Arılar möhtəşəm inşaat mühəndisləri olmaları ilə yanaşı, sosial həyatları və aralarındakı rabitə ilə də elm adamlarını heyrətlər içində buraxan canlılardır.
On minlərlə arının pətəkdəki nizamı necə qoruduqlarını, qaranlıqda necə əlaqə yarada bildikləri və necə sürətlə və asanlıqla ən səmərəli qida mənbələrini tapdıqları hazırda araşdırılan məsələlər arasındadır.
Qida axtaran kəşfiyyatçı arılar çox zaman uzaqlara gedərək geniş sahələri gözdən keçirərlər. Yeni bir qida mənbəyi tapanda isə dərhal pətəyə qayıdaraq koloniyaya xəbər verərlər. Qısa müddət içərisində də digər üzvlər yolu heç səhv salmadan, çox sürətli və asan şəkildə qida mənbəyinə çatarlar.
Kar olan və bir-birləri ilə səsli ünsiyyət qura bilməyən arılar elm adamlarını olduqca təəccübləndirən bir xəbərləşmə üsulundan istifadə edirlər. İzah etmək istədikləri yeri “rəqs edərək” digərlərinə izah edirlər. Qida mənbəyinin pətəyə olan məsafəsi, istiqaməti, məhsuldarlığı, günəşin bucağı, mənbəyin günəşə görə yeri və daha sadalamadığımız bir çox məlumat bu rəqsdəki titrəyişlərdə gizlidir.
Aparılan təcrübələrdə, qida mənbəyini kəşf edərək pətəyə qayıdan arılar davamlı olaraq titrəmə və rəqs hərəkətləri etdikləri müşahidə edilmişdir. Ancaq tək bir arının rəqsi ilə bütün pətək hərəkətə keçməz. İlk olaraq aparıcı bir qrup ərazi müşahidəsi aparar, əgər onlar da rəqs edərlərsə, daha çox arı hədəfə yönələr. Tapdıqları mənbə nə qədər yaxşıdırsa, o qədər daha uzun müddət rəqs edər və daha çox arı toplamış olarlar. Beləliklə, koloniyanın qida toplayıcı komandasının diqqəti həmişə ən səmərəli qida mənbəyinə çəkilmiş olar.
Arıların bu xüsusiyyətlərindən yola çıxan bir firma, yük daşıma şirkətlərinin yükləri ünvanlarına çatdırmaq üçün ən səmərəli və qısa yolu seçmələrini təmin edəcək bir proqram təminatı hazırladı.
FedEx və UPS kimi firmalar on illərdir milyonlarla dollar xərcləyərək bu marşrutları müəyyən edəcək sistemlər inkişaf etdirməyə çalışırlar. Bu sistemləri inkişaf etdirərkən, sadəcə yolları hesaba qatmırlar, eyni zamanda bir müştəriyə müəyyən bir zaman aralığında çatmalı olan yükləri və bir yük maşınına nə qədər materialın sığa bilməsi kimi amilləri də düşünməlidir. Bu hesablamaları aparmaq üçün biriləri, hər səhər iki, ya da üç saat xəritəyə baxaraq, səhv etmədən yük maşınılarını ünvanlarla əlaqələndirməyə çalışır.
Routific adlı firma arılardan ilham alaraq inkişaf etdirdiyi alqoritm ilə 40% vaxta və yanacağa qənaət edilməsini təmin etdi.
Hazırlanan proqram təminatı arıların çiçəklərə çatmaq üçün ən optimal marşrutu taparkən istifadə etdikləri “arı alqoritminə” əsaslanır. Proqram təminatı ən uyğun görünən yolu seçib riyazi olaraq onu gücləndirir, bu vəziyyət eynilə arıların uyğun gördükləri yerləri təsvir edərkən titrəmə gücünü artırmaqlarına bənzəyir. Arılar heç vaxt səhv etmədikləri halda, proqram hər zaman ən yaxşı yolun seçilməsini təmin etmir, çünki ən yaxşı yolu hesablamaq günlər çəkə bilir. Ancaq ən azından çox qısa bir zamanda tapılacaq ən yaxşı yolu müəyyən edirlər.
Routificin qurucusu olan Mark Kuo “əgər 57 dayanacağın varsa, 10 üstü 57 fərqli kombinasiya ehtimalınız var” -deyir. “Bu ədəd 1-in yanına 57 sıfır gəlməsi ilə yaranır. Sadə alqoritm ilə bütün mümkün kombinasiyaları qarışdırırıq və ən yaxşısını seçirik, normalda bunu kompüterdə hesablamaq aylar olmasa da, günlərinizi alar”.
Arılar isə sanki fizika və riyaziyyat mütəxəssisləri kimi həm günəşə görə bucağı ölçür, həm məsafəni hesablayır, həm də heç danışmadan və gözləmədən bunu digər arılara izah edə bilir. Arıların bütün bu işləri özləri şüurlu şəkildə edə bilməyəcəkləri çox açıq bir həqiqətdir. Uca Allah hər arını var olduğu andan etibarən bu məlumatları dərk edəcək və izah edəcək xüsusiyyətlərlə yaratmışdır. Allahın Quranda bildirdiyi kimi arılar Allahın ilhamı ilə hərəkət edirlər:
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)