Son dövrlər enerjidən səmərəli istifadə yollarını araşdıran kompüter mühəndisləri qaraciyərin ən müvafiq model olduğu qənaətinə gəliblər. Səbəb isə qaraciyərin eyni vaxtda bir neçə mürəkkəb funksiyanı qüsursuz şəkildə yerinə yetirməsidir. Qaraciyər orqanizmdə 500-dən çox müxtəlif funksiya icra edir. Məhz burada, dəri, ağciyər və bağırsaqlar vasitəsi ilə orqanizmə daxil olan ilkin məhsullardan orqanizm üçün vacib olan zülallar, yağlar, limfa və s. maddələr istehsal olunur. Qaraciyər qandakı müxtəlif molekulları bədənin ehtiyacına müvafiq olaraq parçalayır və ya formasını dəyişdirərək saxlayır. Faydalı maddələri yenidən qan vasitəsi ilə digər hüceyrələrə göndərir. Zərərli maddələr isə bir neçə prosesdən keçərək böyrəklərə ötürülür və buradan da süzülərək bədəndən xaric edilir. 1,5-2 kq ağırlığı olan "ət parçasının" qandakı bütün qida maddələrini qəbul edib müxtəlif kimyəvi reaksiyalardan keçirərək bədən üçün lazımlı elementlərə çevirməsi, sözsüz ki, yaradılış möcüzəsidir.
 
Qaraciyərin süngərəbənzər quruluşu da qanı tutub saxlamaq üçün yaradılmışdır. Belə ki, qaraciyər insan bədənindəki qanın 800-900 qramını tutub saxlamaq qabiliyyətinə malikdir. Ən maraqlısı isə budur ki, bu qədər qanı tutub saxlayan qaraciyər ağırlaşmasına baxmayaraq nə bədənə, nə də digər orqanlara heç bir zərər vermir, üstəlik funksiyalarını qüsursuz şəkildə yerinə yetirir.
 

Qaraciyərin özünəməxsus quruluşu

 
Yaşamağımız üçün zəruri əhəmiyyət daşıyan qan bədənin ən uc nöqtələrinə tük kimi nazik kapilyar damarlar vasitəsi ilə daşınır. Qaraciyərin kapilyar damarlarının divarları fərqli quruluşa malikdir. Digər kapilyar damarlardan fərqli olaraq bu damarlar qoruyucu "bazal təbəqə"dən “məhrumdur”. Lakin bu “şüurlu məhrumluqdur”. Digər orqanlarda "bazal təbəqə" olduğu halda qaraciyərin kapilyar damarlarında bu təbəqənin olmaması qaraciyərin qanı süngər kimi dərhal özünə çəkməsinə imkan verir. Nəticədə bu xüsusi quruluş vasitəsi ilə qan sürətlə bütün toxumalara ötürülür.
 
Eyni zamanda qaraciyər istehsal etdiyi zülalı qan plazmasına ötürür və “qoca” eritrositləri tutub parçalayaraq öd hazırlayır.
 
"Bazal təbəqə"nin qaraciyərin kapilyar damarlarında olmamağının əhəmiyyətini başqa bir misalla izah edək:
 
Suyun yumşaq torpaq qatından süzülərək daxili qatlara enməsi giləbənzər sərt təbəqəyə malik torpaqdan süzülməsindən daha asandır. Əkinçilər sukeçiriciliyini artırmaq üçün torpağı tez-tez şumlayırlar. Şumlanmayan bölgələrdə becərilən bitkilər yağış sularından məhdud səviyyədə faydalanırlar. Bitki köklərinin torpaqdakı mineralları və suyu asanlıqla özünə çəkməsi üçün torpaq sukeçirici quruluşa malik olmalıdır. Qaraciyərin kapilyar damarlarının “bazal təbəqəsinin” olmamağı da qanın qaraciyər hüceyrələrinə qısa müddətdə çatmasını təmin edir.
 

Qaraciyər hüceyrələrinin xüsusi qabiliyyətləri

 
Qaraciyər bədənimizdəki qan dövranı, həzm sistemi, ifrazat sistemi kimi müxtəlif orqanların fəaliyyətlərindən də xəbərdardır. Məsələn, həzm sisteminə daxil olan yağların həll ola bilməyəcəyini əvvəlcədən müəyyən edən bu möcüzəvi “fabrik” yağları parçalayan maddə ifraz edir.
 
