İnsanların böyük bir əksəriyyəti, dünyaya sanki heç ölməyəcəklərmiş kimi bağlıdırlar və buna görə din əxlaqını yaşamaqdan, axirət həyatını və ölümü düşünməkdən çəkinərlər. Halbuki o sıx bağlandıqları dünya həyatı çox qısa və keçicidir. Ən uzun yaşayan insan belə bir gün mütləq ölüb gedəcək. Bunun yanında dünya həyatı, göründüyü qədər belə uzun deyil. Allah bu sirri Quranın bir çox ayəsində insanlara bildirir:
Dedi ki: “Yer üzündə neçə il qaldınız?" Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!” - deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır). Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Muminun surəsi, 112-115)
Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər (yoldan çıxardılırdılar). (Rum surəsi, 55)
Yuxarıdakı ayələr, öldükdən sonra sorğulanmaq üzrə toplanan insanlar arasında keçir. Bu insanların danışıqlarından da aydın olduğu kimi, insanlar öldükdən sonra dünyada əslində çox qısa bir müddət qaldıqlarını anlayırlar. Yəni dünya həyatı əsnasında bizə 60-70 il kimi görünən bir müddət, əslində bir gün ya da bir günün bir azı qədər azdır. Bu, yuxu görən bir insanın yuxusunda aylar, günlər, hətta illər yaşaması, amma oyandığında yalnız bir neçə saniyəlik bir yuxu gördüyünü anlaması kimidir.
İnsan əslində bir az düşünsə dünya həyatını yaşayarkən də bu qısalığı və keçiciliyi qavrayacaq. Məsələn, hər kəs özünə müəyyən planlar qurar, hədəflər təyin edər. Bu planları və hədəfləri isə bir-biri ardınca gəlib keçər. Liseyi bitirər, universiteti qazanar, universitet bitincə bir iş sahibi olar… Bunlar böyük bir sürətlə gəlib keçər. 35 yaşına gəlmək ona çox uzaq bir gələcək kimi görünərkən, bir də görər ki, 40 yaşındadır.
Dünyanın çox qısa olduğu Allahın Quranda bildirdiyi və düşünən hər insanın yaşayarkən də fərq edə biləcəyi qəti bir həqiqətdir. Bu həqiqəti qavrayan insanların bu qədər qısa və keçici bir həyat üçün, axirətdəki sonsuz və əsl həyatı gözardı etməsi böyük bir ağılsızlıq olar. Allahın dünya həyatının keçiciliyi haqqında insanları xəbərdar etdiyi ayələrdən bəziləri belədir:
Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur! (Mömin surəsi, 39)
Həqiqətən, bunlar tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) arxa çevirərlər. (İnsan surəsi, 27)