- “İnşaAllah” və “maşaAllah” sözlərinin çox zikr edilməsində xüsusi sirr nədən ibarətdir?
- “İnşaAllah” və “maşaAllah” sözlərini lazım olduğunda söyləmək nə üçün əhəmiyyətlidir?
- Adnan Oktarın bu mövzudakı şərhləri nədən ibarətdir?
Rəbbimiz sonsuz mərhəmət sahibidir. Həyatları boyu onlara bənzərsiz nemətlər lütf edir. Fiziki nemətlərlə bərabər, çox saylı mənəvi nemətlər də verir: səhvlərini bağışlayır, tövbələrini qəbul edir, onları qoruyur, pisliklərini örtür, hidayətlərini artırır, doğru yola yönəldir. Allah hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstəkləyir. Quranda keçən “inşaAllah” və “maşaAllah” sözlərində də belə böyük, dərin məna və rəhmət var.
“İnşaAllah” və “maşaAllah” Allahı zikr edən və şirkin qarşısını alan sözlərdir
Kamil imanda mütləq Allaha qarşı təslimiyyət var. Bu zaman insan bir saniyə belə səhvə yol verməməyə çalışır. Allaha etibarında əskiklik hiss etdiyi və ya Allahdan başqa köməkçilər axtardığı anda bunun şirk olacağını bilir.
Bu səbəbdən, kamil imana sahib olan mömin yalnız Allaha rəğbət bəsləyir, bir tək Ona güvənir. Çünki Allahın hər şeyə hakim olduğunu, hər şeyə gücünün yetdiyini, Allahın izni olmadan bir yarpağın belə yerə düşmədiyini bilir. Buna görə, hər hansı bir hadisədə kömək istənəcək yeganə varlığın Allah olduğunun fərqindədir. Onu vəli etmişdir. Allahdan başqa heç kimə ehtiyacı yoxdur. Çünki baş verən hər hadisənin Allahın izni ilə reallaşdığının fərqindədir. Kamil imana sahib bir insan həyatının hər anında bu şüurla hərəkət edir. Bu səbəbdən, “inşaAllah” sözündən istifadə edir və hər şeyin Allahın izni və Allahın qədərdə yaratması ilə reallaşdığını zikr edir. Əgər kimsə: “Sabah mən bir iş görəcəyəm”, -desə və bunu Allahın yaradacağını unutsa, bu, şirk olar. Amma: “İnşaAllah, Allahın diləməsilə, Allahın qədərdə yaratması ilə edəcəm”, -desə, Allahın izni ilə ən böyük günah olan şirkdən xilas olar.
Digər tərəfdən, əgər hər hansı bir şəxs bir gözəllik görsə, bu gözəlliyi Allahın yaratdığını düşünmədən: “Nə qədər gözəldir”, -desə, ona ilahlıq vermiş olar (Allahı tənzih edirik). Lakin, eyni zamanda, “Allah nə gözəl yaratmışdır” mənasını verən “maşaAllah” sözünü desə, şirkdən qorunmuş olar. Bu səbəblə, “inşaAllah” və “maşaAllah” axır zamanda şirki ortadan qaldıran və Allahın zikri olan çox əhəmiyyətli sözlərdir. Hikmət sahibi olan Allah bu iki sözün şirkdən xilas olmağın açarı olduğunu “Kəhf” surəsində belə bildirmişdir:
Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşAllah”, -de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”, –de. (Kəhf surəsi, 23-24)
Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “MaşAllah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa. (Kəhf surəsi, 38-39)
Adnan Oktar “inşaAllah” və “maşaAllah” zikrlərinin şirki ortadan qaldırdırdığını izah edir:
