Nobel mükafatçısı Harvard Universitetinin bioloqu Cek Şostaq (Jack Szostak) 2016-cı ildə yayımladığı bir məqaləsində RNT, yəni ribonükleik turşusunun özünü sintez edən üsulu tapdığını iddia etdi. Bu iddiası həyatın mənşəyi ilə bağlı çox mühüm bir sualın cavabı kimi təqdim edildi. Ancaq bir il sonra Şostaq məqaləsini geri götürmək məcburiyyətində qaldı.
Şostaqın Harvard Universitetindəki laboratoriyası uzun illərdir ki, həyatın mənşəyinə cavab tapmaq üçün fəaliyyət göstərir. Təbii ki, bu axtarışları obyektiv, qərəzsiz deyil. Həyatın təsadüflər nəticəsində öz-özünə meydana gəldiyinə, yəni guya təkamül mexanizmləri ilə meydana gəldiyinə inanaraq fəaliyyət göstərirlər.
Şostaqın laboratoriyası RNT-nin fermentlər olmadan özünü necə sintez etməsi üzərində çalışırdı və Şostaq geri götürmək məcburiyyətində qaldığı məqaləsində RNT-nin fermentlər olmadan özünü sintez etdiyini iddia etmişdi.
Bu geri götürülən məqalə ilə bağlı təfərrüatları verməzdən əvvəl Şostaq və daha bir çox elm adamının niyə özünü sintez edə bilən RNT-nin izində olduqlarını qısaca şərh edək.
Həyatın mənşəyini guya təkamül mexanizmləri ilə açıqlamağa çalışan təkamülçülər ilk öncə zülala aid məlumatları ehtiva edən DNT molekulunun necə meydana gəldiyini izah etmək mərhələsində çətinliyə düşürlər. DNT-dəki kompleksliyi təsadüflərlə açıqlaya bilməyən təkamülçülər 1980-ci illərdə yeni axtarışlara başladılar. 1986-cı ildə Harvard Universitetindən kimyaçı Uolter Gilbert (Walter Gilbert) bir ssenari ortaya ataraq milyardlarla il bundan əvvəl necəsə özünü sintez edə bilən RNT molekulunun öz-özünə əmələ gəldiyini iddia etdi. Sonra isə bu RNT molekulunun ətraf-mühitin təsiri nəticəsində birdən-birə zülal istehsal etməyə başladığını irəli sürdü. Daha sonra məlumatları ikinci bir molekulda gizlətməyə ehtiyacı olduğu və bu ssenariyə görə də yenə necəsə DNT molekulunun öz-özünə ortaya çıxdığını iddia etdi.
Bir çox təkamülçü kimi Şostaq da RNT-nin ilk ortaya çıxan molekul olduğuna inanır. Ancaq təkamülçülər RNT-nin digər zəruri maddələr və zülallar olmadan necə özünü sintez etdiyini göstərməlidirlər. Şostaqın laboratoriyası elə məhz bunun üçün çalışırdı. Əgər belə bir mexanizm tapsalar, RNT-nin özünü sintez edə bildiyi və beləliklə, DNT və zülallardan əvvəl RNT-nin guya təkamüllə əmələ gəldiyini, bunun da həyatın mənşəyi ilə bağlı təkamülçü iddialara dayaq olacağını düşünmüşdülər. Ancaq bu hədəfləri heç vaxt gerçəkləşmədi. Çünki nə RNT, nə də hüceyrənin hər hansı bir hissəsi təsadüflərin nəticəsi deyildi.
Belə ki, 2016-cı ildə "Nature Chemistry" jurnalında dərc olunan və təkamül nəzəriyyəsini gücləndirən bir kəşf kimi təqdim edilən həmin məqalə bununla bağlı idi.
