Allah ayəsində qeyb məlumatının tək Özünə aid olduğunu, Onun məlumatı xaricində heç kimin bu məlumatlardan xəbərdar ola bilməyəcəyini bildirir. Allah zamandan və məkandan münəzzəh olan, əzəli və əbədi olandır. Allah görünən və görünməyən hər şeyin məlumatına sahib olan, qeybi biləndir.
Qeyb, “insanın duyğuları vasitəsi ilə qəbul edə bilmədiyi, görünməyən, bilinməyən, şahid olunmayan məlumatlar, gələcəyə və keçmişə dair hadisələr” mənasını verər. İnsanlar üçün Allahın icazə verdiyi ölçüdə məlumatına çatdığı, gördüyü, duyduğu və anladıqlarının xaricində olan hər şey qeybə aiddir. Hər hadisənin iç üzünü, əsl həqiqətini, bütün incəlikləriylə, dərininə, hər istiqamətiylə bilən və bunların hamısına hər an hakim olan Uca Allahdır. Allahın xaricində isə heç bir varlıq Allahın icazə verdiyi qədəri xaricində hər hansı bir məlumatdan xəbərdar ola bilməz.
Ayədə kainatdakı canlı-cansız bütün varlıqların Allahın idarəsi altında olduğu bildirilir. Yer üzündəki milyonlarla insanın həyatlarının hər anı başlarına gələn hadisələrdən, söylədiklərindən və ya ürəklərindən keçirdiklərindən, yerin dərinliklərində olan bir hadisəyə, kosmosdakı ulduzların hərəkətindən, dənizdə və qurudakı canlılara, yer üzündəki bir ağacdan düşən tək bir yarpağa qədər hər şey Rəbbimizin elmi və məlumatı daxilindədir. Bütün bu məlumatlara və bizim bilmədiyimiz daha nələrə, qeybi bilən və hər şeyin tək sahibi olan Allah hakimdir.
Ayənin sonunda da kiçik böyük hər şeyin Allahın Kitabında yazılı olduğu xəbər verilir. Sonsuz elm sahibi olan Uca Rəbbimiz, kainatdakı bütün varlıqları bir qədər ilə yaratmışdır və keçmiş gələcək hər məlumat Allahın kitabında yazılmışdır. Bu həqiqətin şüurunda olan möminlər, özləri üçün bir qeyb olan
qədərə inanarlar və Allahın qədəri ən mükəmməl şəkildə yaratdığını, nəticədə özləri üçün ən gözəl və xeyirli olanın reallaşacağını bilərlər.