Allah Quranda imanlarındakı səmimiyyətləri və əxlaqlarının gözəlliyi ilə nümunə olan qadınlardan başqa inkar edən və buna görə də cəhənnəm əzabına düçar olan qadınlar haqqında da məlumat vermişdir. Allahın Quranda diqqət çəkdiyi iki qadının ən əhəmiyyətli xüsusiyyətləri, hər ikisinin də peyğəmbərlərin həyat yoldaşları olmalarıdır.
Peyğəmbərlər Allahın seçdiyi, elçisi olmağı ilə şərəfləndirdiyi, elmlərini və güclərini artırdığı üstün insanlardır. Buna görə də Hz. Nuhun və Hz. Lutun həyat yoldaşlarının peyğəmbərlərin səmimi şəxsiyyətlərinə, gözəl əxlaqlarına, hikmətli danışıqlarına, ağıllı qərarlarına hər an şahid olduqları və onların Allahdan gələn haqq sözlə hərəkət etdiklərini bildikləri halda iman etməmələri çox əhəmiyyətlidir. Onların bu hərəkətləri bütün iman edənlər üçün ibrət olmalıdır. Allahın Hz. Nuhun və Hz. Lutun yoldaşları olduqlarını bildirdiyi bu qadınlar peyğəmbərlərlə evlənmiş ancaq daha sonra onlara xəyanət etmişlər. Allah, bu iki qadının vəziyyəti haqqında Quranda belə məlumat verir:
Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda girin!”– deyildi. (Təhrim Surəsi, 10)
Allahın sevdiyi, razı olduğu, cənnətiylə müjdələdiyi bu mübarək insanlarla yaxın olduqları halda bu yaxınlıq səmimiyyətsizlikləri ucbatından onlara Allahın rəhmətindən heç bir şey qazandırmayıb. Əksinə Allahın əzabıyla qarşılaşıblar. Allah Nəml Surəsində Hz. Lutun arvadının, Hz. Luta iman etməyən azğın qövmüylə birlikdə necə həlak olduğunu belə bildirmişdir:
Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu.Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun (arvadını) geridə qalanlardan olmasına qərar verdik.Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş! (Nəml Surəsi, 56-58)
…Həqiqətən, oranın sakinləri zalımlardır”.
(İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.
Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq. (Ənkəbut Surəsi, 31-34)
Göründüyü kimi Allah bu qadınların hər ikisinə də dünya həyatında çox böyük imkan nəsib etmiş, onları peyğəmbərlərin yoldaşları etmişdir. Ancaq hər ikisi də, özləri üçün həm dünya həyatında həm də axirətdə böyük nemətə çevrilə biləcək bu imkanı gərəyi kimi qiymətləndirə bilməmiş və bu şərəfli mövqeyə çata bilməmişlər. Buna görə də Allahın əzabına düçar olmuş və alçaldılmışlar.