Cəmiyyətin inkişaf səviyyəsini müəyyənləşdirən əsas faktorlardan biri incəsənət, estetika və keyfiyyətdir. Bu faktorlar İslam dinində də əhəmiyyətli yer tutur. Bunu İslam aləminə məxsus gözəl memarlıq və ədəbiyyat nümunələrindən də aydın görə bilərik.
İncəsənət dedikdə dərhal ağlımıza rəsm, musiqi, heykəltəraşlıq kimi müəyyən sahələr gəlsə də, möminlər əsla incəsənəti məhdudlaşdırmır, gözəlliyi, estetikanı və keyfiyyəti həyatlarının hər sahəsinə tətbiq edirlər. Quran əxlaqının əhəmiyyətli xüsusiyyətlərindən olan təmizlik, incəsənət və estetika möminlərin keyfiyyətli həyat tərzini nümayiş etdirir.
Geyim tərzi və xarici görünüşdə estetikanın əhəmiyyəti
Möminlər istər həyat tərzi, istərsə də əxlaqları, davranışları və söhbətləri ilə hər an Quran əxlaqını yaşamağa və Allah`ın dinini təmsil etməyə çalışırlar. Buna görə də xarici görünüş və geyimlərinə xüsusi diqqət yetirirlər.
Bəzi insanlar geyimə və xarici görünüşə diqqət yetirməyin dünya həyatına bağlanmaq və insanların təqdirini güdmək olduğunu hesab edirlər. Lakin bu tamamilə əsassız fikirdir. Çünki möminlər əxlaqları ilə yanaşı xarici görünüşləri, təmizlikləri, həyat tərzləri ilə də insanlara İslamı təbliğ edir, bu dinin nə qədər keyfiyyətli, müasir və gözəl olduğunu göstərirlər. Peyğəmbərimiz (s.ə.v) hədislərində buyurur:
“Sonsuz gözəl Allah gözəlliyi bəyənir. Gözəl geyinmək təkəbbür deyil, təkəbbür (nemətin əsl Sahibini unudub) haqqı inkar etmək, insanlara alçaldıcı, hörmətsiz münasibət bəsləməkdir. (Ütüb-i Sitte, Muhtasarı Tərcümə və Şərhi, prof. Dr. İbrahim Canan, 7-ci cild, Akçağ Yayınları, Ankara, səh. 208)
Peyğəmbərimiz hər şəraitdə təmizliyə xüsusi əhəmiyyət vermiş, həyatı boyu gözəl, təmiz və müasir geyinmiş və bunu bütün səhabələrə də tövsiyə etmişdir. Peyğəmbərimizin (s.ə.v) nəvəsi hz. Həsən (ə.s) onun geyimləri haqqında belə rəvayət etmişdir:
“Peyğəmbərimiz (s.ə.v) bizə sahib olduğumuz ən gözəl paltarları geyinməyi və ən gözəl ətirlərdən istifadə etməyi əmr etmişdi.” (Buxari, et-Tarixül-Kəbir, I, 382, nöm:1222)
Geyimə xüsusi diqqət yetirmək Allah`ın Quranda açıq əmridir:
Geyimini təmiz saxla! Pis şeyləri tərk et. (Müdəssir 4-5)
İslam dini yalnız paltarlarımızın deyil, bütünlükdə bədənimizin paklığına, təmizliyinə diqqətli yanaşmağımızı əmr edir. Peyğəmbərimiz (s.ə.v) təmizliyi çox sevdiyi üçün saçının, saqqalının görünüşünə, səliqəsinə, bir sözlə, xarici görünüşündəki bütün detallara xüsusi qayğı ilə yanaşırdı. Bəzi mənbələrdə peyğəmbərimizin (s.ə.v) mütəmadi olaraq yanında daraq, güzgü, misvaq, qayçı, sürmə kimi əşyalar daşıdığı qeyd olunur. (Ali el-Kari, Cem'ul-Vesail fi Şerh'iş- Şemail, İstanbul, səh. 96-97)
Möminlərin həyatında incəsənət və estetikanın yeri
Dünya həyatındakı tək məqsədləri Allah`ın rizasının ən çoxunu qazanmaq olan möminlər Allah`ın sevdiyi və razı qaldığı cənnət əhlinin əxlaqına yiyələnmək, eyni zamanda həyat tərzlərini Quranda təsvir edilən cənnət həyatına bənzər qurmaq üçün var gücləri ilə səy göstərərlər. Möminlər evlərini təmiz, təravətli və işıqlı saxlamaq üçün lazımsız əşyalarla evi doldurmaz, əşyaların estetik uyğunluğuna əhəmiyyət verər, gözəl rəsm əsərləri, çiçəklər və dekorativ əşyalarla evlərini bəzəyər, yeni əşyalar almağa imkan olmadıqda belə əşyalarının yerini zövqlü şəkildə dəyişdirməklə evə hüzur bəxş edərlər.
