Qış yuxusu deyəndə ilk ağıla gələn heyvanlar ayılardır. Müasir dövrdə ayılar və qış yuxusu əsnasında orqanizmlərinin göstərdiyi xüsusiyyətlər elmə işıq gətirir.
Son illərdə alimlər qış yuxusuna gedən ayıların necə sağlam qala bildiklərini araşdırır və ayıların fizioloji xüsusiyyətlərindən tibb sahəsində faydalanmağın yollarını axtarırlar. Miçiqan Texnologiya Universitetində davam edən araşdırmanın hədəfi ayıların sümük toxumasındakı maddələr mübadiləsini araşdıraraq xalq arasında sümük əriməsi olaraq bilinən osteoporoz xəstəliyinə çarə tapmaqdır.
Sümüklərimiz həyatımız boyunca daima yenilənir. Buna baxmayaraq, yaşlılıq, hərəkətsizlik kimi səbəblərlə sümük deformasiyası artır, yenilənmə azalarsa, sümük toxumasında zəifləmə meydana gəlir. Ancaq Amerika qonur ayısı aylarla çəkən qış yuxusu əsnasında, demək olar ki, heç hərəkət etmədiyi halda, sümük toxumasında elə də əhəmiyyətli bir azalma olmur. Halbuki bir insan buna oxşar vəziyyətdə bir müddət ömrünü yataqda keçirsə, sümükləri kövrək, quru peçenye halına gələr və asanlıqla qırılar.
Miçiqan Texnologiya Universitetindən Set Donahyunun rəhbərlik etdiyi tədqiqat qrupunun 2003-cü ildə “The Journal of Experimental Biology”-də dərc olunan məqaləsinə əsasən, qış yuxusu zamanı ayının sümük deformasiyası artır, amma sümük istehsalı sabit qalır. Hərəkətsiz qalan insanlarda da deformasiya artır, amma istehsal sabit qalmır, azalır. Heyvanın təkrar hərəkət etməsi ilə birlikdə istehsal da ən yüksək səviyyəyə çatır, beləcə, sümüklər sürətli şəkildə əvvəlki vəziyyətinə qayıdır. Bununla müqayisədə yaralanma, əzilmə kimi səbəblərdən uzun müddət hərəkətsiz qalan və sürətli şəkildə sümük toxuması itkisinə məruz qalan bir insanın sümükləri tam olaraq əvvəlki vəziyyətinə qayıtmaya bilər.
Kalsium dövranı
Qonur ayı qış yuxusu zamanı qidalanmır. Bəs onda sümük istehsalı üçün lazım olan kalsium haradan təmin edilir? Donahyu sümük deformasiyası nəticəsində ayrılan kalsiumun təkrar emal yolu ilə bədənə qaytarıldığını və sümük istehsalında istifadə edildiyini düşünür. Onun belə düşünməsinin səbəbi qonur ayının qış yuxusunda olarkən ifrazat funksiyasını yerinə yetirməməsidir. Set Donahyu düşüncələrini belə ifadə edir:
“Bizi ən çox maraqlandıran cəhət kalsium dövranının necə baş verməsidir. Bu, böyük ehtimalla, müəyyən hormonlar tərəfindən idarə edilir”.
Osteoporoz sümük toxumasının zəifləməsi ilə başlayır, sonrakı mərhələlərdə sümük qırılmalarına və bu səbəblə ölümə yol aça bilər. Yaşlanma osteoporozun yaranmasında əhəmiyyətli risk faktorudur. Sümük toxuması həyatımız boyu yenilənir, ancaq sümük inkişafı 30-35 yaşına qədər yüksək səviyyədə davam edir. 45 yaşından sonra sümük deformasiyası da artmağa başlayır. Bu gün dünyadakı bir çox insan bu xəstəlikdən əziyyət çəkir. Mənbələrə əsasən, ötən il ərzində yalnız Amerikada osteoporozdan irəli gələn 1,5 milyon sümük qırılması baş verib. Möhkəmlik, məsaməlilik və mineral səviyyəsinə əsasən ayı sümüyünü araşdıran alimlər olduqca təəccüblü bir nəticə ilə üz-üzə qaldılar. Nəticələrə görə, yaşlanma ayının sümüklərinə təsir etmir. Üstəlik, ayı yaşlandıqca sümüklərinin möhkəmliyi və mineral səviyyəsi əhəmiyyətli ölçüdə artır!
Xüsusilə, qalxanabənzər ətraf vəzinin ifraz etdiyi parathormon hormonunu diqqət mərkəzində saxlayan araşdırma qrupu bu hormonun quruluşunun insan bədənində olan parathormonun quruluşundan fərqli olduğunu təəccüb içində müşahidə etdi. Alimlərin iki hormon arasındakı fərqliliyin haradan qaynaqlandığını müəyyənləşdirərək ayının hormonunun funksiyasını təqlid edən sintetik variantı hazırlaması halında osteoporoz xəstələri üçün yeni bir dərman istehsalı aktual mövzudur.
Bütün bunlar həkimlərin osteoporoz xəstələrini müalicə metodlarını dəyişdirə bilər. Həmçinin yataq xəstələri və yaşlılarda müşahidə olunan sümük deformasiyası ilə yanaşı, uzun müddət kosmosda qalan astronavtlarda ortaya çıxan sümük problemlərini də aradan qaldırmaqda effektiv ola bilər.
