Ərəbcə olan mətni tam başa düşmək, yəni onu düzgün tərcümə etmək üçün bəzi məqamlara diqqət yetirilməlidir:
Qadınlar üçün təsəttür meyarlarını tam müəyyən etmək üçün diqqət yetirilməsi vacib olan mövzuda ərəbcədə “örtük” sözünün necə işlədilməsidir. Ümumiyyətlə, ərəb dilində "örtük" sözü, örtüləcək obyektlə yanaşı vurğulanaraq işlənir. Məsələn, “örtük” sözünün yanına “masa” sözü əlavə olunduqda "masa örtüsü" olur, “örtük” (“xımar”) sözünün yanına “baş” (“rə’s”) sözü əlavə olunduqda "xımaru-rə’s", yəni "başörtüsü" sözü yaranır. Əgər Quranda, qadınların başını örtmələri bildirilsəydi, işlədilən ifadələrdən biri də “xımaru-rə’s” olardı. Qurani-Kərimin Maidə surəsinin 6-cı ayəsində dəstəmazla bağlı “baş” kəlməsi başın məsh edilməsi baxımından “rə’s” ilə vurğulanır.
“Ey iman edənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınıza da...” (Maidə surəsi, 6)
Ərəbcə oxunuşu: “Ya eyyühellezıne amenu iza kuntüm iles salati fağsilu vücuheküm ve eydiyeküm ilel merafikı vemsehu bi ruusiküm.”
Göründüyü kimi, əgər Allah, qadınlara hicab taxmağı əmr etsəydi, bu əmr Quranda açıq şəkildə bildirilmiş olardı. Ancaq qadın geyimi ilə bağlı ayələri araşdırdıqda Quranda "baş" sözünə aid belə bir vurğunun olmadığını görürük.
Qurani-Kərimi araşdırarkən, ayədəki müvafiq sözün başqa sözlərlə necə işlədildiyinə və bu sözün digər ayələrdə necə keçdiyinə də baxmaq lazımdır.
Nur surəsinin 31-ci ayəsində, “xımar” (“örtmək”) sözünün yanında işlənən və mövzunu vurğulayan söz “cuyub” sözüdür ki, yuxarıda araşdırdığımız kimi, bu sözün işlədildiyi bütün digər ayələrdə "sinə" hisəsi üçün işlədilmişdir. Buna görə də, örtülməsi lazım olan yer sinədir.
Ərəb dili, çox geniş bir dildir və bir çox başqa dillərə nisbətən zəngin mənalar və sözlər çoxdur. Çox az sözlə çox şey izah etmək olur və bir sözün çox fərqli istifadəsi və buna görə də, fərqli mənaları olur. Məhz bu səbəbdən, ayənin mənasının aydın olmasına baxmayaraq, bir çox təfsirlərdə mötərizədə şərhlər əlavə edilir və tərcüməçinin şəxsi təfsirinə uyğun fikir irəli sürülür.
Nəzərə alın ki, Quranı tərcümə edənlərin bəziləri klassik islam anlayışına sahib insanlar olduqlarına görə və ya bu şəxslərin tərcümələrinə etibar edildiyinə görə, ayələrin tərcümələrinə edilən şəxsi şərhlər də, əsasən qəbul edilir və mövzular hədislərə uyğun şərh edilir. Bu təfsirçilər mötərizə və ya izahlarla ayənin mənasını - bilərəkdən və ya bilməyərəkdən - uydurma hədislərin mənalarına uyğun dəyişirlər.
Nur surəsinin 31-ci ayəsinin mealda tərcüməsini araşdırdıqda görürük ki, ayənin heç bir yerində “bas örtüsü” ifadəsi keçmədiyi halda, təfsirçilər mötərizədə və ya birbaşa mətnin özündə “bas örtüsü” sözünü işlədirlər. Ayədə "baş" sözü, yəni "rə's" sözünə qəti şəkildə rast gəlinməməsi və "örtük" sözü "sinə" sözü ilə birlikdə işlənməsinə, yəni örtülməsi lazım olan yerin sinə olduğunu açıq şəkildə bildirilməsinə baxmayaraq; “hər hansı bir örtük” mənasını verən “xımar” sözü sanki “baş” sözü ilə birlikdə işlənirmiş kimi "baş örtüsü" olaraq tərcümə olunur. Məhz bu səbəbdən, ayədəki hökm dəyişdirilmiş, dəyişdirilən hökm bu şəkildə yayılaraq ənənəyə çevrilmiş və qadınların baş örtüsü taxması nəticəsinə gəlmişlər.
Lakin sonradan təfsirçilər tərəfindən əlavə edilən bu təfsir aradan qaldırıldıqda, ayənin "sinə" nahiyəsinin örtülməsinə işarə etdiyi aydın olur. Ayəni birbaşa oxuyan hər kəs bu məna ilə qarşılaşar.