16 sentyabr 2015-ci ildə New Scientist jurnalı öz internet səhifəsi1 və digər bir çox yayım orqanlarında Vaşinqton Universitetinin bioloqu Pitr Vard tərəfindən aparılan tədqiqatla bağlı məqalə yayımladı. Bu məqalə 500 milyon il əvvəl yaşayan və heç dəyişməyən, buna görə də “yaşayan fosil” olaraq adlandırılan nautilusun yeni tapılan növü Allonautilus skrobikulatus haqqında idi.
Burada yeni tapılan nautilus növünün 30 il gizləndikdən sonra yenidən ortaya çıxdığı bildirilir. Məqalədə diqqət çəkici başlıq isə bu idi ki, “bu nautilus növü keçmişdə yaşamış nautiluslardan fərqlənir və bu fərqlər də son dövrlərdə qazanılmış xüsusiyyətlər olmalıdır.”
Əvvəla, bu yalnızca iddiadır və heç bir elmi sübutu yoxdur.
Bu məqalədə möhtəşəm dəniz canlısının bəzi xüsusiyyətlərini yenidən yada salacaq və Vaşinqton Universitetinin internet səhifəsindəki yazıda olan ziddiyyətlərə və səhvlərə cavab verəcəyik.2
Nautilus nə üçün “Yaşayan Fosil” adlandırılır?
Nautilus bu ada ən çox layiq olan canlılardan biridir. Qızıl nisbətə sahib olan xüsusi xarici qabığı dərhal diqqəti cəlb edir. Kembri dövrünə aid fosil qalıqları tapılan canlı bu günə qədər heç dəyişməyib. 500 milyon il yaşı olan nautilus fosilləri hazırki nümunələrindən qətiyyən fərqlənmir.
Dərinliklərdə davam edən gizli həyat
Nautilusun qeyri-adi xüsusiyyətlərindən biri də dənizin dərinliklərində yaşamasıdır. 200-900 metr dərinliklərdə yaşayır. Məlumdur ki, dərinliyi 200 metrdən çox olan yerlərdə yaşayan canlıların sayı çox azdır. Qida maddələrinin azlığı, günəş şüalarının çatmaması və çox yüksək təzyiq bu bölgədə həyatı çətinləşdirir. Nautilus isə bu çətinliklərə qarşı lazımi xüsusiyyətlərlə ortaya çıxıb. İsti suyu sevmədiyinə görə dayaz sularda bu canlıya rast gəlmək qeyri-mümkündür. Buna görə də tədqiqatçılar bu canlıları nadir hallarda müşahidə edə bilirlər.
Yüksək təzyiqə davamlı bədən quruluşu dərin sularda yaşadığı ilk anda var olmasaydı, nautilus dərhal ölər və nəsli də yox olardı. Nautilus istehsal etdiyi qazları nəql edərək xüsusi qaz kameraları vasitəsilə üzdüyü dərinliyi dəyişdirib sabitləşdirə bilir. Canlı bu xüsusiyyətləri ilə hazırki sualtı qayıqlardan daha mükəmməl sistemlərə sahibdir.
Nautilus bir çox canlı üçün ölümcül olan dərinliklərə qarşı hazır sistemlərlə doğulur. Bu xüsusiyyətləri isə həmin mühitdə sınaqlar keçirərək əldə edə bilməz. Hər şeyin bilgisinə sahib olan Uca Allahın nautilusu lazımi təchizatla bir anda yaratması şübhə doğurmayan həqiqətdir.
Nautilus həqiqətən də itkin idimi?
Sözü gedən məqalədə nautilusun “30 ildir itkin” olduğu qeyd olunub. Əslində isə bu canlı itkin deyildi. Sadəcə olaraq alimlər canlını yenidən müşahidə etmək üçün heç bir cəhd göstərməmişdilər. 1986-cı ildə aparılan müşahidədən sonra nəhayət bu il nautilus yenidən kameralara düşdü. Çünki dərin sularda aparılan belə bir tədqiqat yüksək maliyyə, xüsusi avadanlıq və zaman tələb edir. Eyni zamanda nautilusa dünyanın müəyyən bölgələrində rast gəlindiyinə görə hər yerdə müşahidə aparmaq mümkün deyil. İndiyə qədərki müşahidələr də maliyyə səbəbi ilə yalnızca bəzi bölgələrdə həyata keçirilib.
Allonautilus Skrobikulatus digər nautiluslardan fərqlidirmi?
