Onlar Allah`ı unutdular, Allah da onları unutdu. (Tövbə surəsi, 67)
İnsan sahildə gəzərkən bir qum qalası görsə, mütləq bunu birinin düzəltdiyini düşünər. Bu qalanın dalğalar və küləklərin təsiri ilə təsadüflər nəticəsində meydana gəldiyini isə ancaq cahil biri iddia edər. Kainatda var olan hər şeydə də üstün dizayn vardır. Üstəlik, bu dizayn sahildəki qumdan hazırlanmış qala ilə müqayisə edilməyəcək qədər mükəmməl və üstündür. Bu həqiqət danılmaz və açıq-aşkardır: Kainatın üstün bir Yaradıcısı vardır. Bu yaradıcı aləmlərin Rəbbi olan Allah`dır.
Bütün kainatda qüsursuz nizamın mövcud olduğu açıq-aşkar bir həqiqətdir. Yaşadığımız bu dünya da ən əlverişli şərtlərin bir yerə gəlməsi ilə meydana gəlmişdir. Cazibə qüvvəsi, Dünyanın Günəşə uzaqlığı, atmosferdəki oksigen nisbəti və bunun kimi yüzlərlə həssas tarazlıqdan heç biri özbaşına, ya da təsadüflər nəticəsində meydana gəlməmişdir. Şübhəsiz, ən kiçik mikroorqanizmdən Günəş sisteminin nəhəng planetlərinə qədər hər şeyi idarəsi altında saxlayan Allah`dır. Kainat Allah`ın sonsuz ağıl və gücünün bir nümunəsidir, Allah dünyanı da yaşamağımız üçün xüsusi olaraq bizim üçün hazırlamışdır. Çünki Allah yaradıb nizama qoyandır. Bir ayədə belə buyurur:
O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allah`dır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (Fatir surəsi, 13)
İndi isə insan bədənini araşdıraq. İnsan bədəni möhtəşəm və qüsursuz dizayna malikdir. İnsan beyni müasir texnologiyanın ən üstün məhsulu olan kompüterlərlə əsla müqayisə edilə bilməyəcək qədər qüsursuz quruluşa malikdir. Bununla yanaşı, bədənin hər orqanı həm öz daxilində, həm də digər orqanlarla birgə nizamla fəaliyyət göstərir. Məsələn, insanın nəfəs ala bilməsi üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək və bütün damarlar eyni anda fəaliyyət göstərirlər. Onlardan heç biri bir dəqiqə belə istirahət etmir, bir an belə yorulmur. Hər biri tam təslimiyyətlə özünü yaradan Allah`a boyun əyir və Rəbbimizin təqdir edib verdiyi əmri yerinə yetirir. Nəfəs alarkən burundan təmizlənib istilənərək keçən hava nəfəs borusunu da keçdikdən sonra ağciyərə çatır. Ürəyimizdə, damarlarımızda, qısacası, bədənimizdəki hər bir hüceyrədə oksigendən istifadə edilir. Bir-iki dəqiqə dayansalar, insanın ölümünə səbəb olacaq orqanlar insanın həyatının davam etməsi üçün saniyələr içində müxtəlif fəaliyyətlər görürlər. Bir çox əməliyyatı bir-birinə qarışdırmadan, çaşmadan, axsatmadan böyük ustalıq və ağılla yerinə yetirirlər. Bu proseslər zamanı gecikmə olsa, nəfəs almağımız da, həyatımızı davam etməyimiz də qeyri-mümkün olardı.