ADNAN OKTAR: “Bir işə başlayanda, sabah hər hansı bir şeyi etməyi düşünəndə: “inşaAllah deyin”, -deyir Allah. Yəni “Allahın izni ilə”, “Allahın diləməsi ilə”. “İnşaAllah” bir zikrdir. “La ilahə illəllah” kimi, “sübhanAllah” kimi, “Allahu əkbər” kimi, “Əlhəmdülillah” kimi bir zikrdir. Allahı zikr etməkdir. Başqa sözlə, bərəkətlidir. “İnşaAllah”ı, “maşaAllah”ı çox istifadə edənlər dünyaya hakim olacaqlar axırzamanda. Hz. Mehdi (ə.s) tələbələrinin xüsusiyyətidir. Sirli sözdür, sirli cümlədir. Kəhf əhlinin də xüsusiyyətidir. Axırzamanın xüsusiyyətidir. Bir şey gördüyümüzdə: “MaşaAllah, Allah nə gözəl yaratmışdır”, -deyirik. Beləcə, şirkdən xilas olmuş oluruq. “İnşaAllah” da Allahın izni ilə, Allahın yaratması ilə, Allahın qədərdə yaratması ilə. Hər ikisi də antişirk sözlərdir, “İnşaAllah” və “maşaAllah” şirkə zərbədir. Şirki darmadağın edən iki sözdür. “Nur” surəsində Allah Allaha şirk qoşmayanların dünyaya hakim olacağını söyləyir. İndi: “Sabah mən bir şey edəcəyəm”, -desəm, əgər Allahı unudaraq söyləsəm, Allahın yaradacağını unutsam, bu, şirk olar. Amma: “İnşaAllah, Allahın diləməsilə, Allahın qədərdə yaratması ilə edəcəyəm”, -desən, şirkdən xilas olmuş olarsan. Müşrik olmazsan. Bir də bir şeyə: “Nə qədər gözəldir”, -desən ona ilahlıq vermiş olarsan. Amma: “Allah nə gözəl yaradıb”, -desən, şirkdən xilas olmuş olarsan. “İnşaAllah” və “maşaAllah” axırzamanda şirki dağıdan Allahın iki zikridir. Bu iki zikr şirki dağıdır. Bütü dağıdır, inşaAllah… (17 İyun 2010, Kahramanmaraş Aksu TV və Kaçkar TV)
“İnşaAllah” və “maşaAllah” sözləri İslam əxlaqının dünya hakimiyyətinin açarıdır
Quran əxlaqının dünyaya hakim olması Qurani-kərimdə xəbər verilən, Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirdiyi, İslam alimlərinin də əsərlərində yer verdiyi böyük müjdədir. Peyğəmbərimiz (s.ə.v) Allahın hz. Mehdi (ə.s) vasitəsilə İslam əxlaqını bütün dünyaya hakim edəcəyini bildirmişdir. Hz. Mehdinin (ə.s) Allahın izni ilə, axırzamanda ortaya çıxacağı və İslam əxlaqını yer üzünə hakim edəcəyi Peyğəmbərimizin (s.ə.v) bir hədisində belə xəbər bildirilir:
“Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmasa belə, Allah (c.c) mənim əhli-beytimdən bir şəxsi (Mehdini) göndərəcək. O, zülmlə dolan yer üzünü ədalətlə dolduracaq”. (Sünəni-Əbu Davud, 5/92)
Peyğəmbərimiz (s.ə.v) bir başqa hədisində isə hz. Mehdi (ə.s) və tələbələrinin “inşaAllah” və “maşaAllah” sözlərini çox söyləyəcəyini bildirmişdir:
“ONLARDAN BİRİ BİR İŞ GÖRMƏK İSTƏYƏNDƏ: “İNŞAALLAH”, -DEYƏR”.
Peyğəmbərimiz (s.ə.v) bu iki sözü zikr edənlərin dərin Allah eşqi və kamil imana sahib olduqlarına diqqət çəkmişdir:
“İNSANLAR ÜÇÜN: “İNŞAALLAH”, -DEMƏKDƏN DAHA FƏZİLƏTLİ İTAƏT YOXDUR”.
“İNŞAALLAH”I ÇOX SÖYLƏMƏK İNSANIN İMANININ GÖZƏLLİYİNDƏNDİR. (İsmail Hakkı Bursevi, Şuabu’l İman), (C.Sağir, 2; 50)
Hz. Mehdi (ə.s) və tələbələri gördükləri bütün işlərin Allahın izni ilə reallaşdığını bildikləri üçün həmişə: “İnşaAllah”, -deyərlər. İşlərində qazandıqları müvəffəqiyyətin əsl sahibinin Allah olduğunu unutmazlar. Bu səbəbdən də, həmişə Allahı ucaldaraq: “MaşaAllah”, -deyərlər. Ayrıca, imanlarının dərinliyi və Allahın isimlərini tanıyıb Ondan qorxduqları üçün tez-tez bu sözləri zikr edərlər. Onların şirkdən uzaqlaşmaları və Allaha eşqlə bağlanmaları Allahın iznilə İslam əxlaqının bütün dünyaya hakim olmasına səbəb olacaq.
