Bağınızdakı meyvə ağacları, evinizin pəncərəsindən görünən şam meşəsi və ya avtomobillə gedərkən yol kənarında gördüyünüz çinarlar haqqında heç düşünmüsünüzmü?
Bu bitkilərin necə əmələ gəldiyini, hansı mərhələlərdən keçərək ağaca çevrildiyini bilirsinizmi?
Toxumlar əsasən, xarici qabıqdan, ehtiyat qida maddəsindən və rüşeymdən ibarət olurlar. Lakin quruluşlarının eyni olmasına baxmayaraq, toxumlar ehtiyat qida maddəsinin miqdarına, xarici qabığın növünə, qalınlığına, meyvəsinin formasına, dadına görə bir-birindən çox fərqlənir. Toxumun xarici qabığı bitkilərin növündən və yaşadığı mühitdən asılı olaraq formasına, rənginə və səthinin quruluşuna görə fərqli olur.
Toxumların xarici qabıqları müxtəlifdir və diqqətçəkici xüsusiyyətlərə malikdir
Toxumun içindəki rüşeym çox dəyərlidir. Bu səbəbdən, yeni bitki tam inkişaf edənə qədər rüşeym diqqətlə qorunmalıdır. Bu qorumanı hər bitki növünə görə fərqli olan xarici qabıq öz öhdəsinə götürür. Toxumun qabığını təşkil edən maddənin dözümlülüyü nisbətində toxum xarici mühitin mənfi təsirlərindən qorunur. Bundan əlavə, qabığı təşkil edən maddələr toxumların su səthində dayana bilməsində və ya külək vasitəsilə yayılmasında əsas amildir.
• Bəzi xarici qabıqlar düşmənləri uzaqlaşdırmaq üçün acı maddə ilə örtülmüşdür:
Bəzi toxumların xarici qabığı tanin adlı maddə ilə zəngindir ki, bu da toxumlardakı çürümənin qarşısını alır. Bir çox bitki növündə toxumun qabığı jeleyəbənzər maddə ilə örtülmüşdür. Zülallarla birləşmiş kompleks quruluşlu şəkərdən ibarət jeleyəbənzər maddə su ilə qarşılaşdıqda şişməyə başlayır. Bu yolla toxum rahatlıqla nəmli maddələrin üzərinə yapışır. Bu xüsusiyyət cücərmə zamanı əhəmiyyətli rol oynayır.
• Toxumların qoruyucu xarici qatları (toxum qabığı) adətən çox bərk olur:
Bu xüsusiyyət toxumu qarşılaşacağı xarici amillərin təsirindən qoruyur. Məsələn, bəzi toxumların inkişaflarının son mərhələsində səthlərində möhkəm mum yığını əmələ gəlir, bu da toxumların su və qazın təsirinə qarşı müqavimətini artırır. Toxum qabıqları bitkinin növündən asılı olaraq müxtəlif maddələrlə örtülə bilər, paxla dənəsindəki kimi nazik təbəqə ilə və ya albalı dənəsindəki kimi bərk qabıqla örtülə bilər. Sudan qorunmaq üçün bu toxumların qabıqları digərlərinə nisbətən daha bərk və qalın olur.
Toxumların möhtəşəm quruluşuna nümunə olaraq gündəlik həyatda tez-tez rastlaşdığımız paxla dənəsini göstərmək olar:
Paxla dənəsi növündən asılı olaraq bir və ya iki qabıqla örtülür. Bu qabıqlar eynilə palto kimi toxumu soyuq hava, quraqlıq və xarici mühitin digər çətinliklərindən qoruyur. Toxum qabığı, eyni zamanda, xarici mühitlə mübadilə aparır. Qısası, toxumun inkişafında qabıqlar əhəmiyyətli rol oynayır.
Paxla dənəsinin qoparıldığı hissədə oval iz görmək olar. Bu, dənənin, yəni toxumun ana bitkiyə bağlandığı hissədir. Diqqətlə araşdırsaq, burada "micropyle" adlanan kiçik dəlik olduğunu görərik. Bu dəliyi körpələrdəki göbək bağına bənzətmək olar. Bu xüsusi keçiddən yumurtacığın içərisindəki dişi çoxalma hüceyrəsini mayalandıran boru keçir. Bundan əlavə, su vaxtı gəldikdə bu dəlikdən keçərək toxumun cücərməsini təmin edir.
• Toxum qabıqlarının qalınlığı hər bitkinin növünə görə xüsusi olaraq yaradılmışdır:
Hər bitkinin toxum qabığının olduğu mühit onun inkişafı üçün ən əlverişli şəraitdir: o, nə çox qalındır, nə də çox nazik. Çünki qabığı çox qalın olan toxum hər cür şəraitə davamlıdır, lakin dezavantaj olaraq həddindən artıq qalın qabıq rüşeymin çölə çıxmasında bəzi problemlərə səbəb ola bilər. Nazik qabıqlı toxum isə bir çox xarici amillərin təsiri ilə məhv ola bilər. Buna görə də bütün toxumlar olduqları mühitin şəraitinə uyğun qabıq qalınlığına malikdir.