Bu, görmə qabiliyyətinə də aiddir. Göz canlıların yaradılmış olduğunun ən bariz dəlillərindən biridir. İnsan və ya heyvan gözü olmasından aslı olmayaraq, canlıların sahib olduqları bütün görmə orqanları qüsursuz dizayna malikdir. Gözümüz 21-ci əsr texnologiyasının əldə edə bilmədiyi görüntünü bizə təqdim edir. Amma unutmayın ki, bir gözün görə bilməsi üçün eyni anda gözün bütün orqanoidlərinin mövcud olması və birgə fəaliyyət göstərməsi lazımdır. Məsələn, kornea, konjonktiva, iris, göz bəbəyi, göz mərcəyi, retina, koroid, göz əzələləri, göz yaşı vəzləri kimi bütün hissələr olsa və işləsələr də, amma bir tək göz qapağı olmasa, göz qısa müddətdə görmə funksiyasını itirər. Yaxud da gözü meydana gətirən bütün orqanlar mövcud olsa da, ancaq göz yaşı fəaliyyəti dayansa, göz qısa müddətdə quruyar və kor olar. Bu vəziyyətdə qarşımıza bir sual çıxır: Yaxşı, bu qədər mükəmməl orqanları bir anda kim xəlq etmişdir? Görməmizi təmin edən gözü kim meydana gətirmişdir?
Əlbəttə, gözü yaradan gözün sahibi canlı deyil. Çünki görmənin dünyaya gəlməmişdən nə demək olduğunu bilməyən bir canlının, görə bilmək üçün görmə orqanına ehtiyac olduğunu da bilməz. Bildikdən sonra da öz bədəni üzərində bunu tikməsi, əlbəttə ki, qeyri-mümkündür. Bu vəziyyət canlıları görmə, eşitmə və s. kimi duyğularla yaradan üstün ağıl sahibinin varlığını açıqca bizə göstərir. Əks halda, şüursuz hüceyrələrin görmə, eşitmə kimi şüur tələb edən funksiyaları öz bacarıqları ilə qazandıqlarını iddia edilmiş olar. Bunun isə əsla mümkün deyil. Quranda bu belə bildirilmişdir:
De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)
Ayədə də xəbər verildiyi kimi, insan bədənindəki bu sistemlərin hamısını bir-birinə bağlayan Uca Allah`dır. Öz bədənimizdə və xarici dünyada gördüyümüz saysız dəlillər Allah`ın gücünü, böyüklüyünü və elmi ilə hər şeyi əhatə etdiyini açıqca göstərir. Amma bir qisim insanlar dərin düşünməkdənsə, gördükləri bu möcüzələrə adi baxmağı üstün tuturlar. Buna görə də, Allah Quranda insanları ətraflarına baxaraq Onun böyüklüyü haqqında düşünməyə çağırmışdır.
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Allah`ın sizə çox yaxın olduğunu və hər şeyi əhatə etdiyini əsla unutmayın. Sizin bu yazını oxuduğunuz an, bir saniyədə ağılınızdan keçənlər, uşaq ikən yaşadığınız hər hadisə, bir neçə il sonrakı planlarınız daxil olmaqla, hər şey Allah`ın məlumatı daxilindədir. Bu, gecə-gündüz dayanmadan hər bir varlığa aiddir, hər şeyi idarə edən Rəbbimizdir. Necə ki Allah Quranda belə bildirmişdir:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)
Allah insanın ağılından keçən və kimsənin bilmədiyi düşüncələrdən, içində gizləyib kimsəyə söyləmədiyi sirlərin hamısından xəbərdardır. İnsanları hər tərəfdən əhatə edən Allah nə etməyimizdən və harda olmağımızdan aslı olmayaraq, hər zaman bizə şahiddir. Bu həqiqət bir ayədə belə xəbər verilir:
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunus surəsi, 61)
Bu həqiqətlərə baxmayaraq, insanlardan bəziləri zənn edirlər ki, Allah onlardan çox uzaqdadır. Şüuraltı düşüncələrinə görə, Allah çox uzaqlardakı bir planetin arxasında oturur və çox nadir hallarda “dünya işlərinə” qarışır (Allah`ı tənzih edirik). Ya da heç qarışmır; kainatı bir dəfə yaratmış və başıboş buraxmışdır. Halbuki bu açıq-aşkar bir yanılmadır. Allah hər yerdədir və varlığı hər şeyi əhatə edir. Şərqdən qərbə, şimaldan cənuba varlığı ilə hər yeri əhatə etmişdir.
Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)
Siz dünyanın sonuna da getsəniz, Allah oranı da əhatə etmişdir. Bu anda da sizi hər tərəfdən əhatə edir. O, sizə şah damarınızdan daha yaxındır. Bədəninizə, otağınıza, yaşadığınız şəhərə, kainatın hər yerinə, sizin gözünüzlə görə bilmədiyiniz bütün aləmlərə hər an hakimdir. Bu həqiqətlərə əhəmiyyət verməyən bəzi insanlar ağıllarından keçirdikləri fikirləri, etdikləri günahları insanlardan gizləyirlər, amma bunları Allah`dan gizləyə bilmədiklərini düşünmürlər. Halbuki Allah onların hər hərəkətlərini görür. Bir ayədə belə buyurur:
Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz! (Taha surəsi, 110)
Gələcəkdə nələr yaşayacağınızı siz bilmirsiniz, amma Allah bilir. Bunun üçün də, siz dərk edib-etməyinizdən aslı olmayaraq, hər canlı Allah`a boyun əymiş, təslim olmuş vəziyyətdədir.
Siz içinizdən keçirdiklərinizi açıqlasanız da, gizləsəniz də, bu, Allah üçün birdir. Çünki Allah hər şeydən xəbərdardır. Pıçıltı ilə söylədiyiniz bir söz də Allah`dan gizli qalmaz. Çünki Allah üçün sirr yoxdur, O, gizlinin də gizlisini bilir.
Unutmayın ki, yer üzündəki hər varlıq Allah`a möhtacdır. Allah isə insanın sahib olduğu hər cür çatışmazlıqdan uzaqdır, heç bir şeyə ehtiyacı olmayandır. Yuxu, aclıq, susuzluq, yorğunluq kimi ağla gələ biləcək insani zəifliklərin hamısından uzaqdır: Hər kim olsa da, hər kəs mütləq öləcək, amma Allah əzəli və əbədi olan, daim diri olandır:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Hər hadisənin Allah`ın idarəsi ilə reallaşdığını unutmayın. Allah sonsuz güc sahibidir; Quranda bildirildiyi kimi, Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin (Ənam surəsi, 59). Hər şey Allah`ın əmri ilə hərəkət edir. Göydən yerə bütün işlər Allah`ın əmri ilə həyata keçir. Bütün işlər deyiləndə bir çox insanlar bunu yalnız təbiət hadisələri, ya da ölüm və doğum kimi hadisələrlə məhdudlaşdığını düşünürlər. Halbuki yalnız bunlar deyil, ağla gələ biləcək hər iş, hər hadisə, yaşanan hər an Allah`ın əmri ilə baş verir.
