu cür təşkilatlardandır. Bu təşkilatlar İslam əxlaqına daxil edilmiş müxtəlif xurafatlar, heç bir əsası olmayan qadağalar və cəzalandırma metodlarından istifadə edərək hərəkatlar təşkil edir, İslam dininin adından istifadə edərək insanları Quranda yeri olmayan xurafatçı düşüncə tərzi ilə yaşamağa məcbur edirlər.
Terror hərəkatları bir ideologiyaya əsaslanır
İstər ideoloji əsaslı, istərsə də dini əsaslı xurafatçı düşüncə tərzi olsun, bütün bu təşkilatlar şiddət yolu ilə fəlsəfələrini hakim etmək məqsədi güdürlər. Müxtəlif xüsusiyyətlərdə olsa da, hamısının ideoloji əsası eynidir. Tətbiq etdikləri terror hərəkatlarının hamısı bir ideologiyaya əsaslanır.
Burada əsas olan təşkilat üzvlərinin silahlı hərəkatlarını doğru hesab etmələrini təmin edən ideoloji maarifləndirmədir. Bu, əsla ləngidilmir və mərhələ-mərhələ fərqli məkanlarda fərqli metodlarla həyata keçirilir. Maarifləndirilən gənclər insanları öldükdə yox olub gedən heyvan növü kimi görməyə başlayır, sonra da asanlıqla insan öldürən zalım terrorçuya çevrilirlər.
Bütün dövlətlər terror təşkilatlarının bu fəaliyyətindən xəbərdardır. Bütün təhsil materialları, metodları təhlükəsizlik xidmətinə və polis qüvvələrinə məlumdur. Lakin bu təşkilatlara qarşı mübarizə aparılarkən, əsasən, bu maarifləndirmə sistemini məhv etmək üçün ideoloji mübarizəyə deyil, silahlı hərbi mübarizəyə üstünlük verilir. Halbuki, terror təşkilatlarının ideoloji zəmininə qarşı görülən tədbirlərlə döyüşçülərin silahlanmadan qarşısını almaq mümkündür. Hətta təşkilatın yeni üzvlər qazanmasının qarşısını almaq da mümkündür.
İdeologiyaya qarşı ideologiya ilə mübarizə
Bəs terror təşkilatlarının ideoloji zəminini necə çökdürmək olar? İdeoloji zəmini top-tüfənglə məhv etmək mümkün deyil. Bu səbəbdən, dövlətlər təcili olaraq ideologiyaya qarşı ideologiya ilə mübarizə metodu düşünməlidirlər.
Faşizm, kommunizm, materializm, şiddət və terror bir-birindən ayrılmaz bir bütündür. İnsanları üsyana, münaqişəyə, fitnə-fəsada, sevgisizliyə, eqoistliyə və əxlaqsızlığa yönəldən bu ideologiyanın yalan olduğu izah edilmədən, sadəcə hərbi yolla insanlar arasında dostluq və qardaşlığın təsis edilməsi mümkün deyil. İstər faşist, istərsə kommunist olsun, bu təşkilatların üzvləri həyatı mübarizə meydanı hesab edirlər. Birisinə görə münaqişənin səbəbi insanlar arasında sinfi fərqlərdir, digərinə görə irqi fərqlərdir. Həyatı mübarizədən ibarət görən təşkilat üzvləri üçün artıq ailənin, din əxlaqının, namus və şərəfin əhəmiyyəti qalmır. Bu insanlar hər cür azğın ideologiya və cərəyanın ardınca gedirlər.
İdeoloji əsaslı terror hərəkatlarının əvvəlcədən qarşısını almaq üçün gənclərə kommunizm və faşizm kimi bütün cərəyanlar öyrədilməli, ancaq bununla yanaşı, mütləq elmə əsaslanan cavabları da izah edilməlidir.
İdeoloji mübarizə bu günə qədər heç sınanmamış və tətbiq edilməmişdir. Beyni illərlə materialist təhsillə yuyulmuş insana kommunizmin və faşizmin cahillik məhsulu olduğu, bunların heç bir əsası olmayan saxta inanclar olduğu izah edilməlidir. Bütün bunların məntiqsizliyi göstərilməlidir. Bu ideologiyaların saxta olduğu sübut edildikdən sonra ona Allah sevgisini izah etdikdə saxta ideologiyalara bağlılığı dərhal sona çatar. Etdiyinin bir mənası qalmaz. Terrorun onun üçün bir mənası qalmaz. Belə bir insanın beyni artıq fəth edilmişdir. Xüsusilə televiziya və radio yolu ilə ideoloji mübarizəyə üstünlük verilməlidir. İdeoloji əsasını itirmiş hərəkat isə yaşaya bilməz. Dövlətlər bu vəzifəni öz üzərilərinə götürməli və bu vəzifəni həyata keçirən vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləməlidirlər.
İslam adından terror tətbiq edən təşkilatlara qarşı maarifləndirmə
İslamın adından istifadə edərək şiddət tətbiq edən terror təşkilatlarına qarşı da ideoloji təşkilatlara qarşı istifadə olunan ideoloji metodun bənzərini tətbiq etmək olar. Ancaq bu təşkilatların təməli fərqli olduğu üçün ideoloji mübarizənin məzmunu da fərqli olmalıdır.
Bu ideoloji mübarizənin əsası təşkilat üzvlərinin düşüncələrindəki yanlışlığı güclü şəkildə ifadə etməkdir. Qurana görə, müsəlmanlar insanları İslam əxlaqına təzyiq və məcburiyyətlə deyil, gözəl sözlə dəvət etməlidirlər. İslam əxlaqında inanc azadlığı olduğunun izah edilməsi ilə bu şəxslər doğru yola çağırıla bilər.
Bütün müsəlmanlara hüquqlarını tələb etmək üçün şiddətin doğru metod olmadığı və bunun İslam əxlaqına tamamilə zidd olduğu izah edilməlidir. Terror hərəkatları ilə İslam əxlaqının müdafiə edilmədiyi, əksinə, İslam düşmənlərinin sayının artacağı üçün müsəlmanlara daha çox zərər verəcəyi izah edilməlidir.
Təhsil müəssisələrində terror təşkilatlarının ideoloji əsasına qarşı dərslər tədris edilməli, kitablar oxudulmalı, konfranslar və akademik iclaslar təşkil edilməlidir. Ancaq bu yolla terrorizm yer üzündən tamamilə silinə bilər. Belə bir metod terrorizm bataqlığının əmələ gəlməsinin qarşısını alar.
Adnan Oktarın “Blitz & Urdu Times” da dərc olunan məqaləsi:
http://www.weeklyblitz.net/2014/09/intellectual-struggle-based-education-required-bring-end-terror/