İnsanların əsas hüquq və azadlıqları müasir konstitusiyaların, qanunların və bəyannamələrin əsasını təşkil edir. İnanc və fikir azadlığı də bunlardandır. Bu azadlıqların tətbiq edilmə səviyyəsi bu gün Qərb və Şərq cəmiyyətləri arasında mədəniyyət və inkişaf fərqini göstərməsi baxımından da konkret meyar olaraq qəbul edilir.
Bəzi Qərb cəmiyyətlərində ümumi fikir ondan ibarətdir ki, Yaxın Şərq və İslam ölkələrində fikir və əqidə azadlıqları ciddi mənada məhdudlaşdırılır. İslam inancının və İslami qaydalara görə yaşamağın insanlara zorla qəbul etdirildiyi, əksinə davrananların güclü təzyiq, təhdid, sanksiya və cəzalarla qarşı-qarşıya qaldığı qənaəti də məşhurdur.
Təəssüf ki, bunlar hamısı üçün olmasa da bir çox İslam ölkəsi və cəmiyyəti üçün müəyyən ölçülərdə doğrudur. Ancaq bu iddialarda düzgün olmayan istiqamət, həmin yanlışın səbəbkarı olaraq haqsız şəkildə İslam dininin göstərilməsidir.
Qərəz və bilgisizlikdən qaynaqlanan bu cür tənqid və iddialar çox vaxt İslamın tək və əsl qaynağının Quran olduğu nəzərə alınmadan irəli sürülür. İnsanların və cəmiyyətlərin xətalı anlayış və tətbiq etmələri, din alimi olaraq qəbul edilən bəzi insanların Qurana zidd fikir və izahları Qurandan kənar mənbələr, Peyğəmbər adına uydurulan əsassız rəvayətlər də bunlara dəlil göstərilir.
Halbuki yalnız Qurana istinad etdikdə İslam dininin bu günə qədər gəlib keçmiş bütün sivilizasiyalardan, fəlsəfə və ideologiyalardan daha üstün azadlıq anlayışına sahib olduğunu görürük. Quranın təsvir etdiyi azadlıq anlayışının sərhədləri inkişaf etmiş və müasir cəmiyyətlərin mənimsədiyi meyarların çox fövqündədir.
Bütün dinlərin nümayəndələrinin inanc, düşüncə, ibadət hüquq və azadlıqları Quranda təminat altına alınıb, əksi olan hər cür mövqe qadağan olunub. Əgər bu gün bir çox mənaya çəkilən dünyəvilik anlayışını, "din, inanc və ibadət azadlıqlarına hörmət göstərilməsi" mənasında qəbul etsək, bu dünyagörüşünün Qurana hakim fikir olduğu da dərhal görünəcək.
Quranın, "(De ki): Mən sizin ibadət etdiyinizə ibadət edəcək deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edəcək deyilsiniz. Sizin dininiz sizə, mənim dinim mənə" (Kafirun surəsi, 4-6) ayələri İslamdakı inanc azadlığını ən dolğun şəkildə ifadə edir. Bu azadlıq xristianlıqdan musəviliyə kimi bütün dinləri, hətta buddizmdən ateizmə qədər bütün inanc sistemlərini və inancsızlığı da əhatə edir.
Eyni şəkildə, "Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi" (Həcc surəsi, 40) ayəsi yalnız müsəlmanların deyil, digər dinlərin ibadət yerləri də Allah tərəfindən qorunur.
İslamı qəbul etməyə, onun qanunlarını tətbiq etməyə də insanların heç bir şəkildə məcbur edilə bilməyəcəyi Quranda qəti şəkildə bildirilir. "Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan fərqlənir..." (Bəqərə surəsi, 256); "Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver" (Qaf surəsi, 45); "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?" (Yunus surəsi, 99); "(Onlara) nəsihət ver! Sən ancaq öyüd-nəsihət verənsən. Sən onların üstündə hökmdar deyilsən" ayələri (Gaşiyə surəsi, 21-26) bu məsələ ilə bağlı bir çox ayədən yalnız bir neçəsidir. Ancaq bu bir neçə ayə də Quranda nəinki təzyiq, zorakılıq, terrorizm, hətta inanc və ibadətlərə müdaxilə məsələsində belə ən kiçik bir məcburiyyətə icazə verilmədiyinin bariz sübutudur.
