Yaxın Şərqdə son dövrlərdə artaraq davam edən məzhəb təəssübkeşliyinin nəticəsi olaraq meydana gələn şiddət, zorakılıq ilk dəfə son həddə çatıb. Eyni dinin eyni ortaq təməl dəyərlərinə inandıqları halda, İslamı fərqli şərh edən məzhəblərin öz aralarındakı münaqişələri, əlbəttə, qəbuledilməz haldır. İslam aləmində bu cür sevgisizlik və münaqişə ab-havası İslama ziddir. Bununla yanaşı, ortaya çıxan mənzərə həm bölgə, həm də dünya üçün böyük təhdiddir.
Yaxın Şərq və Şimali Afrika bölgəsində baş verən məzhəblərarası münaqişələrin aradan qaldırılması çox vacib və təcilidir. Ancaq bu ciddi problemin həlli yolları da ağılla seçilməlidir.
Münaqişə və sevgisizlik mühitinin həlli yolu şiddət deyil
Bəzi strategiya mütəxəssisləri Orta Şərqdəki məzhəb münaqişələrinin bölgədəki diktatura rejimləri ilə aradan qaldırılacağını düşünərək yanılırlar. Bu fikir qəbuledilməzdir. Aydındır ki, bu diktaturalar şiddəti aradan qaldırmaqdan çox şiddəti şiddətlə yatırmağa çalışan, dərin dövlət terroru və mafiya metodları ilə insanları ifrat radikallığa sürükləyən ən ağılsız, ən qəddar sistemlərdir. Bu təzyiq sistemi insanları daha dərin kin, nifrət və sevgisizliyə sürükləyir, hətta şüuru tamamilə örtülən insanların terroru dünya ictimaiyyətinə tətbiq etməsinə səbəb olur.
Halbuki, dünyada şiddətin qarşısını alan qüvvə bütün insanların fitrətində olan sevgi, şəfqət və mərhəmət kimi duyğuların, inananlar üçün üç böyük dinin kökündə olan mənəvi dəyərlərin ön plana çıxarılmasıdır.
Terroru məhv edən ünsürlər sevgi, qardaşlıq kimi dəyərlərdir, təzyiq, şiddət və zülm deyil. Bunun üçün terrorun fəlsəfi təməlinin təhsillə və elmi dəlillərlə məhv edilməsi şərtdir.
Terror və şiddətin fəlsəfi təməlini təhlil etdikdə sevgisizliyin və nifrətin yayılmasına səbəb olan darvinist-materialist məntiqlə qarşılaşırıq. Bunun kimi məntiqlərin təsirində qalmış insanlarda yaxşılıq, şəfqət, fədakarlıq kimi gözəl əxlaqi xüsusiyyətlər, incəsənət və estetika anlayışı yox olur. Sevgi olmadıqda məhəbbət, dostluq, qardaşlıq olmaz. Fikir və düşüncəyə tolerantlıq olmaz. Güclü qəzəb, kin, nifrət və sevgisizlik insanların qəlbini yandırıb qovurar. Məhz bu mənfi xüsusiyyətlərin qarşısını almaq üçün darvinizmin əsassızlığı elmi dəlillərlə izah edilməli, güclü sevgi siyasəti aparılmalı, qardaşlığın, sülhün əhəmiyyəti insanlara çatdırılmalı və cəmiyyət bu sahədə maarifləndirilməlidir. Qətiyyətli, ciddi maarifləndirmə siyasəti ilə dünyadakı münaqişələrin əsasını təşkil edən sevgisizlik yer üzündən silinər.
Sevgisizliyin həlli Qurandakı doğruların hər kəsə izah edilməsidir
Quranda insanlar elmə, tədqiqata, kainatı tanımağa, düşünməyə, oxuma-yazmaya təşviq edilir, habelə, bir məsum cana qəsd etməyin bütün bəşəriyyəti məhv etməyə bərabər olduğu bildirilir. Odur ki, bir terror təşkilatının İslam adı altında cinayət törətməsi, münaqişə yaratması İslam əxlaqına uyğun deyil. Bu cür yanlışların izah edilməsi və bütün dünyaya həqiqi İslamın tanıdılması çox vacibdir.
Münaqişəni şiddətlə aradan qaldırmağa çalışmaq qeyri-mümkündür. Ancaq geri fikirli insanlar həm kütləvi hipnoz, həm şiddət qorxusu, həm də uydurulmuş xurafatların təsiri ilə şiddətin içinə düşürlər.
Odur ki, qarışıqlığın, çaxnaşmanın sona çatması üçün şiddətə qarşı şiddət tətbiq edilməsi həll yolu deyil. İdarəçiliyi xalqın əlindən alıb, demokratiyanı ləğv etmək də həll yolu deyil. Yeganə həll yolu din haqqında yanlış fikirləri, xurafatçı düşüncələri dəyişdirməkdir.
Münaqişələrə səbəb olan xurafatçılar dində olmadığı halda şiddəti dinə əsaslandırırlar. Halbuki, şiddətin mənbəyi ancaq bu insanların xurafatçı düşüncələridir. Həqiqi İslam sülh, əmin-amanlıq və qardaşlıq dinidir. Ona görə də şiddətin qarşısını almaq üçün, əvvəlcə, xurafatçılıq aradan qaldırılmalı, bu yanlış məntiq dəyişdirilməlidir. Bu da başda bütün İslam aləmini əhatə edən antixurafatçı maarifləndirmə səfərbərliyi ilə mümkündür. Bunun üçün bu maarifləndirmə fəaliyyətini həyata keçirəcək imkana və iradəyə malik mənəvi lider, nümunəvi model lazımdır.
