R.T. Ərdoğan: “Qorxmadım, çünki Allaha inanıram”
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xərçəng xəstəliyinə yoluxduğuna dair şayiələri təkzib edib. “Kanal D” telekanalına müsahibə verən Türkiyənin Baş naziri R.T.Ərdoğan xəstəliyi ilə bağlı yayılan şayiələrə cavab verib. Xərçəng xəstəliyinə yoluxmasına dair şayiələri təkzib edən Baş nazir belə bir xəstəlikdən əziyyət çəkmədiyini və kemoterapiya müalicəsi olmadığını deyib.
Jurnalistin xəstəxanada cərrahiyyə əməliyyatı keçirməzdən əvvəl qorxub-qorxmadığına dair sualını da cavablandıran Ərdoğan qətiyyən qorxmadığını deyib. Baş nazir xəstəxanada olarkən qorxmadığını, çünki Allaha inanan bir insan olduğunu deyib. Xatırladaq ki, Türkiyənin Baş naziri ötən ilin noyabrında bağırsaq problemi səbəbindən cərrahiyyə əməliyyatı keçirmişdi.
Almaniyada ilk İslam-İlahiyyat fakültəsi fəaliyyət göstərir
Almaniyanın orta məktəblərində və liseylərində təhsil alan 700 min müsəlman şagirdə dini bilikləri öyrədən müəllimlərin hazırlanması üçün yaradılan ilk İslam-İlahiyyat fakültəsi ölkənin Tübingen universitetində fəaliyyətə başlayıb. Xəbərlərdə ölkədə təhsil alan 700 min müsəlman şagirdə dərs demək üçün təxminən 2 min müəllimə ehtiyac duyulduğu qeyd edilir.
Tübingen universitetinin rektoru Bernd Enqler İlahiyyat fakültəsində bu il qız və oğlanlardan ibarət 24 tələbənin təhsil alacağını, dörd il davam edən təhsil prosesində tələbələrə mədəniyyət, fəlsəfə və sosiologiya kimi fənlərin də tədris ediləcəyini deyib.
Xəbərlərdə Almaniyanın Osnabrük,ErlangenvəFrankfurtuniversitetlərində anoloji fakültələrin açıldığı, ancaq bu təhsil ocaqlarında tədrisin gələn il başlayacağı qeyd olunub. Mətbuat Almaniya hökumətinin 4 fakültəyə 5 il büdcədən 20 milyon avro vəsait ayırdığını yazıb.
Məlumat üçün bildirək ki, indiyədək Almaniyadakı məscidlərin türk müsəlman imamlarına olan ehtiyaclarının ödənməsi üçün hər il Türkiyədən təxminən 100 min imam dəvət edilir.
Rusiyada məscidlərin sayı 90-dan 7 minə qalxdı
Rusiya prezidenti Dmitri Medvedev: “1990-cı illərin əvvəllərində Rusiyada 90 məscid vardı. İndi isə 7 mindən çox məscid var”, -dedi.
Dmitri Medvedev Başqırdıstan Respublikasının paytaxtı Ufada Mərkəzi məscidi ziyarət etdi. Ayaqqabılarını çıxarıb məscidə daxil olan prezident Rusiya müsəlmanları Mərkəzi Din İşləri rəhbəri Talqat Tacəddindən məlumat aldı. Rusiya müftilər şurasının başçısı Ravil Qaynuddin və bölgə müftiləri ilə iclas keçirən Medvedev Rusiya müsəlmanlarının problemlərini dinlədi.
Rusiya prezidenti SSRİ-nin dağılmasından sonra müsəlman cəmiyyətinin dini təhsil ocaqları və məscidlər tikməsinin bəyənilən hal olduğunu bildirdi. Rusiyanın çox dindar və çoxmillətli quruluşuna diqqət çəkən Medvedev Rusiyanın gələcəyi olan uşaqların mənəvi və əxlaqi baxımdan təhsillərinin əhəmiyyətini vurğuladı.
Rusiyada müsəlman cəmiyyətin aktiv olduğuna toxunan Medvedev əhəmiyyətli məlumatlar verdi: “1990-cı illərin əvvəllərində Rusiyada 90 məscid vardı. Dini təhsil verən məktəb heç yox idi. İndi isə 7 mindən çox məscid var. 96 müsəlman din adamı yetişdirən təşkilat və 7 universitet var. Təkcə son dörd ildə 320 yeni məscid tikildi. Hər yerdə işlər gedir. Rusiyanın mərkəzində, Çeçenistan, Dağıstan, Tataristan və digər Qafqaz respublikalarında, Kabardin-Balkar və İnquşetiyada yeni dini qurumlar inşa edilir”.
Rusiya müsəlmanlarının həcc ibadətinə də böyük maraq duyduqlarını ifadə edən Medvedev bu il 22.500 vətəndaşın bu ibadəti yerinə yetirdiyini, bunun müsəlman ölkələrindən daha yüksək olduğunu qeyd etdi.
Tarixi məscidlərdə ingiliscə moizə oxunacaq
İstanbul şəhərindəki tarixi məscidlərdə oxunan xütbənin (cümə namazına aid xüsusi moizə) ingilis dilində icmalı da turistlərə çatdırılacaq.
Bu barədə məlumatı Türkiyənin rəsmi din qurumunun sədri Məhmət Görməz bildirib. Professor Görməz sadəcə Sultanəhməd camesini hər cümə namazı vaxtı beş yüzdən çox, bəzən minə yaxın əcnəbi turistin ziyarət etdiyini bildirib. O: “Sultanəhməddəki xütbələrimizin ingiliscə icmalını verməklə gələn turistlərin natiqin bu həftə nə danışdığını bilməsini təmin etməyi çox əhəmiyyətli görürük. Yaxın vaxtlarda bunu da görəcəksiniz. Tarixi camelərimizə gələn müsəlman turistlər cümə namazı qıldıqdan sonra oxunan xütbənin ingiliscə icmalı ilə dətanış olacaqlar”, -deyib.