Bu səbəbdən İslam dini ilə bağlı bir məsələdə yanlış üsulları, şərhləri və ya müxtəlif mənbələri deyil, bu dinin yeganə etibarlı mənbəyi Quranı əsas almaq lazımdır. Bununla yanaşı bir çox insanın fərqində olmadığı bir həqiqət də azad qəbul edilən bəzi ölkələrin əslində o qədər də azad olmadığıdır.
Mədəniyyətin beşiyi sayılan ABŞ və Avropadakı bir çox ölkədə insan hüquq və azadlıqları dövlətlər və cəmiyyətlər tərəfindən qəbul edilən saysız-hesabsız qanun və qaydalarla zəncirlənmiş vəziyyətdədir. Buralarda özlərini azad hesab edən insanlar əslində minlərlə sanksiya, məhdudiyyət, qadağa, uydurma əxlaq qaydası, küçə qanunu və ya cəmiyyət təzyiqi altında əzilir.
1950-ci illərdən etibarən miqrantların Avropaya gəlməsi ilə birlikdə artan fərqli mədəniyyət və inanclara dözə bilməyən ifrat sağ-irqçi zehniyyət dövrümüzdə çox təhlükəli həddə çatıb. Bu məntiqdəki siyasi partiyalar İslamofobiya təbliğatları ilə ən yüksək səsləri alır. ABŞ və Avropadan gələn, məzlum müsəlmanlara qarşı hücum və cinayət, məscid yandırma xəbərləri hər gün artır. Məsələn, 2016-cı il ABŞ prezident seçkiləri zamanı səs toplamaq məqsədi ilə səsləndirilən, "müsəlmanların deportasiya edilməsi və ölkəyə buraxılmaması" kimi təhdidlər milyonlarla Amerika vətəndaşı tərəfindən dəstək görür.
Bununla yanaşı, Qərbdəki bir çox ölkə hazırda Myanmadakı, Şərqi Türküstandakı, yaxın keçmişdə isə Bosniyadakı utancverici inanc qətliamlarına səssiz qalıb. İnanc və fikir azadlığı məsələsində digər cəmiyyətləri hər fürsətdə tənqid edən və pisləyən Qərb mədəniyyətindəki bəzi ölkələrin içində olduğu vəziyyət əslində aydındır.
Digər tərəfdən şəxsi həyatların hər an təqib altında olduğu, rəsmi ideologiyadan başqa hər cür fikir, düşüncə və inancın qadağan olunub, əksini edənlərin amansızcasına cəzalandırıldığı Şimal Koreya kimi dinsiz, kommunist sistemlərdə insanların hüquq və azadlıqlarının necə ayaqlar altına alındığı da tarixi həqiqətdir.
Halbuki Quran bu cür təzyiq, qadağa və despotizmi 1400 il əvvəl aradan qaldırmış, yalnız fikir və düşüncə deyil, bütün insan hüquq və azadlıqlarını ən əhatəli şəkildə təminat altına almışdır. İnananların şəxsi olaraq Allaha qarşı məsul olduqları halal və haramlardan başqa, Qurandakı məhdud sayda sosial qayda və qadağa da insanların hüquq və azadlıqlarını qorumaq, bu azadlıqların sui-istifadəsini, başqalarının hüquq və azadlıqlarını pozacaq, insanlara zərər və ya narahatlıq verəcək həddə çatmasının qarşısını almaq, cəmiyyət nizamını təmin etmək üçün qoyulmuşdur. Bunların heç bir təzyiq və məhdudiyyət qoyma məqsədi yoxdur.
Hər dövrdə olduğu və olacağı kimi, dövrümüzdə də Quranın gətirdiyi sistem bütün mədəniyyətlərdən, ideologiyalardan, fəlsəfələrdən və siyasi sistemlərdən qat-qat artıq gözəllikdir. Yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin xoşbəxtliyi insana ən çox dəyər verən bu sistemin geniş şəkildə mənimsənilməsinə və yaşanmasına bağlıdır.
Adnan Oktarın «New Straits Times» & «Jefferson Corner»da dərcedilənməqaləsi:
http://www.nst.com.my/news/2016/10/182860/quran-protects-rights-freedoms
http://www.jeffersoncorner.com/the-quran-protects-rights-freedoms/