Heyvanlar vasitəsilə daşınan toxumlarda isə toxumların qabıqları toxumu yayan heyvanların diqqətini çəkəcək qədər rahatlıqla deşilə biləndirlər. Eyni zamanda, bu qabıqlar toxum yeyənləri cəlb etməyən quruluşa sahibdirlər.
Bitki toxumları Uca Allah'ın qüsursuz sənətinin nümunələrindən biridir
İçindəki maddələrin nisbətindən tutmuş tərkibinə və qoruyucu örtüklərinə qədər bütün toxumların xüsusiyyətləri olduqları yerin iqlim xüsusiyyətlərinə və mühitinə görə müxtəlif olur. Bəs bu müxtəliflik və detallar necə meydana gəlir?
Bu sualın cavabı ilə əlaqədar təkamül nəzəriyyəsini müdafiə edən kitablara baxdıqda qəribə situasiya ilə qarşılaşırıq. Təkamülçülər "Niyə?", "Necə?" kimi suallara cavab verməkdənsə, üstüörtülü ifadələrlə gözə pərdə çəkən üsullara əl atırlar.
Toxumların quruluşunda təkamülçülərin təsadüf iddiaları ilə əsla açıqlana bilməyən dizayn göz qabağındadır. Əlbəttə ki, bu dizayn şüursuz təsadüflərin nəticəsində və ya hər hansı başqa səbəblə ortaya çıxmamışdır. Toxumlardakı qüsursuz quruluş sonsuz ağıl və üstün güc sahibi olan Allah'a aiddir. Bitkilər dünyasında hər an qarşılaşdığımız bu ağıl onların üstün güc sahibi olan Allah tərəfindən yaradıldığının açıq dəlilidir:
"Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır." (Nəhl surəsi, 10-11)
Toxumların ölçülərinin fərqli olmasının vacib səbəbləri vardır
Hər bitkinin toxumu fərqli ölçüyə malikdir. Məsələn, suda uzunmüddətli səfərə çıxan hind qozunun toxumları ən böyük toxumlardan biridir. Bu böyüklük hind qozu toxumlarına səfər zamanı kifayət qədər qida yığmaq imkanı verir. Orxideyaların isə çox kiçik toxumları vardır. Orxideyalar torpaq, işıq və nəmin onlar üçün ən uyğun olduğu şərtlərdə yetişən həssas bitkilərdir. Buna görə də, orxideyalar külək vasitəsilə rahatlıqla yayılacaq qədər kiçik və ən uyğun yerə səpiləcək sayda toxum hazırlayırlar. Bir orxideya çiçəyi milyonlarla toxum istehsal edə bilər. Gördüyümüz kimi, toxumların ölçüləri də bitkilərdəki digər xüsusiyyətlər kimi Rəbbimiz tərəfindən xüsusi məqsədlə yaradılmışdır:
"Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır." (Ənam surəsi, 99)
Toxumlar aid olduqları bitkidəki bütün məlumatlara sahibdirlər
Bitkidə çoxalma prosesinin başlamasından sonra əmələ gələn toxum uyğun şəraitin yaranması ilə cücərməyə başlayır. Toxumları bir-birindən ayıran vacib xüsusiyyətləri vardır. Toxum aid olduğu bitkinin hər budağı, hər yarpağı, bu yarpaqların sayı, formasının necə olacağı, qabığının nə rəngdə və hansı qalınlıqda olacağı, qida və su daşıyan borularının genişliyi, sayı, bitkinin uzunluğu, meyvə verib-verməyəcəyi, verəcəksə bu meyvələrin dadları, qoxuları, formaları, rəngləri haqqında, yəni bitkiyə aid olan bütün məlumatlara sahibdir.
Bitkilərin toxumla çoxalan növlərinin hər birində bu məlumatlar mövcuddur. Əlbəttə, bu məlumatları toxumun içinə yerləşdirən hər şeyin Yaradıcısı olan Allah'dır.
BİTKİLƏR DÜNYASI
Kiçik bir toxumun içinə bu qədər məlumatın yerləşdirilməsi və toxumların digər xüsusiyyətləri iman gətirənlər üçün Allah'ın bənzərsiz yaratma sənətinə bir nümunədir. İmanlarını artıran, onları Rəbbimizə yaxınlaşdıran bir vəsilədir. Allah hər şeyə qadir olduğunu minlərlə səhifəlik məlumatı kiçik toxumlara yerləşdirərək və tayı-bərabəri olmayan müxtəlif növ bitkiləri bu kiçik cisimlərdən çıxararaq bizə bir daha sübut edir. Toxumlardan bitkiləri çıxaran yalnız Allah'dır. Bu gerçək ayələrdə belə bildirilir:
"Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz." (Vaqiə surəsi, 63-65)