Nautilusun qabığı səciyyəvi görünüşə sahibdir. Onun daxilində sədəf divarlarla bölünmüş bir çox kameranın əmələ gətirdiyi daxili spiral uzanır. Canlı böyüdükcə spiralvari qabığın ağız hissəsində əvvəlkindən daha böyük kamera inşa edir və arasındakı qapını sədəf təbəqəsi ilə örtərək yeni, daha geniş bölməyə irəliləyir. Eynilə sualtı qayıqlarda olduğu kimi, xüsusi boru sistemi ilə qaz otaqcıqlarına hesablanmış miqdarda maye nəql edilərək dərinlik tənzimlənir. Yumurtadan yenicə çıxmış nautilus 7 qaz kamerasına sahib olur.
Fosil qalıqları qaz kameralarından əmələ gələn spiralvari xarici qabığın milyonlarla il ərzində dəyişmədən bu günə qədər gəlib çatdığını göstərir. Sözü gedən məqalədə bu həqiqət qəbul edilsə də, canlının yumşaq toxumalarının zamanla dəyişə biləcəyi də iddia edilir. Bu iddianı dəstəkləmək üçün allonautilus skrobikulatusun qabıq həcminin (umbilikus) digər nautiluslardan daha geniş və daha kobud olduğu ifadə edilərək, qabığın üstündə yerləşən təbəqədən (periostracum) sallanan incə saçaqlı quruluşun digərlərindən fərqli olduğu iddia edilir. “Bu xüsusiyyətlərin son zamanlarda qazanıldığı” bildirilərək bu fərqliliyi darvinizmə dəlil kimi göstərməyə çalışırlar. Lakin yumşaq toxumalara aid əldə hər hansı bir sübut olmadan, yalnızca qabığın araşdırılması ilə verilən izahlar fərziyyə olaraq qalır.
Bunu da qeyd etməliyik ki, iki canlının fərqli növlər olduğu iddiasını sübut etməyin bircə yolu var: Hər iki canlının DNT düzülüşünü müqayisə edərək fərqləri göstərmək. Nə bu, nə də başqa bir tədqiqatda genetik araşdırma aparılmayıb.
Aparılan müqayisə isə tamamilə düşüncə ilə formalaşmış təxmin və fərziyyələrə əsaslanır. Çünki fenotip adlanan xarici anatomik fərqlər genetik fərqləri göstərməz. Məsələn, 1,5 metr boyundakı adamla 1,9 metr boyundakı adamın müxtəlif növlərə aid olduğunu iddia etmək necə gülüncdürsə, buradakı iddia da o qədər əsassızdır. Eyni növ daxilində fərdlərin xarici görünüşündə fərq ola bilər, ancaq bunlar hər zaman genetik düzülüşün icazə verdiyi qədər mümkündür. Fərqli görünüş olaraq özünü biruzə verən müxtəliflik “variasiya” olaraq adlandırılır. İddia edilən bu kiçik fərqlərin də səbəbi variasiyadır.
Bundan əlavə, fosillər keçmişdə yaşamış canlıların yumşaq toxumalarına aid çox az bilgi ehtiva edirlər. Bir canlının orqanlarının və yumşaq toxumalarının illər ərzində dəyişdiyini iddia edən bir insanın yalnızca fosillərə baxaraq hər hansı elmi dəlil irəli sürməsi isə mümkün deyil.
Nautilus fosillərində də yumşaq toxumalara aid izlər yoxdur. Buna görə də hər hansı bir fikir irəli sürmək doğru olmaz. Darvinistlərin “nautiluslardakı dəyişiklik” iddiaları da fərziyyədən başqa bir şey deyil.
Nəticə
Məqalədə qeyd olunan müşahidələr nautilusun təkamül keçirdiyini göstərən heç bir elmi məlumat irəli sürmədi. Yalnızca, möhtəşəm dəniz canlısını yenidən bizə tanıtdı. Minlərlə nautilus fosili onu göstərir ki, canlı, milyonlarla ildir heç bir təkamül keçirməyib, əksinə, ortaya çıxdığı andan bəri qüsursuz xüsusiyyətlərlə bir anda Allah tərəfindən yaradılıb. Hazırki yüksək texnologiyanın nümunə almaq istədiyi nautilus fizioloji xüsusiyyətləri ilə Allahın yaratmasına gözəl bir nümunədir.
Referans
Urton, James (25 August 2015). "Rare nautilus sighted for the first time in three decades". UW Today (University of Washington). Archived from the original on 26 August 2015. Retrieved 1 September 2015.