Cahiliyyə cəmiyyətində səbir etmək dedikdə, adətən, hər hansı bir şeyə və ya hadisəyə qısa müddət təhəmmül etmək, dözmək kimi başa düşülür. Təhəmmül edən insan bütün danışıq və davranışlarında yaşadığı vəziyyətdən narazılığını büruzə verir. Çünki təhəmmül özündə narazılıq, narahatçılıq hissini də ehtiva edir. Qarşılaşdıqları hər hadisənin Allah tərəfindən xeyirlə yaradıldığını dərk etməyən insanlar qəflətdə olduqları üçün hər şeyin Onun nəzarəti daxilində baş verdiyini unudurlar. Təhəmmül edən insanlar bütün hadisələrin insanların güc və iradəsi daxilində, onların istək və qərarlarına uyğun formalaşdığını düşünürlər.
Dolayısı ilə, bu insanlar hər şeyin qədər çərçivəsində, Allah tərəfindən məqsədli şəkildə yaradıldığını dərk etmir, hadisələri qəflət içində dəyərləndirirlər. Halbuki, hər an, hər hadisə, bütün səbəb və nəticələr Allah`ın müəyyən etdiyi qədərə uyğun inkişaf edir. Allah insanları sınamaq üçün hadisə və şəxsləri vəsilə edir.
Bəzi insanların səbir adlandırdıqları davranış sadəcə təhəmmüldən ibarətdir. Cəmiyyətdə tez-tez rast gəldiyimiz ifadə ilə “bir az dişlərini sıxmalı” olduqları anlar vardır. Əslində, bu insanların tək istəyi narahatlıq duyduqları bu vəziyyətdən ən qısa müddətdə xilas olmaqdır. Müəyyənləşdirdikləri müddət ərzində hadisələr istədikləri kimi cərəyan etməzsə, bu insanların cəmiyyətdə “cığırından çıxmaq” kimi adlandırılan əxlaq pozğunluğunu nümayiş etdirməsi məqbul hesab olunur. Hətta bu hərəkətlərində haqlı olduqlarını düşünürlər. Xoşagəlməz vəziyyətdən qısa vaxt ərzində xilas olmadıqda əsəbiləşmək, bağırmaq, tərslik etmək, cahiliyyə əxlaqına məxsus hərəkət etmək və ətrafı narahat etmək, insanlara söz atmaq, depressiv vəziyyətdə olmaq, özünə fiziki əziyyətlər vermək, gileylənmək, hətta psixoloji problemlərdən xəbər verən davranışlar nümayiş etdirmək adi hal kimi qəbul olunur. Məsələn, uzun müddət gözlərini bir yerə zilləyib baxmaq, dırnaqlarını yemək, kağız üzərində yaşadığı depressiv vəziyyəti əks etdirən müxtəlif qaralamalar çəkmək, üzü gülməmək, cansıxıcı danışıqlar, ağlamaq, ufuldamaq insanların təhəmmül içində olduqlarını bildirən davranışlardır.
Bütün bunlar göstərir ki, əslində, təhəmmül etmək səbir etmək deyil, insanın gözəl görmədiyi, xeyirlə yanaşmadığı hadisələrə istəksiz dözməsi deməkdir. Rəhmani düşüncədən və dinin qəlbə verdiyi hüzurdan uzaq olduğu üçün də hər mərhələ insana getdikcə ağırlaşan və hadisələrdə xeyir tərəfləri düşünməkdən uzaqlaşdıran bir vəziyyət içində formalaşır.
Səbir isə Rəbbimizin Quranda da bildirdiyi kimi, şüurlu şəkildə və həssaslıqla yerinə yetirilən ibadət, Allah`dan razı və məmnun əhval-ruhiyyədir. Bu gözəl əxlaq nümunəsi müsəlmanın həyatının hər anında təzahür edən olduqca əhəmiyyətli ibadətdir. Səbir imanın əsas göstəricilərindən biridir. Təvəkküllə, Allah`a sonsuz güvənlə sıx əlaqəlidir.
Müsəlman cahiliyyə cəmiyyətinə hakim kəsilən düşüncə tərzindən fərqli olaraq hər anın, kainatın, yer üzündəki bütün canlıların, bitkilərin, ictimai hadisələrin, mövcud olan hər şeyin, mələklərin, bir sözlə bütün aləmlərin Rəbbimiz olan Uca Allah`ın nəzarəti altında olduğunu, Allah`ın hər şeyi müəyyən qədər çərçivəsində yaratdığını bilir və bütün həyatını Allah`a qarşı sonsuz güvən üzərində qurur. Bu təməl üzərində qərarlar verir və bir an belə qədərə və Allah`a olan inamında zəiflik göstərmir. Hər şeyi var edən və mükəmməl tarazlıq üzərində quran Rəbbimizin, əlbəttə ki, onu da mükəmməl nizamla yaratdığını, qoruduğunu, əsirgədiyini və qədərə uyğun tərbiyələndirdiyini çox gözəl bilir. Müəyyən məqsəd üçün yaradıldığını dərk edir və Allah`ın onun üçün gözəllik, sonsuz xeyir istədiyini bilir. Məhz bu səbəbdən, Allah`a və Allah`ın yaratdığı bütün hadisələrə hüsni-zənni tamdır. Tamamilə Allah`a təslim olmuşdur. İman gətirdiyi andan hər şeyin gözəllik və xeyir üzərində yaradıldığını dərk edir. İmanın bəxş etdiyi bir gözəllik kimi hər şeyə, hər hadisəyə xeyir gözü ilə baxır. Dünya həyatının imtahan yeri olduğunu dərk edən mömin başına gələn bütün hadisələrdə Allah`ın qədərinə qəlbən təslimdir və Onun köməyi ilə bu imtahanlardan imanını daha da kamilləşdirərək keçəcəyinə böyük ümid bəsləyir.