Texnoloji yeniliklər, bütün dünya dövlətlərinin idarəçiliyi, hər dövlətin ictimai və iqtisadi vəziyyəti, kiçik-böyük bütün şirkətlər, görülən hər iş, dünyaya gələn hər yeni insan, bu insanların həyatlarındakı hər saniyə üstün Yaradıcı olan Allah`ın məlumatı daxilində və idarəsi altındadır. Ən kiçiyindən ən böyüyünə qədər alınan hər qərar, hər fəaliyyət Allah`ın icazəsi ilə reallaşır. Eyni şəkildə, bədəninizdəki trilyonlarca hüceyrənin işləməsi, bu hüceyrələrin hər birinin içində olan orqanların tək-tək gördükləri bütün vəzifələr, bu hüceyrələri qoruyan sistemlər və daha saya bilməyəcəyimiz müxtəlif detallar Allah`ın idarəsindədir. Bundan əlavə, boşluqda dönüb fırlanan dünya və dünyanın üzərindəki tək bir qarışqanın qidalanmasına qədər bütün proseslər də Allah`ın icazəsi ilə baş verir. Bu həqiqət Quranda belə ifadə edilir:
Mən, Rəbbim və Rəbbiniz olan Allah`a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)
Hər kəs Allah`a boyun əymişdir, O elmi ilə hər yeri əhatə edib, bütün məlumatın sahibi Odur. Körpə uşaqdan bir alimə qədər hər kəsə bildiklərini öyrədən, görə bildiklərimizi və bilmədiklərimizi, yəni bütün aləmləri də bilən Allah`dır. Göylərdə və yerdə olan hər şeyin: ulduzların, ağacların, heyvanların, insanların sayını, düşən yağışın miqdarını müəyyən edən də yalnız Allah`dır:
Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək. (Allah) onları hesablamış və bir-bir saymışdır. (Məryəm surəsi, 93-94)
Kainatın hər yerində meydana gələn hər hadisənin idarəsi Allah`ın əlindədir. O, bütün gizli və ya aşkar olan hər şeydən xəbərdardır. Göylərdə və yerdə, bu ikisi arasında hər nə varsa, hamısından xəbərdardır. Çünki Allah bütün aləmlərin sahibidir. O halda, ən kiçik bir şeyin belə Ondan əsla gizli qala bilməyəcəyini, siz də daxil olmaqla bütün insanların ağlından keçənlərin və ya etdiyi işlərin hamısının Allah`ın idarəsində olduğunu əsla unutmayın. Çünki Allah hər kəsin həyatı boyunca yaşadıqları bütün hadisələri bilir. Allah əsla yanılmayan və heç nəyi unutmayandır.
Sizə sahib olduğunuz hər şeyi verənin Allah olduğunu unutmayın. Ətrafınıza bir baxın. Hər şey tam sizin ehtiyaclarınıza uyğun hazırlanmış, tək-tək əmrinizə verilmişdir. Başınızı qaldırıb bir də göyə baxın və ətrafınızda olanları düşünün. Bizləri gördüyümüz və görmədiyimiz nə qədər nemətlərlə təmin edənin Allah olduğunu daha yaxşı qavrayacaqsınız. Elmin çatdığı səviyyəyə baxmayaraq, hələ də müəmma olaraq qalan insan bədənini yaradan və bütün orqanlarını mükəmməl şəkildə uyğunlaşdıran, ev heyvanları yaradıb insanların xidmətinə verən, çoxlu sayda yemək, geyim və nəqliyyat vasitələrini təmin edən Allah`dır. Göydən endirdiyi su ilə eyni torpaqdan fərqli dadlarda meyvə və tərəvəzlər çıxaran, yüz milyardlarla qalaktikaları tarazlıq içində hərəkət etdirən, gündüzü işləmək, gecəni istirahət etmək üçün yaradan, Günəşi öz orbitində hərəkət etdirən, dənizləri insanların qida əldə etmələri və səyahət etmələri üçün mükəmməl şəkildə yaradan yalnız Allah`dır. Allah bu həqiqətləri ayələrində belə xəbər verir:
O, insanı nütfədən yaratdı. O isə gözlənilmədən açıq-aşkar mübahisəçiyə çevrildi. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və (başqa) faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. (Mal-qaranı) axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır. Doğru yol göstərmək Allah`a aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allah`ın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür. O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. Əlamətlər (yaratdı). (İnsanlar) ulduzlar vasitəsilə də (getdikləri) yolu müəyyənləşdirirlər. Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allah`ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 4-18)
İnsanın ömür boyu saya bilməyəcəkləri nemətlərin hər biri Rəbbimizin diləməsi ilə var olmuşdur və insanın xidmətinə verilmişdir. Allah bir ayəsində bunu belə xatırladır:
Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allah`ın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Loğman surəsi, 27)
Sahib olduğunuz nə qədər mal-mülkünüz varsa, bunları sizə verənin və hamısının həqiqi sahibinin Allah olduğunu əsla unutmayın. Çünki göylərin, yerin və bu ikisi arasında olan hər şeyin mülkü Allah`ındır. Ancaq Allah dilədiyinə istədiyi qədər verir. Zamanı gəlib insanların həyatına son verdikdə tək varis yenə Odur. Bütün evlərin, avtomobillərin, malların, əşyaların, ərazilərin, yeməklərin, qısacası, hər şeyin həqiqi sahibi Allah`dır.
Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allah`a məxsusdur və O, hər şeyə qadirdir. (Maidə surəsi, 120)
Siz Allah`ın təyin etdiyi vaxt gələndə sahib olduğunuz hər şeyi – ailənizi, işinizi, mal-mülkünüzü, mövqeyinizi geridə qoyacaqsınız. Çılpaq bədəniniz yalnız bir neçə metr bezə bükülərək bir çuxura atılacaq. Ruhunuz isə yalnız Allah`a qayıdacaq. Dünyada sahib olduğunuz nə mövqeyinizin, nə adınızın, nə də zənginliyinizin orada heç bir əhəmiyyəti olmayacaq. Siz bu dünyada sahib olduqlarınızla yalnız imtahan olunursunuz. Həqiqi sahibi deyilsiniz, sahib olduğunuzu zənn etdiyiniz hər şey yalnız Allah sizə lütf etdiyi üçün var. Əgər Allah bunları əlinizdən alsa, sizin bunları geri gətirməyə heç bir şəkildə gücünüz çatmaz.
Allah`ın sizin üçün dilədiklərindən başqa, başınıza heç bir şeyin gələ bilməyəcəyini unutmayın. Başınıza gələn, sizin yaxşı və ya pis kimi xarakterizə etdiyiniz hər cür hadisə Allah`ın məlumatı daxilində, yəni qədərin axışı çərçivəsində həyata keçir. Heç kim o gün özünü nə cür hadisələrin gözlədiyini bilmir. İnsan nə qədər öz-özünə planlar qursa da, əslində, hadisələr özünün planladığı kimi getmir, hətta heç ağla gəlməyəcək hadisələrlə də qarşılaşa bilər. İnsanı bu naməlumluq içərisində tək rahatladacaq şey qarşılaşdığı hər hadisənin Allah`ın istəyi ilə xüsusi olaraq yaradıldığını bilmək və Rəbbimizin yaratdığı qədərə etibar edib təslim olmaqdır. Burada bir məqama xüsusi diqqət etmək lazımdır: Planlamadan yaşadığınız hadisələr Allah`ın məlumatı və idarəsindədir. Ancaq eyni şəkildə, planladığınız hadisələr də Allah`ın idarəsindədir. Çünki kainat üzərində Allah`dan müstəqil, Rəbbimizin hakimiyyəti xaricində tək bir an belə yaşanmır. Bir ayədə möminlərin belə söylədiklərindən bəhs edilir:
De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
Unutmayın, başınıza hər nə gəlirsə, Allah`dandır və bir hikməti vardır. Bilin ki, insanın Allah`dan gələcək şeylərə qarşı Allah`a sığınmaqdan başqa yolu yoxdur, başqa vəlisi və köməkçisi də yoxdur:
Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allah`a məxsusdur? Sizin Allah`dan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır. (Bəqərə surəsi, 107)
Gün ərzində hər işdə bizə köməkçi olan Allah`dır. Hətta o işi yaradan, bizə istədiyimiz şeyi istədiyimiz anda etdirən də yalnız Rəbbimizdir. Allah`ın böyüklüyünü düşünməyən bir insan zənn edir ki, ona kömək edən ya iş yoldaşıdır, ya ailəsi və ya başqa bir insandır...
Əlbəttə, bu insanlar məlumatları və həyat təcrübələri ilə insana kömək edə bilərlər. Ancaq bunların hamısının bir səbəb olduğunu ağılınızdan çıxarmayın. Çünki Allah dünya həyatında nəticələri müəyyən səbəblərə bağlamışdır. Məsələn, almanı yetişdirə bilmək üçün toxum əkmək, sulamaq, gübrələmək lazımdır. Bütün bunlar Allah`ın yaratdığı səbəblərdir. İnsan bu şərtləri lazımı qaydada etdikdən sonra Allah`dan daha çox məhsul ümid edə bilər.
