Həzrəti Lut qövmünün pozğunluğu
ucgen

Həzrəti Lut qövmünün pozğunluğu

2130

"Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi". (Ənbiya surəsi, 74-75)

Allah Quranda "Batildən haqqa tapınaraq üzünü Allah`ın fitri olaraq insanlara verdiyi dinə tərəf tut..." (Rum surəsi, 30) şəklində buyurur və insanları müəyyən fitrət üzrə yaratdığını xəbər verir. Şeytan isə insanlara Allah`ın yaratdıqlarına dəyişdirmələrini əmr edir ("Nisa" surəsi, 119). İnsanı fitrətindən uzaqlaşdırıb hər cür azğınlığa salmağa çalışır. Şeytanın insanları sürüklədiyi azğınlıqların ən bariz nümunələrindən biri isə homoseksuallıqdır. Belə ki, Allah Quranda şeytanın yönləndirməsi ilə hərəkət edib əxlaqsız həyat yaşayan bu insanların vəziyyətini "...Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz; azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır"(Əraf surəsi, 146) şəklində xəbər vermişdir. Bu adamlar Rəbbimizin "Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər" (Nisa surəsi, 27) ayəsi ilə də buyurduğu kimi, bütün insanların doğru yoldan azmasını istəyirlər. Quranda bu insanların alacağı əvəz bu şəkildə bildirilir:

"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar". (Məryəm surəsi, 59)

Bu əxlaq azğınlığı tarixdə fərqli insan cəmiyyətləri arasında da müşahidə olunur. Bu cəmiyyətlərdən biri də bütpərəst Lut qövmüdür. Hz.Lut Rəbbimizə könüldən iman edən gözəl əxlaqlı, təvəkkül sahibi mübarək bir peyğəmbərdir. Qövmünü də Allah`dan qorxub çəkinməyə, Allah`ın qadağan etdiyi bu pozğunluqdan vaz keçməyə və Allah`ın rizasına uyğun yaşamağa dəvət etmişdi. Ancaq qövmü Allah`ın xoşbəxt elçisinin dəvətinə düşmənçiliklə cavab vermişdi. Hz.Lut qövmü bu çirkin cəsarət və əxlaqsızlıq üzündən Rəbbimizin əzabına düçar olmuşdu. Quranda Lut qövmünün qarşılaşdığı aqibət belə xəbər verilir:

"Lutu da peyğəmbər göndərdik. Bir zaman o, öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!" Lut tayfasının cavabı: "Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!" -deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu. Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!"(Əraf surəsi, 80-84)

Açıq-aşkar xəbərdar olunsalar da, azğınlığa davam edən bu insanlar Hz.Lutu və yanındakı möminləri şəhərdən sürgün etməklə hədələmişdilər. Və: "Onlar təmiz adamlardır"(Əraf surəsi, 82) -deyərək möminlərə lağ etdiklərini sanmışdılar. Qövmünün bu azğınlığına baxmayaraq, hz.Lut Allah`ın razılığı üçün təbliğinə davam etmişdi.

Hz.Lutun qövmünü xəbərdar etməsi

"Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allah`dan qorxun və mənə itaət edin!" (Şüəra surəsi, 160-163)

Hz.Lut qövmündən elədikləri çirkin həyasızlığa son qoymağı və ona tabe olmağı istəmişdi. O, etdiyi bu təbliğin dərhal ardınca onlardan heç bir əvəz gözləmədiyini, yalnız Allah`ın razılığına nail olmaq üçün səy göstərdiyini bildirmişdi:

"Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" (Şüəra surəsi, 164)

Hz.Lut bu sözlərindən sonra qövmünün yaşadığı həyatın nə qədər böyük əxlaqsızlıq olduğunu belə tərif etmişdi:

"Doğrudanmı, siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!" Onlar dedilər: "Ey Lut! Əgər son qoymasan, mütləq qovulacaqsan!" Lut dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!"(Şüəra surəsi, 165-168)

Hal-hazırda bəzi insanlar belə azğınlıqları mümkün və məşru göstərməyə çalışır. Dünyanın dörd tərəfində əxlaqi aşınma və degenarasiyanın artmasının səbəblərindən biri də budur. Halbuki, müsəlman bütün həyatını Allah`ın bildirdiyi hökmlərə görə müəyyən edir. Allah`ın çirkinlik və həyasızlıq kimi tərif etdiyi bu əxlaqi azğınlıq qarşısında iman sahiblərinin davranışı da hz.Lut kimi olmalıdır.

Lut peyğəmbərin bütün cəhdlərinə hədə-qorxu və hücumlarla cavab verən bu ağılsız və əxlaqsız insanların sayca çox olduqlarına görə, arxayın olduqları da ayələrdən görünür. Dindən uzaq yaşayan insanların bir qismi bu cür yanlış bir nöqteyi-nəzərə sahibdir. Yəni saylarının çox olması onlara bir əminlik hissi verir. Ancaq Rəbbimiz bizə tarix boyunca iman edənlərin sayının həmişə az olduğunu bildirir. Hz.Lut qövmündə iman edənlərin sayı üçün Allah ayədə: "Lakin orada bir evdən başqa müsəlman tapmadıq" (Zariyat surəsi, 36) -şəklində buyurur. Ancaq Allah daima möminlərə yardım etmişdir və mühüm olan da budur. Quranda Rəbbimiz səmimi qəlblə iman edən, sadəcə Allah`ın rizasını gözləyən, axirət yurdu üçün saleh işlər görən, İslam əxlaqını insanlar arasında yaymağa çalışan iman sahiblərinin hər zaman qalib gələcəyini vəd edir. Rəbbimizin bu ilahi qanunu yüzilliklər boyunca gerçəkləşmiş, hər zaman azlıqda olan möminlər özlərindən sayca çox olan qövmlərinə qarşı mübarizədə böyük zəfərlər əldə etmişdir.