Həcc surəsinin 15-ci ayəsində Rəbbimiz Ona güvənib sığınan, Ondan kömək diləyən insana mütləq yardım edəcəyini belə bir misalla bildirmişdir: “Kim ki, dünyada və axirətdə Allahın kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya bir ip salıb (boynuna keçirsin), sonra da (ayağını yerdən) üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu (Allahın bu köməyinə) mane ola bilərmi?”
Bəqərə surəsinin 45-ci ayəsində isə Allah “Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir” buyurmuşdur.
Ayədə səmimi iman gətirənlərdən başqa digər insanlara səbrin çox ağır gəldiyi vurğulanmışdır. Bütün varlığı ilə Allah`a güvənib sığınmayan insan üçün hər hansı hadisə qarşısında səbir göstərmək, yuxarıda da qeyd etdiyimiz kimi, çox çətindir. Belə bir insan qarşılaşdığı hər hadisədə narahatlıq və şübhə doğuran məqamlar axtarır. Dünya həyatının yalnız imtahan yeri olduğunu unudan bu insan olmayan hadisələri beynində yaradaraq özünü sıxıntılı vəziyyətə salır.
Ancaq Allah`a güvənib sığınan insan hər an, hər hadisə qarşısında böyük şövqlə səbir göstərir. Allah`ın yaratdıqlarında xeyir görərək yaşadıqlarında, başına gələnlərdə xeyir axtarır və Allah`a sığınır. Allah`ın köməyi ilə bütün çətinliklərin ardınca asanlıq gəldiyini, dünya həyatında, dolayısı ilə, təlim və imtahan yurdunda olduğunu bir an belə unutmur. Allah`ın yaratdığı, verdiyi hər şeyə şükür edir. “Rəbbim, Sən bunu sonsuz gözəl ağlınla yaratdın, bu Sənin seçimindir, mütləq bu ən xeyirlisi, ən mükəmməli, ən gözəlidir. Mən Sənin bütün yaratdıqlarına ancaq həmd edirəm. Uca Allah`ım, günahlarımı bağışla və məni xeyirə qovuşdur, canımı müsəlman olaraq al. Mən də Səndən gələn hər şeyə razıyam” deyir. Hər an şükür içində olan müsəlmanın tək istəyi Allah`ın rizasını qazanıb bağışlanmaqdır.
Müsəlman iman gətirdiyi andan bütün varlığı ilə Allah`a təslim olmuşdur. Hadisələrin cərəyanına və məzmununa uyğun davranışlarında, inancında əsla dəyişiklik olmaz. Məzlum və Allah`ın böyüklüyü və gücü qarşısında son dərəcə aciz olduğunu dərk edən insan yalnız Allah`dan kömək diləyir və Onun rizasını qazanmağa çalışır.
Məhz bu səbəbdən, dünya həyatındakı imtahan müddəti nə qədər olur olsun, qarşılaşdığı hər hadisədə razılıq və təvəkkül içində səbir göstərir. Hər zaman çətinliyin ardınca asanlığın, gözəlliyin gəldiyinə iman gətirir.
Müsəlman üçün səbir tələb edən anlar olduqca dəyərlidir. Buna görə də, belə bir vəziyyətdə “indi səbir zamanıdır” deyə düşünür və bu ibadəti böyük diqqət və həssaslıqla yerinə yetirir. Mütləq Allah`ın onu sınadığına və əvəzində da gözəllik əta edəcəyinə iman gətirir. Axirətdə “Rəbbim, Sənin rizanı qazanmaq üçün yaşadığım hər anı gözəl gördüm, şükür etdim, çətinlik zamanı səbir göstərdim, Sənə təvəkkül etdim, Səndən kömək dilədim” deyə biləcəyi çətinlikləri dünyada imanla keçməsi müsəlman üçün çox vacibdir. İmtahan məkanında yaşadığı hər çətinlik möminin axirətdə sevinc və şövqünə səbəb olar.
Buna görə də, müsəlman üçün səbir ibadətinin sərhədi yoxdur. Allah`ın onun üçün müəyyən etdiyi qısa dünya həyatında hər hadisə qarşısında səbir göstərmək iman gətirdiyi andan etibarən müsəlmanın ən üstün bildiyi ibadətlərdəndir və son nəfəsinə qədər bu ibadəti şövqlə yerinə yetirməyə çalışır. Allah`dan gələn hər şeydə xeyir olduğuna, dünyaya milyon dəfə də gəlsə eyni şeyi yaşayacağına, Uca Rəbbimizin qədərdə seçib bəyəndiyinin əsla dəyişməyəcəyinə, hər birində mütləq bir gözəlliyin və hikmətin olduğuna səmimi iman gətirir. Rəbbimiz Nəhl surəsinin 30-cu ayəsində müsəlmanların bu üstün əxlaqını belə bildirmişdir:
“Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.” (Nəhl surəsi, 30)