Baş verən hər hadisənin nəticəsi Allah`a aiddir və insan Allah`ın təqdirinə könüldən razı olmalıdır.
Unutmayın, sizi bütün təhlükələrdən, xəstəliklərdən, çətinlik və bəlalardan qoruyan tək Allah`dır. Xəstələndikdə sizi yaxşılaşdıranın həkiminiz və içdiyiniz dərman olduğunu düşünə bilərsiniz. Əlbəttə, insan Allah`ın yaratdığı bu yollara əl atmalıdır. Amma nəticədə özünü bu xəstəlikdən qurtan yalnız və yalnız Allah olduğunu da qəti olaraq bilməlidir. O diləmədikdən sonra nə mütəxəssis həkimlərin, nə ən bahalı dərmanların, nə də ən yaxşı xəstəxanaların insana heç bir faydası olmaz. Şəfanı verəcək Allah`dır. Allah dilədiyi insana imtahan verərək səbəbsiz xəstəlik verə biləcəyi kimi, istədiyi insanı da səbəbsiz olaraq yaxşılaşdıra bilər. Allah bu ilahi həqiqəti Quranda hz. İbrahimin (ə.s.) sözləri ilə bildirmişdir:
Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. (Şuəra surəsi, 80)
Bütün qüvvət yalnız Allah`ın əlindədir. Bu həqiqəti unudub nə özünə, nə bir başqasına - Allah`ın diləməsi xaricində - ən kiçik bir köməyə belə gücü çatmayan varlıqlardan mədət ümid etmək insana həm dünyada, həm də axirətdə çox böyük fəlakət gətirər. Mədət ümid edilən bu kəslər də eyni dərəcədə acizdirlər, nəinki başqa birinə, hətta özlərinə belə - Allah`ın diləməsi xaricində - kömək edə bilmirlər. Allah Əraf surəsində belə buyurur:
Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər (Əraf surəsi, 197)
Tək Allah`dan qorxmaq və yalnız Onun razılığını qazanmaq lazım olduğunu unutmayın. Həyatınızda vacib olduğunu düşündüyünüz və ya güc sahibi kimi gördüyünüz, gözünüzdə böyütdüyünüz heç bir insanın həqiqətdə özünə aid heç bir gücü yoxdur. Belə olduqda, bir insandan Allah`dan qorxduğu kimi qorxmaq, çəkinmək və ya Allah`ı sevdiyi kimi sevmək Qurana görə “o adamı Allah`a bərabər və şərik” tutmaqdır ki, Quranda Allah bunun böyük bir günah olan şirk olduğunu bildirmişdir:
İnsanlardan elələri də vardır ki, Allah`dan qeyrilərini (Ona) tay tutur, onları da Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah`a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah`a məxsus olduğunu və Allah`ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)
Yuxarıdakı ayədə də xəbər verildiyi kimi, inananlar Allah`ın razılığını hər şeydən üstün tutmalıdırlar. Əgər insanın həyatı bu təməl üzərinə qurulsa, insan hər an Allah`dan başqa qorxacaq, çəkinəcək, möhtac olunacaq, boyun əyiləcək bir varlıq olmadığını bilər. Bu şüurla həqiqi mənada azadlığa sahib olar, eyni zamanda sonsuz güc sahibi Vəli qazanar, məğlub edilməz insan olar. Bununla yanaşı, insan ehtiyacı olan hər şeyi verən, daxili dincliyi və hüzur nəsib edən, çətinlik və ehtiyac içində olana kömək edən, hər kəsin etdiklərinin qarşılığını əskiksiz olaraq verən və qoruyan Allah`ın razılığını qazanmağı ümid edər. Quranda Allah rizası haqqında belə bildilir:
Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
İnsanların çoxunun etdikləri səhvlərdən biri budur: Bütün həyatını insanları razı etmək üzərinə qurmaq. Halbuki özünü yaradanı və yaşadanı unudub insanları razı etmək üçün xərclənən hər saniyə, görülən hər iş sonunda o insana əzab kimi dönür. Allah bu mövzu ilə əlaqədar Quranda düşünə bilənlər üçün çox hikmətli nümunə vermişdir:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah`a məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər surəsi, 29)
Allah Öz istədiyi şəkildə yaşayan qullarını həm dünyada, həm də axirətdə ola biləcək ən gözəl həyatla yaşadar. Amma Allah`ın razılığına uyğun yaşamaqdan uzaqlaşıb, özü kimi aciz qul olan insanlardan və ya başqa varlıqlardan mədət ümid edənlər daim sıxıntı içində olarlar. Allah bunu bir ayəsində belə bildirir:
Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunus surəsi, 44)
Allah ilə birlikdə başqa ilahlar qəbul edənlər ayədə bildirildiyi kimi, qınanmış olaraq öz başına, tək və köməksiz buraxılarlar.