Bu yağların həzm edilməsi üçün vacib hesab edilən öd maddəsidir. Ancaq qaraciyər istehsal etdiyi ödü dərhal istifadə etmir, özündə saxlayır. Əmr gəldiyi zaman yağlı maddələrin üzərinə ifraz edir. Qaraciyər hüceyrələrinin “qabiliyyətləri” bununla məhdudlaşmır. Buradakı proseslər nəticəsində bəzi zərərli maddələr meydana gəlir. Qaraciyərin fəaliyyətinin səngiməməyi üçün bu zərərli maddələr təmizlənməlidir. Kapillyarlarının endotel hüceyrələri, digər adı ilə ulduzabənzər Kupfer hüceyrələri məhz bu funksiyanı yerinə yetirirlər. Kupfer hüceyrələri retukul-endotel sistemə aid olub faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələri zərərsizləşdirir). Əgər qan vasitəsi ilə qaraciyərə gələn zərərli maddələr Kupfer hüceyrələri tərəfindən zərərsizləşdirilməsəydi onda nə baş verərdi?
 
Bədənimizdə mütəmadi olaraq xəstəliklər baş qaldırar, immunitet sistemimiz sürətlə zəifləyərdi. Nəticədə özümüzü daima xəstə və yorğun hiss edərdik. Ancaq qaraciyərimizdəki bu qüsursuz sistem sayəsində bədənimizdə həyəcan təbili çalınmamış “qapıdakı polislər” bu zərərli maddələri tutub saxlayır və zərərsizləşdirirlər. İnsanın sağlamlığını qoruyan bu mükəmməl tədbir Allah`ın canlılar üzərindəki şəfqətinə bir nümunədir. Bu məlumatları oxuyan insan vicdanı, ağlı ilə yanaşdıqda belə bir nəticəyə gələcəkdir: sonsuz güc sahibi Allah tərifə layiq olan tək Varlıqdır.
 

Qaraciyərdəki çoxfunksiyalı “işçilər”

 
Qaraciyərin əsasını hepatosit hüceyrələri təşkil edir. Bu hüceyrələr ödün ifraz olunması, qandakı toksinlərin təmizlənməsi, qanın saxlanması və laxtalanmanı təmin edən maddələrin ifrazı kimi həyati funksiyaları yerinə yetirirlər. Sağlam həyat üçün bu funksiyalar qüsursuz yerinə yetirilməlidir. Hər biri özlüyündə mütəxəssis tələb edən bu kimyəvi reaksiyaların hüceyrələr tərəfindən qüsursuz həyata keçirilməsi olduqca sistemli, nizamlı və planlı hərəkətin nəticəsidir. Bu mütəşəkkil prosesin karbon, hidrogen, oksigen və azot kimi maddələrdən təşkil olunmuş və ancaq elektron mikroskopu altında görünən hüceyrələr tərəfindən icra olunması düşündürücü bir möcüzədir. Belə bir nümunəyə nəzər yetirək: Qaraciyərin funksiyalarını yerinə yetirmək üçün insan qrupu yaradaq.
 
Bu qrup:
  • kimyəvi reaksiyalar aparan
  • istehsalatda çalışan
  • anbarda lazımi maddələri ayıran
  • istehsalat zamanı yaranan tullantıları xaric edən və bunu fabrikdə işləyənlərə zərər vermədən və ətrafı çirkləndirmədən həyata keçirən
  • ətrafındakı fabriklərə də xidmət edən, onların ehtiyacını əvvəlcədən müəyyənləşdirib tədbirini alaraq istehsal edən və bu proseslərdə kiçik vaxt itkisinə və kiçik bir xətaya yol verməyən mütəxəssislərdən ibarət olmalıdır.
 
Eyni zamanda bu mütəxəssislərin hər biri, qaraciyər hüceyrələri kimi, bütün işlərdə böyük təcrübəyə malik olmalı, fasiləsiz çalışmalı, əsla yorulmamalı və bütün işlərin məsuliyyətini tək başlarına daşımalıdırlar.
 
Aydındır ki, bu xüsusiyyətlərə malik insanların tapılması və belə bir qrupun yaradılması qeyri-mümkündür.
 
Halbuki, qaraciyərimizdəki milyonlarla mikroskopik hüceyrə yuxarıda sadaladığımız və bir çoxunu da qeyd etmədiyimiz prosesləri əskiksiz, xətasız yerinə yetirməyə davam edir. Üstəlik, bu qüsursuz funksiyalar yer üzündəki milyardlarla insanın qaraciyərində eyni anda və eyni şəkildə yerinə yetirilir. Tarix boyu yaşamış trilyonlarla insanın hər birinin qaraciyər hüceyrələri də eyni vəzifələri əskiksiz olaraq yerinə yetirmişdir. Trilyonlarla hüceyrənin nümayiş etdirdiyi bənzərsiz ağılın molekullardan ibarət bu varlıqlara məxsus olmadığı, əlbəttə ki, məlumdur.
 
Bu möcüzəvi və üstün ağıl tələb edən prosesləri yaradan və nizamlayan, anbaan idarə edən Allah`dır. Qurani-Kərimdə yer üzündə müşahidə edilən möhtəşəm nizamı yaradanın və hər an idarə edənin Uca Allah olduğu və bütün insanların bu üstün elmi araşdıraraq üzərində düşünməli olduqları bildirilmişdir:
 
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)