Səhvsiz olmaq ilahi bir xüsusiyyətdir və yalnız Allaha məxsusdur. Quranda hətta ən yüksək imana və əxlaqa sahib olan peyğəmbərlərin müxtəlif səhvlərindən bəhs edilir. Möminlərin də belə səhvlərdən və günahlardan çəkinməsi məsləhət görülür. Quranın bir çox yerində peyğəmbərlərə və bütün möminlərə Allahdan bağışlanma diləmələri əmr edilir. Həmçinin Quranda iman gətirənlərin bilərəkdən və ya bilmədən günah edə biləcəkləri də bildirilir. Belə bir hal hətta insanın Allah qarşısındakı acizliyinin, hər bir mövzuda, o cümlədən günah sahibi olmamaq, Allahın əmr və qadağalarını yerinə yetirmək kimi mövzularda da Allaha möhtac olduğunun bir göstəricisidir.
Möminin vəzifəsi isə həmin səhv və günahını müəyyən etdiyi zaman peşman olub bundan çəkinmək, tövbə və istiğfar (Allahdan bağışlanma) edərək, eyni günahı yenidən etməməyə diqqət yetirməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki belə bir davranış Allahın sevmədiyi davranışdır:
«Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da, sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!» («Nəcm» surəsi, 32).
Özünü təmizə çıxarmağa çalışmaq cəhdinin səbəbi insanın başqa insanlar arasında özünü səhvsiz və qüsursuz göstərərək ucaltmaq istəməsidir. Halbuki bunu edən bir insan nəinki yüksək yer əldə edir, hətta tam əksinə, Allahın dərgahında və möminlərin nəzərində alçalır, açıq-aşkarolmasa da, müəyyən bir mənada tanrılıq iddiasında olduğu üçün əsl möminlərin qəlbinə sıxıntı verir və onları narahat edir. O, möminləri aldadıb onların gözündə qiymət və üstünlük qazandığını güman etdiyi halda, aciz və idarəedilən bir varlıq olduğunu dərk edə bilmir. Bir müddət sonra özü də həqiqətən qüsursuz olduğuna inanır və gündən-günə onu daha da alçaldan davranışlara təhrik edir.
Özünü təmizə çıxaran insan özünü günahsız gördüyü üçün Allahdan bağışlanma diləməyə, Allaha yalvarıb Ondan əfv diləməyə lüzum görmür. Öyünən, təkəbbürdən əziyyət çəkən bir insan olur. Özü özünə quyu qazır.
Səmimi bir mömin isə öz acizliyini, qüsurunu bildiyi üçün daim Allahdan bağışlanma diləyir, Allahın rəhmətini və rizasını qazanmağı umur. Bu halda Allah da onun qüsurlarını örtür, günahlarını bağışlayır, onu həqiqi mənada təmizləyir, üstün bir mövqeyə gətirir:
«Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!» («Nisa» surəsi, 49).