Allah`la yanaşı başqa tanrıya ibadət etmə, yoxsa zəlil və tənha qalarsan. (İsra surəsi, 22)
Dünyada Allah`ı unudaraq qəflətə dalanlar bütün işlərində çətinlik yaşayacağı, dinclik və xoşbəxtliyi əsla yaşaya bilməyəcəkləri ömür sürərlər. Əslində, bu, yer üzündəki mükəmməl və qüsursuz sistemlərin təsadüflər nəticəsində reallaşdığını düşünən zehniyyətə verilən ədalətli qarşılıqdır. Axirətdə isə onlar üçün nankorluqlarının əvəzində dəlicəsinə yanan atəş vardır.
Unutmayın ki, “Allah qorxusu” dinin təməlidir. Allah ancaq Özündən qorxub çəkinənə doğrunu səhvdən ayırma qabiliyyətini verir ki, bu bir insan üçün ola biləcək ən böyük nemətlərdən biridir. Həm qısa və keçici dünya həyatı, həm də öldükdən sonra başlayacaq əsl sonsuz həyat ancaq belə məna qazanır.
Ey iman gətirənlər! Əgər Allah`dan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
Digər tərəfdən, Quranda Allah`ın varlığını bildiyi halda Onu lazımı kimi təqdir edə bilməyən və Allah`dan qorxub çəkinməyən insanlara da diqqət çəkilir. Ayələrdən bəziləri belədir:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allah`dan) qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz! (Yunus surəsi, 31-32)
Ayələrdə təsvir edilən insanlar Allah`ın varlığını dərk edir və bu həqiqəti təsdiq edirlər. Buna baxmayaraq, Allah`dan qorxub-çəkinmirlər. Əsl möminlər isə Rəbbimizə qarşı hər zaman qorxu içərisindədirlər və qiyamət saatından, hesab günündən qorxduqları üçün başqa bir ayədə xəbər verildiyi kimi, Allah`a qarşı “içləri titrəməkdə” olanlardır.