Evdə bu cür səliqə-sahman yaratmağın, gözəl döşənməsinə fikir verməyin sadəcə vaxt itkisi olduğunu düşünən insanlar səhv edirlər. Quranda möminlərə bu mövzu ilə bağlı nümunələr göstərilir. Nəml surəsində hz. Süleymanın (ə.s) sarayının gözəlliyindən və bunun Səba məlikəsinə təbliğdə təsirindən bəhs edilir:
“Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)
İncəsənətin tətbiq edilmədiyi cəmiyyətlərdə insanlar gözəlliklərdən məhrumdur
İncəsənət və estetikadan məhrum, keyfiyyətsiz həyat tərzinə malik cəmiyyətlərdə istənilən sahədə əskiklik nəzərə çarpır. İnkişafdan geri qalır, cahilliyin pəncəsindən xilas ola bilmirlər. İncəsənət anlayışından uzaq bu cəmiyyətlərdə cəhalətin səbəbləri bunlardır:
1. İncə düşüncəli olmurlar:
İncəsənət və estetikadan uzaq yaşamaq insan ruhunun bütün incə xüsusiyyətlərini öldürür. Bu insanlar həyat tərzlərinə və xarici görünüşlərinə biganə yanaşırlar. Danışıq üslublarında da estetikadan, gözəllikdən və incəsənətdən əsər-əlamət olmur. Ailələri, dostları, hətta tanımadıqları insanlarla söhbət edərkən hər kəlmələrində kobudluq və cahillik hiss olunur.
Quran əxlaqına zidd olan bu xüsusiyyətlər insanlarda yanlış İslam anlayışı formalaşdırır. Allah Quranda şeytanın ən böyük hiylələrindən birinin də insanlar arasında nifaq salmaq olduğunu bildirmiş və möminlərin danışıq üslublarına xüsusi diqqət yetirmələrini əmr etmişdir. İsra surəsində belə buyurulur:
“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.” (İsra surəsi, 53)
Möminlərin xarici görünüşlərində və həyat tərzlərində gözəlliyə, incəsənətə və estetikaya verdikləri əhəmiyyət onlara incə düşüncəli olmaq xüsusiyyəti qazandırır, şüurlarını açır, kiçik detallara belə daha həssas yanaşmaqlarını təmin edir. Söhbətləri zamanı sözləri düşünərək seçir, danışıq üslubunun gözəl olmasına diqqət yetirir. Yuxarıdakı ayədən də məlum olur ki, möminlərin münasibətlərində gözəl sözlü olmaq mühüm xüsusiyyətdir.
2. Təbiətdəki gözəllik və estetikaya biganə yanaşırlar:
Estetikadan, keyfiyyətdən uzaq yaşayan insanlar ətraflarındakı bütün sənətkarlıq nümunələrinə biganə yanaşırlar. Bu insanların incəsənət anlayışları getdikcə korlaşır. Nəticədə körpə uşaqlardan, gözəl çiçəklərdən, sevimli bir pişikdən belə zövq almayan insanlara çevrilirlər. Bu gözəl varlıqlarda Allah`ın sənətinin təcəllisini görmür və bunun həyəcanını dadmırlar. Heç şübhəsiz, bu həzlərdən məhrum olmaq böyük itkidir.
Halbuki, gözəl və zövqlü təsiri bağışlamaq üçün geyimlərini uyğunlaşdıraraq seçən bir insanın çiçəkdəki möhtəşəm yaradılışı, uyğun rəng çalarlarını və ya saçlarının gözəlliyinə və parlaqlığına diqqət yetirən birinin pişiyin tüklərindəki parlaqlığı, evini zövqlə döşəməyi sevən insanın günəşin batarkən səmada yaratdığı rənglərin ahəngdarlığını görməyi və bundan zövq almağı bu insanların dərin sənətkar ruhuna malik olduqlarını göstərir. Çünki sənətdən, estetikadan anlayan bir insan ətrafında gördüyü hər şeyə incə düşüncəli və diqqətlə yanaşır. Möminlər kainatdakı bütün gözəlliklərin Allah`ın sonsuz gözəlliyinin təcəllisi olduğunu bilirlər və bu gözəlliklər onların qəlbinə rahatlıq və hüzur bəxş edir. Gözəllikləri hiss etdikcə Allah`ı daha çox xatırlayır və Ona daha çox şükür edirlər.
3. Dinə Allah`ın buyurduğu kimi xidmət etmirlər
Din uğrunda həyata keçirilən fəaliyyətlərdə incəsənət və estetika böyük rol oynayır. Müsəlmanların ən birinci vəzifəsi ateizmlə mübarizə aparmaqdır. Artıq hər kəsə məlumdur ki, ateizm elmi don geyindirilmiş, lakin tamamilə cəfəngiyatdan ibarət olan təkamül nəzəriyyəsinin əsasında yaranmışdır. Müsəlmanlar bu azğın ideologiya ilə mübarizədə tədbirli davranmalı və bütün detallara, incəliklərə fikir verməlidirlər. Çünki əsas məqsəd darvinizmin elmi don geyindirilmiş saxtakarlıqlarını bütün dünyaya göstərmək və yaradılışı sübuta yetirməkdir. Məsələn, bir əsərin (internet saytının, kitab və ya hər hansı sənədli filmin) incə zövqlə, gözəl və diqqətlə hazırlanması insanlarda bu əsərə qarşı maraq hissinin oyanmasına və oxumaqlarına vəsilə olur. Beləliklə, təbliğdə incəsənətin təsiri meydana çıxır.