Formada qalmağın yolu
Bir çox insan nizamlı məşq etdiyi zaman özünü formada hiss edir. Halbuki qonur ayı aylarla çəkən qış yuxusundan oyandıqda da çox yaxşı “formada” olur. 2001-ci ildə “Nature” jurnalında yayımlanan araşdırmaya görə qış yuxusunda olarkən, demək olar ki, heç hərəkət etməyən qonur ayıların əzələ tonusunda və toxumalarında nəzərə çarpacaq dərəcədə itki olmur.
Vayominq Universitetindən Henri Harlou və tədqiqat qrupu müşahidə etdikləri qonur ayıların qış yuxusu əsnasında əzələ tonuslarının 22%-ni, zülallarının da 10-15%-ni itirdiklərini təyin etdilər. Əslində, bu rəqəmlər olduqca təəccüblüdür, çünki eyni müddəti yatağında keçirəcək bir insan əzələ tonusunun 85%-ni və zülallarının isə 90%-ni itirir! Bundan əvvəlki illərdə fizioloq Edqar Folk zəhərli maddə olan və adi halda bədəndən atılan sidik cövhərinin qış yuxusunda olan ayının ifrazat sistemindən geri sorulduğunu kəşf etmişdi. Sidik cövhərindəki azot yenidən bədənə qazandırılır və zülal istehsalında istifadə edilirdi. İnsanlarda isə belə bir sistem yoxdur. İnsanın ifrazat sistemi qısa müddət ərzində işləməsə, zəhərli sidik cövhərinin qanda toplanması nəticəsində insan ölər. Henri Harlou sidik cövhərinin ayının zülal ehtiyacının bir hissəsini təmin etdiyini və bununla yanaşı, başqa qaynaqlardan da zülal əldə edildiyini düşünür. Harlouya görə, təcili zülal ehtiyacı vəziyyətində öz nazik bağırsaqlarını həzm edən bəzi ilanlar növləri kimi, ayılar da bədənlərindəki bəzi əzələlərlə qidalana bilərlər.
Yuxuda ikən məşq
Alimlər ayıların bədənlərinə yerləşdirdikləri kiçik termometrlərdən əldə etdikləri məlumatlara əsaslanaraq qonur ayıların yuxuda nizamlı şəkildə titrədikləri nəticəsinə gəldilər. Alimlər nizamlı surətdə yığılmanın əzələ tonusunu qoruyan bir faktor olduğunu düşünürlər. Tədqiqat qrupuna görə, qış yuxusunda olan ayının əzələlərini qoruyan sistemi anlamaq insanlarda hərəkətsizliklə bağlı ortaya çıxan əzələ xəstəliklərinin müalicəsinə yeniliklər gətirə bilər. Əslində, qış yuxusunda olan ayı bir neçə yöndən tibb sahəsinə ilham qaynağı olmağa namizəddir. Ayının bədənində istehsal olunan maddələrdən nümunə götürülərək hazırlanacaq dərmanlar böyrək iflici, şəkər və piylənmə kimi xəstəliklərin müalicəsində cığır aça bilər.
Ayılar yuxuda olduqları müddət ərzində bədənlərində yığılan yağlarla qidalanır və çoxlu çəki itirirlər. Yağ ilə qidalandığı üçün xolesterin səviyyələri qış fəslində yay fəslindəkinin iki qatına çıxır. Buna baxmayaraq, onlarda damar sərtliyi və yüksək səviyyədə xolesterin nəticəsində yaranan öd daşları olmur. Tibbi araşdırmalara görə, ayının bədənində yaranan öd turşusu öd daşlarını yox edir! İllinoys Universitetindən dr. Ralf Nelson ayılardan ilhamlanaraq hazırlanacaq bir dərmanın aclıq hissini tormozlayaraq insan bədəninin yağ ehtiyatlarından istifadə etməsini təmin edə biləcəyi fikrindədir. Dr. Nelsona görə, ayıların bədənlərində istehsal olunan maddələrdən nümunə götürərək hazırlanacaq dərmanlar köklüklə yanaşı, şəkər xəstəliyi, osteoporoz və təlaş kimi ciddi narahatlıqların müalicəsində də istifadə edilə bilər.
Göründüyü kimi, ayılar bədənlərindəki bir çox xüsusiyyətlə tibb sahəsindəki araşdırmalara işıq tutur. Alimlərin laboratoriyalarda, bəlkə, illərlə davam edən araşdırmalar nəticəsində əldə etdikləri bilik və təchizat bu sevimli, nəhəng cüssəli canlılarda doğulduqları andan etibarən mövcuddur.
Bəs ayının sümükləri yaşlandıqca necə qüvvətlənir? Ayı sümük toxumasını yeniləyəcək kalsium dövranını bədənində özü qura bilərmi? Hərəkətsiz keçən uzun qış yuxusu əsnasında əzələ tonusunu və bədənindəki zülalları qoruyacaq bir sistemi ayının öz-özünə meydana gətirməsi mümkün ola bilərmi? Əlbəttə, xeyr. Bütün bu sualların tək bir cavabı vardır: ayıları sahib olduqları bu mükəmməl mexanizmlərlə birlikdə Yaradan, onlara etdikləri hər işi ilham edən, göylərdə və yerdə olan bütün canlılara boyun əydirən Uca Allahdır. Rəbbimiz heyvanlardakı bu möhtəşəm xüsusiyyətləri insanlar üçün bir örnək olaraq yaratmışdır. Allah bunu Quranda belə xəbər verir:
“Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır”. (Casiyə surəsi, 4)
İqtibaslar:
“Focus” jurnalı, oktyabr 2004