“İnşaAllah” və “maşaAllah” sözlərinin keçdiyi “Kəhf” surəsi İslam əxlaqının dünya hakimiyyətinə işarə edir:
“Kəhf” surəsi dünya hakimiyyəti və Mehdiyyətdən bəhs edən surədir. Çünki “Kəhf” surəsinin sıra nömrəsi ilə ayə sayının hasilindən 1980 rəqəmi əldə edilir:
“Kəhf” surəsi 110 ayədən ibarətdir və 18-ci surədir.
110×18=1980
1980-cı il isə hz. Mehdinin (ə.s) çıxış tarixidir. Bu iki sözün “Kəhf” surəsində yalnız bir ayədə keçməsi Allahın “inşaAllah” və “maşaAllah” sözlərində gizlədiyi dünya hakimiyyətinə işarədir (Doğrusunu Allah bilir).
Digər tərəfdən, “maşaAllah” sözü – şəddəsiz 1987, şəddəli 2016 “inşaAllah” sözü – şəddəsiz 1997, şəddəli 2027 tarixlərini verir.
Hər iki tarix İslam əxlaqının dünya hakimiyyətinə baxan tarixlərdir.
Adnan Oktar “inşaAllah” və “maşaAllah” zikrinin hz. Mehdinin (ə.s.) tələbələrinin əlaməti olduğunu və bu zikri edənlərin dünyaya hakim olacağını izah edir:
ADNAN OKTAR: “maşaAllah” sözü şəddəsiz 1987-yə, şəddəli 2016-ya baxır. “İnşaAllah” sözü şəddəsiz 1997, şəddəli 2027-yə, yəni dünya hakimiyyətinə baxır. “inşaAllah” və “maşaAllah” dedikcə, dünya hakimiyyəti addım-addım irəliləyər. Müəyyən sayı var “inşaAllah” və “maşaAllah” zikrinin. O saya çatanda hakimiyyət də olacaq, inşaAllah. Onun üçün bol-bol “inşaAllah” və “maşaAllah” söyləsinlər qardaşlarımız. Peyğəmbərimiz (s.ə.v) deyir ki: “Bir insanın bütün sözlərində: “İnşaAllah”, -deməsi, onun imanının kamalındandır”. Kamil imanındandır: “İnşaAllah”, -deməsi. “İnsanlar üçün: “İnşaAllah”, -deməkdən daha fəzilətli itaət yoxdur”, -buyurur Peyğəmbərimiz (s.ə.v). “inşaAllah”, “maşaAllah” addım-addım İslama, ittihadi-İslama yaxınlaşma deməkdir. Hər dediyində bir addım daha yaxınlaşarsan. Allahın nəzərdə tutduğu bir limit var, o limit dolana qədər, o dolanda tamamdır, inşaAllah. (20 mart 2011, kanal Avropa və Çay TV)
ADNAN OKTAR: O zikri edənlər dünyaya hakim olacaqlar, inşaAllah. O zikri bol-bol edənlər dünyaya hakim olacaqlar. Hz. Mehdi (ə.s) tələbələrinin möhürüdür “inşaAllah”, “maşaAllah”. Biz də hz. Mehdi (ə.s) tələbələri olduğumuz üçün bizim möhürümüzdür “inşaAllah”, “maşaAllah”. (20 avqust 2011, A9 TV)
Axırzamanın iki dəyərli şəxsi hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) “inşaAllah” və “maşaAllah” sözlərini çox zikr edəcəklər
Hz. İsanın (ə.s) adının ilk hərfi olan “i” “inşaAllah” zikrindəki “i” hərfinə, hz. Mehdi (ə.s) adının baş hərfindəki “m” isə “maşaAllah” sözünün ilk hərfinə işarədir. Bu, şübhəsiz, Allahın yaratdığı mükəmməl sirdir. Çünki axırzamanda İslam əxlaqının dünya hakimiyyətinə səbəb olacaq bu dəyərli şəxslər və “inşaAllah” və “maşaAllah” zikrinin hər kəs tərəfindən çox ifadə edilməsinə səbəb olacaqlar.