Şostaqın laboratoriyasında işləyən postdoktorant tədqiqatçı Tivoli Olsan eyni təcrübələri aparmasına baxmayaraq, eyni nəticələri əldə etmədi. Tivoli təcrübədəki nəticələri əldə edə bilməməklə yanaşı, əvvəlki eksperiment nəticələrinin də yanlış şərh olunduğunu gördü. Şostaqın məqaləsi yayımdan qaldırıldı. Şostaq bu fiaskonun "çox utancverici" olduğunu etiraf etdi və belə dedi:
"Keçmişə baxdıqda (dəlillərlə bağlı) inancımız tərəfindən kor edildiyimizi görürəm... Bu təcrübələri şərh edərkən lazımi qədər (Tivolinin olduğu qədər) diqqətli və həssas davranmadıq". [1]
Əslində, Şostaqın səmimi etirafı çox əhəmiyyətlidir. Heç bir dəlilə əsaslanmayan təkamül nəzəriyyəsi Yaradıcının varlığını inkar edən, materialist məqsədlər üçün müdafiə olunan nəzəriyyədir. Hər hansı bir elmi kəşf ortaya atıldığı zaman həmin şəxslər tərəfindən təkamül nəzəriyyəsinə əsaslanan izahlar verilmişdir. Şostaqın etirafından da göründüyü kimi, təkamülə inandıqları üçün bir çox elm adamı qeyri-obyektiv olur və bu da dəlilləri yanlış şərh etmələrinə səbəb olur.
Daha da maraqlısı odur ki, Şostaqın yaradılışa inananlar üçün dediyi bəzi sözlər, əslində, özünün düşdüyü vəziyyəti təsvir edir: "Düşünürəm ki, imana dayanan inanc sistemləri təhlükəlidir, çünki onlar şübhə və sorğulamağa görə təşviq edilmir və iman gətirənlərə manipulyasiya edilməsinə icazə verilir”. Göründüyü kimi, Şostaqın dediyi söz heç bir dəlil olmamasına baxmayaraq, kor-koranə təkamül nəzəriyyəsinə inanan insanlara aiddir.
Təkamül nəzəriyyəsi elmi olmayan bir inancdır. Materialistlər və təkamülçülər kainatın, həmçinin həyatın Yaradıcının əsəri olduğu həqiqətini qəbul etməmək üçün təkamül nəzəriyyəsinə bütün gücləri ilə sarılıblar. Əslində, elm dünyası XIX əsrdən etibarən təkamülçü və materialist fikir cərəyanlarına görə vaxt itirir. Xeyli vaxt, enerji və maddi vəsait boş yerə sərf olunur. Fosillərdən mikrodünyadakı tapıntılara qədər hər dəlili təkamülçü və materialist fikirlərlə dəyərləndirməyə çalışırlar.
Harvard Universitetindən genetik və təkamülçü olan Riçard Levontinin (Richard Lewontin) məşhur etirafı bu vəziyyəti çox açıq şəkildə izah edir:
"Bizim materializmə inancımız var, apriori (əvvəlcədən qəbul edilmiş, düzgün fərz edilmiş) inancdır bu. Bizi dünyaya materialist açıqlama gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan apriori bağlılığımıza görə dünyaya materialist açıqlama gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də İlahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik ". [2]
Levontinin yanıldığı mövzu bütün kainatın Allah tərəfindən yaradıldığı həqiqətinin bütün aşkarlığı, ehtişamı və elmiliyi ilə nümayiş olunmasıdır. Ona görə bir materialistin bunu qəbul edib-etməməsi bu həqiqəti, şübhəsiz ki, dəyişdirmir. Materializmi mütləq doğru qəbul edənlər elmi rədd edərək, elmi həqiqətlərə gözlərini bağlayaraq öz kiçik dünyalarında məğlubiyyətlərini izləyirlər.
Təkamülçülərin iddia etdiyi kimi məqsədsiz, hədəfsiz, nəzarətsiz, ağılın və bilginin olmadığı bir mühitdə "lazımi maddələrin", "lazımi ətraf mühitin" və "lazımi müdaxilələrin" lazımi vaxtda, lazımi miqdarda təsadüfən bir yerdə olması mümkün deyil.
Bir RNT molekulunun əmələ gəlməsi üçün belə ağıl, bilik, güc sahibi bir Yaradıcının varlığı şərtdir. Bu, elmin göstərdiyi çox açıq və qəti həqiqətdir. Əksini sübut etməyə çalışanlar geri çəkilməyə məcburdurlar.
[1] http://retractionwatch.com/2017/12/05/definitely-embarrassing-nobel-laureate-retracts-non-reproducible-paper-nature-journal/#more-52894
[2] Richard Lewontin, The Demon-Haunted World, The New York Review of Books, January 9, 1997, s. 28
Adnan Oktarın “New Straits Times”da (Malaziya) yayımlanan məqaləsi:
https://www.nst.com.my/opinion/columnists/2018/01/328188/evolution-fails-deny-Creator