Nəticədə, istər insanlar özünə buyurulanları yadda saxlayıb qulluq etsin, istərsə də bütün öyüdləri unudub bir tərəfə buraxsın, Allah`a dönəcəyi o günə doğru sürətlə gedirlər. İnsanlar bu həqiqətən bir ayədə belə xəbərdar edilmişlər:
Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! (İnşiqaq surəsi, 6)
Elə isə heç vaxt Allah`dan başqa qüvvət sahibinin olmadığını unutmayın. Allah ən böyük güc sahibidir. Bu həqiqəti dərk etməyənlər Allah`dan başqalarını şərik qoşurlar, üstəlik bunlardan Allah`dan qorxarcasına qorxurlar. Halbuki heç bir insan heç bir gücə sahib deyil. Güc sahibi yalnız Allah`dır. Bütün varlıqlar Allah`a boyun əymişdir. Belə ki, göylərdə və yerdə nə varsa, istəsə də, istəməsə də, Allah`a təslim olmuşdur və Onun idarəsindədir. Tək bir hüceyrədən milyardlarla qalaktikaya, insanlardan heyvanlara, dağlardan küləklərə qədər bütün varlıq Allah`a təslimdir. Elə isə Allah`a aşağıdakı ayədə bildirildiyi kimi şükür etməyi unutmayın:
Onların belinə, (yaxud göyərtəsinə) qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı. (Zuxruf surəsi, 13)
Heç kim Allah`ın idarəsi xaricində hərəkət edə və tək bir söz də söyləyə bilməz. Bunun üçün də, sizə deyilən hər söz, başınıza gələn hər hadisə Allah`dandır, yəni Vəlinizdən, əsl, yeganə Dostunuzdan. Əgər möminsinizsə, şər kimi görünən şeylərin arxasında mütləq sizin üçün xeyir və gözəllik gizlənmişdir; Allah bunu bilir, siz isə bilmirsiniz. Siz hər hansı vəziyyətlə qarşılaşsanız da, bu həqiqətləri düşünərək davranmağı unutmayın.
Allah`ın çox bağışlayıcı olduğunu, tövbə imkanının sizin üçün daim olduğunu da unutmayın. Siz hansı səhvə yol versəniz belə, səmimi peşmanlıqla və bir daha təkrarlamamaq niyyəti ilə Allah`a yönəldikdə Allah tövbələri qəbul edər. Səmimiyyətlə tövbə edilən hər səhvi və günahı bağışlayacağını Allah qullarına belə bildirir:
(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!” (Zumər surəsi, 53)
Dünyada hər səhvi və günahı düzəltmək, tövbə etmək imkanı və bağışlanılmaq ümidi vardır. Allah`ın dinində insan keçmişdə etdiklərinin yükünü daşımaqla məsuliyyət daşımır. Allah`dan üzr istəməsi və səmimi olaraq Ona yönəlməsi onu bu yükdən qurtaracaq və artıq bu insanın son vəziyyəti əhəmiyyətli olacaq. Amma unutmayın, Allah ancaq səmimi olduğunuz təqdirdə tövbənizi qəbul edir, yoxsa ölüm sizə gəlib çatanda deyil.
Quranda azğın kimi təsvir edilən və özünü “ilah” kimi qələmə verən Firon boğulacağını anlayınca tövbə etməyə cəhd etmişdi. Allah ölüm anında edilən tövbənin hökmünü ayələrində belə xəbər vermişdir:
Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)
Allah`ın sonsuz səbir sahibi olduğunu unutmayın. Allah etdikləri səhvləri düzəltməyə görə insanlara müəyyən müddət vermişdir. Bu vəziyyət etdikləri günahdan sonra əvəzini görməyən insanları qəti olaraq aldatmamalıdır. Çünki Allah qullarına müddət vermişdir. Əgər insan bunu dərk etsə və bağışlanma diləsə, Allah`ın bağışlayan olduğunu görər. Əksini etdikdə, inadçı olsa və Allah`ın əmrlərindən üz çevirsə, etdiyi pis əməllərinin əvəzini mütləq dadacaq:
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)
Allah`a qulluq etməkdən başqa bir yolunuz olmadığını unutmayın. Çünki Allah insanları Özünə qulluq etmələri üçün yaratdığını bir ayəsində belə bildirmişdir:
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zəriyət surəsi, 56)
Sahib olduğumuz hər şeyi verən, bizi yaradan, yaşadan sonra dilədiyi zaman həyatımıza son verən Rəbbimizə təslim olub, Onun istədiyi kimi həyat yaşamaq heç vaxt qopmayan ipdən yapışmışmaq deməkdir:
Yaxşı əməl sahibi olub özünü Allah`a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah`a qayıdır. (Loğman surəsi, 22)
Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır. (Ənam surəsi, 102-103)