Bu qiymətli şəxslərdən hz. İsa (ə.s) “inşaAllah” sözünü öz möcüzələrində tez-tez zikr edəcək. Bu həqiqət Quranda belə bildirilmişdir:
(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) “Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali İmran surəsi, 49)
Hz. Mehdi (ə.s) isə Allahın təcəllisi olaraq gördüyü hər gözəllik qarşısında Allaha olan dərin eşqi və imanından Allahı zikr edib ucaldacaq və “maşaAllah” sözünü tez-tez zikr edəcək.
Adnan Oktar “inşaAllah” və “maşaAllah” zikrindəki sirri izah edir:
ADNAN OKTAR: Əvvəla, “inşaAllah”, “maşaAllah” o bölgəyə gələcək fəlakətin qarşısını alar. İkincisi, dünya hakimiyyətinin açarıdır. Hz. İsa (ə.s): “inşaAllah”, -deyirdi, ölünü qaldırırdı. “İnşaAllah”, -deyirdi, üzünə sürtürdü, xəstənin üzünə, müalicə olurdu mərəz xəstəliyi. “İnşaAllah”, -deyirdi, gözə sürtürdü, kor göz açılırdı. Hz. Mehdi (ə.s) də maşaAllah. “M” hərfi. Hz. Mehdi maşaAllah “m” hərfi ilə başlayır, hz. İsa da “i” hərfi ilə. Hz. İsaya (ə.s) işarə edir. “inşaAllah” və “maşaAllah”, bu ikisi dünya hakimiyyətini təmin edəcək, inşaAllah. Hz. Mehdi (ə.s) də gözəlliyin qarşısında: “MaşaAllah”, -deyər. Gözəllik görər: “MaşaAllah”, -deyər. Allahın təcəllisini görər: “MaşaAllah”, -deyər. Hz. İsa (ə.s) da deyər, amma hz. Mehdiyə (ə.s) işarədir. “İnşaAllah”, “maşaAllah” dünya hakimiyyətinin açarıdır. O titrəmə, inşaAllah-maşaAllahın titrəməsi dünya hakimiyyətini təmin edir. Allah onu vəsilə edir. Fəlakət gəlmir, hikməti budur. (10 noyabr 2011, A9 TV)
“MaşaAllah” Allahın yaratmasındakı üstün sənətini və qüdrətini izah etmək üçün ifadə edilən zikrdir. Bu səbəbdən, möminlər “maşaAllah” zikri ilə Rəbbimizi tez-tez təsbih edirlər. Bu sözləri ürəkdən hiss edərək söyləmək ətrafdakı insanlara hər şeyin sahibinin Allah olduğunu xatırladır. Hər şeyi edənin Allah olduğunu tez-tez xatırlatmaq isə, şübhəsiz, insanlara çox böyük fayda verər. Çünki insan öz acizliyini unutmağa və qəflətə düşməyə meyillidir.
“İnşaAllah” sözündə müsəlmanlar üçün böyük şəfa var
Qədər (tale) Allahın keçmişdə yaşanan və gələcəkdə yaşanacaq bütün hadisələri bilməsidir. İnsanların əksəriyyəti isə Allahın hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyini soruşur və qədəri qavraya bilmirlər. Halbuki yaşanmamış hadisələr bizim üçün yaşanmamışdır. Allah isə zamana və məkana bağlı deyil, hər şeyi bir anda yaradan Odur. Buna görə, Allah üçün keçmiş, gələcək və bu an – hamısı birdir və hamısı olub-bitmişdir. Biz xətkeşin əvvəlini, ortasını, sonunu və aralarındakı bütün vahidləri tam və bir anda asanlıqla görə bildiyimiz kimi, Allah bizim bağlı olduğumuz zamanı əvvəldən sona qədər bilir. İnsanlar isə yalnız zamanı gələndə bu hadisələri yaşayır, Rəbbimiz Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar. Bunun əksini iddia etmək, yəni gələcəyə dair planlarının mütləq reallaşacağını qarşıya qoymaq Allaha qarşı təkəbbürlənmək deməkdir. Lakin “inşaAllah” zikri ilə bir işə niyyət etmək, hər şeyin Allahın idarəsində olduğunun xatırlamaq və ancaq Allahın diləməsi ilə reallaşacağını bilmək insan üçün böyük şəfadır.