Məsələni iqtisadi və texniki cəhətdən təhlil etdikdə isə radikal cərəyanları zərərsizləşdirmək üçün sərf olunacaq enerjinin və pulun, hərbi tədbirlərin heç bir qüvvə tərəfindən təmin edilə bilmədiyini görürük. Son dövrlərdə qlobal iqtisadi böhranı da nəzərə alsaq, dünyanın hər tərəfini polis şöbəsinə çevirməkdənsə, bəzi insanların zehinlərindəki yanlış inancları dəyişdirməyin daha qəti həll yolu olduğunu görərik. Bundan əlavə, silahlanmaya sərf olunan pulun qardaşlığın, sevginin möhkəmlənməsinə sərf edilməsi daha ağıllı yoldur.
Xurafatçılığı İslam adı ilə qəbul etdirmək zülmdür
Saf vəhyə əsaslanan İslam xurafatçılıqdan fərqli olaraq ultra modern həyat tərzidir. Allah biz müsəlmanlardan dünyada cənnətə bənzər model formalaşdırmaq üçün çalışmağımızı istəyir. Hər şeyin ən yaxşısını, ən gözəlini hədəf seçməyimizi istəyir. Vicdanlı, sevgi dolu, şəfqətli, mərhəmətli, nəzakətli, baxımlı, təmizlikdə ən qabaqcıl olmağımızı əmr edir. Sosial ədalətin, bərabərliyin ən mükəmməl tətbiqi İslamda var.
İslam dini ilə yaşayan müsəlmanın qəlbi insan sevgisi ilə doludur. Hər inancdan olan insana şəfqətlə yanaşır. Uca Allah`ın bütün yaratdıqlarını, başda insanlar olmaqla, bütün varlıqları, bitkiləri, heyvanları sevir. İltifatlı, könül alan, incə düşüncəli, müasir, kübar və alicənabdır, kamildir. Demokratiyanın və azadlığın tərəfdarıdır.
İslam dinində kimsəyə təzyiq olunmaz. Kimsənin inancına qarışılmaz, təzyiq və məcburiyyət olmaz. Elmin ən yüksək səviyyəsi, incəsənət, estetika, musiqi, rəssamlıq, heykəltəraşlıq İslamda var. İslam Allah sevgisidir, gözəl əxlaqdır, dostluqdur, məhəbbətdir, ağıldır, keyfiyyətdir, təmizlikdir, gözəl ətirdir, azadlıqdır, sülhdür, əmin-amanlıqdır. İslam dünyanı aydınladan işıqdır. Maddi-mənəvi gözəlliklərlə ən irəli hədəfin götürülməsi İslamdır. İslam əxlaqı budur.
Gənclər Peyğəmbərlərimizi özlərinə nümunə götürməlidirlər
Hz. Adəm (ə.s), hz. İbrahim (ə.s), hz. İshaq (ə.s), hz. Yaqub (ə.s), hz. Musa (ə.s), hz. Muhəmməd (s.ə.v)- bütün peyğəmbərlər öz dövrlərində seçilmiş, tanınan, ən kübar, ən maarifpərvər, ən ziyalı, ən müasir insanlar olublar. Olduqları mühitə nur saçmış, həm gözlərə, həm ürəklərə xitab etmişlər. Geyimləri, baxımları, zövqləri, ağıllarının və üslublarının gözəlliyi qiyamətə qədər bütün bəşəriyyətə nümunədir.
Bu gün sadəcə Misir, Suriya, Mərakeş, Tunis, Əlcəzair deyil, bütün İslam ölkələrinin səhabə İslam anlayışına – yəni ultra modern, həqiqi İslam modelinə ehtiyacı var. Ölkəmizdə də gənclik artıq xurafatçılığı deyil, keyfiyyətli müsəlman anlayışını görmək istəyir. Xurafatçılığın qaranlıq fikirlərinə fikrən qarşı olan, müasir İslamı mənimsəyən nəslin olması çox yaxşı irəliləyişdir. İnşaAllah, İslamla heç bir əlaqəsi olmayan xurafatçılıq haqqında insanların məlumatı artdıqca illərdir müsəlmanların əzilməsinə, əziyyət çəkməsinə səbəb olan bu oyun tamamilə pozulacaq. Gözəl dinimiz İslamın insanlara təqdim etdiyi gözəlliklər səmimi istək və sevinclə mənimsənəcək.
Quranı yetərli hesab etməmək böyük fitnədir
Bu günə qədər bəzi kütlələr fürsətdən istifadə edərək müsəlmanları xurafatçılığın hakim olduğu mənfi imicə boğmağa çalışıblar. Bu yanlış imicdə dünyəvilik, azadlıq, demokratiya, elm, incəsənət, musiqi, estetika, keyfiyyət kimi gözəl anlayışlar İslama zidd kimi göstərilib.
Yaşadığımız dövrdə isə artıq bu oyun yavaş-yavaş pozulur və İslamın nurlu yüksəlişini görürük. Çünki İslam dini yaxşı insanlarındır, xurafatçıların deyil. Xurafatçılar, əslində, özlərinin uydurduğu batil dinə tabedirlər və İslam dinindən -haşa- istifadə etməyə çalışırlar. Bu oyunu kökündən pozmaq üçün biz inananların üzərinə Quranın gözəl məğzini insanlara tanıtmaq və ən gözəl şəkildə Quranla yaşayaraq nümunə olmaqdır.