Həlakın gerçəkləşməsi

Hz.Lutun qövmünün həlak edəcəyinin xəbəri elçilər tərəfindən ilk öncə hz.İbrahimə bildirilir:

"Dedi: "Ey elçilər! Sizin işiniz nədir?" Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur! Nəhayət, orada olan möminləri çıxartdıq. Lakin orada bir evdən başqa müsəlman tapmadıq". (Zariyat surəsi, 31-36)

Elçilər hz.İbrahimdən sonra hz.Lutun yanına getmiş və ona da bu həlak barədə xəbər vermişdilər. Müsəlman cəmiyyət isə bu həlakdan qorunacaqdı. Allah Lut qövmünü necə bir əzabla həlak etdiyini belə bildirir:

"And olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!" - dedik."(Qəmər surəsi, 37)

Tarixçilər Lut qövmünün başına gələn bu böyük fəlakətin yerinin "Lut gölü" və ya "Ölü dəniz" kimi məlum olan gölün sahilləri olduğunu düşünürlər. Müasir dövrdə İsrailin işğalı altındakı Qərbi Şəriyə ilə İordaniya arasında qalan Lut gölünün yanında yerləşən tarixi Sodom və Qomorra şəhərləri hz.Lutun təbliğ etdiyi pozğun camaatın yaşadığı yerlər kimi qəbul edilir. Bölgədə aparılan arxeoloji araşdırmalar Lut gölünün sahillərində yerləşən bu şəhərlərin böyük  zəlzələ nəticəsində aşağı çökdüyünü göstərir. Tədqiqatçılara görə, Lut gölünün bir hissəsini yerin dərinliklərinə girən Lut qövmünün qalıqları təşkil edir. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, "Qövmlərin həlakı")

Pompey xalqı Lut qövmü ilə eyni aqibəti yaşadı

Pompey Romada əxlaqi degenerasiyanın simvolu idi. Pompey xalqı da eynilə Lut qövmü kimi cinsi azğınlığa yönəlmiş, Allah`ın əmr etdiyi əxlaqa və həyata zidd olan həyat tərzini seçmişdi. Ancaq onların da aqibəti Lut qövmü kimi oldu. Çünki Allah`ın əmrinə qarşı çıxan hər xalq bunun əvəzini mütləq dünyada, ya da axirətdə alır. Bu, Allah`ın bir qanunudur və Allah "Sən Allah`ın sünnəsində heç bir dəyişiklik tapmazsan!" (Fatir surəsi, 43) ayəsi ilə bu həqiqəti bizlərə xəbər verir.

Pompeyin həlakı Vezuvi vulkanının püskürməsi ilə baş vermişdir. Vezuvi vulkanı İtaliyanın, xüsusilə də Neapol şəhərinin simvoludur. Təxminən 2000 ildən bəri susqun olan Vezuvi “İbrət dağı" adlandırılır. Məşhur Sodom və Qomorra şəhərlərinin başına gələn fəlakətlə Pompey faciəsi bir-birinə çox bənzəyir. Vezuvinin qərb yamacında Neapol, şərq yamacında isə Pompey şəhəri yerləşir. Təxminən 2000 il öncə baş vermiş lava və kül püskürməsi böyük bir fəlakət olaraq bu şəhərin insanlarını ani şəkildə yaxalamışdı. Fəlakət elə ani olmuşdu ki, hər şey 2000 il əvvəl olduğu kimi qaldı. Sanki zaman donduruldu.

Pompeyin belə fəlakətlə yer üzündən silinməsində, əlbəttə, dərs alınacaq hikmətlər var. Tarixi qeydlər şəhərin yox olmazdan öncə tam bir səfahət və azğınlıq mərkəzi olduğunu göstərir. Ancaq Vezuvinin lavaları bir anda bütün şəhəri xəritədən sildi. Hadisənin ən maraqlı tərəfi isə şəhərin gündəlik yaşayışı içində Vezuvinin qorxunc partlamasına baxmayaraq, heç kəsin qaça bilməməsi və olduğu yerdə donub fəlakətdən bixəbər olması idi. Yemək yeyən bir ailə o andakı kimi eynilə daşlaşmışdı. Pozğunluq əsnasında daşlaşmış bir çox insan tapılmışdı. Daha əhəmiyyətlisi odur ki, bu insanlar arasında eyni cinsdən olanlar, kiçik oğlan və qız uşaqları da vardı. Pompey qalıqlarından çıxarılan daşlamış insan cəsədlərinin bəzilərinin üzləri heç pozulmadan qalmışdı. Ümumi üz ifadəsi çaşqınlıq idi. Çünki bu xalq Allah`ın ayələrində bildirildiyi kimi, birdən-birə yox olmuşdu. Allah bu mövzuda bir şəhər xalqını belə nümunə verir:

"Onlara ancaq dəhşətli bir səs oldu. Dərhal məhv olub getdilər".(Yasin surəsi, 29)

PAYLAŞIN
logo
logo
logo
logo
logo