Diqqətsiz, başdansovdu hazırlanan bir əsər isə insanın zövqünü oxşamadığı üçün marağını da cəlb etmir. Belə əsərlərin insanlara təsir gücü çox zəif olur.
Ümumiyyətlə, incəsənət və estetikadan uzaq yaşayan insanların din üçün həyata keçirdikləri fəaliyyətləri də zəif və nisbətən təsirsiz olur. Öz qayğılarına qalmayan bu insanlar, şübhəsiz, fəaliyyətlərində də incəliklərə diqqət yetirməyəcəklər. Hətta əksəriyyəti dinsizliklə mübarizədə ən əsas hədəfin darvinist-materialist sistem olduğunu bilmir. Ateizm təhlükəsinin dünyanı cənginə aldığı bir dövrdə müsəlmanların elmi mübarizə aparmaq əvəzinə bir-birləri ilə çəkişməkləri din əxlaqına ziddir.
Müsəlman Allah`ın rizasının ən çoxunu güdən insandır. Həcc surəsinin “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir.” (Həcc surəsi, 11) ayəsində bildirilən bu xüsusiyyətdən daima uzaq qaçırlar. Quranda da bildirildiyi kimi möminlər hər an Allah`ın rizası üçün xeyir əməllərdə yarışırlar:
“Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.” (Ali-İmran surəsi, 114)
4. İslam dinindən xəbərsiz insanların qəlbində bu dinə qarşı nifrət hissi yaradırlar:
İslam gözəlliyi, keyfiyyəti, estetikanı, qardaşlığı, sevgini, sülhü tərənnüm edən müasir dindir. Müsəlmanlar dürüst, gözəl əxlaqlı, müasir, ağıllı, sevgi dolu insanlardır. Quranda bildirilən əsl İslam hər kəsin bəyənərək qəbul edəcəyi qədər asan və gözəldir. Ancaq incəsənət və estetikadan uzaq, bayağı həyat tərzi yaşayan insanlar bu həyat tərzini İslam dini adı altında təbliğ edərək dinimizdən bixəbər insanlarda İslamofobiya formalaşdırırlar. Nəticədə ateizm belə həyat tərzindən üstün tutulur. İnsanların ateizmə meyl etməsinə səbəb də məhz dinin düzgün təbliğ edilməməyindən qaynaqlanır. Şübhəsiz ki, Qurana zidd olduqca keyfiyyətsiz İslam modeli yaradıb insanlara təbliğ edən, sənətdən, estetikadan uzaq həyat tərzini müsəlmanlara layiq görən insanlar Allah`ın hüzurunda günahkar insanlardır. (Doğrusunu Allah bilir)
Hz. Süleyman qissəsində də bildirildiyi kimi, müsəlmanlar İslamın gözəlliyini təbliğ edərkən istifadə etdikləri incəsənəti, estetikanı əvvəlcə öz həyatlarına tətbiq etməlidirlər. Buna görə də Quran əxlaqının bütünlükdə yaşamaq İslamın bütün dünyaya sürətlə yayılmasına vəsilə olacaqdır.
Hz. Süleyman (ə.s) Səba məlikəsinə dini təbliğ edərkən incəsənət və estetikanın gözəlliklərindən istifadə etmiş, qonağına qarşı çox nəzakətli və diqqətli davranmış, hətta öz taxtını gətizdirmişdir. Saraydakı gözəlliklər, hz. Süleymanın (ə.s) diqqətli, nəzakətli və qonaqpərvər rəftarı Səba məlikəsində onun dininə maraq oyatmış və iman gətirməyinə vəsilə olmuşdur. Quranda nümunə kimi göstərilən bu təbliğ metodu bütün müsəlmanların təbliğ ibadətində mühüm yer tutmalıdır.
Nəticə:
Bütün bu sadalananlar incəsənətdən, estetikadan uzaq, bayağı həyat tərzinin müsəlmanlara nə qədər böyük zərər yetirdiyindən xəbər verir. Bütün möminlər İslam dininin əsas meyarlarından olan estetikanı, gözəlliyi, keyfiyyəti həyat tərzinə çevirmək üçün cəhd etməlidirlər. Qiyamətin çox yaxın olduğunu xəbər verən Axırzamanın mübarək zatı hz. Mehdi (ə.s) İslamın sənət və keyfiyyət anlayışını ön plana çəkəcək, bütün yer üzünə bu dinin hakim olmasına vəsilə olacaqdır. Hz. Mehdinin (ə.s) tələbəsi olmağı arzulayan və bunun üçün cəhd edən hər bir mömin incəsənəti, estetikanı əsas meyarlardan biri kimi qəbul edərək İslam dinini təbliğ edəcəklər.