Müqəddəs Ramazan ayında islamiyyətin bərəkəti geniş şəkildə hiss edilir. Bu bərəkət və sevginin gətirdiyi gözəlliklərin bir ayla məhdudlaşmayıb bütün həyatımızı əhatə etməsi çox vacibdir. Buna görə də var gücümüzlə və imkanımızla sevgidən danışmalı və sülhə təşviq etməliyik.
İman və sevgi ilə həyatın mənası vardır. Allah kainatı sevgi ilə yaradıb. Hər yerdə və hər şeydə bu həqiqəti görürük. Sənət əsəri olan dünyamızda rənglərin müxtəlifliyi, təbiətin və heyvanların gözəlliyi tamamilə Allah’ın qullarına qarşı sevgisindəndir.
Gözəl bir gülün üzərindəki sənətkarlıq nümunəsi və rəng çalarları hamısı Allah’ın biz qullarına olan sevgisi və lütfüdür. Allah’ın bizlər üçün yaratdığı meyvə-tərəvəzlərin ətri, quruluşu, qablaşdırılması və çəyirdəklərinə qədər bütün təfərrüatların səbəbi yenə sevgidir. Hər biri öz orbitində hərəkət edən planetlərdən ibarət kainatın həssas tarazlığı bu sistemə təsir göstərə biləcək millimetrlik dəyişikliklərdən asılıdır. Bunun da səbəbi sevgidir.
Sevgi olmazsa, din də tam şəkildə yaşanmaz. Sevgi fərzdir. Bunu tam mənimsəməmiş insanda mənəvi boşluq mövcuddur. Müsəlmanın Allah üçün etdiyi hər şey sevgisindəndir. Allah qorxusunun da səbəbi sevgidir.
İnsanın ən Uca Sevgilisinin məmnun qalmayacağı bir şeyi etməkdən çəkinməsi Allah qorxusudur. İnsan sevdiyinin xoşuna gəlməyən xırda bir şeyi belə etmək istəməz. Bəyənməcəyi ehtimalına qarşı tədbir alar. Bu Allah qorxusunun təməlində Allah sevgisi durur.
Din qəlbdə yaşanar. Eşqlə, şövqlə, sevinclə və səmimiyyətlə yaşanar. Zorla olmaz. Buna görə də imanda sevgi çox vacibdir.
Bir insan təsəvvür edək: Hər gün namazını qılır, oruc tutur, əlində təsbeh, başında sarıq və Quranı əzbər bilir. Ancaq insanlara qarşı qəddardır. Xırda bir səhvdə belə öyüd-nəsihət verməyin deyil, cəzalandırmağın tərəfdarıdır. Heç kimi bəyənmir. Quranı əzbər bilir, lakin tətbiq etmir. Belə bir insan Qurandan uzaq bir modeldir. Çünki İslam sevgidir, mərhəmətdir və gözəl rəftardır.
Qurana görə müsəlmanların bir-birini sevmələri fərzdir. Allah ayələrdə Bağışlayan və Rəhimli olduğundan bəhs edir: “...Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah’ın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.” (Nur surəsi, 22)
Hər kəs Allah’ın özünü bağışlamağını mütləq istəyər və ümid edər. Rəbbimizin ayədə bildirdiyi kimi, bizim də mehriban və bağışlayan olmağımız vacibdir.
Bu sevgisizliyin nəticələrini hal-hazırda yaşayırıq. Müsəlman aləmi bir-birinə düşməndir. Bunun səbəbi isə Allah’ın Quranda buyurduğu şəfqətin, sevginin və mərhəmətin lazımi şəkildə yaşanmamasıdır. Bir camaat digər camaata qarşı şəfqətlə yanaşmır, həmçinin məzhəblər də. Eyni dinə mənsub, eyni Allah’a inanan, eyni Peyğəmbəri sevən insanlar xırda fərqlərə görə bir-birindən ixlilafa düşüblər.
Bu dəccalın fitnəsi və şeytanın oyunudur. Şeytan dində olan sevginin və mərhəmətin müsəlmanların bir-birinə göstərməsinə mane olur. Bu fitnəni aradan qaldırmağın tək yolu bir-birimizi sevməyimiz, birləşməyimiz və ittifaq etməyimizdir. Qurandakı yardımlaşma və fədakarlığı tətbiq etməliyik.
Rəbbimiz Saff surəsinin 4-cü ayəsində, “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir” buyuraraq fərz olanı bizə açıq-aydın bildirmişdir.
Biz bir-birimizin vəlisiyik. Bir-birimizi himayə etməliyik. Allah’ın dostları və köməkçiləri dünyaya sülh və ədalət gətirəcək üstün əxlaq sahibi insanlar olmalıyıq. Müsəlmanların bir-birilərini sevmələri və ittifaq qurmaları fərzdir. Şeytanın fitnəsi dərhal aradan qaldırılmalı, məzhəb və camaat ayrı-seçkiliyi etmədən müsəlman aləmi səmimiyyətlə bir-birini qucaqlamalıdır.
Rəbbimiz Ali İmran surəsinin 103-cü ayəsində, “Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın!...” deyə müsəlmanlara əmr etmişdir. Ayrılmamaq, əksinə möhkəm sarılaraq, bir-birimizə kömək və dəstək olaraq fitnəni aradan qaldırmaq bizə fərzdir.
Hər gün dünyada müsəlmanlar şəhid edilir. Qadınlar, uşaqlar və yaşlılar müsəlmanlar birləşmədiyi üçün öldürülür. Bunun həll yolu isə çox asandır. Qədəri Allah yazmışdır və qurtuluşun sirini də bizə xəbər vermişdir. Sadəcə tətbiq etməliyik. Bu sirr müsəlmanların birləşməsidir. Allah’ın fərz buyurduğu sevgi ilə bütün müsəlmanlar ayrılıqları bir kənara qoyub, ittifaq etməlidir.
Bu müqəddəs Ramazan ayının müsəlmanların bir-birilərini daha çox sevmələrinə vəsilə olması diləyi ilə...